• cümə, 29 Mart, 00:31
  • Baku Bakı 7°C

5 yaşlı gənc - Reportaj

01.06.18 10:30 3614
5 yaşlı gənc - Reportaj
5 yaşları tamam oldu. 5 ildir ki, komanda olaraq bir hədəfə vururlar. İşçilərinin sosial şəbəkədə paylaşımlarından göründü ki, kollektivin böyük hissəsi elə TV açılan ilk günlərdən burada çalışır. 5 yaşları ərəfəsində redaksiyalarında olub, bizim görüntü olaraq izlədiyimiz efir məhsullarının hazırlanmasında əməyi keçənlərlə, iş mühitləri ilə tanış olmaq qərarına gəldik. APA TV-dəyik...

Bizi qapıda TV-nin baş direktoruVüqar Hüseynov qarşıladı. İşçilərin yanına getməmiş, yolüstü söhbət etdik. Deyir ki, kollektivdə çalışanların çoxu gənclərdir, yaşca böyük olanlar isə gənc ruhlular. Bir sözlə, burda hamı gəncdir.


"...iclas olur, biz də özümüzü yığışdırırıq”

V.Hüseynovdan komanda üzvləri ilə bağlı da tək-tək öncədən məlumat alandan sonra işçilərlə söhbətə keçirik. Kollektivin ən pozitivi olaraq studiya operatoru Xaqani Hüseynovun adını çəkdilər. Xaqani deyir ki qaraqabaqlıq onluq deyil: "Deyib-gülürəm öz yerində, amma işimi də görürəm. Nə tapşırıq verilsə, yerinə yetirirəm. İşimdən narazılıq etməyiblər”.


Növbəti həmsöhbətimiz efir rejissoru Orxan Bağırov oldu. Kollektivdə onu bizə Cəfər Cabbarlının nəticəsi olacaq təqdim etdilər. Deyir ki, ilk efir günündən burdadır, hələ ki getmək fikri də yoxdur: "Mən əvvəldən pozitiv adam olmuşam, bu kollektiv o cəhətdən mənə uyğundur. Kollektiv o qədər yaxşıdır ki, adam burdan ayrılmaq istəmir. APA TV ikinci evimiz kimidir. Mehribanlıq var, efirdə sərbəstlik veriblər”.

Bəs işə gecikmə olanda rəhbərliyin reaksiyası necə olur? Orxan deyir ki, bir-iki dəfəni güzəşt edirlər: "Adət halını alanda iclas olur, biz də özümüzü yığışdırırıq (Gülür)”.


"Bizdə rəhbərlik də yaxşıdır, maaş da”

"Rejissor Emil Abdullayevə "ikinci Xaqani” də demək olar” deyirlər. Yəni, tam pozitiv. Deyilənə görə, pis oğlan deyil. Özü də pul kolleksiyaçısıdır. Səhər tezdən xarici ölkəyə məxsus 4 pul alıb, ona görə, deyəsən, kefi daha da yaxşı idi. Televiziyadan isə ayrı qala bilmir: "2000-ci ildən – universitetə daxil olandan televiziyadayam. İki dəfə demişəm ki, televiziyadan tam uzaqlaşıram. Amma televiziyasız qala bilməyib, yenə qayıtmışam. İkinci peşmançılığımı 5 il öncə 8 mart ərəfəsində yaşayırdım. Həmin gün əvvəl bir yerdə çalışdığımız xanım dostları təbrik edirdim. Gülnarə İlham təbrikin ardınca yazdı ki, APA TV-yə keçmişəm. Sonra qəfildən mənə "dınqq” deyə beynimə gəldi ki, APA TV? Zarafatla yazdım ki, professional rejissora ehtiyac olsa, deyərsən. Və elə o vaxtdan burdayam, gəldiyim üçün də peşman olmadım”.

Emilin ən uzunmüddətli TV təcrübəsi burdadır. Onu burda saxlayan qüvvənin nə olmasından da danışdı: "Elə yer var ki, maaş çox yaxşıdır, amma rəhbərliyin xasiyyəti, kollektiv pisdir. Orda işləmək çətindir. Elə yer var ki, rəhbərlik yaxşıdır, amma maaş azdır. Bu da sərf eləmir. Bizdə rəhbərlik də yaxşıdır, maaş da. Ona görə hələ ki burdayam (Gülür)”.


İşdə hər kəsi əvəz edən adam...

Emil şəxsi həyatla bağlı sual da olacağını gözləyirmiş. Amma bu, geniş mövzu olduğu üçün növbəti dəfəyə saxladıq. Keçirik xəbər rejissoru Ayşən Əhmədin yanına. Ayşən kinorejissorluğu qurtarsa da, bu gün xəbərin içindədir. Amma ofisdə hansı işçi olmasa, onun yerində olacaq dərəcədə digər işləri də bacarır. Pultda adam olmayanda pultda oturur, operator gəlməyəndə onu əvəz edir, çay lazım olanda onu da gətirir və s. Həm də deyirlər ki, Ayşənin fərqli baxış bucağı var. Eyni kadrı 4 nəfər çəksin, Ayşəninki mütləq seçiləcək. O da 5 ildir ki, APA-dadır: "İş önəmlidir və burda hər kəs işinin məsuliyyətini bilir. Düşünürəm ki, kollektivdə insani münasibətlərin yaxşı olması işin keyfiyyətinə təsir edir. Burda kiminsə nə isə problemi olanda hamı ona yaxın adam kimi can yandırır, həlli üçün əlindən gələni edir”.

Müdirin sağ əli

Prodüser Aytən Yusifovanı müdirin "sağ əli” adlandıra bilərik. APA TV-də olan bütün verilişlərin təkbaşına əziyyətini çəkən, işdə ən məsuliyyətli adamdır. V.Hüseynov deyir ki, Aytən işdədirsə, çox rahatlıqla harasa gedir.


APA TV-də yayımlanan "Sosium" proqramının aparıcısı Yeganə Laçınzadə bir az daha sakit təəssürat yaratdı: "Əslində, elə də sakit biri deyiləm. Sadəcə, burdakı gənclər daha çılğındırlar. Ona görə elə görünə bilər”.

Yeganə ilə TV-dəki gərgin iş mühitindən də danışdıq: "Gərginlik məncə, xəbər departamentində daha çox olar. Mənim verilişim həftədə üç dəfə yayımlanır, vaxtı bəllidir, planlaşdırmanı aparıb işi görürəm”.


"Leyla bizi çərlədəcək”

Leyla Behbudlu yeni gələnlərdəndir, bu ay 3-cü maaşını alacaq. Redaktorları onun adını çəkəndə hazırladığı sujetlərin uzunluğundan dad etdilər. Hətta "Leyla bizi çərlədəcək” deyirlər. Deməli, 4 dəqiqəlik sujet üçün bir səhifə yarımlıq material yazılmalıdır, Leyla isə 13-15 səhifəlik mətnlə gəlir. Redaktorlar kəsib qısaldanda isə irad bildirir ki, orda nə qaldı ki? Redaktorlar deyirlər ki, onu ya düzəldəcəklər, ya da düzəldəcəklər. Belə baxanda redaktorlara haqq vermək olar, amma bir də Leylanı dinləyək: "Xəbər sahəsində işə yazılı mətbuatda başlamışam, ona görə uzun yazmağa adət etmişəm. Bu da zamanla düzələcək şeylərdir”.


APA-da ikinci səhər verilişi açılanda müxbir Nigar Həsənli bura gəlib. Həmin veriliş bağlanıb, aparıcısı gedib, amma Nigar burdadır və davam edir. Deyir ki, bu kollektivdə gənclərin nazını çəkirlər: "Burda uzun illərdir mətbuatda çalışan adamlar var. Gənclər də ki kaprizli olurlar, çılğınlıqları var, şıltaqlıq da ola bilir. Bu kimi tərəflərinə görə gənclərlə işləmək asan deyil. Burda gənclərin məhz o tərəflərinə dözürlər, biz də gənclik enerjimizdən istifadə edib qarışqa kimi işləyirik”.


"Bu materialı dədəmin evindən gətirməmişəm”

Müxbir Almaz Qasımova. Vüqar müəllim onun haqqında danışmaq istəyirdi ki, Almaz sözün ucundan tutub başqa istiqamətə keçdi. V.Hüseynov deyir ki, onun xasiyyəti belədir, 5 ildir burdadır, həmişə onunla danışmaq istəyəndə alınmır. Almazın gənc və prespektivli kadr olduğunu, işinə söz olmadığını deyirlər. Almazın işlə bağlı müzakirələrdən dolayı əsəbiləşəndə "bu materialı dədəmin evindən gətirməmişəm” deməyi də var. Almaz həm də məsuliyyətli işçidir: "İş tələb olunsa da, işçiyə insani cəhətdən yanaşma da var. Amma iş işdir, mən və kollektivdə olan hər kəs bunu yaxşı bilir. Əgər səhər 8-də tədbirim varsa, 7-nin yarısı işdə oluram ki, əskiklik olmasın”.
Hikmət Zeynallı da yenidir. İş cəhətdən bir neçə günə özünü göstərməyi bacarıb. Kollektivə uyğunlaşıb, yaxşı yol yoldaşlığı da var. Həm də perspektivli bir kadr olduğunu dedilər.

Söhbət müxbir Fərid Azəriyə gələndə isə dedilər ki, onu ifadə edəcək söz yoxdur.


"Xəbəri 5 dəqiqə gec verəndə otaqda zəlzələ qopur”

Söhbətin bu yerində V.Hüseynov bir məsələ ilə bağlı narahatlığını dilə gətirir. Bu isə kollektivdə subayların çox olmasıdır. Bunun üçün müxtəlif üsullar fikirləşilsə də, hələ ki nəticə yoxdur...

Gənclərlə söhbət zamanı iş gec təhvil veriləndə rəhbərin reaksiyasına da toxunduq. Onların ümumi fikirləri belə oldu: "Müdirimiz nə qədər deyib-gülsə də, xəbəri 5 dəqiqə gec verəndə otaqda zəlzələ qopur (Gülürlər). Biz internet televiziya olduğumuz üçün saat tamamını gözləmədən tez xəbər verməliyik”.


"Bizdə rəhbər-işçi münasibəti yoxdur”

Sonda APA TV-nin xəbər müdiriCavid İsmayil,xəbər müdirinin müavini, aparıcı, əməkdar jurnalistNəsimi Nəbizadə Vüqar Hüseynovun komanda ilə bağlı fikirlərini aldıq.

V.Hüseynovdeyir ki, peşəkarlardan ibarət səmimi bir mühit yaratmaq üçün əlindən gələni edir: "Səmimi, mehriban kollektiv olması üçün əlimizdən gələni edirik. Əgər komanda olaraq nəyəsə nail olmuşuqsa, bunun sayəsində olub. Burda çalışan hər kəs öz işinin peşəkarıdır. Peşəkar kadr və səmimi insan. Bu ikisini üst-üstə gətirə bilmişik. Bizdə rəhbər-işçi münasibəti yoxdur. Sərt qaydalar da qoymuruq, çünki yaradıcı mühitdə sərt qaydaların tətbiqi effekt vermir”.

N.Nəbizadəisə deyir ki, kollektivdəkilərlə çöldə dost-yoldaşdır, ofisdə isə iş birincidir: "İşdən kənarda biz həm də yoldaşıq. Amma şəxsi münasibətlər işimizə təsir etmir. Təbii ki iş arası zarafatlarımız da olur, gülməli hadisəni şərh edib yorğunluğumuzu atırıq da. Bunlar olmasa, işin gərginliyi adamı tez yorar. Bəzən bir-iki sutka fasiləsiz işlədiyimiz vaxtlar da olub. Gənclərlə baş-başa verib işləyirik. "Yalnız gənclər bizdən öyrənirlər” prinsipi ilə razılaşmıram, elə şeylər var ki, mən də onlardan öyrənirəm”.


"Yazı-pozuda dədəmə də güzəştə getmirəm”

C.İsmayılın çox kaprizli redaktor olduğunu eşitmişdim. O isə bu fikirlə razılaşmır: "Azərbaycanda işlənməsi ən rahat olan redaktorlardan biriyəm. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. Yazı-pozuda dədəmə də güzəştə getmirəm. O baxımdan kaprizli olduğumu deyə bilərəm. Qayçısı ən az kəsən redaktor mənəm. Müxbirin sujetinin həcmi APA-nın sujet həcmindən çox olanda dəli oluram. Çünki sujetdə müxbirin yaradıcılığının əks olunmasını istəyirəm. Kəsib yığanda artıq o redaktorun işi olur. Çox uzun hazırlayanda Vüqar müəllimin üstünə atıram, o da taleyi ilə barışıb (Gülür)”.

Bizimlə söhbət onlara nə qədər xoş olsa da, işləmək də lazımdır. Ona görə hamısı artıq yavaş-yavaş işinin başına döndü. Biz də sağollaşıb ordan ayrılırıq. 5 yox, daha böyük yaşlara APA TV...

Aygün Asimqızı







banner

Oxşar Xəbərlər