• cümə axşamı, 25 aprel, 04:45
  • Baku Bakı 19°C

40 yaşını ötmüş insanlar əsasən lirik musiqiləri xoşlayırlar

05.01.18 15:30 1295
40 yaşını ötmüş insanlar əsasən lirik musiqiləri xoşlayırlar
Musiqi istənilən yaşda, istənilən məqamda hər kəs üçün mənəvi qidadır. Ancaq hər bir nemətin istifadə qaydası olduğu kimi, musiqinin də öz yeri, öz dəyəri və necə deyərlər, istifadə qaydaları var. Humel Psixologiya Mərkəzinin ailə psixoloqu Taryel Faziloğlu ilə söhbətimiz də bu barədə oldu.
– Musiqinin dinləyicilərin yaşı ilə bağlı təsnifata ayrılması düzgündürmü?
– Əlbəttə. 8 yaşa qədər olan uşaqlar üçün uşaq mahnılarının səsləndirilməsi lazımdır. Belə olduqda, uşaqlar daha çox pozitiv əhvala malik olurlar. 8 yaşdan yeniyetməlik böhran dövrünə qədər olan dönəmdə isə uşaqlar üçün ən çox qəhrəmanlıq mahnılarını dinləmək önəmlidir. Bu cür musiqilər hansısa bir əsərə yazılmış və ya simfonik janrda olan musiqilər ola bilər. Amma bu dövrdə uşaqların özləri adrenalini yüksəldən musiqilərə meyilli olurlar. Çünki emosional yüklənmə, adrenalinin, testosteronun yüksək olması onlarda daha çox enerji partlayışı yaradır və həmin musiqilərin sədaları altında onlar istənilən hər şeyi etmək qabiliyyətinə malik olurlar.
– Bəs böhran dönəmini adladıqdan sonra necə?
– 18-25 yaş mərhələsində insanların həyatında daha həzin musiqilər yer tutur.
– Yəqin ki, bunun da öz səbəbi var...
– Elədir. Bu, sevgi dönəmidir, maksimum dərəcədə sevib-sevilmək ehtiyacı duyurlar. O baxımdan, gənclər daha çox romantik mahnılara qulaq asmağı üstün tuturlar. Ayrılıqlar, üzüntülü hallar, vüsala yetişmək istəyi kimi dərd-qəm onları çulğadığından bu hisslər əlbəttə, təbiidir.
– Həyatı müəyyən mənada daha dolğun dərk etməyə başlayan gənclər bu əhvaldan təxminən neçə yaşda ayrılmağa başlayırlar?
– 26 yaşı ötəndən sonra karyera yüksəlişi başlayır. 25-40 yaş arası insanların musiqi dinləməsində eniqma, yəni təbiət səslərinin musiqi ilə harmoniyası, sintezi üzərində olan musiqilər üstünlük təşkil edir. Meditasiya xarakterli və ya hər hansı bir hadisəyə bağlı olan, yəni hansısa bir obrazı canlandıran, xatırladan musiqi onlar üçün xoş olur. Bu da özlüyündə sakitləşdirici effekt daşıyır.Artıq 40 yaşını ötmüş insanlar axıcı musiqiləri xoşlayırlar. Lirik musiqilər onların zövqünü daha çox oxşayır.Yaşı 50-ni ötənlər daha sakit musiqiləri üstün tuturlar. Muğamı dinləmək onlar üçün xoşdur. Musiqinin ağır tonu – segah onlarda rahatladıcı, duyğusallıq yaradır.
– Xarakterlərə görə musiqi duyumunda bölgülər necədir?
– Qırmızı – liderlik xarakteri olanlar daha templi mahnılara qulaq asırlar.
– Burada yaş rol oynamırmı?
– Xeyr, bu, artıq yaşdan asılı olmur. Ümumi olaraq belədir. Çünki söylədiyim mərhələlərə paralel olaraq bu bölgü aparılır. Adrenalini yüksəldən mahnılar bu cür xarakterli insanları cəlb edir. Sarı – yəni zarafatcıl, deyib-gülməyi xoşlayan, hər şeydə bir yumor axtaran insanlar şən, yumoristik mahnıları seçirlər. Ağır musiqilər onları bezdirir. "Yaşıllar” – yəni melanxolik insanlar daha çox lirik, romantik musiqiləri sevirlər. Onlar ruh düşkünlüyünə meyilli olduqlarından, pessimist xarakterə malikdirlər və belə musiqilər onlara rahatlıq gətirir. "Mavilər” – xırdaçıllığı sevənlər adrenalini yüksəldən musiqilərə qulaq asırlar. Simfonik musiqilərdəki dəyişkən çalarları dinləmək onlar üçün xoşdur.
– "Ara mahnıları” dinləyici zövqünü necə korlayır?
– "Ara mahnıları” əsasən, 2 tonlu musiqilərdir. Bu cür musiqilər beyinə 1 mərhələli sinus dalğaları fonunda daxil olduqlarına görə, şüuru keyləşdirici təsirə malik olurlar. Belə musiqilər standart olaraq, 1-2; 1-2 sistemilə qavranılırlar. Yəni sabit sistemli olurlar. Belə keyləşdirici notlu musiqilər dinləyicidə keylik, zehni yorğunluq yaradır. Ciddi şəkildə beyni korşaldır. Belə musiqiləri davamlı dinləyən insanların düşünmə qabiliyyəti tədricən itir. Belə mahnılar insanı aqressivləşdirə bilir. Çünki belə musiqi səsi beyni keyləşdirib süstləşdirir. 2 tonlu musiqilər daha çox cinayət aləminə yönəlik musiqilərdir. Burada oğru dünyasına bağlı motivlər var. "Ara mahnıları”nda cinayətə çağırış elementləri olur. Onlarda cinayətə təşviq yüksək səviyyədədir.
– Musiqi alətlərinin bir neçəsinin ayrı-ayrılıqda təsir effektləri haqda bəzi məqamlar da maraqlı olardı.
– Hər alətin öz funksiyası var. Zərb musiqi alətlərinin səs tembri ilə adrenalini yüksəldən və insanı döyüşə ruhlandırma funksiyası var. Kamança - hüzn verici, sakitləşdirici effektə malikdir. Tarda onların hər ikisini bağlayacaq neytrallaşdırıcı bir səs tonu var. Tarın pozitiv səs tembri olur. Bas səsli nağaralar isə aqressiyanı yüksəldir və adrenalini artırır. Hər bir musiqi aləti özünəməxsus emosiyanı tətikləyir. Musiqi alətləri bir növ insanın emosiyalarına hesablanıb.
– Sazın özünəməxsusluğu nədədir?
– Saz universal bir alətdir. Azərbaycan sazının həm cəngisi, həm də ruhanisi var. Ruhani insanı sakitləşdirirsə, cəngi döyüşə hazırlayır. Sazın sinir sisteminə çox güclü müsbət təsiri var.
– Bəs pianonun rolu necədir?
– Piano özlüyündə sakitləşdirici effektə malikdir. Bu musiqi alətinin səsi insanda pozitiv bir əhval yaradır. Normalda endorfin hormonuna, xoşbəxtlik hormonuna hesablanmış bir alətdir.
– Orqan musiqisinin zərəri nədədir?
– Bu alətdə səslənən musiqi şüuraltına birbaşa neqativ enerji və neqativ siqnal ötürür. Onda ifa edilən musiqi səsin uzanması ilə təsirlidir. İnsan beyninin səsi qəbul etmə mexanizmi sinus dalğaları şəklindədir. Musiqi uzananda sinus dalğaları bu səsi qəbul edərkən, öz səviyyəsindən həddindən artıq yüksəyə çıxır və bu, şüuraltıda ciddi gərilmələrə səbəb olur. Sinus dalğalarının bəlli bir limiti var; aşağı və yuxarı limiti. Orqan musiqisi bu aşağı və yuxarı limiti aşır. Bu hal isə psixikada ciddi pozuntular əmələ gətirə bilir.
Zeynəb Əliqızı
banner

Oxşar Xəbərlər