• cümə axşamı, 28 mart, 22:19
  • Baku Bakı 13°C

“5”-i göstər, hədiyyəni al - Örnək

27.04.19 09:30 4017
“5”-i göstər, hədiyyəni al - Örnək
"Evimizdə artıq nəyimiz olubsa, onu ehtiyacı olanlarla paylaşmışıq və bunu da övladlarımıza aşılamışıq. Uşaq görüb ki, bizim üçün dəyərli olan əşyamızı, ərzağımızı belə, paylaşmaqdan çəkinməmişik. Adətən insanlar bir-birilərinə xoşlamadıqları hədiyyələri verir, ən sevdiklərini özlərinə saxlayırlar. Biz isə daha çox istədiyimizi vermişik. Həmişə inanırıq ki, Allah heç bir yardımı qarşılıqsız qoymur”.

Bu sözləri Bakı şəhər sakini Qəşəm Niftəliyev deyir. O, paylaşmaqdan, insanları sevindirməkdən zövq alır. Öz kiçik imkanları ilə uşaqlarla bağlı aksiyalar keçirir, onları sevindirməyə çalışır. Belə maraqlı aksiyalardan birini də Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki marketində məktəblilər üçün həyata keçirib. Aksiyadan sosial şəbəkələrdə tanış olduqdan sonra maraqlı təşəbbüs irəli sürən Bakı sakini ilə "örnək” rubrikamızda söhbətləşmək qərarına gəldik.

"Təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”
Həmsöhbətimiz mağazaya gələrək gündəliyindəki "5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir. Deyir ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır: "5” alan şagirdin yanında başqa bir şagird olanda, iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki "5”-i göstərib hədiyyə qazanır. Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuz da oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”.
Müsahibim, üstəlik, rübün sonunda da şagirdləri həvəsləndirmək üçün özünəməxsus metodlar düşünür: "Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin şərəf lövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvəslənməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə, bizim marketdən alış-veriş etməyən şəxslərin də uşaqlarına hədiyyə verirəm".

"Çöldə oynayan uşaqların sayı azalıb”
İdeyanın necə yaranmasına gəldikdə isə, müsahibimiz deyir ki, qəsəbə tərəfdə oxuyan uşaqların sayı az olduğu üçün aksiyanı keçirmək qərarına gəlib: "Qəsəbəmiz təzə salınıb. Ərazisi kiçik olan qəsəbə tipli yerlərdə insanlar ailə kimi olurlar. Biz də qonşularla sanki ailə kimiyik. Burada yüzlərlə ev var və demək olar ki, hamımız bir-birimizi tanıyırıq. Uşaqların yaxşı oxumasını, əlaçı olmasını istədiyim üçün ideya fikirləşməyə başladım”.

Qəşəm deyir ki, aksiyaya əvvəlcə bir "5”lə başlayıb. Yəni bir fənndən 5 alsan belə, aksiyadan yararlana bilərsən: "Həqiqətən gördüm ki, istədiyim kimi alınır və yaxşı oxumayan uşaqlar belə, "5” qiyməti ilə mağazaya gəlirlər. Təbii ki, qəsəbədə əlaçı uşaqlar var idi. Amma aksiyadan sonra əlaçıların sayı artmağa başladı. Əvvəllər axşamçağı çölə baxırdım ki, hamı oynayır. İndi oynayanların sayı azalıb, uşaqlar evlərində dərsləri ilə məşğul olurlar”.
Həmsöhbətimiz bir "5” alanların saylarının artdığını gördükdən sonra şərtləri dəyişməyə başlayıb: "Hazırda küçədə oynayan uşaq tapmırıq (Gülür - A.Ə). Bir "5”-in sayını artırıb, iki "5” elədim. Yavaş-yavaş baxdım ki, beşləri almağa başladılar, çoxaldı, ardınca, üç "5”, indi də dörd "5”-də qərarlaşmışıq ki, uşaqlar çox oxusunlar. Gün ərzində 5-6 fənndən dərs keçirlər. Heç olmasa, bu fənnlərin dördündən "5” alsalar, çox yaxşı nəticə deməkdir”.

"Hədiyyə verdiklərimin hamısı imkansız ailənin uşaqları deyil”
Q.Niftəliyev deyir ki, aksiyada verilən bütün hədiyyələri öz hesabınadır: "Xeyriyyəçiliklə bağlı tədbirlərimiz çox olur. Amma bunu xeyriyyə adlandırmaq düzgün olmazdı. Həqiqətən ehtiyacı olana verirsənsə, bu, xeyriyyəçilikdir. Bir-iki imkansız ailələr var. Mütəmadi olaraq dükan işi ilə məşğul olduğumuz üçün onlara ərzaq yardımı edirik. İkinci tərəfdən də sosial şəbəkələrdə gördüyümüz hər hansı ailələri gedib yerində araşdırır, imkanımız çatdıqca, onlara da köməklik edirik. Bu da xeyriyyəçilikdir. Belə deyək, işimizin zəkatını veririk. Qazandıqca, paylaşmaq lazımdır.

Hazırda məktəblilərlə bağlı həyata keçirdiyim işi isə mən sosial aksiya adlandırıram. Nəzərə alaq ki, mənim 20 qəpiklik hədiyyə etdiyim uşaqların heç də hamısı imkansız ailənin uşaqları deyil. Bir uşaq gündəliyində "5” qiymətini göstərir və mən də ona dəftər, qələm, ağardıcı hədiyyə edirəm. O uşağın bəlkə də ona ehtiyacı yoxdur. Evində daha çox var. Amma bu onu həvəsləndirir, stimul verir. Bilirsiniz ki, evdə uşağın qabağına nə qoysan da yemir, nə versən də oynatmır, amma başqa bir evə gedəndə bunlar sanki şirinləşir. Mən də bu aksiyada onu tətbiq etməyə çalışıram”.

"Övladlarımı hər "5”-ə görə mükafatlandırmıram”
- Maraqlıdır, öz uşaqlarınız da dükandakı aksiyadan istifadə edirmi?
- Düzünü desəm, övladlarımı hər aldığı "5”-ə görə mükafatlandırmıram. Uşaqlar üçün hədəf qoymuşam. Rübün sonunda baxıram, o hədəfə çatırsa, velosiped alıram, yaxud da başqa bir əşya alır, nəyinisə təzələyir, gəzməyə aparıram”.

"5” alıb mağazaya üz tutan uşaqları hansı hədiyyələrlə mükafatlandırdığına gəldikdə isə, həmsöhbətimiz deyir ki, müəyyən olunmuş məbləğdən kənara çıxa bilmir: "Hədiyyələr üçün müəyyən bir miqdar təyin etmişəm. Qaldığım ərazidə 300-400-ə yaxın uşaqların olduğunu nəzərə alsaq, onların hərəsinə bir manat hesablasam, bu mənə çətin olar. Ona görə də gündə 20-50 qəpik arası məbləğ qoymuşam. Limit çox aşmasın, aksiya davamlı olsun deyə, həmin məbləğdən kənara çıxa bilmirəm. Məsələn, 20 qəpiklik məktəbli kökəsi verirəm, əgər yoxdursa, dəftər verirəm. İndiki vəziyyətdə dörd "5” üçün aksiyanı həyata keçiririk. Gərək dörd "5” alasan. Çünki 1, 2, 3 "5” var artıq, istəsələr dördüncünü də ala bilərlər və alırlar da. Amma bir "5” alana da veririk. Gündəliyinə baxırıq, əgər o, "5” alan uşaq deyil, birinci dəfə "5” alıbsa, onu mütləq stimullaşdırırıq. Bu şagirddən birdən-birə dörd "5” gözləmək olmaz. Amma ötən dəfə dörd "5” alıb, indi bir "5” gətiribsə, ona hədiyyə vermirik. Demək ki, o, tənbəlləşib, oxumur”.

"Valideynlər tələb etmədən də uşaqlar oxuyur”
Müsahibimiz deyir ki, övladlarının dərsləri daha həvəslə oxuduğunu valideynlər də etiraf edir: "Valideynlər deyir ki, artıq biz tələb etmədən uşaqlar özləri oxumağa gedirlər. Aksiyanı dayandırmağı düşünmürəm. Artıq rüb sonudur. Bu aksiyanı başqa biri ilə əvəzləyəcəyik. Rübü yaxşı başa vuran uşaqlara imkanım çatan qədər böyük hədiyyə verməyi düşünürəm. Yeni dərs ilində isə planım budur ki, şəkli şərəf lövhəsində olanlara hədiyyə verim. Aksiyanın nəticəsini gördüyüm üçün onu bitirmək istəmirəm”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər