• cümə, 29 Mart, 00:37
  • Baku Bakı 7°C

5,3 milyon avroluq qrant udan azərbaycanlı həkim - Gör-götür

19.12.19 15:35 2049
5,3 milyon avroluq qrant udan azərbaycanlı həkim - Gör-götür
Məsud Aşina: "Gələcəkdə baş ağrılarına qarşı yeni bir dərman da hazırlaya bilərik”
23 yaşı olanda Danimarkada tibb sahəsində çalışmaq qərarı verir. Bu ölkədə tanışı, heç bir əlaqəsi olmasa da, gedir. Hətta 16 yaşlı qardaşını da özüylə aparmaq məsuliyyətini üzərinə götürür… Həmin vaxtdan artıq 30 il keçir. Bu müddətdə o istədiyini əldə edə bilir.

Söhbət Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avroluq qrant udması məsələsi ilə bu günlərdə gündəmə gələn azərbaycanlı həkim, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin prezidenti Məsud Aşinadan gedir.
Qeyd edək ki, Məsud Aşina 1965-ci ildə Bakıda anadan olub. 20 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır və Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisidir. Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.

- Universiteti bitirəndən sonra Təcili Tibbi Yardım xidmətində internatura keçmisiniz. Azərbaycanda çalışdığınız yeganə iş yeri bu olub?
- Təcili Tibbi Yardımda internatura dövründə çalışmışam. Tibb Universitetini bitirəndən sonra bir il işləməliydik. Mən də internaturanı Təcili Tibbi Yardım sahəsində keçirdim. Sonra Danimarkaya köçdüm.

- Təcili Tibbi Yardım xidmətində çalışdığınız o bir il yadınızda necə qalıb?
- Həmin iş mənim üçün yeni bir şey olmasa da, maraqlı idi. Ona görə yeni deyildi ki, mən təxminən 3-cü kursdan sonra gecələr Respublika Toksikologiya Mərkəzində tibb işçisi kimi işləyirdim. Hər gün deyil, həftədə bir neçə dəfə orda çalışırdım. Həmin iş yeri mənə çox yaxşı təcrübə qazandırdı. Orda Təcili Tibbi Yardım xidməti də var idi. Ona görə, bu sahədə müəyyən qədər təcrübəm formalaşmışdı. Amma internatura dövründə işlədiyim təcili tibbi yardım işinin özünəməxsus spesifik tərəfləri var idi. Məsələn, yardım üçün çağırırdılar, gedirdik. Hansı problem olduğunu bilmirsən və qəfil təcili bir məsələ ortaya çıxır ki, sən bunu həll etməlisən. İnternatura zamanı tibbi yardım çağırılanda, tək də gedirdim. Amma ciddi bir xəstəlik olanda – ürəklə bağlı məsələlərdə təcrübəli həkimlə bir yerdə gedirdik. Bir illik müddət olsa da, orda çox şey öyrəndim.

- 23 yaşlı bir gəncin o vaxt Danimarkaya köçmək qərarı verməyinin səbəbi nə idi?
- Mənim həm tibb sahəsində çalışmaq, həm də elmi istiqamətdə fəaliyyət göstərmək, bu sahədə bir yerlərə gəlmək kimi istəyim var idi. O vaxt sovet hökumətinin tərkibində idik və heç kim inanmırdı ki, bu boyda dövlət dağılacaq. Və mən bir gənc kimi sovet hökumətində perspektiv görmürdüm. Bu səbəbdən peşəkar karyeramı inkişaf etdirmək üçün ölkə xaricinə çıxmaq fikrinə gəlmişdim. Qərar verdim ki, ya Avropaya, ya da Amerikaya miqrasiya edim, orda yaşayım, işləyim.

- O vaxt bu qərarı verəndə, ətrafınızda ölkə xaricinə çalışmaq üçün gedənlər var idi?
- Yox, o qərarı özüm vermişdim. O vaxt ölkə xaricində çalışmaq üçün gedən azərbaycanlıların sayı az idi. Sovet hökuməti dağılandan sonra azərbaycanlılar Türkiyəyə, Avropa ölkələrinə, Amerikaya daha çox getməyə başladılar. Mən gedən zamanlarda tək-tük insanlar bu addımı atırdılar. O vaxt ölkə xaricinə getmək böyük addım idi. Orda kiminləsə əlaqəm yox idi. Buna baxmayaraq, mən o qərarı verdim və həyata keçirdim. Amma türklər demiş, o qədər də kolay olmadı.
- Adətən, ölkə xaricində işləmək fikri olanlar təhsil üçün gedirlər ki, öyrəşsinlər, zamanla iş mühitinin içinə düşsünlər.
- Mən təhsil üçün getmədim, məqsədim iş mühitinə düşmək idi. Fikirləşirdim ki, orda işləməyə nə qədər tez başlasam, daha tez irəli gedə bilərəm. Nə qədər gec olsa, mənim üçün mənfi tərəfləri ortaya çıxa bilər. İşləmək üçün getdim və karyeramla bağlı hər şeyi Danimarkada qurdum.
- Niyə Danimarkaya getdiniz?
- İstəyirdim ki, getdiyim ölkədə mənim işləməyim, özümü inkişaf etdirməyim üçün imkanlar olsun. O zaman daha çox Amerikaya getməyi düşünürdük. Çünki Amerika imiqrantlar ölkəsidir. Orda imiqrantlar üçün mühit başqa yerlərə nisbətən daha yaxşıdır. Amma Skandinaviya mənim çox xoşuma gəldi. Oranın həyata bir humanist yanaşması var. Mənim fəlsəfəmə, həyatıma uyğundur, oranı çox sevirəm.

- Siz getdiyinizdə 16 yaşlı qardaşınızı da özünüzlə aparmısınız. Belə məsuliyyətli məqamda adam tək gedir, çünki hələ bilmir nə olacaq.
- Qardaşımın 16 yaşı var idi və anam onu o vaxt hələ də uşaq hesab edirdi. Ona görə, mən qardaşımı aparmaq qərarı verəndə, anam çox narahat oldu. Dedim ki, narahat olma, qardaşım üçün hər şeyi edəcəm ki, orda müvəffəqiyyətli olsun. Bir növ qardaşımın da məsuliyyətini üzərimə götürdüm. O da mənimlə getdi, orda lisey kimi iki illik kurslar var idi, orda oxudu. Sonra Kopenhagen Universitetində tibb sahəsi üzrə təhsil aldı. İndi də Boston və Harvard kimi universitetlərində işləyir.

- İki qardaş getmisiniz. Maliyyə cəhətdən valideynləriniz sizə dəstək olurdu?
- Hər şeyi özümüz edirdik. Valideynlərin siz fikirləşən o maliyyə dəstəkləri yox idi. Atam da, anam da sovet vaxtı maaşla dolanan ziyalılardan idilər. Aclıq çəkmirdik, amma bizi xaricdə hər şeylə təmin edəcək qədər maliyyəyə də sahib deyildilər. Ancaq elmi istiqamətdə ailəmizin yaxşı əlaqələri var idi. Ailəmiz, xüsusilə anam tərəf ziyalılardır. Qohum-əqrəbanın çoxu akademiyada işləyir, institutlarda dərs deyirdilər. Biz qardaşımla çıxanda, nə atamızdan, nə anamızdan asılı deyildik.

-Dediyiniz ki, çətin oldu. Çətin olan nə idi?
- Dil. İngilis dilini bilirdim, başqa ölkəyə getmək üçün əslində, bu, kifayət idi. Amma işləmək və inteqrasiya etmək üçün Danimarkanın dilini də bilməliydik. Çünki cəmiyyətin açarı dildədir. Danimarka dilini öyrənməyim təxminən bir il çəkdi. O dildə mükəmməl yox, rahat danışmaq, başa düşmək hardasa iki il vaxtımı apardı. Halbuki, mən bir ildən sonra dillə bağlı birinci imtahanımı verdim. Qardaşım məndən daha gənc idi, ona görə o yarım ilə o imtahanı vermişdi. Mən 6 ay dil oxuduqdan sonra könüllü kimi bir xəstəxanaya getdim, başqa həkimlərlə ünsiyyətdə oldum. Orda dilim daha da açıldı və dildən birinci imtahanımı verdim. Sonra yavaş-yavaş davam etdik.

- Artıq 30 ildir ki, Danimarkada fəaliyyət göstərirsiniz. Bu müddətdə karyerada irəliləmə prosesinin sürəti sizə görə necə gedib?
- Mənə görə normal tempdə gedib. Bu irəliləmə üçün isə mən çox oxuyurdum, öz üzərimdə işləyirdim. Akademik karyerada irəliləmək bəzən illər aparır. Bəziləri üçün çox müddət lazım olur. Mən bütün normal mərhələlərin hamısını bu müddətdə keçdim. Fikrimcə, irəliləmək cəhətdən mənim üçün orda hər hansı baryer olmayıb.

- Siz getdiyiniz dövrdə Danimarkada Azərbaycandan olan həkimlər var idi?
- Tibb sahəsində azərbaycanlılara rast gəlməmişdim. Çünki gedən də yox idi. Son vaxtlar orda tibb sahəsində çalışan bir neçə azərbaycanlı ilə tanış olmuşam. Hətta bir-iki nəfər var ki, nevrologiya sahəsindədirlər. O vaxt ümumiyyətlə, Danimarkada çalışan xarici həkimlər çox az idi. O vaxt xəstələr mənə ekzotik bir adam kimi baxırdılar.

- Həm klinik sahədəsiniz, həm də elmi. Hazırda fəaliyyətinizdə hansı istiqamət daha çox üstünlük təşkil edir?
- Xəstələrə də baxıram, amma daha çox elmi fəaliyyətlə məşğulam. Xəstələrə baxmaq üçün hardasa həftədə bir dəfə vaxtım olur. Amma böyük qrupum var, elmi işlərim çox intensiv gedir. Bu, çox vaxt aparan işdir. Eyni zamanda, başqa ölkələrə səfərlər edirəm, mühazirələr deyirəm. Bunlar da vaxtımı alır. Ona görə klinik istiqamətə çox vaxt ayıra bilmirəm.

- Bəs sizin üçün hansı istiqamət daha maraqlıdır?
- Mən xəstələrə baxmağı da sevirəm, elmi işlə məşğul olmağı da. Ona görə bu iki işi kombinasiya etmək şansı hər adama qismət olmur. Mənim elə bir şansım var. Bu şansımdan maksimal şəkildə istifadə edirəm.


- Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin prezidentisiniz. Bu cəmiyyətin Azərbaycanla bağlı fəaliyyəti varmı?
- Bu, beynəlxalq təşkilatdır. Təşkilata hər kəs fərdi şəkildə üzv olur. Yəni Azərbaycandan olan istənilən həkim, hansı ki tibbin baş ağrıları sahəsinə marağı var, bu sahə ilə məşğul olur, həmin assosiasiyanın üzvü ola bilər. Üzv olanlar bu istiqamətdə olan jurnalları alırlar, kurslar, konqreslər, sipmozumlar və s işlərimizdə iştirak hüququ qazanırlar. Təşkilata üzv olan azərbaycanlılar da var. Üstəlik, mən Bakıya gəldiyimdə, tək özümü deyil, həm də təşkilatı təmsil edirəm. Baş ağrı mövzusunda mühazirələrim o işimə bağlıdır. Bu, mənim işimdir və bir növ bizim borcumuzdur.
-5,3 milyon avroməbləğində mükafata layiq görülmüsünüz. Bu məbləğ nə qədər müddətlik layihə üçün nəzərdə tutulub?
- Bu məbləğ 6 illik qrant layihə üçün ayrılıb. Mən elmi istiqamətdə - miqrenin bəzi məsələləri ilə bağlı tədqiqat planı tərtib etmişdim. Gələcəkdə yeni bir dərman da hazırlaya bilərik. Bu qrantları almaq üçün 53 namizəd müraciət etmişdi, onlardan 16-sı müsahibəyə getdi. Mükafat isə 6 nəfərə verildi. 6 nəfərdən biri də mən oldum.

- Əvvəllər elmi işlərinizlə bağlı bu kimi məbləğdə maliyyə aldığınız olub?
- 1-2 milyon avroluq qrantlar almışam, amma bu miqdarda hələ olmamışdı. Bir qrupa və bir xəstəliyə bu qədər məbləğdə maliyyə hələ verilməmişdi. Yalnız mənim üçün deyil, mənim qrupum, mənim sahəm, kolleqalarım, bizim mərkəz üçün çox pozitiv bir nailiyyət oldu.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər