AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müxalifətin 4 iyun savaşı

Müxalifətin 4 iyun savaşı

Təfsilat
22 İyun 2018, 22:22 7083
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən qısa müddət sonra hərbi çevrilişin baş verməsi, AXC-Musavat cütlüyünün hakimiyyətə gəlməsi, səriştəsi olmayan şəxslərə dövlət idarəçiliyinin tapşırılması ölkəni çıxılmaz vəziyyətə salıb. Ermənistanla müharibə şəraitində olmasına rəğmən, ön xətdəki hərbi qüvvələrin paytaxta cəlb edilməsi, vəzifə kürsüsü uğrunda mübarizənin aparılması, hətta qardaş qırğınına yol açılması müstəqilliyin itirilməsi təhlükəsini yaradıb. 1993-cü ilin 4 iyun Gəncə qiyamı da Azərbaycana belə təhlükəni yaradan hadisələrdən biri olub. Həmin vaxt Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Gəncə hadisələri ilə bağlı ölkədə böhran getdikcə daha da dərinləşib. S. Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. 
 
 

Belə bir vaxtda Respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevə müraciət olunub. Xalqın təkidli-tələbi, prezident Əbülfəz Elçibəyin dəvəti ilə ulu öndər Heydər Əliyev Bakıya gəlib. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını S.Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edib. Gəncə olaylarının araşdırılması üçün Milli Məclis deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib. Prezident Ə.Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Ulu öndər H.Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb, baş verənlərlə yerindəcə tanış olub, ölkəni böhranlı vəziyyətdən çıxarmaq, Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində əməli addımlar atıb. Milli Məclisin 15 iyun 1993-cü tarixli iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Ə. Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyev parlamentin sədri seçilib. Həmin əlamətdar gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
 
 

Bu hadisənin üstündən 25 ildən artıq vaxt keçsə də 4 iyun Gəncə qiyamı, mərkəzi hökumətə tabesizlik göstərən S.Hüseynov və qeyrilərinin əməlləri hələ də müzakirə olunmaqdadır. Əsasən də bu müzakirələri həmin illərdə iqtidarda təmsil olunanlar - hazırda müxalifət düşərgəsində yer alanlar aparırlar. Bu müzakirələrdə qarşılıqlı ittihamlarla yanaşı, o zaman baş verən və indiyə qədər geniş ictimaiyyətə məlum olmayan faktlar da dilə gətirilir. Misal üçün, Müsavat başqanı, AXC-Musavat iqtidarı dövründə mühüm vəzifə sahibi olan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli iyunun 19-da "Facebook” səhifəsində bu barədə geniş status yazıb. O, müxalifətçi Qurban Məmmədovun 4 iyun qiyamı ilə bağlı debatları davam etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin debatlarda S.Hüseynovun "sağ əli” Nazim Bayram adlı bir xain də iştirak edir və ona hər dəfə "bəy”, "hörmətli” kimi müraciət edilir. V.Hacıbəyli vurğulayıb ki, bu adam milli qvardiyaçıların gülləbaran edilməsinə polkovnik Eldar Əliyevlə birlikdə rəhbərlik edib. O, bildirib ki, milli qvardiyanın keçmiş zabiti Əzizağa Süleymanov öz "Facebook” səhifəsində həmin dövrdə yazdığı xatirələrini təkrar bölüşüb. Ardınca da həmin xatirələrdən bir hissəni bu şəkildə verib: "Gəncədə qiyamçıların qabağına çıxa biləcək bir şəxsin olmadığını hiss edən sürətçilər danışıq zamanı Azərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinovun onlara təhvil verilməsini tələb edirdilər. Milli Qvardiya komandanı Tahir Məmmədov Respublikanın baş prokurorunun heç kimə təhvil verilmiyəcəyini qəti sürətdə bildirirdi. Hər dəqiqə vəziyət ağırlaşırdı. Surət Hüseynovun tərəfdarları isə baş prokuroru tələb edirdilər. Vəziyətin çıxılmaz olduğunu hiss edən Tahir Məmmədov İxtiyar Şirinovu gizli yol vasitəsi ilə Milli Təhlükəsizlik nazirliyinin Gəncəgəki inzibati binasının ərazisindən çıxardılması qərarına gəldi. Milli Qvardiyanın iki nəfər xüsusi təyinatlı dəstəsinin üzvü Əlizadə Tərlan Aydın oğlu və Rəfiyev Elgün Qoca oğlu baş prokuror İxtiyar Şirinovu Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının arxa qapısından maneəsiz çıxarda bilmişdilər. Sonradan aldığımız məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasından gizli yola heç bir maneə olmadan qvardiyaçılar tərəfindən çıxardılan Respublikanın Baş prokuroru İxtiyar Şirinov Gəncə şəhərinin təhlükəsiz bir yerində olduğunu hiss edib, təhlükəsizliyini təmin edən Milli Qvardiyaçıların xidmətlərindən imtina edib. Onları geri qaytararaq özü nəməlum istiqamətdə hərəkət edib”.
 
 

Statusda daha sonra qeyd edilib ki, həmin vaxt milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərov, Gəncə şəhəri milli təhlükəsizlik idarəsinin rəisi Rəfail Mirzəyev və Milli Qvardiyanın komandanı Tahir Məmmədov S.Hüseynovun adamları ilə danışıq aparıblar: "Surətin qiyamçılarına rəhbərlik edən Ruslan ("Zobik”) və polkovnik Eldar Əliyevlə belə razılığa gəlmişdilər ki, qvardiyaçılar və milli təhlükəsizlik nazirliyinin xüsusi təyinatlı dəstəsi silahlarını qiyamçılara təhvil vermədən Gəncə şəhərindən heç bir maneə olmadan çıxırlar. Milli təhlükəsizlik nazirnin müavini Süləhddin Əkbər və Gəncə şəhəri milli təhlükəsizlik idarəsinin rəisi Rəfail Mirzəyev isə idarədə qalırlar. Bu razılıq əsasında başda Milli Qvardiya komandanı Tahir Məmmədov olmaqla Gəncə şəhərindən çıxması nəzərdə tutulan şəxslər iki avtobusa miniblər. Milli Qvardiyaya məxsus olan avtobusa qvardiyaçıların bir hissəsi minib və yola düşüb. İkinci böyük avtobus milli təhlükəsizlik nazirliyinə məxsus olub. Gəncə şəhərində qiyamçı dəstəyə rəhbərlik edən Ruslanın tələbi əsasında böyük avtobusu Gəncə şəhərindən çıxana qədər sürətçilər tərəfindən təyin olunan sürücü idarə etməli olub. Böyük Avtobusa Milli Qvardiyanın komandanı Tahir Məmmədov başda olmaqla hər iki qurumun 50 dan çox əməkdaş minib. Tahir Məmmədov yerdə heç bir əməkdaşın qalmadığına əmin olandan sonra özü avtobusun qabağında ayaq üstə durub, sürücüyə şəhərdən çıxmaları barədə göstəriş verib. Birinci avtobus ikinci avtobusdan bir az tez Milli təhlükəsizlik idarəsinin inzibati ərazisindən çıxaraq Surət Hüseynovun qərargah saldığı 709 hərbi hissəyə yaxınlaşıb”.
 
 

Statusda bildirilib ki, həmin vaxt qiyamçılar dövlət qurumlarına məxsus avtobusla gələn hərbiçilərə qabaqcadan tələ qurublar: "Qiyamçılar bir qrup adamlara tanınmasınlar deyə "ağ masxalat” geydirərək yol kənarında gizlənmələrini təşkil ediblər. Hərbi hissənin yaxınlığında Gəncəyə giriş-çıxış yol kəsişməsini göy rəngli VAZ 2106 markalı jiquli maşını ilə kəsiblər. Surət Hüseynovun qiyamçı dəstə üzvləri birinci avtobusu atəş açmadan saxlayıb hərbi hissənin içərisinə sala biliblər. İçərisində Milli Qvardiyanın komandanı Tahir Məmmədov olan ikinci avtobus yol ayrıcına catan zaman əvvəlcədən yolu kəsmək üçün hazır vəziyyətdə olan göy jiquli markalı maşının sürücüsü avtomobili hərəkətə gətirərək avtobusun yolunu kəsib. Avtobusun sürücüsü maşını saxlayıb. Bunu görən Tahir Məmmədov həmin sürücünü sükanın arxasından götürüb çölə atıb. Avtobusun əsl sürücüsü olan milli təhlükəsizlik nazirliyinin əməkdaşı tez avtobusun sükanının arxasına keçib, yolu kəsən jiqulini vuraraq yolu açıb və yolun Gəncə şəhərindən çıxışı istiqamətində hərəkət edib”.
 
 

Statusda qeyd edilib ki, bu zaman avtobusun qabağına qəflətən çıxan ağ masxalatlı hərbçi əlindəki avtomatın altında quraşdırılmış qranatatanla avtobusu öndən vurub. Nəticədə avtobusun ön şüşəsi parçalanaraq yerə tökülüb: "Avtobus dayanan kimi onun sağ və solunda gizlənən "ağ masxalatlılar” tərəfindən avtobus hər iki tərəfdən şiddətli avtomat atəşinə tutulub. İlk güllə avtobusun içində öndə olan iri cüssəli, hündürboylu Milli Qvardiya komandanı Tahir Məmmədovun başına dəyib. Tahir Məmmədov müqavimətin saxlaya bilməyib avtobusun ön hissəsindən aşaraq avtobusun qabağına düşüb. Avtobusun sürücüsü də sükanın arxasındaca keçinib. Amansızlıqla, qəddarcasına hazırlanmış bu teror aktı zamanı avtobusda 10 nəfər yerindəcə ölüb, 10 nəfərdən çox əməkdaş ağır güllə yarası alıb. Avtobusdan salamat çıxan, karate üzrə Respublika və Avropa çempionu olan qvardiyaçı Hüseynov Firdovsi Hüseyn oğlu avtobusun yanında mülki formada dayanan, əlindəki pistoleti avtobusdan yaralı və təsadüfü salamat çıxan qvardiyaçılara tərəf tuşlayan bir üzü çapıq Gəncə sakinindən, -"Bizi niyə güllələyirsiniz?” - deyə soruşduqda, həmin şəxs "kəs səsini”, - deyib söyüş söyüb, əlindəki pistoletdən Firdovsiyə atəş açıb, güllə ilə onu başından vurub. Başından aldığı güllə yarasından Firdovsi yerindəcə keçinib”.
 
 

Həmin dəhşətli anları təsvir edən status sahibi onu da əlavə edib ki, güllə səsini və yaralanan insanların çağırışını eşidən, hadisə baş verən yerin yaxınlığında yaşayan Gəncə sakinləri, bu vəhşi terror aktını görüb, küçəyə tökülüşüblər: "Evlərindən küçəyə çıxıb onlara tərəf gələn insan axınını görən, ermənilərdən qorxub döyüş bölgəsindən qaçıb fərarilik edən, onları tanımasınlar deyə "ağ masxalat” geyib Milli Qvardiyaçıları qıran canilər qanlı cinayət hadisəsi törətdikləri yerdən dərhal qaçıblar. Böyük insan qırğınının qarşısını alan sadə Gəncə vətəndaşları yaralı və ölənləri fədakarlıq edib yolda saxladıqları maşınlara mindirib xəstəxanaya göndəriblər. Hadisə yerində olan yaralı və sağ qalan qvardiyaçılar, mülki Gəncə vətəndaşları sonradan söyləyiblər ki, atəşə tutulmuş avtobusun sağ və sol tərəfindəki oturacaqlarda ölən və yaralı qvardiyaçıların bədənlərində ən azı 10-15 güllə yarası yeri olub”.
 
 

V.Hacıbəylinin bu paylaşımının altında uzun-uzadı müzakirələr aparılıb. Mətləb Mütəllimli rəy yazaraq bildirib ki, o dövrdə təşkil olunan deputat istintaq komissiyasının əsas vəzifəsi Gəncə hadisələrinə siyasi qiymət vermək olsa da, onun da iştirakı ilə tərtib edilən arayışda Milli Qvardiyanın xaincəsinə güllələnməsi epizodu statusda göstərilən formada - detallı verilməyib. M.Mütəllimli yazıb ki, komissiya sədri kimi bu onun günahıdır. S.Hüseynovun "sağ əli” kimi təqdim olunan N.Bayram V.Hacibeyliyə xitabən yazıb ki, "Siz öz siyasi maraqlarınıza uyğun, Gəncədə iyunun 4-ü hakimiyyətinizin törətdiyi cinayətə görə boyun qaçırmaq məqsədilə mənim barəmdə mənfi ictimai rəy yaratmaq üçün çalışırsınız. Ancaq məni qvardiyaçıların, yaxud başqa azərbaycanlıların güllələnməsində ittiham edirsinizsə, böhtan söylədiyinizə görə məhkəməyə müraciət etməli olacam”.

Bu statusun altındakı rəy bölməsində müzakirələr bax beləcə uzanıb. İttiham olunanlarla ittiham edilənlər qarşılıqlı arqumentlərlə bir-birlərini "borclu” çıxarmağa çalışıblar. Lakin bu faktdır ki, müstəqilliyimizin ilk illərində baş verən 4 iyun Gəncə qiyamı da, ölkənin vətəndaş müharibəsi səviyyəsinə gətirilib çatdırılması da AXC-Musavat iqtidarının yarıtmaz fəaliyyətinin "əsəri” idi. Həmin dövrdə siyasi hakimiyyətdə yer alanlar bu "əsərin” ərsəyə gəlməsində bu və ya digər dərəcədə rol oynayan, günah sahibi olan şəxslərdir.

Rufik İSMAYILOV