“5 dəqiqə vaxt edən kimi öyrənməyə sərf edirəm” - Fotolar
Bu yaxınlarda
Amerikadan qayıdıb. Bu səfərdə əsas məqsəd Kaliforniya Universitetinin "Juleis Stein” Göz İnstitutunun
professor heyətinin dəvəti ilə Hollivudun məşhur professoru Robert Goldbergin cərrahi
təlimlərində iştirak etmək olub. Göz qapaqları və göz ətrafının plastik cərrahiyyəsində
tətbiq olunan ən son yenilikləri öyrənib, orda əməliyyat aparıb. 5 günlük səfərdən
yaxşı təəssürat və yeni biliklərlə qayıdan oftalmoloq-cərrah Dr. Günay Əliyeva ilə söhbətləşdik.
- "Azərbaycanlı oftalmoloq Hollivudda”
başlıqlı xəbərinizi oxuduq. Elə bu səfərinizdən danışaq.
- Amerikaya Kaliforniya Universitetinin "Juleis Stein”
Göz İnstitutunun professor heyətinin dəvəti ilə getmişdim. Hollivudun məşhur
professoru Robert Goldbergin cərrahi təlimlərində iştirak etdim. Professorun nəzarəti
altında cərrahi əməliyyatlar keçirdim. 5 günlük səfər çox məhsuldar oldu. Ona
görə mənim üçün həqiqətən də
uğurlu bir səfər olduğunu deyə bilərəm. Karyeramda belə mərhələnin olması ilə fəxr
edirəm. Bu səfərdə göz qapaqlarının və göz ətrafının
ən müasir plastik cərrahi yenilikləri ilə bağlı yaxşı təcrübə qazandım.
Blefaroplastika (Göz qapağının əməliyyatı) günümüzdə çox geniş yayılıb, insanlar
buna müraciət edirlər. Göz qapağında dərinin sallanmağı insanlarda yorğunluq təəssüratı
yaradır, yaşından böyük görünməsinə səbəb olur. Artıq qapaq dərilərinin
götürülməsi gözün görünüşünü, insanın üz cizgilərini cavanlaşdırır. Amma bir məqam
var ki, bunu plastik cərrahlar da edirlər. Əslində, burada anatomiyanı bilmək
çox vacibdir.
- Bu cür öyrədici səfərlər tez-tez olur?
- Sonuncu Amerika səfərim
gündəmdə oldu. Amma Amerikada kursa, ya təlimə getməyim ilk dəfə deyildi. Mən
Amerika Oftalmoloqlar Akademiyasının üzvüyəm. Axırıncı dəfə Amerikaya noyabr
ayında səfər etmişdim. Ora hər dəfə gedəndə cərrahi kurslarda mütləq iştirak
edirəm, mənim üçün yeni, maraqlı olan sahələri öyrənməyə çalışıram.
Konfranslara tez-tez qatılıram. Çünki insan burda bir çox şeylər öyrənir.Mən həm də bu ilin may
ayında Azərbaycan oftalmoloqları üçün Refraksion
cərrahiyyəilə bağlı kurs təşkil etmişdim. Biz Birləşmiş Ərəb Əmirliklərindən
gəlmiş tanınmış oftalmoloqla bir yerdə bu kursu keçdik. Ekzimer lazer müayinəsi
zamanı həkimlərin gözündən qaça biləcək məqamlarla bağlı məlumat verdik. İşin
anatomiyasından tutmuş cərrahi əməliyyatlara qədər hər detalını nəzərə
almışdıq. Oftalmoloqlar bunun yararlı bir kurs olduğunu dedilər.
- Tək işləməklə kifayətlənmirsiniz, həm də
öyrənməyə vaxt sərf edirsiniz.
- İşləməklə
yanaşı, digər fəaliyyətlərə vaxt ayırmaq bir az çətindir. Amma içimdə sənətimə
olan bir sevgi var ki, bu daim məni öyrənməyə, yenilikləri mənimsəməyə həvəsləndirir.
Otağımda kompüter də var, kitablar da. Pasientlər də gələndə bunu görürlər. 5 dəqiqə
vaxt edən kimi öyrənməyə sərf edirəm. Hər zaman araşdırıram. Bu mənim sənətimə
olan sevgimdən, məsuliyyətimdən irəli gəlir. Xidmətimin keyfiyyətini daha da
artırmaq istəyirəm ki, insanların şəfa tapmasına daha çox yardımçı olum.
- Bəzən deyirlər ki,
xanımlar üçün çətindir, ailə, uşaq məsuliyyəti olanda digər fəaliyyətlərə vaxt
ayırmaq heç də həmişə alınmır.
- Bilirsiniz, insan istədikcə hər şeyə nail ola bilər. Təki içində o
balaca qığılcım olsun. "Qadınam”, "Ailə var”, "uşaqlıyam” və s bu tipli məsələlər
hamısı bəhanələrdir. Çox şükür hər şey qaydasındadır.
- Təbii ki hər sahədə sürətli dəyişikliklər gedir. Məsələn, siz
özünüz bu sahəyə gəldiyiniz vaxtla, indini müqayisə edəndə nə kimi yenilik və dəyişikliklər
olduğunu deyə bilərsiniz?
- Bu sahədə yeniliklər çox sürətlə gedir. Həm müalicə, həm protokol,
həm də yanaşmada yeniliklər var. Amerikada bir konfransda bunları öyrənmək çətindir.
Amma ora gedəndə mən tək konfransla kifayətlənmirəm. Zaman çərçivəsində bir neçə
kursa qatılıram, birindən çıxıb o birinə gedirəm, oradan da digərinə. Vaxtımı dəyərləndirməyə
çalışıram.
- Eynəkli adamların sayı son vaxtlar artıb. Özü də aşağı yaşlarda
da bunu görürük. Həkimə müraciət sayı ildən-ilə
necə dəyişir?
- Həqiqətən son vaxtlar eynəkdən istifadə edənlərin sayı çoxalıb.
Bunun bir səbəbi odur ki, insanlar məlumatlanıblar. Çünki əvvəllər insanlarda
eynəyə qarşı bir kompleks var idi, ehtiyac olsa da, taxmırdılar. "Ərim,
qaynanam nə deyər” tipli yanaşmalardan dolayı çox insan taxmırdı. Amma indi
insanlar, valideynlər daha məsuliyyətli olmağa başlayıblar. Uşağı vaxtında həkimə
gətirirlər, biz də erkən olaraq problemləri araşdıra bilirik. Uşaq eynək
taxmalıdır ki, gələcəkdə problem olmasın. Amma bütün bunlara baxmayaraq, məsuliyyətsiz
davrananlar da var. Uşağın gözündə zəiflik olur, amma valideyn bunu çox gec
aşkar edir. Digər tərəfdən, göz zəifliyinin artmasında kompüter, telefon,
planşetlər, oxuma yükləri və s. hamısının rolu var. Oxuma yükü bizdə dəhşətdir.
- "Gözlər qəlbin aynasıdır” deyirlər. Bu
daha çox məcazi yüklü fikirdir. Bəs məsələyə tibbi cəhətdən yanaşa bilərikmi?
- Bəli, yanaşa bilərik. Biz gözə baxanda insanda xolesterin, şəkər,
qan təzyiqi və s. xəstəliklərin olub-olmadığını müəyyənləşdirə bilirik. O fikir
tək məcazi mənada deyil, həm də tibbi cəhətdən təsdiqini tapır. İnsanın gözündən
çox şey oxuya, daxili orqanlarının vəziyyətini müəyyənləşdirə bilirik.
- Göz həkimi yəqin ki, kənardan
insanların gözlərinin qeydinə qalmaqla bağlı məsələsinə də diqqət edir. Nələri
səhv edirik?
- Gözümüzün qeydinə qalmaq üçün yuxu rejimimiz, qidalanmamız,
idmanımız qaydasında olmalıdır. İdman həqiqətən də göz əzələləri üçün çox
vacibdir. Xüsusilə də məktəb yaşlı uşaqlar üçün. Üzgüçülük, açıq havada
badminton ola bilər. İstənilən idman növü vacibdir. Kompüterdən istifadə edərkən
də gözlərimizi düşünməliyik. Məsələn, 5-10 dəqiqə kompüterə baxırıqsa, 3 dəqiqə
uzağa baxmalıyıq. Televizora 2 metrdən yaxın olan məsafədən baxmaq olmaz.
Uşaqların qaməti düz olmalıdır. Qaranlıqda, yaxud uzanaraq kitab oxumasınlar,
gözləri yormasınlar. Hər detala fikir verməliyik, amma bunu heç də həmişə edə
bilmirik. Uşaq dərsdən gəlir ardınca da kompüterdə oturur, sonra da dərslərini
hazırlayır, göz yüklənir. Göz bütün günü yaxına baxdığı üçün də zəifləmə gedir.
- Bəs siz özünüz bunlara
riayət edirsinizmi?
- Əməliyyatxana, sonra pasiyentlərlə iş, ardınca
kompüterdən nələrisə oxumaq. Yəni, hamısı gərginlik verir. Amma mümkün qədər nəzarətdə
saxlamağa çalışıram. Evdə uşaqlarım da, həmçinin. Düzdür, mən evdə olmayanda
qaydalara tam riayət etmirlər (Gülür). Amma ümumilikdə buna çalışırıq.
A.Əhmədova