4 mindən çox lətifə bilən general MÜSAHİBƏ

4 mindən çox lətifə bilən general MÜSAHİBƏ

Müsahibə
09 Yanvar 2013, 14:51 1780
Bu günlərdə Azərbaycan ictimaiyyəti tanınmış ictimai və siyasi xadim, sabiq millət vəkili, istefada olan general-mayor Vladimir Timoşenkonun 70 illiyini qeyd etdi. Yeni il bayramı ərəfəsində “Kaspi”nin əməkdaşı ilə söhbət edən keçmiş deputat istefaya çıxdıqdan sonrakı iş-güclərindən bəhs etdi.

Tərcümeyi-halından:
Ali hərbi zenit-raket məktəbindən və Hərbi Akademiyadan məzun olub, 1962-1990-cı illər ərzində hərbi xidmətdə ikən Bakıda məktəb müdavimliyindən general rütbəsinədək yüksəlib. Alay, diviziya, korpus siyasi şöbəsi rəisi vəzifəsində çalışıb. “Qırmızı Ulduz”, II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri və bir sıra medallarla təltif olunub.
1990-cu ildə Azərbaycan Respublikası Ali Sovetinə seçilib, 1991-2005-ci illərdə isə müstəqil Azərbaycanın millət vəkili olub. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının üzvü kimi ordu quruculuğunda yaxından iştirak edib.


Keçmiş Stepanakertdən bədnam 366-cı alayın çıxarılmasını tələb, işğalçı Ermənistanın havadarlarına qarşı açıq etiraz edənlərdən biri də general Timoşenko olub və bunun müqabilində Rusiya mətbuatı tərəfindən böhtan və iftiralara da məruz qalıb. Məsələn, “Moskovski komsomolets” qəzetində “General kim idi və kim oldu?” sərlövhəsilə dərc olunmuş belə çirkin cızma-qaralardan birində həmvətənimizə “niyə Ermənistanın yox, Azərbaycanın tərəfindədir” deyə həyasızcasına hücum edir. Nə isə, bunlar çoxdankı söhbətdir. Bəs bu gün istefada olan general Vladimir Timoşenkonun Azərbaycandakı günləri necə keçir?

- Lap yaxşı. Əsas odur ki, əvvəlki kimi lazımam və bu da mənə çox xoş gəlir. Elə bu yaxınlarda müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə çox mühüm və əhatəli görüşümüz oldu.

- Söhbət nədən gedirdi?

- Necə deyim... hamımızın ümumi işi haqqında.

- Aydındır. Bəs keçmiş əsgərlik yoldaşlarınızla, deputat həmkarlarınızla heç görüşürsünüz?

- Bəs necə? Uzun illər ərzində eyni iş görmüşük, bir yerdə oturub müxtəlif məsələləri müzakirə etmişik. Məni unutmayaraq zəng vurub hal-əhval tutan, problemləri həll etməkdə köməyini təklif edən hər kəsə çox minnətdaram. Hərçənd özüm də kimlərəsə kömək edə bilərəm (gülür). Amma gənc əsgərlərimizlə görüşlərdən xüsusi ləzzət alıram. Onlara hərdən, Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdəki qəhrəmanlıq və rəşadət göstərən oğullarımızdan danışır, təcrübəmi paylaşıram. Bu cür görüşlər zamanı sanki yarım əsr əvvəllərə, Vladiqafqaz Ali Hərbi Məktəbin müdavimi olaraq Hövsanda təcrübə keçdiyim vaxtlara qayıdıram. Bəlkə inanmazsınız, hər gecə əsgərlik günlərimi yuxuda görürəm. Çukotkanın otuz dərəcəli şaxtasından sonra Murmanskda, Ukraynada qulluq etmişəm, amma Azərbaycandakı kimi rahatlığı, asudəliyi başqa heç yerdə görməmişəm. Bura doğrudan da cənnətdir. Gözəl təbiətdən başqa bu diyarın insanları da gözəldir, bənzərsizdir.

- Deyilənə görə, Bakıdakı qanlı yanvar hadisələrində əsas rollardan birini oynamış o vatkı SSRİ müdafiə naziri Yazov Sizə ittifaqın mərkəzi hərbi dairələrinin birində böyük vəzifə təklif edəndə rədd etmişdiniz. Doğrudurmu?

- Doğrudur. Yanvar faciəsindən xeyli əvvəl gələn bu təklifi tərəddüdsüz-filansız rədd etmişdim, çünki Azərbaycana möhkəm bağlanmışdım, bu torpaqdan kənarda yaşamağı ağlıma da gətirmirdim. Elə bu səbəbdən vaxtilə Azərbaycanda Ukrayna səfiri vəzifəsindən də imtina etmişəm.

- Peşman deyilsiniz?

- Qətiyyən. Azərbaycan vətəndaşlığından daha yüksək rütbə tanımıram.

- Əvvəlki kimi siyasi və ictimai fəaliyyətlə məşğul olmasanız da, yəqin ki, baş verən hadisələri izləməkdən qalmırsınız. Məsələn, Rusiya hökumətinin Qəbələ RLS-indən imtina etməsi haqqında fikriniz nədir? Burada şimal qonşumuz tərəfindən daha bir kələk ola bilərmi?

- Mən buna inanmıram. Niyə belə bir şey etsinlər ki? Gəlin gerçək danışaq. Məncə, bu RLS artıq yararlıq müddətini başa vurub. Üstəlik, ruslar Armavirdə daha müasir stansiya tikiblər və yaxın vaxtlarda istifadəyə verəcəklər. Hazırda Qəbələ RLS-i Azərbaycanın mülkiyyətindədir. Xarici ölkələrdən hansınınsa onu almaq istəyəcəyi inandırıcı deyil. Amerikanın da bu stansiyaya ehtiyacı yoxdur, onların izləmə vasitələri onsuz da çoxdur. Stansiyanın təhvil verilməsi uzun çəkəcək. İndi əsas məsələ odur ki, ruslar RLS-in avadanlığını xarab etməsinlər. Bu stansiya çox mürəkkəb qurğudur, Azərbaycanda onu qəbul edib işlədəcək mütəxəssislər yoxdur. Fikrimcə, stansiyanın saxlanması və işlədilməsi böyük maliyyə tələb etdiyinə görə ruslar çıxıb gedəndən sonra onu olduğu kimi saxlamaq lazımdır. Qoy keçmişimizin abidəsi kimi qalsın.

- Azərbaycan-Rusiya münasibətlərindən söhbət düşmüşkən, hərbi mütəxəssis kimi hamımızı düşündürən məsələ barədə fikrinizi bilmək istərdik. Azərbaycan Qarabağı hərbi yolla azad etməyə çalışsa, Rusiya kənarda qalarmı? Çünki bildiyimiz kimi, Ermənistan KTMT üzvüdür, bu təşkilatın Nizamnaməsinə görə, Rusiya başqa üzvlərlə yanaşı, öz müttəfiqinə hər hansı təhlükəyə qarşı kömək etməlidir.

- Burada bir məsələni unutmayaq: Azərbaycan Ermənistana qarşı yox, Dağlıq Qarabağdakı cinayətkar və separatçı, heç bir dövlətin də tanımadığı qondarma quruma qarşı hərbi əməliyyatlar keçirəcək. Əsgərlərimiz düşməni yalnız öz torpağımızdan vurub çıxaracaq, başqa ölkənin ərazisinə ayaq basmayacaqlar. Ermənistan özünü ağıllı hesab edirsə, məncə, bu işə qarışmaz. Hərçənd bu ölkənin rəsmiləri tərəfindən verilən təhdid dolu bəyanatlar başqa təəssürat yaradır. Bu məsələdə səriştəli adam kimi deyə bilərəm ki, bu gün milli ordumuz lazımi hərbi və insani gücə malikdir və düşməni darmadağın edib torpaqlarımızı həmişəlik təmizləməyə qadirdir. Son illər ölkə prezidentinin diqqət və qayğısı sayəsində Azərbaycan ordusu bölgənin ən güclü ordularından birinə çevrilib. Ordunun şəxsi heyəti yüksək əhval-ruhiyyədədir, müasir hərbi texnika və silahlarla təchiz olunur. Məsələ Ali Baş Komandan İlham Əliyevin əmrinə qalıb. Prezidentimizin hələlik belə bir əmr verməməsi Azərbaycanın sülh variantına sadiq olmasına, qarşı tərəfin ağıllı davranacağına hələ də ümidini itirmədiyinə dəlalətdir. Bu günlərdə Sumqayıtda Qarabağ qazilərilə görüşündə dövlət başçısı deyib: “Biz öz gücümüzə arxalanırıq. Vaxt gələcək, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcək”. Mən də bu sözlərlə tamamilə şərikəm. Əminəm ki, torpaqlarımızı işğalçılardan təmizləyəcəyimiz gün uzaq deyil. Azərbaycan xalqının səbrilə çox oynamaq lazım deyil. Əgər münaqişəyə hansısa yolla Ermənistan da cəlb edilsə, onda fikrimcə, Rusiya ermənilərə kömək edər. Buna qətiyyən yol vermək olmaz, çünki belə olarsa, məsələyə başqa ölkələr də cəlb olunacaq. Belədə ən bədbin, arzuolunmaz proqnozlar gerçəkləşər.

- Fərz edək ki, Azərbaycan silah gücü ilə işğal olunan əraziləri azad etmək qərarına gəlib. Belə olan halda, düşmənə qəfil zərbə endirmək, yoxsa müharibəni uzadıb qarşı tərəfi taqətdən salmaq məsləhətdir?

- Uzun müddətli hərbi əməliyyatlar çoxlu insan tələfatına səbəb olacağından istisna edilməlidir. Həmçinin, ən həssas məqamda üçüncü tərəf məsələyə müdaxilə edə bilər ki, bu da məqbul sayılmır. Ən yaxşısı, qəfil zərbə ilə məsələni həll etməyə çalışmaqdır. Amma bu da çox çətindir, çünki müasir texniki imkanlarla qarşı tərəf əvvəlcədən bu plandan xəbər tuta bilər.

- Millət vəkili ikən, şübhəsiz ki, rusiyalı həmkarlarınızla, hərbi mütəxəssislərlə özəl görüşləriniz olub. Həmin müsahibləriniz Ermənistanın Dağlıq Qarabağdakı qondarma qurumu və müvafiq olaraq Rusiyanın Ermənistanı dəstəkləməsini necə əsaslandırırdılar?

- Bəli, bu cür söhbətlərimiz dəfələrlə olub. Müsahiblərim adlarını gizli saxlamaq şərtilə Azərbaycanın bu məsələdə haqlı olduğunu etiraf etsələr də, Rusiyanın mövqeyini sırf siyasi mənafe ilə izah edir və Rusiya tərəfilə bütün mübahisələrdə Azərbaycanın üzüyola olmasını istəyirdilər.

- Bəs indi biz neyləməliyik?

- Gözləməliyik. Bir də bu mürəkkəb problemin həllilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşmasına ümidi itirməməliyik. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində məhz Minsk qrupunun üzvləri, xüsusilə də həmsədr olaraq ABŞ, Rusiya və Fransa mühüm işlər görə bilər. İnşallah bu ölkələrin rəhbərləri mövcud status kvonun nə qədər zərərli olduğunu nəhayət dərk edərlər.

- Sizi yaxşı tanıyanlar çox istiqanlı, hazırcavab olduğunuzu qeyd edirlər. Yəqin bu, Sizin yaşda az-az rast gəlinən nikbin və şux təbiətinizdən irəli gəlir, eləmi?

- (gülür) Düz deyirsiniz. Yaşım yetmişdən çox olsa da, yenə də ozümü gümrah hiss edirəm, deyib-gülməyi, sağlıq söyləməyi xoşlayıram, məclis və qonaqlıqlarda dostların istəyilə tez-tez tamadalıq edirəm. Deyilənə görə, pis də çıxmır. Yeri gələndə lətifə də danışıram. Belə lətifələrdən dörd mindən çox bilirəm. Ümumiyyətlə, bəzən mənə elə gəlir ki, dağı dağ üstə qoya bilərəm. Bəlkə də ikinci nikahdan dünyaya gələn övladlarım 7 yaşlı İqor və 9 yaşlı Maşadır mənə bu həyat eşqini bəxş edən. Birinci həyat yoldaşım uzun illər birgə xoşbəxt ömür sürdüyümüzdən sonra bir neçə il bundan əvvəl vəfat edib. Ondan olan iki oğlumuzdan İqor mənim yolumu davam edir, hazırda Kiyevdə yaşayır, alay komandiridir, Oleq isə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib, iqtisadçıdır. Başqalarından artıq deyiləm, amma başqaları kimi də deyiləm – bu sözlər ömürboyu şüarım olub. Kimsə bunu mənə irad tutmasın.

- Yeni ildə qəzetimizin oxucularına nə arzulayardınız?

- Can sağlığı, ruzi-bərəkət və arzularının çin olmasını. Bir də, əlbəttə, evlərində sülh və əmin-amanlığı. Ölkəmizə də firavanlıq və bolluq arzulayıram. Əminəm ki, yeni ildə prezident İlham Əliyevin rəhbərliyi altında – çünki qarşıdakı seçkidə əhalinin məhz ona səs verəcəyinə şübhəm yoxdur – Azərbaycan yeni-yeni nailiyyətlər qazanacaq, zirvələr fəth edəcək.

Raqif Niyazoğlu