5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı

5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı

Kriminal
19 Noyabr 2018, 21:29 304
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Tural Alıyev bildirib ki, istintaq dövründə təqsirləndirilən H.Quliyev öz müdafiəçisi ilə birgə sənədlərə qol çəkib.
Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov isə müvəkkilinin hüquqlarının pozulduğunu deyib: "Heydər Quliyevlə T.Alıyev arasında telefon danışıqları olub, müvəkkilimin hüquqları pozulub. Müstəntiq mobil telefonunun nömrəsini məhkəməyə təqdim etməlidir".
Müstəntiq T.Alıyev vəkillə razılaşmayıb və telefon nömrəsini məhkəməyə təqdim etməyib.

Təqsirləndirilən şəxs bildirib ki, müstəntiq T.Alıyev onunla bir neçə dəfə telefonla danışıb.
Məhkəmənin hazırlıq iclası noyabrın 21-də davam etdiriləcək.
İttihama görə, ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin yük maşınının arxa hissəsinə çırpılması nəticəsində 5 nəfər dünyasını dəyişib. Qəza nəticəsində ölənlərin hamısı Laçın rayon sakinləri və bir ailənin üzvləridirlər.
Qeyd edək ki, sürücü H.Quliyev ev dustaqlığındadır.