• cümə, 19 Aprel, 01:25
  • Baku Bakı 18°C

5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş geniş tədbir keçirilib

05.10.19 14:15 815
5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş geniş tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Filologiya fakültəsinin tələbələrinin universitetin həyətində 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə hazırladıqları fləşmob təqdim olunub.
Sonra isə Heydər Əliyev məktəbinin lektoriyasında 2019-2020-ci tədris ilində ADPU-nu seçən 500-dən yüksək bal toplayan tələbələrlə, 100-dən çox yüksək bal toplayan magistrantlarla, qırmızı diplomla məzun olub ADPU-nu seçən magistrantlarla və yüksək bal toplayaraq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini seçən tələbələrlə görüş keçirilib.
Daha sonra tədbir universitetin Böyük Akt zalında davam etdirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tədbirdə öncə İncəsənət və fiziki tərbiyə fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. Rektor bildirib ki, bu gün xalqımızın həyatında çox xoş və əlamətdar bir gündür. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olub. Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Azərbaycan xalqı bu gözəl, şərəfli bayramı böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edir.
Müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyev demişdir: "Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Rektor Cəfər Cəfərov çıxışında vurğulayıb ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görülür. Təhsil Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas məqsəd və hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılmasıdır. Son illər bu sahədə ürəkaçan uğurlar, təqdirəlayiq nəticələr əldə edilib. Bu il 500-dən yüksək bal toplayaraq Azərbaycan universitetlərinə daxil olan tələbələrin dörddə biri müəllim peşəsini seçib. Bu göstəricilər çox inamla yüksək gələcəyimizə baxmağa imkan verir.
Tədbirdə Zirvə tədris mərkəzinin nümayəndəsi tərəfindən rektor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov və Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif ediliblər. ADPU-ya 600-dən yüksək bal toplayan tələbələrə isə hədiyyələr təqdim olunub.
ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin, Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin hazırladıqları maraqlı və rəngarəng konsert proqramı, 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun hazırladıqları rəqslər tədbir iştirakçılarına yüksək əhvali-ruhiyyə bəxş edib.
banner

Oxşar Xəbərlər