AZE | RUS | ENG |

50 yaşlı Mingəçevir Teatrı

50 yaşlı Mingəçevir Teatrı

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, "2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur. Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer vermiş, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak etmiş, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərmişdir”.

Sərəncamdan irəli gələrək, qarşıdakı aylarda Mingəçevir teatrında təntənəli yubiley tədbirlərinin qeyd olunması gözlənilir. Biz də 50 yaşlı teatrımızın yuvarlaq rəqəmli yaşına öz töhfəmizi vermək üçün Teatr yaranandan bu günədək orada külüng çalan sənətkarlarla söhbət etdik, direktorundan bugünkü vəziyyətini xəbər aldıq.
 

Yubiley üçün teatrda hazırlıqlar başlayıb

Mingəçevir Teatrının direktoru Səxavət Məmmədov bizimlə söhbətində bildirdi ki, teatrın yubileyi iyun ayında keçiriləcək. Artıq yubiley üçün hazırlıqlar başlayıb: "Mingəçevir teatrı öz ənənələri və zəngin repertuar tarixi olan bir teatrdır. Sevindirici haldır ki, cənab prezidentimiz İlham Əliyev teatrımıza belə dəyər verir. Bu bizim üçün böyük bir məsuliyyətdir. Qeyd edim ki, teatrımızın yubiley tədbiri İyunda keçiriləcək və həmin tədbirdə əməkdaşlarımızın fəaliyyəti qiymətləndiriləcək. İyun ayına qədər ölkə rəhbərinin bununla bağlı sərəncamı gözlənilir. Mingəçevir şəhərində icra hakimiyyətinin bununla bağlı bir sıra tədbirlər keçirilməsi də nəzərdə tutulub”.
 


İlk tamaşamız "Almaz” oldu və baş rolu da mən canlandırdım

Mingəçevir Teatrı yarandığı gündən orada çalışan, əməkdar artist Ella Yaqubova bizimlə söhbətində bildirdi ki, teatrın hazırkı binasında 1968-ci ildə xalq teatrı yerləşib: "Həmin xalq teatrı festivalda iştirak edib yer tutmuşdu. Gənclik şəhəri olan Mingəçevirdə dövlət dram teatrı açmaq nəzərdə tutulurdu. Mərkəzi komitənin qərarı ilə 1968-ci ildə əmr verildi. Bu məqsədlə bütün teatrlara, ali təhsil ocaqlarına, müraciət olundu. Teatra aktyorlar dəvət olunmağa başladı. Həmin ərəfələrdə Şəki Dövlət Dram Teatrı bağlanmışdı. Oradan da bizim teatra aktyorlar dəvət olundu. Nəinki Şəkidən, digər bölgələrdən də bizə aktyorlar gəldilər. Mən də təyinatla 1966-cı ildə Gəncə Dövlət Dram Teatrına getmişdim. Orada iki il işlədikdən sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən köçürmə yolu ilə Mingəçevir teatrına göndərildim. Əməkdar artistlərimiz Arif Quliyev, İldırım Cabbar, Zülfüqar Abbasov, Mirbaba Xəlilov, Hüseyn Quluyev teatrımız açılanda bizimlə işləyən sənətkarlar olub. Xalq teatrından gəlmiş Gəray Gərayev, Lətifə Hüseynova, Sara Məmmədova da Dövlət teatrında bizimlə çalışıb. Müxtəlif teatrlardan və ali təhsil ocaqlarından yaradıcı heyət yığıldıqdan sonra məşqlərimiz başladı. İlk tamaşamız isə Cəfər Cabbarlının "Almaz” əsəri oldu. Rollar bölündü. 1969-cu ildə biz tamaşanı təhvil verdik. Bilirsiniz ki, martın 27-i beynəlxalq teatr günüdür. Mart ayının 28-də ilk dəfə pərdələr açıldı, ilk premyeramız "Almaz” tamaşası ilə oldu. Almaz obrazının ifaçısı mən oldum. Tamaşanın quruluşçu rejissor İldırım Cabbar idi. O illəri bugünkü kimi xatırlayıram. Onda İldırım Cabbar teatrın baş rejissoru, Zülfüqar Abbasov köməkçi rejissor idi. Sonra müxtəlif səpkili klassik əsərlərə müraciət etdik. Müxtəlif teatrlardan rejissorlar dəvət olundu. Demək olar ki, C.Cabbarlının bütün əsərlərini oynamışıq. Truppamız getdikcə daha da genişlənirdi, teatra yeni, istedadlı aktyorlar dəvət olunurdu. Hadisələrlə əlaqədar İrəvan Teatrı bağlandıqdan sonra Nisəxanım Rzayeva da teatra dəvət olundu”.
Ella xanım deyir ki, 20 il bundan əvvəl teatrda studiya yaradıb və o studiyadan çıxan tələbələr bu gün teatrda müxtəlif səpkili obrazların müəllifidir: "Bu studiyaya tələbə yığmaq üçün məktəblərin dram dərnəklərində fəaliyyət göstərən şagirdləri yoxladıq. Onları toplayıb teatrda bir studiya yaratdım. Studiya üzvlərinə Azərbaycan teatrının tarixi, dünya teatrı haqqında biliklər öyrətdik və onları səhnəyə yönəltdik. Daha sonra Mədəniyyət naziri özü burada studiya açmağa sərəncam verdi. Teatrın nəzdində gənclərdən ibarət "Ümid” studiyası açdıq və bu studiyaya mən rəhbərlik etdim. Bir müddətdir ki, o studiyanın işi dayanıb, ancaq gələcəkdə fəaliyyət göstərəcək. Orada yetişən aktyorlar bu gün səhnədə müxtəlif obrazları canlandırırlar”.
Ella Yaqubova Mingəçevir Teatrının hər zaman Mədəniyyət nazirliyinin diqqətində olduğunu və teatrın işçilərinin fəxri adla təltif olunduqlarını da dilə gətirdi: "Mingəçevir teatrında bir xalq artistimiz var, o da tanınmış rejissorumuz Zülfüqar Abbasovdur. Bundan başqa Nisəxanım Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov və mən əməkdar artist adına layiq görülmüşük”.
Teatrın qocam aktyoru, əməkdar artist Şıxı Yaqubov: "Biz aktyorlar böyük məsuliyyətlə yubileyimizə hazırlaşırıq. Bu yubiley tədbiri prezidentimizin teatrımıza, şəhərimizə verdiyi ən böyük qiymətdir. Mən teatr yaranandan burada çalışıram. Teatrımızda repertuara hər zaman xüsusi diqqət yetirilib. Belə ki, teatrın repertuarında "Kəndçi qızı” (M.İbrahimov), "Mahnı dağlarda qaldı”, "Unuda bilmirəm” (İ.Əfəndiyev, "Eşq və intiqam” (S.S.Axundov), "Müfəttiş” (N.V.Qoqol), "Hacı Qara” (M.F.Axundzadə), "Aydın”, "Solğun çiçəklər” (C.Cabbarlı), "Haray” (İ.Hüseynov), "Ölülər” (C.Məmmədquluzadə), "Yol kənarı” (M.Zarudni), "Qütb ulduzu” (N.Xəzri), "Sərt oyunlar” (A.Arbuzov), "Duman çəkilir” (S.Azəri), "Pəri cadu” (Ə.B.Haqverdiyev), "Günəşli yer” (V.Vinniçenko) və b. tamaşalar yer alıb. Teatrımızın tarixinə repertuar planına nəzər salsanız görərsiniz ki, bir birindən dəyərli əsərlərə səhnə həlli vermişik”.
 
 

Son illər teatrımızın uğurları daha da artıb

Mingəçevir Teatrının direktor müavini Vüsal Məmmədovla da söhbət etdik. Müsahibimiz Mingəçevir teatrının yarım əsirlik teatr olduğunu dilə gətirərək, onun yaradıcı mühitindən bəhs etdi: "Teatrımızda respublikanın onlarla tanınmış sənət adamı fəaliyyət göstərib və bu gün də göstərməkdədir. Onlar tamaşalarda gözəl obrazlarla yaddaşlara həkk olunublar. Son illər teatrımızın uğurları daha da artıb. Belə ki, son dörd ildə teatrımız bir çox uğurlar qazanıb. Bu gün Mingəçevir teatrı yalnız tamaşaları səhnəyə qoymaqla kifayətlənmir. Həmçinin Mingəçevirin ictimai-mədəni həyatında böyük işlər görür. Hazırladığı tamaşalarla yanaşı, teatrın daxilində fəaliyyət göstərən kinozalımız da paytaxtımız Bakıdan sonra deyərdim ki, ən çox yeni filmlər təqdim edən, imza günləri keçirən mədəniyyət ocağı olub. Bununla yanaşı, təbliğat vasitələrindən geniş istifadə edirik. Gördüyümüz işləri sosial şəbəkələrdə yetərincə işıqlandıra bildik. Bütün bu işlər bizi regionda fərqli etdi. Biz sənətimizi çox sevirik. İnanırıq ki, Mingəçevir teatrı zaman keçdikcə daha böyük uğurlara imza atacaq”.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000