• cümə, 19 Aprel, 22:49
  • Baku Bakı 24°C

50 faiz qənaət imkanı, ekologiya üçün faydalı

30.01.21 15:00 979
50 faiz qənaət imkanı, ekologiya üçün faydalı
Nəqliyyat vasitələrinə sıxılmış təbii qaz avadanlıqları quraşdıranların sayı artır
Aİ-92 markalı benzinin pərakəndə satış qiymətindəki artımdan sonra taksi sürücüləri nəqliyyat vasitələrində sıxılmış təbii qaz (STQ) avadanlıqları quraşdırılmasına daha çox getməyə başlayıblar. Bu işləri icra edən şirkət axtaranları da son vaxtlar daha çox görürük. Deməli, tələbat artır.
STQ-nin qiymət cəhətdən sərfəli, ekoloji cəhətdən isə daha az zərərli olduğu bildirilir. Sərfəlidir, bəs nə qədər qənaət imkanı deməkdir? Bu istiqamətdə tələbin artmasının nə kimi faydası var? Qeyd edək ki, hazırda bazarda bu işi çox kəskin fərqli qiymətlərlə icra edənlər haqqında da məlumatlar alırıq. Bu fərqlər bizə nəyi deyir? Nələri bilməliyik?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, nəinki taksi sürücüləri, ümumi nəqliyyat sahibləri arasında da sıxılmış qaza üstünlük verənlərin sayı getdikcə artır: "Türkiyədə nəqliyyat vasitələrində qaz balonu quraşdırmaq adi haldır. Çünki orda benzin bahadır. Azərbaycanda dizel yanacağının və benzinin qiymətində artım baş verəndən sonra nəinki taksi sürücüləri, eləcə də digər şəxslər nəqliyyat vasitələrində qaz mühərriki quraşdırmağa çalışırlar. Təbii ki dizel mühərrikli avtomobillərə qaz quraşdırılmasından söhbət gedə bilməz. Dizellə işləyən mühərriklərə də qaz balonu quraşdıran texnologiya hələ Azərbaycana gəlib çıxmayıb. Qaz balonları hələ ki yalnız benzinlə işləyən avtomobillərə quraşdırılır. Ümumiyyətlə, müasir avtomobillərdə qaz balonu quraşdırmaq daha əlverişlidir. İli köhnə olanlarda fəsad yarada bilir”.
E.Muradlı deyir ki, bu balonların quraşdırılması işində ucuz olana üstünlük vermək sonra baha başa gəlir: "Azərbaycanda avtomobillərə qaz balonları quraşdırma sahəsində özünü təsdiq edən bir neçə şirkət var. Ancaq Çin istehsalı olan ucuz mallardan alıb gətirib, hansısa qarajda bu işi görən və sürücülərə 3 aylıq kredit müddəti təklif edənlər də var. Qiyməti də sərfəli olur. Deyək ki normal qaz balonu 1500-1800 manata başa gəlirsə, bu adam 900-1000 manata təklif edir. İnsanlar da ona axın edirlər. İlk vaxtlar təbii ki normal işləyir. 3-5 ay sonra həmin adamlar yoxa çıxırlar. Bir müddət avtomobildə fəsadlar ortaya çıxanda, sən onları tapmırsan. Çünki iş keyfiyyətsiz görülürsə, avtomobilin mühərrikində problemlər ortaya çıxır, salonda qaz qoxusu hiss edilir, digər texniki problemlər yaranır. Ona görə hər qazquraşdırma məntəqəsinə getməyin tərəfdarı deyiləm. Çünki ucuz etdirib həmin an 500-600 manat irəli düşə bilərsiniz. Amma sonra salona qaz qoxusu gəlməməsi üçün avtomobilin hava ötürücü sistemini dəyişməlisiniz. Bunun ən azı 100-200 manat xərci var. Üstəlik, mühərrikdə fəsadlar yaradırsa, bu da əlavə xərcdir. Gün gəlir, baxırsınız ki, 1500-1800 manata daha keyfiyyətli balon qoydursaydınız, ondan ucuz başa gələrdi.
Bazarda Türkiyə, İtaliya, Ukrayna şirkətləri də var. Xarici olub-olmadığına deyil, zəmanətinə, etibarlılığına önəm vermək lazımdır”.
Ekspert bildirdi ki, qənaət etmək cəhətdən benzinlə qaz arasında fərq böyükdür: "Benzinlə işləyən avtomobillə Qubaya gedib gəlmək üçün 30-40 manat yanacaq sərf edəcəksinizsə, 15 manat qaz vurub gedib-gələ bilərsiniz. 50 faizdən də çox üstünlüyü var. İndi benzinin qiymətində bahalaşma oldu, ona görə qaz daha da sərf edəcək. Təəssüf ki qazın da qiymətini süni şəkildə bahalaşdırdılar. Rəsmi qiymət artımı olmasa da, 40 qəpikdən 45-50 qəpiyə qaldırdılar. Bəzi yerlərdə süni qıtlıq yaratdılar. Sıxılmış qazı bəzi yerlərdə tapmaq olmur. Bu cür hallar baş verir. Bəzi yanacaqdoldurma məntəqələri süni problem yaradır ki, insanlar qaza meyillənməsinlər”.
E.Muradlı deyir ki, indi bu işlər daha peşəkar üsullarla icra edildiyi üçün 90-cı illərdəki qədər təhlükəli deyil: "90-cı illərdə məişətdə istifadə etdiyimiz qaz balonunu maşına qoyub nəqliyyat vasitəsini idarə edənlər var idi. Maşın getdiyi yerdə yanırdı, partlayırdı. Amma indiki balonlar tamam başqa funksiyadadır. Həm də yol polisi tələb qoyub ki krossover tipli avtomobillərə qaz balonu quraşdırmırlar. Yalnız o avtomobillərə quraşdırılır ki, baqajla salonun arası kəsilmiş olsun, təhlükə, yanğın, partlayış olsa, salona verməsin. O da təzə avtomobillərdə bu effekti verir, köhnələrdə yox. İndiki qaz balonları kürə şəklində olur, bir neçə qatdan ibarət qoruyucu metalla bərkidilir. Azərbaycanda bununla bağlı son illər problemə rast gəlməmişəm. Əvvəlki yanacaq qiymətinin artması dövründə də qaz balonu quraşdırılmasına kütləvi axın olmuşdu. Neçə il keçib hardasa partladığını, yandığını eşitməmişəm. Tez sıradan çıxa, avtomobilin mühərrikinə ziyan vura bilər, amma qaz balonunun maşında partladığını eşitməmişəm. 90-cı illərdəki qorxu insanlarda qala bilər, amma bu balonlar tamam başqadır”.
E.Muradlı qeyd etdi ki, hazırda insanlarımızda daha çox maraq hibrid avtomobillərədir: "Qaz qənaət imkanı verir, amma çox da uzunömürlü olmayacaq. Gələcəyin avtomobilləri elektrik avtomobilləridir. Tam elektrik avtomobillərinə insanlarımız üstünlük vermirlər, çünki tam elektrik mühərrikli avtomobillərin respublika üzrə maddi texniki bazası, servis xidməti, ehtiyat hissələri və s yoxdur. Bakıda normal usta tapa bilmirsən. Amma yarı benzin, yarı elektriklə işləyən hibrid avtomobillərə insanlarımızın marağı var”.
Ekoloq Vaqif Əliyev bildirdi ki, ekoloji cəhətdən yanaşanda, benzinlə müqayisədə qazın üstünlüyü çox böyükdür: "Yanacaq məhsullarının ekologiyaya təsirinin müqayisəsi havaya buraxdıqları tullantıların miqdarı ilə ölçülür. Məsələn, daş kömür, benzin və qazı müqayisə etsək, ekoloji cəhətdən ən yaxşısı, ən az zərərlisi qazdır. İndi benzinin qiyməti artandan sonra sıxılmış qaza üstünlük verənlərin sayı da çoxaldı, amma ümumilikdə energetika təşkilatları belə, qazla işləməyə üstünlük verirlər. Havaya buraxılan tullantının miqdarının azalması üçün bu, çox önəmlidir. Düzdür, dünyada ümumiyyətlə, alternativ enerji mənbələrinə daha çox üstünlük verilməsinə gedilir. Amma bunun maya dəyəri bir az baha çıxır. Ənənəvi yanacaq məhsullarından ən dəyərlisi qazdır. Məsələyə gələcəyə yönümlü baxsaq, ondan da yaxşısı elektriklə işləyən maşınlardır. Zamanla buna keçmək daha yaxşı olar. Çünki ekologiyaya zərər vurulmaması üçün bunlar daha vacibdir”.

Aygün

banner

Oxşar Xəbərlər