• çərşənbə, 24 Aprel, 00:01
  • Baku Bakı 14°C

“5 ildir ki, bizim oxucu problemimiz yoxdur”

29.06.13 10:07 3084
“5 ildir ki, bizim oxucu problemimiz yoxdur”
Bir neçə gün bundan öncə, prezident İlham Əliyev Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Milli kitabxananın 90 illik fəaliyyəti, bu dövr ərzində keçdiyi yol və bugünkü vəziyyəti ilə bağlı “Kaspi”nin suallarını Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov cavablandırdı.
4 otaqlı mənzildə başlayan elm məbədgahı
- Kərim müəllim, artıq Milli Kitabxananın 90 yaşı tamam olur. 90 illik zaman kəsiyində kitabxananın fəaliyyətini necə qiymətləndirərdiniz?
- 90 il az bir dövr deyil. Biz bu günlərə addım-addım gəlmişik, 90 il ərzində qram-qram yığmışıq. İlk dəfə kitabxana fəaliyyətə 1923-cü ilin 22 mayında Üzeyir Hacıbəyov küçəsində 4 otaqlı bir mənzildə başlayıb. Fəaliyyətə başladığı ilk illərdə çətin dövrlərdən keçib. Belə ki, kitabxananın ümumi ərazisi kiçik olduğundan oxuculara layiqincə xidmət göstərə bilməyib, hətta oxu zalı belə olmayıb. Sevindirici haldır ki, bu gün kitabxana rəhbərliyinin və əməkdaşlarının gərgin əməyi nəticəsində artıq Mirzə Fətəli Axundov adına Milli Kitabxana Azərbaycanda elmin, mədəniyyətin bir istinad mərkəzinə, bir elm məbədinə çevrilib. Milli kitabxana təkcə kitab saxlayıcı rolunu oynamır, həm də xalqımız və gələcək nəsillərimiz üçün kitab xəzinəsidir. Mənim həmişə fəxr etdiyim bir şey var ki, harada özümü təqdim edirəmsə, hər kəs deyir ki, biz o kitabxananın köynəyindən çıxmışıq. Bizim üçün bundan böyük alqış, bundan böyük tərif ola bilməz.
Kitabxananın yetirmələri
- Bu kitabxanadan gəlib-keçən hansı alimlərin adlarını sadalaya bilərsiniz?
- Milli kitabxanadan görkəmli akademiklərimiz, alimlərimiz, professorlarımız bəhrələniblər. Məşhur akademiklərimizdən Şəfayət Mehdiyev öz xatirələrində yazır ki, mən baxmayaraq ki, işləyirdim, vaxtımın çoxunu Axundov adına Milli Kitabxanada keçirirdim. Bundan əlavə, Vasim Məmmədəliyev, Ziyad Səmədzadə, Yusif Məmmədəliyev, Süleyman Rəhimov ümumiyyətlə, mən bu gün kimlə danışıramsa hamı deyir ki, gəncliyimizi o kitabxanada keçirmişik və əldə etdiyimiz nailiyyətlərə görə Milli kitabxanaya borcluyuq. Bu da həqiqətdir ki, yazıçılarımızın, şairlərimizin əksəriyyəti bu kitabxananın oxucuları olublar.
- Kitabxananın hazırkı vəziyyəti sizi qane edirmi?
- Bu gün kitabxananın həm maddi vəziyyəti, həm də texniki təchizatı təbii ki, yüksək səviyyədədir. Lakin deyə bilmərəm ki, bugünkü vəziyyət məni tam qane edir. Çünki, elə bir dövrdə yaşayırıq ki, hər şey inkişaf edir və irəli gedir. Dünyada yeni texnologiyalar yeni imkanlar açılır. Biz də istərdik həmin imkanlardan yararlanaq. Bu kontekstdən baxanda təbii ki, məhdudiyyətlər var. Lakin, bu gün ölkə prezidentinin diqqəti, qayğısı nəticəsində mən deyərdim ki, Milli Kitabxananın qlobal problemi yoxdur. Çünki, dövlətimiz maddi və mənəvi dəstəyini bizdən əsirgəmir. Bu səbəbdən şikayət etməyə ixtiyarım yoxdur. Bu gün kitabxanaya nəzər salsaq, görərik ki, iki il bundan öncəki kitabxana ilə indiki arasında çox böyük fərq var. Çünki, biz də kitabxana kollektivi olaraq daim inkişaf etməyə və zamanla ayaqlaşmağa can atırıq.
- Oxucuların kitabxanaya diqqəti, marağı necədir? Oxucu qıtlığı ilə üzləşirsinizmi?
- Son vaxtlar oxucuların kitaba diqqəti artıb. Mənə elə gəlir ki, son 3 il ərzində həm mətbuat səhifələrində, həm televiziya ekranlarında kitabla, kitabxana ilə əlaqədar həyata keçirilən təbliğat işləri bu gün öz bəhrəsini verir. Çünki biz 3-4 il bundan qabaq həyəcan təbili çalırdıq ki, gənclərimiz kitab oxumurlar. Amma bu gün gənclərimizin kitab oxumağı bizi sevindirir. Son 5 ildir ki, kitabxananın oxucu problemi demək olar ki, yoxdur. Yay vaxtı olmasına baxmayaraq, oxu zalımız oxucularla doludur. Şənbə-bazar günləri kitabxanaya 1500-dən artıq oxucu gəlir. Kitabxananın elektron variantında qeydiyyatdan keçənlərin sayı isə 500 mini ötüb. Gənclər böyük oxu zalında, əllərində kompyuterlər internetdən kitab oxuyurlar. Bu, məni sevindirir, çünki, bu, bizim həyata keçirdiyimiz təbliğatın nəticəsidir. Kitabxanamızda açıq internet məkanının olması buraya oxucuların cəlb edilməsinə kömək edir.
- Əvvəlki oxucularla indiki oxucular arasında nə kimi fərqlər var?
- Hər şey zamana bağlıdır. O zaman tamam başqa atmosfer idi, başqa şərait var idi. Oxucularımızı bu gün internetdən istifadə edərək istədikləri kitabı rahat oxuya bilirlər. Bu təbii ki, irəliləyişdir. Amma o zamanın da diktə etdiyi başqa qanunlar var idi. O vaxt elə zaman idi ki, oxucu gəlib istədiyi materialı kitabxanadan ala bilmirdi. Çünki, o dövrdə kitabxanada xüsusi fond var idi ki, oxucuların diqqətindən gizlədilməli olan materiallar hamısı burada yığılırdı və Mərkəzi Komitənin xüsusi icazəsi ilə o kitabları oxumaq mümkün idi. Bizim ən böyük nailiyyətimiz bu gün senzuranın olmamasıdır. Bu gün istənilən oxucu istənilən kitabı əldə edib oxuya bilir. O dövrdə kitabxana direktorunun və müdirinin ixtiyari yox idi ki, oxunmasına icazə verilməyən kitabları oxusun. Çünki, kitabxana xüsusi dövlət orqanları tərəfindən idarə edilirdi. Bunlara baxmayaraq, o dövrün oxucuları çox fədakar olublar. Əgər belə bir dövrdə oxucularımız, alimlərimiz haradansa məlumatlar toplaya bilirdilərsə, bunun özü böyük bir uğurdur. Amma bu gün bütün kitablar oxucuların ixtiyarına verilib.
- Oxucular əsasən hansı ədəbiyyatları oxuyurlar?
- Oxucularımız əsasən gənclərdən ibrətdir. Sözsüz ki, hər bir oxucunun maraq dairəsi müxtəlif olur. Amma onların əksəriyyəti tələbələr olduğu üçün əsasən dərs vəsaitlərini oxuyurlar. Bundan əlavə, elmi-kütləvi və siyasi ədəbiyyata daha çox maraq göstərirlər. Kitabxanaya bədii ədəbiyyatı oxumağa isə demək olar ki, oxucu gəlmir. Əsasən elmi-kütləvi ədəbiyyata, xarici jurnallara, qəzetlərə üstünlük verirlər. Oxucuları ən çox maraqlandıran isə dissertasiyalar və referatlardır. Artıq bizim kitabxanada bir neçə ildir ki, Rusiya Dövlət Kitabxanasının elektron dissertasiya fondunun virtual oxu zalı var və bu zalda oxucular kitab oxumaq üçün növbəyə düzülürlər. Bu zaldan əsasən, tədqiqatçılar, magistrlər, aspirantlar, alimlər, professorlar çox istifadə edirlər.
Elektron kataloqun üstünlüyü
- Bu gün oxucular ənənəvi kataloqa, yoxsa elektron kitabxanaya üstünlük verirlər?
- 5-6 il bundan öncə biz kitabxanada elektron kataloq yaradarkən paralel şəkildə oxuculara xidmət təklif edirdik. O vaxt oxucuya elektron kitabxananı təqdim edəndə onlar daha çox ənənəvi kataloqa üstünlük verirdilər. Amma bu gün ənənəvi kataloqa demək olar ki, yaxın gedən yoxdur. Hətta texniki problemlər olsa belə, onlar ənənəvi kataloqdan istifadə etmir, elektron kataloqun düzəlməyini gözləyirlər. Bu səbəbdən köhnə, ənənəvi kataloqlara müraciət edilmədiyindən onlar zirzəmidə yerləşdirilib. Çünki, oxucu üçün istədiyi kitabı elektron variantda tapmaq daha asan gəlir. Bir düyməyə toxunmaqla istədikləri məlumatları götürə bilirlər.
“Yaralı yerimiz”
- Azərbaycanda çap olunan kitabların hər birini Milli Kitabxanadan tapmaq mümkündürmü? Nəşriyyatların kitabxana ilə əlaqəsi sizi qane edirmi?
- Bu bizim yaralı yerimizdir. “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlarda müvafiq maddələr var ki, ölkə ərazisində və ölkədən kənarda ölkə nəşriyyatları, müəssisələri tərəfindən çap olunan kitabların pulsuz nüsxələri Milli Kitabxanaya verilməlidir. Amma bir çox nəşriyyatlar buna riayət etmirlər. Biz sevinirik ki, heç olmasa müəlliflər özləri öz təşəbbüsləri ilə çıxartdığı kitabları gətirib bizə hədiyyə edirlər. Onların hesabına biz Azərbaycan ərazisində çap olunun kitabların 85-90 faizini əldə edə bilirik. Amma istərdik ki, bu 100 faiz olsun və bunu qanun da tələb edir. Təəssüf ki, qanunun müvafiq maddəsi icra olunmur. Hər il biz Mədəniyyət və Turizm Nazirliyinin imzası ilə nəşriyyatlara məktub göndəririk ki, il ərzində çap etdikləri kitablardan bizə məcburi nüsxələr versinlər. Çünki, Azərbaycan Milli Kitabxanası bu gün təkcə kitabsaxlayıcı funksiyasını həyata keçirmir, həm də Azərbaycan mətbuatının, kitabiyyatının arxivini yaradan bir institutdur. Milli kitabxanadan başqa heç yerdə Azərbaycan kitabiyyatının tam qeydiyyatı aparılmır və ona görə də mən bütün nəşriyyatlara, bütün müəlliflərə müraciət edirəm ki, çap etdiyi kitablardan Milli kitabxanaya təqdim etsinlər. Çünki, Milli kitabxanada 100-200 illər boyu kitablar saxlanılacaq və xalqın tarixi yaddaşına çevrilərək gələcək nəsillərə çatdırılacaq.
Kitabxananın problemi
- Milli kitabxanada kitabların saxlanma şəraiti necədir? Kitabları saxlamaq üçün kifayət qədər yer varmı?
- Biz imkan daxilində kitabların saxlanılması üçüm şərait yaratmışıq. Lakin, kitabxana fondunun saxlancları artıq tükənib. Bu kitabxananın binası 1961-ci ildə istifadəyə verilən zaman burada bir milyon yarım nüsxə kitabın saxlanması nəzərdə tutulmuşdu. Amma bu gün burada 6 milyondan artıq ədəbiyyat saxlanılır. Bu səbəbdən yerdə məhdudiyyətlər var. Bununla bağlı biz məsələ qaldırmışıq və artıq əlaqədar firmalarla danışıq aparılır ki, fondlarımızda mobil kitab rəfləri yaradılsın, hansı ki, onlar rels üzərində hərəkət edir. Əgər biz onu tətbiq etsək, kitabxananın mövcud kitab saxlanclarının həcmi iki dəfə artacaq. Yəni haradasa 30 il bizim kitabxanada kitab yerləşdirmə problemi, həll olunacaq.
- Uzun müddət kitab saxlanılan zaman onun vərəqləri köhnəlir və ovulur. Bunu saxlamaq üçün kitabxanada hansı tədbirlər görülür?
- Biz bununla mübarizə aparmaq üçün ilk olaraq onun konservasiyasını həyata keçiririk. Yəni kitabın elektron versiyasını yaradırıq və oxuculara da bu versiyanı təqdim edirik. Original variantlarını isə dondurub mühafizə edirik. Çünki, onlar istifadə edildiyi zaman aşınma gedir və kağız məhv olur. Bunun qarşısını almaq üçün ilk növbədə originalını oxuculardan qoruyuruq. İkinci mərhələ isə kitabın bərpa məsələsidir. Prezidentin sərəncamından sonra kitabxanada böyük bərpa mərkəzi qurulacaq və burada belə qəzetlərin, kitabların bərpasına başlanılacaq. Amma bizim ilk vəzifəmiz o kitabın olduğu kimi qorunub saxlamaq və aşınmaya məruz qalmasının qarşısını almaqdır.
- Prezident İlham Əliyev milli kitabxananın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Yubileylə bağlı hansı tədbirləri keçirməyi planlaşdırırsınız?
- Sentyabrın 23-dən 25-ə qədər kitabxananın 90 yaşı ilə bağlı silsilə yubiley tədbirlərimizin keçirilməyi nəzərdə tutulub. Sentyabrın 24-ü və 25-i 58 Avropa ölkəsinin üzv olduğu Avropa Milli Kitabxanalar Konfransı Təşkilatının 27-ci toplanışı Bakıda keçiriləcək. Avropanın 58 ölkəsinin kitabxana direktorları Bakıda toplaşacaq və burada kitabxananın yubileyi ilə əlaqədar olaraq böyük bir tədbir keçiriləcək. Azərbaycanda kitabxana sahəsində belə bir tədbir hələ keçirilməyib. Bundan əlavə Avrasiya Kitabxanalar Assambleyasının 10-cu görüşü bizim Milli Kitabxanada sentyabrın 25-də keçiriləcək. Bütün bunlarla yanaşı, ölkə ərazisində silsilə tədbirlərin keçirilməsi də planlaşdırılır.
Aygün Cəfərli

banner

Oxşar Xəbərlər