• çərşənbə, 20 Noyabr, 17:25
  • Baku Bakı 13°C

44 günlük tarixi zəfərdən sonra intibah dövrü başladı - Müşfiq Cəfərov

15.02.21 20:45 855
44 günlük tarixi zəfərdən sonra intibah dövrü başladı - Müşfiq Cəfərov
44 günlük tarixi zəfərdən sonra intibah dövrü başladı.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
Onun sözlərinə görə, artıq işğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın yüksək səviyyədə yaşayışı üçün təmir-bərpa işlərinə başlanıldı. Qazanılan bu möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığına məruz qalıb, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Azadlığına qovuşan rayon və kəndlərin demək olar ki, əksəriyyətindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, təbiətimizə amansızcasına qəsd edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə söz açaraq demişdir - "Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”. Bəli, biz təkcə işğalçı, terrorçu düşmənlə yox, həmçinin vandallarla mübarizə aparıb, qələbə çaldıq.
Müşfiq Cəfərov qeyd edib ki, 44 günlük tarixi zəfərdən sonra intibah dövrü başladı. Artıq torpaqlarımızda yenidənqurma prosesinə start verilib. Azad olunmuş torpaqlarımızda iki beynəlxalq hava limanı inşa ediləcək. Onlardan birincisinin - Füzuli hava limanının təməli yanvarın 14-də qoyuldu. İkinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində tikiləcək. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Hava limanının inşasında məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etmək və Qarabağı regionun turizm mərkəzinə çevirməkdir.
Artıq işğaldan azad edilmiş ərazilərdə dəmir yollarının da yenidən qurulmasına başlanılıb. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bildiyimiz kimi bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə düşmənin nəzarətinə keçmişdi.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xətləri də inşa olunacaq. Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək.
Millət vəkili bildirib ki, Laçın rayonun Güləbrid kəndində təməli qoyulan Su Elektrik Stansiyasının açılması yenidənqurma işləri çərçivəsində böyük əhəmiyyətə malikdir. İşğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb.
Deputatın sözlərinə görə, bu işlər başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması yönündə də məqsədyönlü tədbirlər həyata keçiriləcək. Qısa zamanda yerinə yetiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri arasındakı şöhrətinə təkrar qovuşacaq. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışımız tezlikdə tamamlanacaq.
banner

Oxşar Xəbərlər