• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

“40-ında öyrənən gorunda çalar” stereotipini qıran adam - Gör-götür

05.04.19 11:00 5250
“40-ında öyrənən gorunda çalar” stereotipini qıran adam - Gör-götür
Tibbi sektorda 25 il çalışdıqdan sonra sahə dəyişikliyi edir. Düzdür, bir az riskli addım olsa da, bu dəyişikliyə gedir və fəaliyyəti uğurlu alınır. Bu təcrübəsindən çıxış edərək "Heç vaxt gec deyil” deyən müsahibimiz "KarnegiKlub"un rəhbəri, "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi, "Beynəlxalq Trenerlər Assosiasiyası”nın üzvü Nəcəf Allahverdiyevdir.

- Karyeranızın əvvəli tibbi sahə ilə başlayır. Tibbə gələnlərin bu, çox vaxt uşaqlıq arzusu olur. Sizdə necə olub?
- Həkimlikdən çox fizika və riyaziyyatla bağlı elmi sahəyə yönəlmək fikrindəydim. Atam həm riyaziyyatçı-fizik idi, həm də neftçi. Fizika və riyaziyyatın geologiyada tətbiqi ilə bağlı sahədə çalışırdı, evə də daha çox bu istiqamətlərdə jurnallar alınırdı. Mənim də riyaziyyat və fizikaya həvəsim çox idi, məktəbdə bu sahələrdə yaşıdlarım arasında birinci idim, olimpiadalarda qalib olurdum. Buna görə o sahəyə getməyi daha çox istəyirdim. Lakin sonra valideynlərimin tövsiyəsi ilə həkimliyə yönəldim, stomatologiya üzrə təhsil aldım və 25 il o sahədə çalışdım. Tibbi özümə sevdirdim, çalışdığım sahənin öndə gedənlərindən olmaq üçün əlimdən gələni etdim. Bilik və təcrübəmi artırmaq üçün dünyanın 30-a yaxın ölkəsində oldum, kurslara qatıldım. Bir müddət sonra Xəzər Universitetində stomatologiyadan, "Armada” Dental Akademiyasında implantasiyadan dərs deməyə başladım.


- Müəyyən bir yerə gəlib çıxdığınız sahədən 25 il sonra uzaqlaşmağınıza səbəb nə oldu?
- O vaxt Bakıda özəl diş klinikası açmışdım, onun rəhbərliyini edirdim, amma paralel olaraq bilik cəmiyyətində şəxsi inkişafla bağlı tədris də aparırdım. O vaxt şəxsi inkişaf bizdə yeni sahə idi. Mən ingilis dilindən yenicə rus dilinə tərcümə olunan kitabları tələbələrə tədris edirdim. Bir müddət sonra gördüm ki, bu, nəinki xoşuma gəlir, həm də məndə alınır. Yəni keçid birdən-birə olmadı. Bu gün bəzi təlimçilər "körpüləri yandırın”, "Hər şeyin üstündən xətt çəkin” tipli mesajlar verirlər. Bəzi hallarda bu, yararlı ola bilər, amma körpünü yandırıb uçuruma da düşə bilərsiniz. Ona görə sahə dəyişikliyini inqilabi yox, mərhələli şəkildə etməyin tərəfdarıyam. Həkimlik fəaliyyətimi davam etdirə-etdirə bu biri sahəylə məşğul oldum, ilk növbədə təhsilini aldım. Xəzər Universitetinə PHD-yə daxil oldum, sonra Moskva Ritorika və Natiqlik Bacarıqları Universitetinin təlimçilər üçün olan kursunu bitirdim. Hazırda həmin universitetin aparıcı təlimçisi, Azərbaycan üzrə nümayəndəsiyəm.

- Dəyişiklik edib natiqliklə bağlı təhsili alanda neçə yaşınız var idi?
- Təxminən, 40 yaşlar deyək. 40 yaşımda "KargeniKlub”u təsis etdim.

- Bizdə "40-ında öyrənən gorunda çalar” deyə bir misalı çox vaxt insanları müəyyən yaşdan sonra dəyişiklik etməkdən çəkindirir.
- (Gülür) Mən bir növ "40-ında öyrənən gorunda çalar” stereotipini qırdım. Heç vaxt gec deyil. Yaponların bir adasında insanların "ikiqay” adlı xoşbəxtlik formulu var, orda 4 komponent önə çıxır. İşini sevməli, onu etməyi bacarmalısan və bu, insanlara lazım olmalı və sənə müəyyən qədər qazanc gətirməlidir. Bunlar birləşəndə insan işindən həzz alır. Dördünün birləşməsi indiki işimdə oldu. Tibdəki işi bacarırdım, insanlara faydalı idi, amma məhəbbət hissəsi nisbətən az idi. O müddətdə sadəcə, özümü daxilən o işi sevməyə məcbur etmişdim.


- Yəni sevmədiyin bir sahəni özünə sevdirib o istiqamətdə çalışmaq olur?
- Renesansdan sonra dünya bir seçim etdi, bu, İQ idi. Hər şey əqlin üzərində gedirdi. Bütün məktəblər (qlobal olaraq məktəbləri deyirəm) İQ üzərində qurulmuşdu. Dünyada gözə görünməyən bir İQ yarışı gedirdi. Biliyi daha çox olanın daha çox uğur qazanacağı deyilirdi. Uğur baxımından bəlkə də bu, özünü doğruldurdu, amma xoşbəxtlik baxımından insanlar böyük nəticələr əldə edə bilmədilər. Dünya yavaş-yavaş bu fikrə gəldi ki, biliyin emosional intellekti adlandırılan EQ də olmalıdır. Sualınıza konkret cavaba gəlincə, sevgi iradəvi hissdir, insan isə güclü məxluq. İnsan sevgisini idarə edə bilir.

- Bu, qadın və kişi sevgisində də belədir?
- Ümumiyyətlə, sevgi məsələsi qadın və kişiyə görə fərqlidir. Məsələn, qadın evdə dovğa bişirə-bişirə düşünür ki, görəsən indi həyat yoldaşım neynir? Köynəyin düyməsini tikdiyi yerdə fikirləşir ki, kişi görəsən, hazırda nə işlə məşğuldur? Amma həmin an yoldaşının nə işlə məşğul olması heç kişinin ağlına da gəlmir, düşünmür ki, görəsən dovğanı bişirmək ona çətindir, yoxsa yox. Heç birinin yaxşı və ya pis olduğunu deyə bilmərik, amma fərqli psixologiyalardır. Və insan daim eyni hissdə qalmaya bilər.


- Və "KarnegiKlubu” təsis etdiniz. Bu sektorda mərkəz qurmaq fikri haradan yarandı?
- İlk olaraq şəxsi inkişaf baxımından öz dövrünün məşhur mütəxəssislərindən olan Deyl Karneginin adını ad olaraq seçdik. Bunun da səbəbi var idi. Mənim Tibb Universitetində təhsil almağım sovet dövrünə təsadüf edirdi, o vaxt Deyl Karnegi kimi müəlliflərin kitablarını oxumaq qadağan idi. Karneginin kitabları o vaxt Baltikyanı ölkələrdə çap olunmuşdu, əllə çap olunma formasında bizə də gəlib çıxmışdı. Kitab gizlin olaraq tələbələr arasında əldən-ələ keçirdi. Oxuyanda gördüm ki, kitab qadağan olunmalı yox, çox lazımlıdır. Kitabda oxuyurdum ki, dünyada elə bir mərkəzlər var ki, insanlar gedib orda çıxış etməyi öyrənirlər. O vaxt deyirdim ki, belə bir yer olsaydı, mən də gedərdim. O vaxt mənə desəydilər ki, nə vaxtsa natiqlikdən təlim verəcəksən, bunu ən uğursuz zarafat adlandırardım. Zamanla bu sahəyə gəldim. Natiqlik üzrə Moskvada keçirilən çempionatın mükafatçısı olmağım məndə özümə inamı artırdı. Axırda dedim ki, məndə müəllimlik missiyası oyanıb, tələbəlikdə olan arzumu özüm həyata keçirim. Biz mərkəz olaraq həyatda hər bir insanın bilməsi lazım olan, amma məktəb və universitetdə verilməyən bilik və bacarıqları öyrədirik.
- Bu gün müştəriləriniz böyük şirkətlər, müəssisələrdir. Şirkətin bazarda öz yerini tutması çətin olmadı?
- Əsas problemimiz bu sahənin içindən gəlməməyimiz idi. Mən bu sektora yaxın sahədən gəlməmişdim deyə, elə də çox əlaqəm yox idi, ancaq zamanla bu problem həll olundu. Təlimlərimizə gələnlər artıq öz yaxınlarına məsləhət görürdülər. İşimizin keyfiyyəti bir növ reklamımız oldu və işgüzar şəbəkələşməmiz artdı.
Bu gün biz "KarnegiKlub” olaraq biznes və həyat kouçu, natiqlik, satış, NLP, "Mind Map” (Beyin Xəritəsi)”, zamanın idarə olunması, uşaq tərbiyəsi, bədən dili, tibbi, dental marketinq və s. istiqamətlərdə treninqlər keçirik.

- Natiqlik bacarığından da danışaq. Hər kəs bu bacarığı özündə inkişaf etdirə bilər?
- Bəzən deyirlər ki, natiqlik fitri istedaddır, adamda ya olur, ya da yox. Amma belə bir fikir var ki, istedad 1 faizdir, qalan 99 faiz zəhmət, əziyyətdən asılıdır. İnsanlar gözəl danışıq qabiliyyətini fitri istedad hesab edə bilərlər, amma dünyada olan ən məşhur natiqlərin müsahibələri, araşdırmalar, tanıdıqlarımla söhbət göstərir ki, onların əksəriyyəti əvvəl auditoriya qarşısında çıxış etməkdən qorxublar, natiqlik qabiliyyətləri olmayıb. 100-ündən 5-i əvvəldən bu bacarığa sahib olub. Con Kennedi öz dövründə məşhur natiq sayılırdı. Ondan soruşublar ki, yəqin siz həmişə belə olmusunuz. Deyib ki, nə danışırsınız, mən əvvəl çıxış edəndə dizimi tuturdum ki, titrəməyi ilə tribunanı aşırmasın. Onların tribunaları bizimkindən fərqli olaraq bir az incədir, bizdə sovetdən qalmadır, arxasına girəndə gizlənirsən (Gülür). 1000-ə yaxın insan "KarnegiKlub”un təlimlərindən keçib. Bu təcrübə də göstərir ki, insan gəlib dəyişə, gözəl danışıq qabiliyyətini özündə inkişaf etdirə bilər. Təbii ki bizim verdiyimiz təhsil, təlimlə yanaşı, insanın özünün istəməyi də önəmlidir.


- Son olaraq bir nüansa da toxunaq. Natiqlik təlimlərinə gedənlərin bir qisminin hərəkətlərində süniləşmə yaranır. O mənada ki, yalançı təbəssüm, yersiz əl qol hərəkətləri, həddini aşacaq dərəcədə komplimentlər və s. Bu xoş təəssürat yaratmır və qarşıdakı adamı yorur...
- Natiqlik bacarıqları hər kəs üçün önəmlidir. Bəzən deyirlər ki, natiqlik nəyimə lazımdır, tribunada çıxış etməyəcəm və s. Natiqlik təkcə tribunada çıxış etmək üçün deyil. Ünsiyyət bacarıqları, fikrini rahat şəkildə ifadə etmək hər bir insana lazımdır. Müştəri ilə ünsiyyətdə olmayan bir şəxsin müdiri, öz işçiləri, iş yoldaşları, ailəsi ilə düzgün formada danışığı lazımdır.

Hər sahədə peşəkarlarla yanaşı, qeyri-peşəkarlar olur. 8 ildir ki bizim mərkəz fəaliyyət göstərir. İşimiz kənardan göründüyü qədər də rahatlıqla bu yerlərə gəlib çıxmayıb. Biz bu sahədə ilk yaradılan mərkəzlərdənik. Bu gün natiqliklə bağlı mərkəzlər çox açılır. Düzdür, yaxşı iş təqdim edənlər də var, amma siz dediyiniz hallar ən çox qeyri-peşəkar işin nəticəsidir. Birincisi, məktəbləri – keçdikləri dərslər zəifdir. Hamıda yox, amma böyük qismi elədir. İkincisi, təcrübə yoxdur. Üçüncüsü səthi yanaşma olur, bu da keyfiyyətsizliyə gətirib çıxarır. Məsələn, iqtisadi baxımdan bizə ziyanlı olsa da, kursun müddətini iki ay etmişik. Çoxları istəyir ki, qısa olsun, tez bitsin daha çox maliyyə qazansınlar. Amma iki ay ərzində hər həftə bizdə 2 dəfə dərs olur, hər dərs 3 saatdan çox olur. Bəzən deyirlər ki, 3 saat biz orda neyləyəcəyik? Amma gələndən sonra deyirlər ki, 3 saat necə gəlib keçir bilmirik. 16 dərs olur, amma ehtiyac yarandığı zaman bunu artırırıq. 20 dərsə çatan qruplar olub. Üstəgəl oxucularınız bilsin ki, 2 dəfə bizim natiqlik kursunda hər bir kəs normal şəkildə qonaq qismində ödənişsiz iştirak edə bilər. Təəssüf ki çox az adam bundan istifadə edir. Amma iki dərsə çox şey öyrənmək mümkündür.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər