• cümə, 19 Aprel, 13:14
  • Baku Bakı 25°C

5000-ə yaxın ailəyə yardım edən komanda - Örnək

01.05.20 13:00 2472
5000-ə yaxın ailəyə yardım edən komanda - Örnək
Toğrul Ələkbər: "Romantik görüntünün arxasında böyük iş, ağır yük var”
Martın 24-dən etibarən ölkədə karantin rejiminin tətbiqinə başlandı. Bəzi iş yerlərinin fəaliyyətini dayandırması muzdla çalışan işçilərin gəlirdən məhrum olmasına gətirib çıxardı. Nəticədə, yardıma ehtiyacı olanların sayı çoxaldı. Dövlət 190 manat birdəfəlik ödəmələrin verilməsinə, eləcə də dövlət qurumları, özəl şirkətlər, təşkilatlar, ayrı-ayrı şəxslər yardım kampaniyalarına başladılar.

Onlar da həmin ərəfədə 8 nəfərlik komanda ilə yardım etmək qərarına gəlirlər. Qısa zamanda bu say sürətlə artır və artıq 100 nəfərə yaxın könüllü bir komanda ilə yardım fəaliyyəti həyata keçirirlər. Söhbət "Biganə qalma” yardım kampaniyasından gedir. Müsahibimiz yardım kampaniyasının yaradıcılarından olan Toğrul Ələkbərlə məhz bu layihə barədə danışdıq.

- Karantin dövründə "Biganə qalma” komandası yardım fəaliyyəti ilə bağlı aktivlik göstərənlərdəndir. Nə vaxt və necə başladınız?
- Mart ayının sonunda başladıq. Karantindən dolayı bəzi iş yerlərinin fəaliyyətini dayandırması yardıma ehtiyacı olan şəxslərin sayını artırmışdı. Bunu gördük və öz çapımızda nələrsə etmək istədik. İanələr toplayıb həmin şəxslərə yardım etmək qərarı verdik. Beləliklə, 8 nəfər bir yerdə "Biganə qalma” aksiyasını təşkil edib, insanlara kömək etməyə başladıq. İndiyə qədər 5 minə yaxın ailə yardımımızdan yararlanıb. 100 min manatdan çox pul toplamışıq.


- Yardım işinə başlayıb, qısa zamanda geri çəkilənlər çox olur. Çünki kənardan görünən işin romantik tərəfidir, amma bir də reallıq var. Bir az da bundan danışaq.
- Bizimlə eyni vaxtda başlayan 2-3 tanıdığım şəxs sonra işi dayandırıb. Çünki bu işin həqiqətən görünməyən yönləri də var. Birincisi, stressli işdir. İkincisi, maliyyə tapmaq lazımdır. Bunu edə bilməyənlər uzaqlaşmalı olurlar. Üçüncüsü, insanların xoş olmayan davranışları ilə də üzləşirsən. Hansı ki, bu qədər iş görürsən, amma "yalançı” deyib söyənlər də olur. Görünməyən tərəflər çoxdur. Ancaq əsas çətinlik ianələrin tapılmasıdır. Romantik görüntünün arxasında böyük iş, ağır yük var. Bunun altına girəndə, başa düşmək lazımdır. Biz işə başlayanda, bunu bilirdik. Amma biz neçə min insan deyil, neçə yüz insan olacağını düşünürdük. Başa düşürük ki, bunu kimsə etməlidir və bu da bizi həvəsləndirir.

- Yəni, yardım etdiyin adamdan o cür reaksiyalar görməyi o qədər də çətinlik saymırsınız?
- İnsanların fikirləri çox da təsir etmir. Bilirik ki, heç də hər zaman pis mənada demirlər. Sosial durum bir kəsim insanlarda heç də yaxşı deyil. Onları başa düşürük. Bizi tənqid edib yalançı çıxarmağa çalışan bəzi insanlarla söhbəti uzatsaq, səhv etdiklərini başa düşməyəcəklər. Biz sonra onlara sübut edirik, üzr istəyirlər.

Komanda bir-birinə dəstək olur deyə, bizi yalançı çıxarmağa çalışan, söyən olanda motivasıyamız çox da düşmür. Hətta bəzən elə əminliklə deyirlər ki, o işi gördüyün halda özünə şübhə ilə yanaşırsan (gülür). Başa düşürük ki, belə adamlar həmişə olublar, indi də var. Ona görə çox da fikir verməməyə çalışırıq. Onlarla paralel gələn təşəkkür mesajlarına fokuslanırıq. İşə deyil, insanlara fokuslansaq, işimiz getməz.

- Bir aydır artıq bu sahədəsiniz. Bu dövrdəki fəaliyyət sizə hansı təcrübəni qazandırdı?
- Öyrəndik ki, həqiqətən maraqlı insanlar var. Bir nəfər hesabımıza 5000 manat pul köçürdü. Kim olduğunu bilmədik, sadəcə olaraq pul gəldi. Xeyirxah, zəhmətkeş insanlar var. Bununla belə, su-istifadə edənləri də gördük. Ehtiyac sahibi olmasa da, başqa bir adamın adından yazıb, yardım gələndə özünə götürməyə çalışanlarla da rastlaşdıq. İnsanların həm yaxşısını, həm pisini gördük. Həqiqətən də insanlarımız dar gündə birləşməyi bacarırlar. Karantin günlərində müəyyənləşdirdim ki, biz "biz” olmaq üçün bir olmalıyıq.

- Nə vaxta qədər davam edəcəksiz?
- İndi dəqiq nə isə deyə bilmirəm. Bəlkə də pulumuz yetənə qədər (Gülür). Hələ ki Ramazan ayının sonuna kimi düşünürük.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər