• cümə, 19 Aprel, 04:51
  • Baku Bakı 18°C

40 km-lik cığallıq

12.03.21 16:00 1777
40 km-lik cığallıq
Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılması yubandığı üçün Moskvadan izahat tələb edilməlidir
Ötən il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altındakı torpaqlarının böyük əksəriyyəti azad olundu. Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan Birgə Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçından Ermənistan silahlı birləşmələri çıxarıldı, ərazi bütövlüyümüz bərpa olundu. Razılaşmaya uyğun olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinin Ermənistana gediş-gəlişini təmin etmək üçün Laçın dəhlizi yaradıldı. Hazırda ərazidə xidmət aparan rusiyalı sülhməramlıların, həmçinin Qarabağdakı Rusiya-Türkiyə birgə hərbi mərkəzinin nəzarəti altında dinc erməni əhalisinin Ermənistana gedib-gəlməsi mümkündür. Bu, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə dair real faktdır. Lakin Üçtərəfli Bəyanatın imzalanmasından 4 aydan çox vaxt keçməsinə baxmayaraq, rəsmi İrəvan üzərinə götürdüyü əsas öhdəliyi – Naxçıvandan Azərbaycana dəhlizin açılmasını, Zəngəzur yolunun istifadəyə verilməsini təmin etməyib. Ermənistanda cərəyan edən proseslər fonunda Nikol Paşinyan hakimiyyəti sözügedən prosesi reallaşdırmağa həvəsli görünmür. Beləliklə Naxçıvan dəhlizinin açılması yubanır ki, bununla da Ermənistan tərəfi Üçtərəfli Bəyanatın şərtlərini pozmuş olur.
Yeni reallıq dünya tərəfindən qəbul edilir
Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edərkən bu məsələyə də diqqət çəkib. O, işğal altındakı ərazilərdən düşmənin rədd edildiyini, belinin qırıldığını, Ermənistan ordusunun məhv olduğunu vurğulayıb. Bundan sonra Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyən ölkə rəhbəri deyib ki, Ermənistan bundan boyun qaçırır: "Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. ...Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına. ...Müharibənin nəticələrindən biri də bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda bu məsələnin xüsusilə əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
"Birgə səylərlə buna da nail olacağıq”
Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub. O, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, artıq həll edildiyini, bitdiyini vurğulayıb. Qeyd edib ki, indi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik: "Xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”.
Zəngəzur dəhlizi manipulyasiya elementinə çevrilib
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili Elman Nəsirov bildirib ki,YAP-ın VII Qurultayında Prezident İlham Əliyev Birgə Bəyanatda qeyd olunan məlum şərtin reallaşmasına dair birmənalı mövqe ortaya qoyub: "Dövlətimizin başçısı dedi ki, Birgə Bəyanatdakı həmin şərtin reallaşdırılmasına Ermənistanda süni maneələr yaradılır. Lakin gec-tez, onlar bunun reallaşmasına dəstək verəcəklər. Mən də şübhə etmirəm ki, bu məsələ həllini tapacaq. Məsələ ondadır ki, indiki halda Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistandakı müxtəlif siyasi qüvvələrin əlində manipulyasiya elementidir. İrəvandakı siyasi qüvvələr bir-birini ittiham edərkən məhz bu məsələni gündəmə gətirirlər. Misal üçün, sabiq prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyan, eləcə də digər revanşistlər hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Paşinyan bir çox məsələlərdə ittiham olunur, satqın, xəyanətkar adlandırılır. Onu kapitulyasiya aktına imza atdığına görə sərt tənqid edirlər. Belə reallıqlar fonunda Paşinyan 10 noyabr razılaşmasının bəzi müddəalarının icrası məsələsində nisbətən gözləmə mövqeyinə keçməli olub. Bununla da, müəyyən mənada öz əleyhdarlarının arqumentlərini zəiflətməyə çalışır”.
Boşboğazlıq edən revanşistlər
Deputat söyləyib ki, bu hadisələrlə paralel şəkildə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində sayca dördüncü görüş keçirilib, kommunikasiyaların bərpası istiqamətində intensiv danışıqlar aparılıb: "Bu proses özündə Zəngəzur dəhlizinin açılması məsələsini də ehtiva edir. Yəni bu, qaçılmaz prosesdir və danışıqlar gedir. Sadəcə indiki halda Paşinyan prosesi intensivləşdirməyə, ona dinamizm verməyə çəkinir. Ermənistanın baş naziri hesab edir ki, indiki zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımlar atılarsa, bu, onun opponentlərinin təsir rıçaqlarını daha da artırar, onlara əlavə imkanlar yaradar. Eyni zamanda Paşinyan çox gözəl bilir ki, 10 noyabr Bəyanatından irəli gələn məsələləri həll etməlidir. Ona görə də, bir az vaxt udmaq istəyir ki, mövqelərini möhkəmləndirsin. Hər nə baş versə belə, 10 noyabr Bəyanatında qeyd olunan şərtlərin hamısı, gec-tez öz həllini tapacaq. Bu, birmənalıdır. Ermənistanın alternativi yoxdur. Onların alternativi müharibədir ki, buna qətiyyən gedə bilməzlər. 44 günlük Vətən Müharibəsində onlara layiqli dərs verilib. Ermənistan ordusu darmadağın edilib və yenidən müharibə aparmaq gücündə deyil. Revanşistlər boşboğazlıq edib müharibə barədə hansısa bəyanatlar səsləndirə bilərlər. Lakin reallıqda onların belə bir potensialı yoxdur. Hətta revanşistlər hansısa möcüzə nəticəsində Ermənistanda hakimiyyətə gəlsələr belə, onlar da müharibə ritorikasından uzaq olacaqlar. Görəcəklər ki, reallıq başqa şərtləri diktə edir. Bu reallığı isə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu yaradıb”.
"Təzyiqlə üzləşib özləri yalvaracaqlar”
Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, hazırda Ermənistanda siyasi böhran hökm sürür. Onun sözlərinə görə, ölkənin Baş naziri ilə ordu rəhbərliyi, prezident arasında ciddi mübarizə gedir və hərbi çevrilişə cəhd də var: "Bundan başqa, Qarabağ klanının nümayəndələri Mehri dəhlizinin açılmasının guya yalnız Türkiyə və Azərbaycana üstünlük gətirəcəyini iddia edir. Halbuki dünənə qədər hay çəkib, "Azərbaycanla Türkiyə bizi blokadaya alıb, dünyaya açılmağa imkan vermirlər, beynəlxalq və iqtisadi layihələrə qoşulmaq üçün şərait yaratmırlar”, - deyə qışqırırdılar. Sən mənim torpağımı işğal edəcəksən, soyqırımı törədəcəksən, mən də sənə inkişaf üçün şərait yaradacağam? Ermənilər millətçilik azarına tutulduqlarından, gerçəkliyi normal dərk edə bilmirdilər. Amma indi vəziyyət dəyişib, torpaqlarımızın, demək olar ki, hamısını azad etmişik. Kommunikasiya xətlərinin açılması da 10 noyabr Moskva razılaşmasında öz əksini tapıb. Bu kommunikasiya xətlərinin içərisində Mehri dəhlizinin açılması, oradan keçən dəmiryolunun bərpası, Azərbaycanın Mincivan stansiyasından Naxçıvana gedən yolun birləşdirilməsi məsələləri var. Bu, ruslara da hava-su kimi lazımdır. Onlar bilirlər ki, Mehri dəhlizindən sonra həmin dəmiryolunu İrəvanadək uzatmaq mümkündür. Bu dəhliz Rusiyanın bölgədə saxladığı hərbi bazaların təminatına lazım olan əşyaların daha ucuz qiymətə daşınmasına və mütəmadi əlaqələrin olmasına da kömək edəcək. Üstəlik, Azərbaycan hazırda Bərdədən dəmiryolu xəttini Ağdama qədər uzadır. Artıq tikinti işlərinə başlanıb, xeyli məsafə qət edilib. Ağdamdan sonra dəmiryolunun Xankəndinə qədər uzadılması nəzərdə tutulur. Layihədə bu barədə danışılıb. Amma ermənilər bu cür davranmağa davam edəcəklərsə, onların blokadada saxlanması da uzanacaq. Türkiyə və Azərbaycanla sərhədlərin açılması mümkün olmayacaq. Yalnız özləri yalvardıqda, Rusiyanın təzyiqi ilə bu məsələyə razı olduqdan sonra məsələ həll oluna bilər”.
Bu dəhlizin Azərbaycan üçün böyük əhəmiyyəti var
Siyasi şərhçi bölgədə mühüm logistika tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb: "Bu tədbirlərə İran da qoşulmaq istəyir. Əgər bu kiçicik, cəmi 40 kilometrlik Mehri dəhlizi açılsa, ermənilər Avropaya da gedə biləcək. Onlar Yaxın Şərqin bütün ölkələrinə dəmiryolu ilə gedəcəklər. Dəmiryolları şəbəkəsinin elə böyük perspektivləri açılır ki, bu, ilk növbədə Ermənistanın maddi rifahına səbəb olacaq, xarici ticarət dövriyyəsini artıracaq. Bununla yanaşı, Ermənistan tranzit xətlərdən müəyyən qədər pul qazanacaq. Çünki ərazisindən keçən dəmir və şose yollarına görə ölkəyə pul ödəniləcək. Üstəlik, ermənilər özlərini yaxşı aparsalar, yəni aranı qarışdırmağa davam etməsələr, bölgədə əmin-amanlıq yaranar, kommunikasiya və logistika tədbirlərinin həyata keçirilməsi geniş vüsət alar, ətrafdakı bütün ölkələrlə birbaşa əlaqələr saxlamaq imkanına nail ola bilərlər. Gümrüdən Qarsadək onların dəmiryolu var. O dəmiryolu saz vəziyyətdədir və oraya qatar buraxıla bilər. Bu dəhlizin açılmasından daha çox xeyri Ermənistan götürəcək. Amma bunun Azərbaycan üçün də böyük əhəmiyyəti var”.
Moskva İrəvandan izahat istəməlidir
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Ermənistan Birgə Bəyanatın əsas bəndini yerinə yetirmir. Onun sözlərinə görə, Moskvadan İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istənilməlidir: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməli idi. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi, ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər? Elə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi verdiyi açıqlamalarda daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir. Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır. Görünür, Paşinyan müxalifətə, özünə qarşı təzyiqi artırmaq üçün əlavə alət vermək istəmir. Azərbaycan prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır. Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 10 yanvar Bəyanatın müəllifi Rusiya prezidentidir. Deməli, Moskvadan, İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istənilməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər