• cümə, 26 Aprel, 17:59
  • Baku Bakı 23°C

52 illik staj, mazutlu əllər və zərif qəhrəman...

13.07.18 10:00 1383
52 illik staj, mazutlu əllər və zərif qəhrəman...
Əlləri mazutludur. Zəhmət qoxur. Təmiz deyil, amma o qədər qürurludur ki... Qapqara əllərini göstərir... "Qızım, bax bu əlləri görürsən? Bu qara, mazutlu əllərlə fəxr edirəm” deyir. O mazut ki, məni bu yaşıma qədər kiməsə möhtac etməyib... O mazut ki, şərəfimlə yaşamağı nəsib edib, o mazut ki, mənə sənətimi, işimi sevdirib...
Aslanın erkəyi dişisi olmur. Azərbaycan qadınlarının tarix boyu çox cəsur, mərd addımlar atdıqları, qadın işləri ilə bərabər, kişi işlərinin də öhdəsindən məharətlə gəldikləri danılmaz faktdır. Bu gün də həmin cəsur, işgüzar qadınları cəmiyyətimizdə görmək mümkündür. Müasir dövrdə kişilərin çalışdığı sahədə qadınların olması təəccüblü qarşılansa da, ölkəmizdə "kişi işi” sayılan sahədə çalışan qadınlar da az deyil. Belə qadınlardan biri də Şəfiqə Əsədullayevadır. Şəfiqə xalanın 69 yaşı var. 17 yaşından motor sarğısı, təmiri ilə məşğuldur. Ən çətin peşələrdən olan ustalıq sənətini bəzi kişi ustalardan daha yaxşı görməyi bacarır. Bunu biz yox, iş yoldaşları deyir.
Şəfiqə xala ilə söhbətləşmək üçün Mehdiabadda yollanırıq. İş başındadır. 2 gündür üzərində çalışdığı motoru bitirib. İkinci işinə girişib. O qədər diqqətlə işləyir ki, gəldiyimizin fərqinə varmır. İşinə mane olmur, kənardan izləyirik, adətən, kişilərdə görməyə alışdığımız mazutlu əlləri... Əllərini silir və bizə
yaxınlaşır. Ətraf mazut olduğu üçün əlimizin mazuta batacağından ehtiyatlanır: "Qızım, ehtiyatlı ol, paltarın çirklənməsin...”
"Arıq, balacaboy qızsan, bacarmayacaqsan”

İlk işinə 1966-cı ildə başlayıb. 11-ci sinifdə ailə vəziyyətləri yaxşı olmadığı üçün işləmək məcburiyyətində qalıb: "Ailədə 7 uşaq idik. Tək atam işləyirdi. Vəziyyətin çətin olduğunu görüb iş axtarmağa yollandım. Düzdür, çox istəyərdim təhsil alım, rus dili müəllimi olum. Amma alınmadı. Yaxşı ki, alınmadı. Çünki bu iş mənim nəfəsimdir”.
Çəkiclə motora vuraraq söhbətinə davam edir: "1966-cı ildə maşınqayırma zavoduna getdim. Orada gördüm ki, sex var və qadınlar, qızlar işləyir. Əvvəlcə məni ventilyatorların düzəldildiyi yerə göndərdilər. Usta mənə dedi ki, sən arıq, balacaboy qızsan, bacarmayacaqsan. Ümidimi itirmədim və ikinci sexə yollandım. Orada da ilk sualları "işləyə biləcəksən?” oldu. Dedim, əlbəttə, işləyə bilərəm. Usta şagirdi kimi işə başladım. Şagirdlik müddətim bir aylıq idi. 15 gün ərzində mənim ustam baş ustaya dedi ki, bu qız artıq mənimlə bərabər işləyir, mən görən işi görür. 15 gündən sonra artıq özüm üçün işləməyə başladım. İlk pulumu da burada qazandım”.
Ailə qurduqdan sonra iş qrafiki ağır olduğu üçün işini dəyişmək məcburiyyətində qalıb: "Ailə qurduqdan sonra təmir zavodunda işləməyə başladım. 20 il də orada işlədim. Mən bu yaşıma qədər ancaq bu işlə maraqlanmışam. Özümü başqa işdə təsəvvür edə bilmirəm. Çox çalışqan və özünəinamlı idim. Özümlə daim
yarışırdım. Məsələn, bir günə 10 motor düzəldirdimsə, sabah 15 olmalı idi. İşimə o qədər vurğun və prinsipial idim ki...Müştərilər təmirə motor gətirərkən, hər dəfə "Şəfiqə xala düzəltsin” deyirdilər. 52 illik staj, məni bu sahədə kifayət qədər tanıtdı”.
- Şəfiqə xala, biz mazutlu əlləri adətən kişilərdə görməyə alışmışıq. "Kişi sənəti”ni görməyiniz ətrafda necə qarşılanıb?
- Hamı təəccüblə yanaşır. Amma artıq o təəccüblü baxışlara alışmışam. Elə öz bacım hər dəfə gəlib deyirdi ki, Şəfiqə, sən burada necə işləyirsən, bu qədər ağır motorları necə düzəldirsən? Bacıma deyirdim ki, əgər bu sahədə 52 il stajım varsa, mənim üçün problem deyil. Müştərilər də qadın olduğumu görüb, təəccüblənirlər. O qədər adam olur ki, sexin qarşısında dayanıb baxır, izləyir və gedir. Hətta qadınlar dəfələrlə mənə yaxınlaşıb, "sənə halal olsun” deyiblər. Bu da mənim sənətimdir. Nə qədər çətinliyim olsa da, mən sənətimlə xoşbəxtəm. Bir sözlə, mən bu işlə nəfəs alıram. İşləməyəndə, hər gün bir motoru təmir etməyəndə özümü yarımçıq hiss edirəm.
- Sənətin dişisi, erkəyi olmaz deyirsiniz...
- Bəli, bu fikirlə tam razıyam. Hazırda 69 yaşım var. 3-5 il - Allah nə qədər ömür yazıbsa, işləyəcəyəm. Mən bu işi görməsəm, evdə otura bilmirəm. Qızım, hər bir işi görmək mümkündür. Əsas odur ki, istəyiniz olsun. Mənim şagirdlərim çox olub. Elələri var ki, çox həvəssiz yanaşıblar və gediblər, amma bu işi daxilən sevənlər öyrənib, usta olublar. Hətta kiçik oğlumu yanıma gətirdim ki, sənəti öyrədim. Bir-iki ay məşğul oldum və mənə dedi ki, ana, bu, mənim işim deyil. Səbri
çatmadı. Həm səbir, həm də istək olmalıdır. Hər işə sevgi ilə yanaşmaq lazımdır. Fərqi yoxdur, kişi yaxud qadın, öz işini sevməyən insanın orada xoşbəxt olması, uğur qazanması mümkün deyil. Əgər qarşına məqsəd qoyursansa, mütləq çatırsan. Deyirlər ki, qadın bacarmaz. O fikirlə razı deyiləm. Təyyarə sürən, maşın ustası olan qadınlar var. Qadının bacarmadığı iş yoxdur. Hər bir sahədə hər şey mümkündür.
- Ailə qurarkən, yoldaşınızın işinizə reaksiyası necə idi?
Yoldaşım normal qarşıladı. Deyirdi ki, bu, sənin sənətindir. İstəyirsən işlə, istəmirsən işləmə. Özünü necə xoşbəxt hiss edirsənsə, elə də yaşa. O da sənət sevgimin fərqində idi. Görürdü ki, işləmədiyim gün özümü yaxşı hiss etmirəm. Məzuniyyətlərdə məni müxtəlif ölkələrə göndərirdilər. İşçi mübadiləsi olurdu. Çox maraqlı idi. Xaricdə də işimi təqdir edirdilər. Bu, ən böyük xoşbəxtlik idi. Mən həmişə başımı aşağı salıb işimlə məşğul olmuşam. Ətrafda məni heç nə, heç kim maraqlandırmayıb. Təbiətcə çox ciddi adamam. Heç kimlə kəlmə kəsməmişəm. Gəlirdim, işimi görüb gedirəm. Yoldaşım da bu xasiyyətimə bələd idi və məni hər vaxt dəstəkləyib.

"Hamı usta ola bilməz”
Sənətinin incəliklərindən danışan Şəfiqə xala düşünür ki, hamı usta ola bilməz. Onun sözlərinə görə, sənətkar işini bilirsə, sənətkardır: "Sənətin qadını, kişisi olmur. Sənətkar işini bacarırsa, cinsindən asılı olmayaraq, işində uğur qazana bilər. Yaxşı usta olmaq üçün gözəl əl qabiliyyəti ilə yanaşı, diqqətli, səbirli olmaq şərtdir. Əgər bu xüsusiyyətlər səndə varsa, deməli, işini bacaracaqsan. Burada zərgər dəqiqliyi lazımdır. Çünki sxemlər var. Birini səhv etdikdə işləmir. Bəzən olub ki, günlərlə üzərində işləmişəm, düzəltmişəm, qoşublar, motor işləməyib. Ozaman bilirəm ki, sxemdə səhv etmişəm və bu, məni əsəbiləşdirir. Cüzi səhvə yol verdikdə, motoru söküb, sıfırdan yığıram. Buna böyük səbir lazımdır”.
Sənətinin sevdiyi tərəfini isə sözlə ifadə edə bilmir: "Onu sözlə ifadə edə bilmirəm. Bir müddət bizim işimiz olmadı. Evdə oturmuşdum elə gözüm telefonda idi ki, məni çağırsınlar gedim işə. Baxın, bu alətlərsiz, çəkicsiz, simsiz, yağsız özümü təsəvvür edə bilmirəm. Hər ölçüdə motorları düzəldirəm. Nə qədər əziyyət çəksəm də, işə düşən motorları gördükdə, zövq alıram. Hər kəsin öz həyatı var, mənim də həyatım budur qızım”.
Şəfiqə xalanın sözlərinə görə, 52 illik iş həyatında bir an belə, işindən bezdiyi vaxtlar olmayıb: "Bəzən olub ki, alınmayıb, düzəldə bilməmişəm. Özümə sual verirdim ki, necə yəni düzəlmir, düzəlməlidir. Düzdür, günlərlə üzərində işləmişəm, amma düzəltmişəm. Mən işdən qorxmuram, iş məndən qorxsun”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər