• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

534 nəfər əhalisi olan kəndin dünyaya açılan muzeyi

09.08.19 11:00 15663
534 nəfər əhalisi olan kəndin dünyaya açılan muzeyi
Bayburtun, köhnə adı Baksı, bugünkü adı isə Bayraqdar adlanan qədim kəndində ucalan böyük bir muzeyə səyahətimiz var.
Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtım müşavirliyinin dəstəyi ilə getdiyimiz Bayburt səfərində bu dəfə yolumuz Baksı Muzeyinə idi. Bizi Bayburtla tanış edən Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) nümayəndəsi Fatih Baltacı bu muzeyin böyük bir mədəniyyət mərkəzi olduğunu və 2014-cü ildə Avropa Şurası tərəfindən "ən yaxşı muzey” kimi qiymətləndirildiyini demişdi. Dediyi qədər də varmış.

Örnək kimi hekayə

Bayburtdan bura xeyli məsafə var. Dağların arasında salınan bu muzey bizdə qəribə bir təəssürat oyatdı. Axı sivilizasiyadan uzaq, əhalisinin sayı az olan və günü-gündən kəndi tərk edən əhali üçün belə böyük mədəniyyət mərkəzi nəyə lazımdır?
Ancaq burada gördüklərimiz bir örnək hekayəsi idi.
Bayraqdar kəndində 534 nəfər yaşayır. Son 20 ildə insanlar buradan köç etməyə başlayıb. Əvvəllər dulusçuluq, toxuma, əl işləri, dülgərlik və daş hörmə sənəti ilə məşğul olan kənd sakinləri, öz tələbatlarını ödəyir və kiçik kəndlərində xoşbəxt şəkildə yaşayırlarmış. Beləliklə, illər əvvəl Bayraqdar kəndinin ilk universitet məzunu olan Hüsamettin Koçan bu kənddən çıxaraq şəhərə mühəndislik ixtisasına yiyələnməyə yola düşür. Ancaq özünü bu sənətdə rahat hiss etmədiyinə görə, ixtisasını dəyişərək Tətbiqi Sənətlər Məktəbinə gedir və rəsm çəkmək bacarığını inkişaf etdirir. Sevdiyi sənət ona uğur gətirir. Çox keçmir ki, Beynəlxalq Plastik Sənətlər Dərnəyinin prezidenti, İstanbul İncəsənət Sərgisinin qurucusu və sonralar prezidenti, Mərmərə Universiteti gözəl sənətlər fakültəsinin dekanı, onlarla mükafat və 44 fərdi sərgi sahibinə çevrilir. Onun əsərləri nəinki Türkiyədə, eləcə də ölkə xaricində təqdim olunur. Bir gün tanınmış rəssam olaraq doğulduğu kəndə geri dönür. Ancaq əvvəlki kənddən heç bir əsər-əlamət olmadığını görür. Çünki illər keçdikcə, o qədim sənət növləri, adətlər, ənənələr öz əhəmiyyətini itirməyə başlayıb, işsizlərin sayı çoxaldığı üçün kənd sakinləri buranı tərk etmişdilər. Kənddəki ənənəvi memarlığın yerini isə gecəqondular almağa başlamışdı. Hüsamettin Koçan gördüyü bu mənzərədən çox sarsılmışdı. Dağların ətəyindəki Bayraqdar kəndinin insanların diqqətini necə çəkəcəyi haqqında düşünərkən, burada böyük bir muzey yaratmaq qərarına gəlib, layihəni hazırladıqca yeni ideyalar onu müşayiət edib. Yaratdığı mərkəzdə yurdunun qədim ənənələrini yaşatmaq və onunla birlikdə bu kiçik kəndi müasir mədəniyyət mərkəzinə çevirmək üçün çox düşünür. Keçmişlə gələcək arasında bir bağlantı qurmaq üçün Baksı muzeyini yaratmaq arzusuna qapılır. Ənənəvi mədəniyyəti qoruyaraq gələcək nəsillərə ötürmək üçün araşdırmalar etməyə başlayır.
İndi "Baksı” adlanan bu Mədəniyyət Evi dünyanın dörd bir yanından gələn turistləri qarşılayır, orada bu torpaqların tarixindən bəhs edən rəsmlər sərgilənir, qonaqlara qalmaq üçün otaqlar təklif olunur. Muzeydə bu kəndin qədim geyimləri, məşğuliyyəti, Husamettin bəyin əsərləri əks olunur. Burada nəinki keçmişdəki alətlər, geyimlər, o dövrü xatırladan rəsmlər sərgilənir. Muzeydə kəndin xanımları və uşaqları üçün dərnəklər fəaliyyət göstərir. Belə ki, qadınlar burada dizaynerlərdən öyrəndikləri üsulla müasir aksesuarlar, geyim, bəzək əşyaları hazırlayaraq satışa çıxarırlar. Uşaqlar isə mərkəzdə tədris olunan rəsm, kino, teatr, dünya bilgiləri və sair dərslərlə daha böyük bilgilərə sahib olma imkanı əldə edirlər.

Mərkəzin 500 kvadratmetr sərgi salonu, qadınların hazırladıqları aksesuarların nümayişi və satışı üçün iki ayrı binası, geniş kitabxanası, konfrans salonu, yataqxanası, qonaq otağı, deposu var. Böyük bir ərazini əhatə edən muzey müasir standartlara uyğun şəkildə hazırlanıb. Muzeyə ilk dəfə gələn qonaqlara isə onun yaradılış hekayəsindən bəhs edilən video çarx nümayiş olunur.

Övlad borcu

Muzeyin yaradılış hekayəsini dinlədikcə Hüsamettin Koçan gözümdə daha da böyüyürdü. Çünki daşı, torpağı dəlib, orda sənət və elm mərkəzi yaratmaq, insandan böyük ürək və güc tələb edir. Muzeyi gəzdikdən sonra Hüsamettin bəylə söhbət edib, ona suallarımı ünvanlayıram. Yaşadığı illərə o qədər təcrübə, həyat hekayəsi, macəra sığdırıb ki... Deyir ki, eşitdiyiniz hekayə doğulduğu torpaqlardan ona qalan bir yaşam mübarizəsidir. Arzularını həyata keçirmək üçün 2005-ci ildə Baksı Mədəniyyət və Sənət Vəqfini qurur. Bir çox könüllülərin dəstəyi ilə bu layihəni həyata keçirir. Muzeyin ana binasını 2010-cu ildə çox çətinliklə, dövlətdən heç bir yardım almadan tikdirir. Muzey üçün Baksı adının seçilməsi Baksının bu kəndin ən qədim adlarından olması və şamanların deyimində dərman və məlhəm, qoruyucu mənasında olmasından irəli gəlir. Husamettin bəy bildirir ki, bu kəndin itirilən ənənələrini, unudulan dəyərlərini geri qaytarmaq üçün belə bir addım atmaq məcburiyyətində qalıb.


Ona ünvanlanacaq suallarım vardı. Məsələn, nə üçün şəhərə gedib kifayət qədər nüfuza sahib olduqdan sonra yenidən doğulduğu torpaqlara geri dönüb? Axı orada onu heç bir uğur gözləmirdi... Deyir ki, insan, həyatının müəyyən bir dönəmindən sonra geriyə baxmaq istəyir, hara gedirsən get, torpaq insanı özünə çəkir: "Ailəmdə problemlər yaranmışdı və o qayğılar məni torpaqlarıma geri dönməyə səsləyirdi. Atam zamanında bu torpaqlardan gedib və bir daha geri dönə bilməyib. Onun ən böyük arzusu bu torpaqlara geri dönmək olub. Atamın istəyi ilə Bayburt şəhərinə qayıdanda kəndimizdə o köhnə adətlərdən, mədəniyyətimizdən bir iz qalmadığını və ən acınacaqlısı, kəndimdə kəndli olmadığını gördüm. Atam öldükdən sonra onun cənazəsini öz doğma yurduna apardım. Və doğulduğum bu torpaqlara qayıdanda gördüm ki, insanlar əvvəlki peşələri ilə məşğul olmur. Hamı televizora baxmağa həvəs göstərir, orada gördükləri həyatı arzulayır. Bu, bizim kənddə mədəni həyatımızın məhv edilməsi demək idi. Məni həyata gətirdiyinə görə, atama təşəkkür etməli idim. Özümü borclu hesab edirdim. Atama təşəkkür etmək üçün burada onun adına böyük bir ev tikdirərək, ruhuna minnətdarlıq etmək istəyirdim. İnsanlar bir-birindən ayrılmışdı, kəndlilərim televizorun qarşısında keçib keçmişini unutmuşdu. Doğulduğum evi yenidən bərpa etmək istədim. Sonra düşündüm ki, uşaqlarla dolu bir kitabxanam olsun, ona görə də evin kürsüsünü bir az geniş götürməyi planladım. Sonra tək kitabxana ilə də kifayətlənmək istəmədim. Arzularım getdikcə böyüyürdü. İstəyirdim elə bir evim olsun ki, bütün kənd camaatını ora toplayım, onları işlə təmin edim, o evdə həm kəndimizin sahib olduğu dəyərləri qoruyub saxlayım, həm də insanları dünyaya açılsın, inkişaf etsinlər. Nəinki yerli kənd sakinlərini, Türkiyənin dörd bir yanından və xaricdən dostlarımı, sənətkarları o evə dəvət etmək istəyirdim. Bunun üçün evin böyük otaqları olmalı idi. Bütün istəklər cəm halını aldıqda, gördüm ki, xəyallarım bir ev deyil, böyük bir malikanə tikdirməyə doğru gedir. Bu düşüncə mənə Baksı Muzeyinin xəyalını qurdurdu”.


Taleyin oyunu

Hüsamettin bəylə mərkəzin həyətinə düşüb, dörd tərəfi dağla əhatələnmiş mənzərəni seyr edirik. Mənzərəyə baxıb sözünə davam edən müsahibim, təbiətin özünün sənətin əsas xammalı olduğunu deyir. Qeyd edir ki, sənətçi özünü yaradıcılığa həsr etməli, özünə sual verməli, sərhədlərini aşmalıdır. "2000-ci ildə keçmiş əsrin hekayəsini özündə əks etdirən Baksı Muzeyi layihəsinin təməllərini qazmağa başladıq. İstəmirdim ki, kəndimin sakinləri başqa yerdən ümid axtarsınlar. Kənd sakinlərinin ehtiyaclarını ödəmək, onları işlə təmin etmək, məhsul istehsal etmək və məşğulluq sahəsini artırmaq üçün buranı təkcə muzey şəklində deyil, eyni zamanda mədəniyyət mərkəzi kimi tikdirmək qərarına gəldim. Baksı özünü inkişaf etdirən könüllərin sayəsində hazırlanan bir mərkəzdir. Heç zaman bura haqqında "mənim mərkəzimdir” deyə düşünməmişəm. Mərkəzin hazır olmasında sənətçi dostlarım, könüllülər, kəndlilərimizin özləri belə kömək oldular. Burada çalışan ustaların yeməyini kənd camaatı hazırlayırdı. Bu mərkəz tikiləndə uşaqdan tutmuş yaşlı nəslə qədər hər kəs sevinirdi. Əlbəttə ki, bizə inanmayan insanlar da vardı. "Bu təpədə nə olacaq?”, "Bu təpənin heç bir yanından yol da keçmir, insanlar bura necə gələcək?”- deyib bizi ruhdan salmağa çalışanlar da az deyildi. Hətta tikinti gedən zaman bu gördüyünüz təpə haqqında əfsanələr uydururdular. Kimisi deyirdi ki, guya biz burda qızıl tapmışıq, kimisi də burda neft olduğunu uydururdu. Anadolu insanının möhtəşəm xəyal dünyası var (gülürük). Artıq 19 il keçib. Dünya muzeyləri sırasında özünəməxsus bir yer tutmuşuq və biz bu uğuru kəndlilərimizin sayəsində əldə etmişik”.

Muzeydə qonaq olduğumuz gün orada Nuri Bilge Ceylanın sərgisi nümayiş olunurdu. Öyrəndik ki, "Nuri Bilge Ceylan Baksıda” adlı sərgi mayın 1-dən avqustun 25-nə qədər nümayiş olunacaq. Hüsamettin bəy deyir ki, burada məşhur insanların əsərləri nümayiş olunur. Kəndin sakinləri və qonaqlar Türkiyənin sayılıb-seçilən sənətçiləri ilə bu vasitəsi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

Baksı Muzeyi məlum muzey metodları ilə həyat arasında əlaqə qurmağa qərar verən bir mərkəzdir. Başqa sözlə, sənət ilə dizayn arasında, həm də mərkəzlə onun ətrafı arasında körpülər yaratmağa çalışır. Kəndin qadınları burada dizaynerlərdən öyrəndikləri şəkildə aksesuarlar, geyimlər hazırlayır və həmin məhsullar da mərkəzdə satışa çıxarılır. Husamettin bəy deyir ki, gələcəkdə bu məhsulları marka halına gətirib, dünyaya çıxarmaq niyyəti var. Hazırda isə kəndin xanımları burada kurslara yazılır, müasir dizaynerliyi öyrənir, eyni zamanda burada çalışaraq evlərinə bir parça çörək aparırlar. Övladları ilə birlikdə mərkəzə gələn xanımların uşaqları rəsm və bir çox sənətlərlə burda tanış olmaq imkanı əldə etmiş olurlar. Hüsametyin bəy Baksı Muzeyini bu bölgədə yaşayan insanlara hər cür şərait yaradan, uşaqlara təhsil verən, bu torpaqlarda yaşamağı bir sevinc halına gətirmək istəyən bir mərkəz kimi təqdim etməkdən yorulmur.

Hüsamettin bəy geriyə baxanda taleyin onun üçün gözəl bir oyun oynadığını bildirir: "Nə yaxşı ki, burda doğulmuşam və burda böyümüşəm. Nə yaxşı ki, burda çox nağıllar dinləmişəm. Yaxşı ki, mənim köhnə və kiçik bir kəndim, onun da belə gözəl ənənələri var”- deyərək gözləri yol çəkir: "Atama borcum vardı. Bu borc hissi böyüyərək belə bir muzey oldu. Əvvəllər mənə Husamettin Koçan deyirdilər, indi Baksı Hüsamettin deyirlər (gülürük). Atam mənə öz kəndimin adını əlavə etmiş oldu”.
Dağın təpəsində yaratmış olduğu mərkəzdən qarşıdakı dağı göstərir:
- Bax, ordakı qəbiristanlığı görürsənmi?
- Görürəm.
- Valideynlərim orda dəfn olunub.
- Niyə məhz orda?
- Muzeyin qapıları birbaşa onların uyuduğu məzarlığa açılır.
- Bunun anlamı nədir?
- Valideynlərim uyuduqları yerdən baxanda, buradakı uğurlarımı görüb, mənimlə qürur duysunlar deyə...

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər