• cümə axşamı, 25 aprel, 10:25
  • Baku Bakı 14°C

“5 milyon manatı olmayan şirkət necə fəaliyyət göstərə bilər?”

27.05.16 12:51 1001
“5 milyon manatı olmayan şirkət necə fəaliyyət göstərə bilər?”
Azərbaycanın 25 sığorta şirkətindən 14-nün məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələbdən – 5 milyon manatdan azdır. Fins.az xəbər verir ki, bu barədə sığorta bazarındakı mənbə bildirib. "Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə sığorta şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Həmin görüşdə bazarın problemləri müzakirə olunub. Məlum olub ki, əsas problem sığortaçıların kapitalı ilə bağlıdır” – deyə mənbə qeyd edib. Məlumata görə, bununla əlaqədar Palata sığorta şirkətlərinin məcmu kapitalının hesablanması qaydasına müəyyən dəyişikliklər etmək niyyətindədir. Xüsusilə sığortaçıların lisenziyası geri çağırılmış banklarda yerləşdirdikləri vəsaitlər onların kapitalı kimi nəzərə alınmayacaq. Hazırda qüvvədə olan qaydalara görə isə sığorta şirkətləri həmin vəsaitləri kapital kimi göstərmək hüququna malikdirlər. Amma Palatanın qiymətləndirməsinə görə, bunlar qeyri-likvid vəsaitlərdir və kapitalda iştirak edə bilməz.
Mənbə onu da bildirib ki, artıq Palata həmin problemi yaşayan sığorta şirkətlərinə lazımi göstərişlərini verib.
Bəs görəsən, sığorta şirkətlərinin kapital qıtlığı hansı səbəbdən yaranıb? Bu problemi həlli üçün nə etmək lazımdır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, sığorta şirkətlərinin kapitalla bağlı problemləri yaxın müddətin məsələsi deyil. O qeyd etdi ki, milli valyutanın ikinci devalvasiyasından sonra sığorta şirkətlərində böyük durğunluq yaranıb: "Bu amil sığorta şirkətlərinin gəlirliliyinə və kapitalına çox ciddi təsir göstərdi. Tutaq ki, xaricdən alınan hər hansı bir maşın qəzaya düşdüyü zaman sığorta şirkəti xaricdən gətirilən məhsula görə xarici valyuta ilə pul ödəyir. Bu isə şirkətlərə kifayət qədər mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda sığorta şirkətlərinin əsas gəlir mənbəyi icbari sığortalardır və nadir şəxslər özlərini və ya hər hansı daşınmaz əmlaklarını könüllü olaraq sığorta edirlər. Sığorta şirkətlərinə müəyyən qədər zaman vermək lazımdır ki, onlar yaranmış problemi aradan qaldıra bilsinlər. Lakin indiki dövrdə ölkə valyutasının qeyri-sabitliyi şirkətlərin gəlirliliyinin tam olaraq formalaşmasına imkan vermir. Şirkətlərin xaricdən gətirilən avadanlıqları və xarici valyuta ilə ödənişləri artdığı, eyni zamanda gəlirləri azaldığı üçün onlar mərkəzləşdirilmiş kapital sistemindən yardım almaq niyyətindədirlər. Bu sistemdən istifadə edərək onlar öz aktivlərini artırmaq istəyirlər”.
Ekspert bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə müəyyən kömək göstərilə bilər: "Şirkətlər itkiyə doğru gedirlərsə, mütləq öz strategiyalarını dəyişdirməlidirlər. Burada hər hansı güzəştlərdən də söhbət gedə bilər. Həmin sığorta şirkətləri bu üsulla öz gəlirliliyini təmin edə bilərlər. Düzdür, şirkətlərin gəlirləri ciddi şəkildə azalsa da, hesab edirəm ki, onlar iki il ərzində əvvəlki vəziyyətlərini bərpa edə bilərlər. Bundan başqa, onlar könüllü sığorta edənləri bu işə cəlb edə bilərlər. Qeyd edim ki, bunun üçün dünyada müxtəlif mexanizmlər mövcuddur. Onlardan ən mühümü isə geniş maarifləndirmə işinin aparılmasıdır. Şirkətlər könüllü sığortanın əhəmiyyəti haqqında insanlara məlumat verməklə onlara bəzi təkliflər edə bilər”.
Müsahibimiz dünya təcrübəsi ilə bağlı da məlumat verdi: "Avropada yaşayan əhalinin 60 faizi özünü könüllü olaraq sığorta etdirir. Bura həm həyat, həm tibbi, həm də digər sığorta növləri aiddir. Həmçinin digər paketlər üzrə sığorta sistemləri ilə bağlı əhalinin maarifləndirilməsi çox vacibdir. Qeyd edim ki, bu məsələdə həm də sığorta şirkətinin etibarlılığı mühüm rol oynayır. Elə sığorta şirkətləri də var ki, onlar ümumiyyətlə, insanların könüllü sığorta sisteminə olan etimadını itiriblər. Çünki hər hansı bir mənfi hadisə baş verən zaman şirkətlər ödənişdən imtina ediblər, yaxud müxtəlif bəhanələr gətirərək öz müştərilərini qaçırıblar. Ona görə də düzgün siyasət aparmaqla bazarda nüfuz yaratmaq lazımdır. Bundan başqa, əhalidə sığorta şirkətinin insanları talayan yox, həqiqətən də insanları düşünən və onlara dəstək olan bir qurum olması haqqında güvənin yaradılması lazımdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, ölkəmizdə sığorta ilə əlaqədar çox ciddi qanunlar qəbul edilib: "Hətta mənzillərin icbari sığortası barədə qanun qəbul olunub. Qanunvericilik tərəfindən sığorta şirkətləri üçün böyük imkanlar yaradılmasına baxmayaraq, onlar öz problemlərini həll edə bilmirlər. Şirkətlər fəaliyyətlərini genişləndirmək üçün sığorta bazarının təbliğatı ilə məşğul olmalıdırlar. Əlbəttə, bunun üçün müəyyən qədər vəsait də ayrılmalıdır”.
Millət vəkili bildirdi ki, sığorta şirkətləri marketinq və reklam işini gücləndirməlidirlər: "Bunun üçün onlar reklam şirkətləri ilə işləməlidirlər. Keçən müddət ərzində sığorta bazarında müəyyən qədər irəliləyiş olmasına baxmayaraq, ümumilikdə 5 milyon manat vəsaiti olmayan bir şirkət necə fəaliyyət göstərə bilər ki? Digər bir tərəfdən isə şirkətlərin problemlərindən biri qiymətləndirmə məsələsidir. Müştəri ilə şirkət arasında qiymətləndirmə zamanı hər zaman mübahisə yaranır. Hesab edirəm ki, sığorta şirkətlərinin fəaliyyətində olan zəiflik öz günahları ucbatından yaranıb. Əhali arasında təbliğat aparmaq lazımdır. İnsanlarda sığorta şirkətinə inam yaranması üçün mətbuatda, televiziyada maarifləndirici işlər aparılmalıdır”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı sığorta şirkətlərinin bir neçəsinin mövqeyini öyrənməyə çalışsaq da, onlardan cavab ala bilmədik.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər