• cümə, 19 Aprel, 12:00
  • Baku Bakı 25°C

5 illik yolçuluq - Baş redaktordan

12.05.16 14:02 2191
5 illik yolçuluq  - Baş redaktordan


Şou-biznesin kifayət qədər populyarlaşdığı bir dövrdə mətbuatın teatrdan, ciddi sənətdən, əsl mədəniyyət nümunələrindən bəhs etməsi, yazması elə də asan deyil. Kənardan bunun belə olmadığını demək asandır, amma işin içinə daxil olanda görürsən ki, vəziyyət həqiqətən də yaxşı deyil. İndi daha çox kiminsə kimisə söyməsi, hansısa qeyri-adi paltarı geyməsi kimi xəbərlər daha çox oxunur. Belələrinin konsertinə gedənlər də teatr tamaşaçılarından çox olur.
5 il əvvəl "Kaspi”nin "Teatr” əlavəsini məhz belə bir şəraitdə yaratdıq. Layihənin ideya müəlliflərinin təşəbbüsü ən yüksək səviyyədə dəstəkləndi. O vaxt bilirdik ki, bu o qədər də populyar bir layihə deyil. Onu da bilirdik ki, böyük bir oxucu kütləsi ilə qarşılaşmayacağıq. Hətta "bu əlavəyə nə ehtiyac var” deyənlərin olacağını da bilirdik. Amma fikrimizdən dönmədik. Çünki bilirdik ki, bu əlavə maarifçiliyi əsas amalı elan edən "Kaspi”nin fəlsəfəsinə uyğundur. Çünki bilirdik ki, bunu biz etməsək heç kim etməyəcək. Ona görə də qorxmadan, çəkinmədən işə başladıq, hörmətli Vidadi Qafarovun redaktorluğu ilə yola çıxdıq. 5 ildir durmadan irəli gedirik. Artıq özümüzü tanıda bilmişik. Mətbuat cameəsində, teatr dünyasında bizi tanıyır, oxuyur və qiymətləndirirlər. Bu gün qürurla deyə bilərik ki, hazırda Azərbaycanda yeganə akademik teatr qəzetini biz hazırlayırıq. Özü də bunu 5 il sistematik şəkildə edə bilmişik. İnşallah hələ uzun illər də edəcəyik. Digər tərəfdən, biz bunu tam təmənnasız, heç bir gəlir gözləmədən reallaşdırırıq. Hesab edirik ki, Azərbaycan mədəniyyətinin, teatrının təbliği, qorunub saxlanması baxımdan müqəddəs bir işlə məşğuluq. Hətta son vaxtlar rastlaşdığımız iqtisadi çətinliklər belə bizi bu yoldan döndərə bilmədi, "Teatr” əlavəsini qoruyub saxlaya bildik.
Bu gün 5 illiyini qeyd etdiyimiz əlavəmiz teatr ictimaiyyəti üçün bir tribunadır. Teatrşünaslar teatrımızın, aktyor heyətinin uğurlarını, problemlərini burada müzakirəyə çıxarır, rejissorlar, aktyorlar müsahibələrini burda verir, tamaşaçılar rəylərini burada yazırlar. Bir sözlə, hər həftə Azərbaycan teatrı ilə birlikdə addımlayırıq. Dünənimizi yada salırıq, bu günümüzü müzakirə edirik, gələcəyimizi proqnozlaşdırırıq.
Bu müqəddəs işdə əməyi keçən hər kəsə böyük təşəkkürlər!
5 yaşımız mübarək, dostlar!


İlham QULİYEV
banner

Oxşar Xəbərlər