AZE | RUS | ENG |

5-10 dəqiqəyə uşaqların qəlbini ələ alan stomatoloq - Peşəkar

5-10 dəqiqəyə uşaqların qəlbini ələ alan stomatoloq - Peşəkar
Nuranə Mahmudlu: “Çox nadir pasientim mənə “həkim” deyə müraciət edir”

Uşaqlarla işləməyi sevir. Deyir ki, hələ lap əvvəldən ixtisas seçərkən özünün iki variantı olub: uşaq stomatoloqu və pediatr. Arzusu yerinə yetib, bu gün uşaq stomatoloqu kimi çalışır. İşini sevməklə yanaşı, uşaqlarla yaxşı dil də tapa bilir. Ən çətin uşaqları belə kresloya oturtmağı bacarır. Müsahibimiz pasientlərinin həkim yox, "xala”, "bacı” deyə müraciət etdikləri uşaq stomatoloqu Nuranə Mahmudludur.
 
 

- Uşaq stomatologiyası tibbin həm çətin, həm də maraqlı sahələrindəndir. Əvvəlcə çətinliyindən, yoxsa maraqlı tərəflərindən danışaq?
- Birinci çətin tərəfini deyim, sonra maraqlı yönlərindən danışaram (Gülür). Çətin tərəfi odur ki, uşaqlarla işləmək üçün çox səbirli olmalısan. Həm də bu iş diqqət və psixoloqluq tələb edir. Bunlardan öncə isə, uşaqları sevmək lazımdır. Maraqlı tərəfi isə odur ki, uşaqlarla işləmək əyləncəlidir. Hər dəfə müxtəlif xarakterli, fərqli kaprizli pasientlər olur. O kaprizlər bəzən məni güldürür və hətta işimi asanlaşdırdığı da olub. Uşaqlar içəri girəndə məni qucaqlayıb öpürlər.
 


- Uşaqların sizi qucaqlayıb-öpdüyünüz deyirsiniz, amma bizdə çox uşaqda həkim - xüsusilə, stomatoloq qorxusu var. Sizin yanınıza gələndə uşaqlarda bu qorxu olmur?
- Belə hallar az olur. Elə uşaqlar var ki, mən onların 8-9-cu həkimiyəm. Valideynləri deyirlər ki, 8 həkimə getmişik, uşaq qaçıb, indi sizdə rahat oturdu. Bu qorxunun olmaması üçün bir az fərqli işləmə üslubu tətbiq edirik. Uşaqlar içəri girəndə həkim kimi münasibət göstərmirəm. Görüşürük və işə zarafatla başlayıram. Əvvəl otağın digər tərəfində onlarla söhbət edirəm, alətlərlə tanış olurlar. Uşaqların çoxu mənə "bacı”, "xala” deyir. Çox nadir pasientim mənə "həkim” deyə müraciət edir. Bizim geyimimiz də həkim forması deyil. Otaqda oyuncaqlar var, hər uşağa onlardan hədiyyə edirəm. Ona görə 90 faiz uşaq bizim otaqda qorxmur, rahat olur. Hətta bəzən valideynlər deyirlər ki, uşağım rahat oturmayacaq, sedasiya ilə edək. Bu, uşağı yatırıb işi görmək üsuludur. Hətta bu məqsədlə gətirilən uşaqları belə, valideyn deməklə birbaşa sedasiya etmirəm. Deyirəm ki, uşağı özüm də yoxlayım, bəlkə oturacaq. Sedasiya məqsədilə gətirilən uşaqları yatırtmadan müalicə etdiyim də çox olub. Uşaqlarla bu cür ünsiyyətin qurulmasının bir hissəsi məndən asılıdır, yarı hissəsi də köməkçimdən. Çünki mənimlə yanaşı, o da gələn uşaqlarla zarafat edir, pozitiv ünsiyyət qurmağa çalışır.
 
 
 
- Uşaqların qəlbini ələ alıb kresloya oturtmaq nə qədər vaxtınızı alır?
- Maksimum 10 dəqiqə vaxt aparır. Otağa girəndə danışa-danışa onları kresloya tərəfə aparıram. Bir az keçir, deyirəm ki, ayaq üstdə çox qaldın, kresloda otur, elə danışaq. Kresloya bitişik monitor var, orda həmişə cizgi filmi gedir, deyirəm ki, cizgi filminə bax, mən də sənə filan şeyi göstərim. Əlinə güzgü verib deyirəm ki, gəl dişlərinə baxaq və s. Belə-belə 5-10 dəqiqəyə kresloya istiqamətləndirirəm. 
 
 
 
- Nuranə xanım, stomatologiyaya əvvəldən marağınız olub?
- Elə lap əvvəldən belə istəyim var idi. Ya uşaq stomatoloqu olmalıydım, ya da pediatr. Stomatologiyanı seçəndə isə artıq uşaq stomatoloqu olacağımı planlamışdım. Uşaqları sevirəm, onlarla vaxt keçirmək mənim özüm üçün maraqlıdır.
 
 
 
- Uşaqlarla yanaşı, həm də valideynlərlə ünsiyyətdə olursunuz.  Hansı valideynlərlə işləmək çətindir?
- Hansı valideyn evdə uşaqlarını "səni həkimə aparacam” deməklə qorxudursa, onlarla işim bir az çətin olur. Ümumiyyətlə, uşaqların stomatoloq qorxusunun olmaması üçün valideynlərə məsləhət görərdim ki, özləri stomatoloqa gedəndə övladlarını da yanlarında aparsınlar. Və özləri həkim iş görərkən sakit dursunlar, kapriz  göstərməsinlər. Uşaqlar onların ağrı hiss etdiyini görməsinlər ki, qorxmasınlar. Yaxud valideynlərə məsləhət görürəm ki, gəlmədən öncə instaqram səhifəmdə uşaqlarla olan şəkillərimi övladlarına göstərsinlər. "Bax, o uşaq gedib, heç nə olmayıb, sən də get” tipli söhbətlər etsinlər. Valideynlər öncədən belə söhbətlər edəndə, uşaqlarla ünsiyyət qurmaq bizim üçün asan olur. Düzdür, həkimlə qorxudulub gətirilən uşaqları da yola gətirib işləyirik. Ümumiyyətlə, nadir hallarda uşaqları yola gətirə bilməmişəm. O da çox azyaşlı olub, mənim dediyimi anlamayıb. Dilimi anlayan, 4 yaşdan yuxarı uşaqları yola gətirmək adətən, problem olmur.
 
 
 
-  Maraqlıdır, işə ilk başladığınız vaxtlarda da hər şey indiki qədər asan idi?
- Mən işə başlamışdan öncə Almaniyada oldum. Orda sırf uşaqlarla davranmaq, onlarla işləmək üçün tətbiq olunan yanaşmalarla bağlı təlimlərdə, praktiki kurslarda iştirak etdim. Almaniyadan qayıdandan sonra Türkiyədə sedasiya vaxtı uşaqlara yanaşma ilə bağlı praktiki təlimlərə qatıldım. Yəni, o bacarıqlar işlədikcə formalaşmayıb, əvvəl praktiki kurslarda olmuşam, sonra özüm sərbəst pasient qəbul etmişəm. İlk pasientimdə belə çətinlik çəkməmişəm, uşaqlarla ünsiyyəti rahat qura bilirdim.
 

 
- Ali təhsilinizi Azərbaycanda almısınız?
- Bəli.
 
 
 
- Almaniyada da çalışmısınız, deyəsən.
- Bəli, bir il yarım Almaniyada da fəaliyyətim olub.
 
 
 
- Adətən, xaricdə bir müddət işləyən adamlar sonra elə orda qalmağa üstünlük verirlər. Sizi geri qaytaran səbəb nə oldu?
- Vətənə, ailəyə bağlı insanam. Məndən başqa, ailə üzvlərimdən orda kimsə yox idi. Almaniya Avropa ölkəsidir, mədəniyyətlərimiz tamam fərqlidir. Yəni orda bir az darıxdım deyə, qayıtdım. Amma Almaniya mənə çox şey qazandırdı.
 
 
 
- Bəs, bu gün özünüzü inkişaf etdirmək cəhətdən nələri edirsiniz?
- Tibb elə sahədir ki, hər gün nə isə öyrənməlisən. Yenə də xaricdə tibbi kurslara qatılıram, araşdırıram, oxuyuram. Həkim dostlarımızla əlaqə yaratmaqla da nələrisə öyrənməyə çalışıram. Hər zaman öz üzərimdə işləyirəm.
 
 
 
- Böyüklərlə işləyən stomatoloqlardan sizin işin əsas fərqi nədir?
- Sadə bir misal deyim. Uşağa "ağzını aç” deyəndə o bunu rahatlıqla etmir. İşin ortasında ağzını bağlaya da bilər. Ona görə çox diqqətli olmalıyıq. İş prosesində özümü bir yox, beş əlli hiss edirəm. Çünki bir əlimlə işləyirəmsə, o biri əlimlə ağzını bağlamaması üçün çalışıram. İş prosesində davamlı olaraq danışıram. Uşağın ağzında gedən hər bir prosesi, istifadə etdiyim dərmanı ona göstərirəm, haqqında məlumat verirəm. Böyük bilir ki, ağzını açıb oturmalıdır, amma uşaqda hər iş bizim üstümüzə düşür.
 
 
 
- Yorğunluğu da çox olar, yəqin...
- Əlbəttə, uşaqlarla işləyəndən sonra psixoloji cəhətdən çox yorulursan. Amma bu, fərdidir. Elə uşaq var ki, onunla işləyəndən sonra heç yorğunluq hiss etmirsən. Mən instaqramda paylaşımlarımda "uşaq gəldi, yorğunluğumu apardı” yazıram. Bu, o demək deyil ki, uşaq çox rahat oturduğu üçün yorğunluğum gedib. Yorğunluğumu aparan uğurlu nəticədir. Məsələn, müalicəyə tabe olmayan bir uşaq üçün çox əziyyət çəkirəm, yoruluram, amma sonra işimi uğurlu şəkildə görəndə, "bacardım” hissi adamın yorğunluğu aradan qaldırır. Məncə, bu, bütün həkimlərdə belədir, nəticə uğurlu alınanda yorğunluq yoxa çıxır. 
 
 

- Paylaşımlarınızda uşaqlara sertifikat verdiyinizi gördüm. Bu nə üçündür?
- O, "cəsarət” sertifikatıdır. Bu təcrübəni xaricdə görmüşdüm. Effektiv olduğu üçün mən də tətbiq edirəm. Bütün uşaqlara cəsarət sertifikatı hazırlanır. Dizaynı da uşaqlara uyğun edilib. İşə başlamamış uşağa "yaxşı otursan, sözümə qulaq assan, sonda sənə cəsarətli olduğun üçün sertifikat verəcəm” deyirəm. Bağçada, məktəbdə uşaqlar bunu dostlarına fəxrlə göstərirlər. Bəzi uşaqlara onun ad, soyadını, bəzilərinə "afərin”, "sən fərqlisən” yazacağımı deyirəm. Uşaqlar da həvəslənir. Müalicə qurtaran kimi "sertifikatımı verəcəksiz?” deyirlər. Fikir sertifikatın yanında qalır, biz də işimizi görürük. "Nə isə qazanacam” düşüncəsi ilə rahat otura bilirlər.
 
Aygün Asimqızı














 







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9271
GEL 1 1 Gürcüstan larisi 0.6334
GBP 1 1 İngiltərə funt sterlinqi 2.259
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1844
CHF 1 1 İsveçrə frankı 1.6974
KWD 1 1 Küveyt dinarı 5.5967
TRY 1 1 Türkiyə lirəsi 0.3119