• şənbə, 20 Aprel, 13:17
  • Baku Bakı 23°C

5 rəis işdən qovuldu

24.12.13 09:34 1534
5 rəis işdən qovuldu
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə ölkədə əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətə həsr olunmuş iclas keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) və onun regional struktur bölmələrinin vacib bir sahəyə nəzarət edən və işçi hüquqlarının müdafiəsi baxımından geniş səlahiyyətlərə malik olan bir qurum olduğunu qeyd edən S.Müslümov bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb.
Nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib.
İclasda DƏMX-nin rəisi İdris İsayev müfəttişliklərin ötən il və bu ilin 10 ayına dair fəaliyyətinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib. Qeyd olunan dövrdə müəssisələrdə yoxlamaların subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə aidiyyəti dövlət qurumunun müvafiq çıxarışları olmadan aparıldığı, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya «müəssisənin fəaliyyətinin dayanması» səbəbindən təxirə salındığı bildirilib.
Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Regional əmək müfəttişliklərinin xidməti ərazilərində olan müəssisələrdə DƏMX tərəfindən ənənəvi olaraq yoxlamaların aparılması isə qeyri-məntiqi hal kimi dəyərləndirilib.
İclasda qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində ciddi dönüş yaradılması, əməyin mühafizəsi laboratoriyalarının işlək vəziyyətə gətirilməsi, qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərin gücləndirilməsi, əmək hüquqlarının pozulması faktları aşkar edildiyi təqdirdə təsiredici amil kimi cərimələrin tətbiqinin diqqətdə saxlanılması və s. barədə müvafiq tapşırıqlar verilib.
Həmçinin, vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib. Daha 3 müfəttişliyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib.
banner

Oxşar Xəbərlər