• çərşənbə axşamı, 23 aprel, 12:33
  • Baku Bakı 24°C

“500-600 bal yığan şagirdə “testi əzbərləyib gəlib” demək olmaz”

13.07.18 09:00 3119
“500-600 bal yığan şagirdə “testi əzbərləyib gəlib” demək olmaz”
Ali təhsil almaq - müəllim olmaq arzusu bir az gec reallaşıb. 25 yaşda universitetə qəbul olub. Hətta ona "necə olur ki, bu yaşda hazırlığa gəlirsən?” deyənlər də olub. Amma məqsədindən dönməyib. Çünki bu sahəyə xüsusi sevgisi, marağı olub. Bu gün də o sevgi qalır. Müsahibimiz, həm də şagirdlərinin sevimli müəllimi olmağı da bacaran, Biləcəri qəsəbəsində yerləşən Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asif Salmanovdur.
- Müəllimliyə dair ixtisasları bitirənlərin heç də hamısı bu istiqamətdə davam etmir. Müəllimliyi seçməyiniz və sonra bu istiqamətdə davam etməyinizdən danışaq...
- Mən ali məktəbə 25 yaşımda qəbul olmuşam. Hazırlıq vaxtı qarşıma müəllim olmağı məqsəd qoymuşdum. Hətta universitetə qəbulda kodlaşdırma apararkən, mənə hüquq və ya digər ixtisasları yazmağı da məsləhət görürdülər. Amma israrla, müəllimliyi seçəcəyimi və bu sahəyə gedəcəyimi bildirdim. Bəlkə də, 18 yaşımda qəbul olsaydım, başqa istiqaməti seçərdim. Çünki bir zamanlar, o yaşda şagirdlərlə işləyəndə görürdüm ki, müəllim olmaq qərarı vermək istəmirlər. Yönləndirməyə çalışsam da, xüsusilə, oğlan uşaqları bu seçimdən çəkinirdilər. Lakin məqsədim müəllim olmaq idi, bunun arxasınca da getdim.

- Ali təhsili 25 yaşda almağınızın səbəbi nə idi?
- Müəyyən çətinliklərdən dolayı belə alındı. Biz məcburi köçkünük, buna görə, hər il başqa kənddə, başqa məktəbdə oxumağa məcbur olurduq. Məktəb dediyimiz də yox idi, çadırlarda təhsil alırdıq. Oturmağa stol, yazmağa lövhə olmurdu, ayaq üstə çadırda dayanırdıq, müəllim şifahi nələrsə öyrədirdi. Təbii ki, belə şəraitdə təhsilin keyfiyyətindən danışmaq olmaz. Mənim təhsil həyatım belə keçdiyi üçün orta təhsilimi keyfiyyətli şəkildə başa vura bilmədim. Bu da ali məktəbə daxil olmağımda problem yaratdı. Ancaq qarşıma ali təhsil almaqla bağlı məqsəd qoymuşdum. Buna görə də, təslim olmurdum. 24-25 yaşlı birinin hazırlığa getməsi çox adama qəribə gəlirdi. Hazırlaşdığım uşaqlar deyirdilər ki, necə olur ki, bu yaşda hazırlığa gəlirsən? Amma qarşıda məqsəd varsa, ona çatmaq üçün sona qədər getmək lazımdır. Mən bunu etdim və bacardım.
- Bizdə müəllimliyi bir müddət xanım sənəti hesab edənlər az deyildi. Sanki bir stereotip yaranmışdı. Maddiyyat məsələsi də, təbii ki, var idi. Bütün bunlar oğlanların bu sahədə az olmasına gətirib çıxardı...
- Bu sahəni oğlanların seçməməyinin əsas səbəbi maddi problemlər idi. Təhsil sahəsində aparılan islahatlardan sonra – keçmiş təhsil naziri Mikayıl Cabbarovun zamanından bu islahatlar başlayıb və hazırda da davam edir - müəllimlərin məvacibində müəyyən qədər artım oldu. Ondan əvvəlki vəziyyətdə ailəni dolandıracaq şəxsin müəllimlik peşəsinə yiyələnməsi bir az normal qarşılanmırdı. 200 manatla ailə başçısının ailəni idarə etməsi çətin idi. Ona görə, valideynlər oğlanlarının bu sahəyə yönəlməsini istəmirdilər. 4-5 il öncə ilə müqayisə aparıram, indi oğlan şagirdlərim müəllimliyə sevə-
sevə yönəlmək istəyirlər. Bir oğlan şagirdim var - Rüfət Behbudzadə 675 bal toplayıb. Valideyni övladının müəllim olmasını istəyir. Baxmayaraq ki, o balla istədiyi ixtisasa qəbul ola bilər, amma o, müəllim peşəsini seçməyi də düşünür. Artıq o təfəkkür dəyişməyə doğru gedir. Buna səbəb, vurğuladığım kimi, təhsil sahəsində aparılan islahatlar və bunların nəticəsində müəllimin sosial vəziyyətinin yaxşılaşmasıdır.
- Maddi cəhətdən yanaşanda, bu sahəni seçdiyinizə peşman olubsunuz?
- Əsla, mən bu peşəni sevib gəlmişdim. Sevirsənsə, çətinliyinə dözməlisən. Peşəmi sevirdim, hara getdiyimi, hansı çətinliklərlə üzləşəcəyimi də gözəl bilirdim. Ailəmi dolandıra bilib-bilməyəcəyimlə bağlı heç bir tərəddüd yaşamadım.
- Sosial şəbəkədəki paylaşımlarınızın arasında şagirdlərinizlə olanlar üstünlük təşkil edir. Onların sizə səmimi, xoş sözlərini də özəl günlərdə paylaşırsınız. Hiss olunur ki, səmimi münasibətiniz var...
- Səmimiyyət qarşılıqlı hissdir. İnsan qarşısındakına hansı hissi ötürürsə, o şəkildə də alır. Mən şagirdlərimə deyirəm ki, sinifdə dərsi izah edərkən sizin müəlliminizəm, qapıdan çölə çıxanda sizə dostam, atayam, qardaşam, əmiyəm, dayıyam. Necə olur-olsun, məni öz arxanız hesab edə bilərsiniz. Bəzən qızlar belə onlara mane olan hansısa bir problemləri gəlib mənimlə rahatlıqla paylaşırlar. "Müəllim belə bir problemimiz var, bizə kömək edə bilərsinizmi?” deyirlər. Mən də onların problemlərini həll etməyə çalışıram. Onlarla zarafat da edirəm, gəzməyə, hətta kənardan normal qarşılanmasa belə, futbol oynamağa da gedirəm, dənizə də aparıram. Doğum günümdə Ayşən Bayramova adlı keçmiş şagirdim sosial şəbəkədə elə
təbrik mesaj yazmışdı ki, oxuyub göz yaşlarımı saxlaya bilmədim. Hər bir şagirdim mənə əzizdir, hamısını sevirəm.
- Əvvəl müəllimləri ciddi, zəhmli görürdük, bu gün səmimilik sanki daha öndədir.
- Zəhmli müəllim olduğumu desəm, yəqin ki inanmayacaqsınız (gülür). Dərsdə də bəzən çox zəhmliyəm. Bəzən uşaqlar da etiraf edirlər ki, dərsdə zəhmli, kənarda səmimiyəm. Yerinə görə dəyişir. Müasir şagird artıq "gestapo” rejimini yox, səmimiyyət istəyir. Mən də səmimiyyətlə dərs keçməyə üstünlük verirəm. Şagird qorxanda, dərsə münasibəti "danışım, bitsin” yanaşmasında olur. Amma səmimi olduğun zaman, onu maraqlandıran hər şeyi soruşmağa cəhd edir, çəkinmir. Nəticədə daha artıq bilik sahibi olur.
- Çöldəki səmimiyyət dərsdə sizə mane olmur?
- Əsla, mane olmur. İnanın, sosial şəbəkə və dərsdənkənar etdiyimiz zarafatların dərsə aidiyyəti yoxdur, şagirdlərimin hamısı bilir ki, çöldəki zarafatlar çöldə qalır.
- Hazırlaşdırdığınız abituriyentlərin nəticələrini paylaşırsınız, ildən-ilə nəticə daha yüksək olur. Ümumi olaraq da görünən odur ki, qəbul imtahanlarında yüksək bal toplayanların sayı çoxalıb. Bunu testin əzbərçilik yaratması ilə əlaqələndirirlər...
- Təhsil sahəsində islahatlar gedir, yeniliklər gəlir və bunlar da ildən-ilə təhsilin keyfiyyətini artırır. Dərslər kurikulum proqramı ilə keçirilir, artıq gələn ildən qəbul imtahanları da yeni sistemlə keçiriləcək. Əzbərçilik deyilən hal o zaman, yəqin ki, sona çatacaq. Düzdür, yüksək bal toplayanlarla bağlı belə fikirlər səsləndirilir ki, testi əzbərləyib gedirlər. Bu fikri doğru hesab
etmirəm. Çünki o şagirdlər imtahana getmək üçün dərslərin hamısını öyrənirlər, müəllimlərə danışırlar. Sadəcə, testdə, öyrəndiklərini yazırlar. Elə şagirdlər var ki, şifahi danışıqda çox yaxşı bilik nümayiş etdirirlər, amma testə gələndə, nəticə çox da yaxşı olmur. Məsələnin bu tərəfi də var. 500-600 bal yığan şagirdə "testi əzbərləyib gəlib” demək olmaz. Təxmini işarələməklə bəxt gətirsə, 200 bal-filan yığmaq olar. Amma nəticə yüksəkdirsə, əzbərçilik demək olmaz.
- Yüksək bal toplayan şagirdlərinizin karyeralarını izləyirsiniz? Nəticə necə olur?
- Bir çox sahədə çalışanları var, əksəriyyəti ilə maraqlanıram. Sevə-sevə peşələrinin arxasınca gedənlərin 99 faizi yaxşı da iş tapıblar. Təəssüf etdiyim qisim də var. Bəzən qəbulda ixtisas seçiminə fikir vermirlər, sırf "ali məktəbə qəbul olum” deyə təhsil alırlar. O cür tələbələrin karyerasında təəssüflənəcəyim məqamlar olur. Yüksək balla universitetə qəbul olan gəncimizi, sonra marketdə satıcı görəndə üzülürəm.
Bəzi universitetlər var ki, onları izləyirəm, məzunlarının karyera qurmalarında yaratdıqları imkanları öyrənirəm və abituriyentlərə məlumatlı şəkildə seçim etmələrini tövsiyə edirəm. Bəzi universitetlərdə mənim təhsil aldığım dövrlə indiki arasında çox fərq var. Artıq bəzi universitetlər 3-4-cü kursda oxuyan tələbələrə şirkətlərlə əlaqə quraraq işlə təmin etmək üçün müəyyən köməklik göstərirlər, bu da sevindirici haldır.
- Ümumiyyətlə, abituriyentlər seçəcəkləri ixtisasla bağlı nə dərəcədə məlumatlı olurlar?
- Burada yanılmalar çox olur. Keçən il universitetə qəbul olan 3 tələbəmiz sonra seçdikləri ixtisasdan imtina etmək
məcburiyyətində qaldı. Çünki biz onlarla söhbət zamanı potensiallı ixtisasları demişdik, məlumat vermişdik. Amma sonra evdə fikirlərini dəyişib başqa ixtisaslar seçmişdilər. Sentyabr ayında isə məlum oldu ki, qəbul olduqları ixtisasdan imtina ediblər. Növbəti il hazırlaşmağa başladılar. Bəzən valideynlərlə uşaqların istəkləri də üst-üstə düşmür, bu da yaxşı nəticəyə gətirib çıxartmır. İxtisas seçimi apararkən həmin ixtisasın potensialını müəyyənləşdirmək lazımdır. Ölkə üçün bu gün nə dərəcədə vacib ixtisas olduğu, gələcəkdə nə dərəcədə ehtiyac olacağı müəyyənləşdirilib, seçim etmək lazımdır. Bunlar üst-üstə düşdüyü zaman, yaxşı nəticə də əldə olunur.

- Bu gün repetitor yanına getmədən yüksək nəticə göstərənlərə möcüzə kimi yanaşırlar. Faizlə ifadə etsək, sizcə, repetitor yanına getmədən yüksək nəticəgöstərən şagird nə qədər olar?
- Əvvəlki yanaşma və metodlarla çox az faiz olar. Amma indi burada da dəyişiklər gedir. Məsələn, 314 saylı orta məktəbdə təmayül sinifləri formalaşdırılıb. Bu, bir çox liseylərdə var idi, bizim məktəblərdə bu ildən tətbiq olundu. Artıq 10-cu sinifdən uşaqlar seçəcəkləri ixtisas qruplarını müəyyənləşdirirlər, o istiqamətdə təmayül siniflərində təhsillərini davam etdirirlər. Hər sinifdə də qrupun istiqamətinə yönəlmiş fənlərin yük ağırlığı daha çox olur. Bu zaman şagirdin hazırlığa getməyinə ehtiyac qalmayacaq. Valideynlər bəzən bununla razılaşmırdılar, biz onları inandıra bilmişik ki, nəticəsi yaxşı olacaq. Əvvəllər 10-11-ci siniflərdə uşaqları dərsə gətirmək çətin məsələ idi. Mən təmayül sinfinin sinif rəhbəriyəm. İndi 6 günlük dərsdə 22 şagirdin ən pis halda 20-si dərsdə olur. Dərsi axıra qədər dinləyirlər, çünki seçdikləri qrupun (blokun) fənlərinin tədrisi
üstünlük təşkil edir. Təmayül sinifləri şagirdin hazırlığa getməsinə ehtiyac yaratmır. Təəssüf ki, bəzən valideynlər bununla razılaşmırlar, övladları üçün əlavə müəllimlər tuturlar. Amma repetitor olmadan da təmayül siniflərində şagirdin yüksək nəticə göstərməsi mümkündür. Əvvəlki yanaşmada bu çətin idi, hər uşaq edə bilmirdi, amma indiki sistem göstərir ki, şagird repetitor olmadan da yüksək bal toplayar.
- Şəhid və ehtiyacı olan ailələrinin uşaqlarını pulsuz hazırlayırsınız. Bir dəfə mənə demişdiniz ki, elə adamlar olanda sizə yönəldim. Bu xeyirxahlıq hələ də davam edir?
- Bəli. Belə bir ailələrə xidmət etmək bizim borcumuzdur. Mənim ən böyük arzularımdan biri də uşaq evlərində valideyn himayəsindən məhrum olmuş uşaqlarımızın ali məktəblərə hazırlaşmasına təmənnasız kömək etməkdir. Ehtiyac olarsa, həftədə iki dəfə gedib uşaqlarla məşğul olmaq istəyərəm. Bu sahədə mənə kömək edilsə, məmnuniyyətlə gedərəm.
Mən maddi cəhətdən o vaxt çox çətinlik çəkmişəm. Məcburi köçkün həyatı yaşamışam, işləyə-işləyə ali məktəbə hazırlaşmaq məcburiyyətində idim. Çünki maddi çətinlik var idi, bunu kiminsə üzərinə yükləyə bilməzdim. Hazırlaşdığım dönəmdə də mənə bu cür dəstək olmuşdular. Bir müəllim məni təmənnasız hazırlaşdırmışdı. Bu, mənim özüm üçün bir borc idi. Bir dəfə savadlı, məqsədli bir şagirdin maddi çətinliklərdən dolayı, hazırlıqlara gedə bilmədiyini gördüm. Bu, mənə bir az təsir etdi, sonra onun seçdiyi qrupda olan fənləri tədris edən digər müəllimlərlə də danışdım, hamısından müsbət cavab aldım. Hazırlığa başladıq, nəticə də çox yaxşı oldu (692 bal). Sonra düşündüm ki, bu aksiya niyə də davamlı olmasın? Bəzən sıxılan, çəkinən şagirdlər də olur. Onları özüm çağırıram, gəlməyə
məcbur edirəm. Mənə bu yaxşılığı ediblərsə, mən də başqalarına etməliyəm. Ömrümün axırına qədər də müəllim olaraq uşaqların yaxşı təhsil alması üçün əlimdən gələni edəcəyəm.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər