Müxalifətin 4 iyun savaşı
Azərbaycan
1991-ci ildə müstəqilliyini bərpa etdikdən qısa müddət sonra hərbi çevrilişin
baş verməsi, AXC-Musavat cütlüyünün hakimiyyətə gəlməsi, səriştəsi olmayan
şəxslərə dövlət idarəçiliyinin tapşırılması ölkəni çıxılmaz vəziyyətə salıb.
Ermənistanla müharibə şəraitində olmasına rəğmən, ön xətdəki hərbi qüvvələrin
paytaxta cəlb edilməsi, vəzifə kürsüsü uğrunda mübarizənin aparılması, hətta qardaş
qırğınına yol açılması müstəqilliyin itirilməsi təhlükəsini yaradıb. 1993-cü
ilin 4 iyun Gəncə qiyamı da Azərbaycana belə təhlükəni yaradan hadisələrdən
biri olub. Həmin vaxt Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri
Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında
silahlı toqquşma baş verib. S.Hüseynovun
nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata
keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə
göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov
götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı
kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Gəncə
hadisələri ilə bağlı ölkədə böhran getdikcə daha da dərinləşib. S. Hüseynovun
tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət
strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar.
Belə bir
vaxtda Respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali
Məclisinin sədri, ümummilli lider Heydər Əliyevə müraciət olunub. Xalqın
təkidli-tələbi, prezident Əbülfəz Elçibəyin dəvəti ilə ulu öndər Heydər Əliyev
Bakıya gəlib. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz
əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin
sədriİsa Qəmbəristefa verib. Onun istefasını S.Hüseynovun başçılıq
etdiyi qiyamçılar dəstəsi tələb edib. Gəncə olaylarının araşdırılması üçün Milli
Məclis deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul
edib. Prezident Ə.Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri
postunu Naxçıvan Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevə təklif
etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və
yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Ulu öndər H.Əliyev bir
qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb, baş verənlərlə
yerindəcə tanış olub, ölkəni böhranlı vəziyyətdən çıxarmaq, Azərbaycanın
müstəqilliyinin qorunması istiqamətində əməli addımlar atıb. Milli Məclisin 15
iyun 1993-cü tarixli iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən
prezident Ə. Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri, ulu
öndər Heydər Əliyev parlamentin sədri seçilib. Həmin əlamətdar gün Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Bu hadisənin
üstündən 25 ildən artıq vaxt keçsə də 4 iyun Gəncə qiyamı, mərkəzi hökumətə
tabesizlik göstərən S.Hüseynov və qeyrilərinin əməlləri hələ də müzakirə
olunmaqdadır. Əsasən də bu müzakirələri həmin illərdə iqtidarda təmsil
olunanlar - hazırda müxalifət düşərgəsində yer alanlar aparırlar. Bu
müzakirələrdə qarşılıqlı ittihamlarla yanaşı, o zaman baş verən və indiyə qədər
geniş ictimaiyyətə məlum olmayan faktlar da dilə gətirilir. Misal üçün, Müsavat
başqanı, AXC-Musavat iqtidarı dövründə mühüm vəzifə sahibi olan Arif Hacılının
qardaşı Vaqif Hacıbəyli iyunun 19-da "Facebook” səhifəsində bu barədə geniş
status yazıb. O, müxalifətçi Qurban Məmmədovun 4 iyun qiyamı ilə bağlı
debatları davam etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin debatlarda S.Hüseynovun
"sağ əli” Nazim Bayram adlı bir xain də iştirak edir və ona hər dəfə "bəy”,
"hörmətli” kimi müraciət edilir. V.Hacıbəyli vurğulayıb ki, bu adam milli
qvardiyaçıların gülləbaran edilməsinə polkovnik Eldar Əliyevlə birlikdə
rəhbərlik edib. O, bildirib ki, milli qvardiyanın keçmiş zabiti Əzizağa
Süleymanov öz "Facebook” səhifəsində həmin dövrdə yazdığı xatirələrini təkrar bölüşüb.
Ardınca da həmin xatirələrdən bir hissəni bu şəkildə verib: "Gəncədə
qiyamçıların qabağına çıxa biləcək bir şəxsin olmadığını hiss edən sürətçilər
danışıq zamanı Azərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinovun
onlara təhvil verilməsini tələb edirdilər. Milli Qvardiya komandanı Tahir Məmmədov
Respublikanın baş prokurorunun heç kimə təhvil verilmiyəcəyini qəti sürətdə
bildirirdi. Hər dəqiqə vəziyət
ağırlaşırdı. Surət Hüseynovun tərəfdarları
isə baş prokuroru tələb edirdilər. Vəziyətin çıxılmaz olduğunu hiss edən Tahir
Məmmədov İxtiyar Şirinovu gizli yol vasitəsi ilə Milli Təhlükəsizlik
nazirliyinin Gəncəgəki inzibati binasının ərazisindən çıxardılması qərarına
gəldi. Milli Qvardiyanın iki nəfər xüsusi təyinatlı dəstəsinin üzvü Əlizadə
Tərlan Aydın oğlu və Rəfiyev Elgün Qoca oğlu baş prokuror İxtiyar Şirinovu Milli
Təhlükəsizlik Nazirliyinin inzibati binasının
arxa qapısından maneəsiz çıxarda
bilmişdilər. Sonradan aldığımız məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyinin
inzibati binasından gizli yola heç bir maneə olmadan qvardiyaçılar tərəfindən
çıxardılan Respublikanın Baş prokuroru İxtiyar Şirinov Gəncə şəhərinin
təhlükəsiz bir yerində olduğunu hiss edib, təhlükəsizliyini təmin edən Milli
Qvardiyaçıların xidmətlərindən imtina edib. Onları geri qaytararaq özü nəməlum istiqamətdə hərəkət
edib”.
Statusda daha
sonra qeyd edilib ki, həmin vaxt milli təhlükəsizlik nazirinin birinci müavini
Sülhəddin Əkbərov, Gəncə şəhəri milli təhlükəsizlik idarəsinin rəisi Rəfail
Mirzəyev və Milli Qvardiyanın komandanı Tahir Məmmədov S.Hüseynovun adamları
ilə danışıq aparıblar: "Surətin qiyamçılarına rəhbərlik edən Ruslan ("Zobik”) və
polkovnik Eldar Əliyevlə belə razılığa gəlmişdilər ki, qvardiyaçılar və milli
təhlükəsizlik nazirliyinin xüsusi təyinatlı dəstəsi silahlarını qiyamçılara
təhvil vermədən Gəncə şəhərindən heç bir maneə olmadan çıxırlar. Milli
təhlükəsizlik nazirnin müavini Süləhddin Əkbər və Gəncə şəhəri milli təhlükəsizlik
idarəsinin rəisi Rəfail Mirzəyev isə idarədə qalırlar. Bu razılıq əsasında
başda Milli Qvardiya komandanı Tahir Məmmədov olmaqla Gəncə şəhərindən çıxması
nəzərdə tutulan şəxslər iki avtobusa miniblər. Milli Qvardiyaya məxsus olan
avtobusa qvardiyaçıların bir hissəsi minib və yola düşüb. İkinci böyük avtobus milli
təhlükəsizlik nazirliyinə məxsus olub. Gəncə
şəhərində qiyamçı dəstəyə rəhbərlik edən
Ruslanın tələbi əsasında böyük avtobusu
Gəncə şəhərindən çıxana qədər sürətçilər tərəfindən təyin olunan sürücü idarə
etməli olub. Böyük Avtobusa Milli Qvardiyanın komandanı Tahir Məmmədov
başda olmaqla hər iki qurumun 50 dan çox əməkdaş minib. Tahir Məmmədov yerdə heç bir əməkdaşın qalmadığına
əmin olandan sonra özü avtobusun qabağında ayaq üstə durub, sürücüyə şəhərdən çıxmaları
barədə göstəriş verib. Birinci
avtobus ikinci avtobusdan bir az tez Milli təhlükəsizlik idarəsinin inzibati
ərazisindən çıxaraq Surət Hüseynovun qərargah saldığı 709 hərbi hissəyə
yaxınlaşıb”.
Statusda
bildirilib ki, həmin vaxt qiyamçılar dövlət qurumlarına məxsus avtobusla gələn
hərbiçilərə qabaqcadan tələ qurublar: "Qiyamçılar bir qrup adamlara tanınmasınlar
deyə "ağ masxalat” geydirərək yol kənarında gizlənmələrini təşkil ediblər. Hərbi
hissənin yaxınlığında Gəncəyə giriş-çıxış yol kəsişməsini göy rəngli VAZ 2106
markalı jiquli maşını ilə kəsiblər. Surət Hüseynovun qiyamçı dəstə üzvləri birinci
avtobusu atəş açmadan saxlayıb hərbi hissənin içərisinə sala biliblər.
İçərisində Milli Qvardiyanın komandanı Tahir Məmmədov olan ikinci avtobus yol
ayrıcına catan zaman əvvəlcədən yolu kəsmək üçün hazır vəziyyətdə olan göy
jiquli markalı maşının sürücüsü avtomobili hərəkətə gətirərək avtobusun yolunu
kəsib. Avtobusun sürücüsü maşını saxlayıb. Bunu görən Tahir Məmmədov həmin
sürücünü sükanın arxasından götürüb çölə atıb. Avtobusun əsl sürücüsü olan milli
təhlükəsizlik nazirliyinin əməkdaşı tez avtobusun sükanının arxasına keçib,
yolu kəsən jiqulini vuraraq yolu açıb və yolun Gəncə şəhərindən çıxışı
istiqamətində hərəkət edib”.
Statusda
qeyd edilib ki, bu zaman avtobusun qabağına qəflətən çıxan ağ masxalatlı hərbçi
əlindəki avtomatın altında quraşdırılmış qranatatanla avtobusu öndən vurub.
Nəticədə avtobusun ön şüşəsi parçalanaraq yerə tökülüb: "Avtobus dayanan kimi
onun sağ və solunda gizlənən "ağ masxalatlılar” tərəfindən avtobus hər iki
tərəfdən şiddətli avtomat atəşinə tutulub. İlk güllə avtobusun içində öndə olan
iri cüssəli, hündürboylu Milli Qvardiya komandanı Tahir Məmmədovun başına dəyib.
Tahir Məmmədov müqavimətin saxlaya bilməyib avtobusun ön hissəsindən aşaraq avtobusun
qabağına düşüb. Avtobusun sürücüsü də sükanın arxasındaca keçinib. Amansızlıqla,
qəddarcasına hazırlanmış bu teror aktı zamanı avtobusda 10 nəfər yerindəcə ölüb,
10 nəfərdən çox əməkdaş ağır güllə yarası alıb. Avtobusdan salamat çıxan, karate
üzrə Respublika və Avropa çempionu olan qvardiyaçı Hüseynov Firdovsi Hüseyn
oğlu avtobusun yanında mülki formada dayanan, əlindəki pistoleti avtobusdan
yaralı və təsadüfü salamat çıxan qvardiyaçılara tərəf tuşlayan bir üzü çapıq
Gəncə sakinindən, -"Bizi niyə güllələyirsiniz?” - deyə soruşduqda, həmin şəxs
"kəs səsini”, - deyib söyüş söyüb, əlindəki pistoletdən Firdovsiyə atəş açıb,
güllə ilə onu başından vurub. Başından aldığı güllə yarasından Firdovsi
yerindəcə keçinib”.
Həmin
dəhşətli anları təsvir edən status sahibi onu da əlavə edib ki, güllə səsini və
yaralanan insanların çağırışını eşidən, hadisə baş verən yerin yaxınlığında
yaşayan Gəncə sakinləri, bu vəhşi terror aktını görüb, küçəyə tökülüşüblər: "Evlərindən
küçəyə çıxıb onlara tərəf gələn insan axınını görən, ermənilərdən qorxub döyüş
bölgəsindən qaçıb fərarilik edən, onları tanımasınlar deyə "ağ masxalat” geyib
Milli Qvardiyaçıları qıran canilər qanlı cinayət hadisəsi törətdikləri yerdən dərhal
qaçıblar. Böyük insan qırğınının qarşısını alan sadə Gəncə vətəndaşları yaralı
və ölənləri fədakarlıq edib yolda saxladıqları maşınlara mindirib xəstəxanaya
göndəriblər. Hadisə yerində olan yaralı və sağ qalan qvardiyaçılar, mülki Gəncə
vətəndaşları sonradan söyləyiblər ki, atəşə tutulmuş avtobusun sağ və sol
tərəfindəki oturacaqlarda ölən və yaralı qvardiyaçıların bədənlərində ən azı
10-15 güllə yarası yeri olub”.
V.Hacıbəylinin
bu paylaşımının altında uzun-uzadı müzakirələr aparılıb. Mətləb Mütəllimli rəy
yazaraq bildirib ki, o dövrdə təşkil olunan deputat istintaq komissiyasının
əsas vəzifəsi Gəncə hadisələrinə siyasi qiymət vermək olsa da, onun da iştirakı
ilə tərtib edilən arayışda Milli Qvardiyanın xaincəsinə güllələnməsi epizodu
statusda göstərilən formada - detallı verilməyib. M.Mütəllimli yazıb ki, komissiya
sədri kimi bu onun günahıdır. S.Hüseynovun "sağ əli” kimi təqdim olunan N.Bayram
V.Hacibeyliyə xitabən yazıb ki, "Siz öz siyasi maraqlarınıza uyğun, Gəncədə
iyunun 4-ü hakimiyyətinizin törətdiyi cinayətə görə boyun qaçırmaq məqsədilə
mənim barəmdə mənfi ictimai rəy yaratmaq üçün çalışırsınız. Ancaq məni
qvardiyaçıların, yaxud başqa azərbaycanlıların güllələnməsində ittiham edirsinizsə,
böhtan söylədiyinizə görə məhkəməyə müraciət etməli olacam”.
Bu statusun
altındakı rəy bölməsində müzakirələr bax beləcə uzanıb. İttiham olunanlarla
ittiham edilənlər qarşılıqlı arqumentlərlə bir-birlərini "borclu” çıxarmağa
çalışıblar. Lakin bu faktdır ki, müstəqilliyimizin ilk illərində baş verən 4
iyun Gəncə qiyamı da, ölkənin vətəndaş müharibəsi səviyyəsinə gətirilib
çatdırılması da AXC-Musavat iqtidarının yarıtmaz fəaliyyətinin "əsəri” idi.
Həmin dövrdə siyasi hakimiyyətdə yer alanlar bu "əsərin” ərsəyə gəlməsində bu
və ya digər dərəcədə rol oynayan, günah sahibi olan şəxslərdir.
Rufik İSMAYILOV