• cümə, 29 Mart, 05:22
  • Baku Bakı 7°C

“4 aldığıma görə gündəliyimi əl damına atdım” – Mən gənc olarkən

15.12.14 11:13 2256
“4 aldığıma görə gündəliyimi əl damına atdım” – Mən gənc olarkən
Bu gün də üç dünyada yaşadığını deyir. Biri insanlarla gündəlik təmasda olduğu, biri əməliyyat zamanı olduğu, digəri isə ədəbi yaradıcılıqla məşğul olduğu dünya. Bunların heç birinin bir-birinə bənzəmədiyini deyir. Müsahibimz şair, Amerika Oftolmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, professor Paşa Qəlbinurdur.
“Neftçi” ilə “Ararat” oynayanda...
1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində dünyaya göz açıb. Ailədəki 3 uşağın böyüyü olub. Atası sovxoz direktoru, anası bağça müdirəsi işləyib. Uşaqlığının əsas hissəsi Şəmkirdə, bir-iki ili nənəsinin yanında İrəvanda keçib. Deyir ki, nənəsigilin evi futbol stadionuna yaxın olduğundan futbol oyunlarını rahatlıqla seyr edirmiş: “”Neftçi” ilə “Ararat” oynayanda İrəvanda böyük izdiham olurdu. O vaxt İrəvanda yaşayanların yarısı azərbaycanlılar idi. Buna görə futbol oyunlarında stadionun yarısından çoxu azərbaycanlı olardı. Stadion həm İrəvanda yaşayan, həm də Bakıdan gələn azarkeşlərlərlə dolardı. Yarana biləcək Azərbaycan-erməni toqquşmasının qarşısını almaq üçün stadionun yaxınlığında çoxlu polis dayanardı. Mən uşaqlıq illərimdən erməni-azərbaycanlı qarşıdurmasını hiss etmişəm”.
“Hər gün anam gündəliyimizə baxardı”
Müsahibimiz çox fədakar valideynlərinin olduğunu deyir: “Ali təhsil almağımızda ata-anamın böyük rolu olub. Hər gün anam gündəliyimizə baxar, sonra birlikdə sabahkı dərslərimizi hazırlayardıq. Axşam saat 9-da isə ya anam, ya da atam bizdən dərslərimizi soruşardı. Həftənin hər altıncı günü valideynlərim növbə ilə məktəbə gedib müəllimlərimizdən bizi soruşardılar. Məhz valideynlərimizin sayəsində üçümüz də orta məktəbi qızıl medalla bitirmişik, üçümüz də Mosvada aspiranturanı, doktoranturanı qurtarmışıq”.
“Atam güləşi qadağan etdi”
Orta məktədə gündəliyinə “4” düşməsini faciə kimi qarşılayam həmsöhbətimiz 4-5-ci sinifdə oxuyanda iki dəfə “4” alıb: “Bu, mənə çox pis təsir etdi. Bilmirdim, gündəliyimi necə edim ki, ata-anam qiymətimi görməsin. Çox fikirləşdikdən sonra gündəliyimi aparıb həyətimizdəki əl damında arxaya atdım. Heç zaman yalan danışmazdım. Amma onda gündəliyimi itirdiyimi dedim. Mənə təzə gündəlik aldılar. Yayda əl damından nəsə axtaranda gündəliyim oradan çıxdı. Yalanımın üstü açıldı. Atam niyə belə etdiyimi soruşdu. “4”ümü onların görə biləcəyini dedim. Qeyd edim ki, ondan sonra heç zaman “4” almadım”.
Gündəlik məsələsindən sonra atası onun güləşə getməsinə qadağa qoysa da, məşqlərini evdə davam etdirir. Ali məktəbə daxil olanda isə Bakıda yenidən güləşə gedir.
Xəyalpərvər
Həmsöhbətimiz uşaq vaxtı çox xəyalpərvər olduğunu deyir: “Yadımdadır, anam mənə tapşırıq verib mətbəxdə yemək hazırlayırdı. Qayıdanda görürdü ki, əlim qulağımın dibində xəyala dalmışam. Həmişə də məni tənbeh edib deyirdi ki, “sənə deməmişəm dərslərini hazırla, xəyalpərvərin biri. Anam mənim idealım idi, həmişə ondan güc almışam”.
“Uşaq vaxtı onu sevdiyimi dedim”
Orta məktəbdə ən çox kimya və riyaziyyat fənlərini sevib: “Uşaq vaxtı heç zaman ədəbiyyatı sevməsəm də, sonralar şeir, roman yazdım. İndi fikirləşirəm ki, o vaxt bizi əzbərləməyə məcbur etdikləri şeirlər çox zəif olub. Buna görə şeirləri əzbərləmək mənə çətin gəlirdi. Əgər o şeirlər ürəyimcə olsaydı, çox rahatlıqla əzbərləyərdim”.
P.Qəlbinur ilk şeirini 13 yaşında yazıb. Gələcəkdə oftalmoloq olacağını bilmədən ilk şeri “Gözlər” olub: “O şeiri eyni partada oturduğum sevdiyim qıza həsr etmişdim. Çox sonralar uşaq vaxtı onu sevdiyimi, həyətlərində saatlarla dayanıb gəlişini gözlədiyimi bildirəndə, dedi ki, kaş bunu o vaxt biləydi. Həyat yoldaşımı isə təyinatla Gəncəyə işləməyə gedəndə görüb bəyənmişəm”.
Gözlərinin 200 faiz uzağı, 300 faiz yaxını gördüyünü deyən P.Qəlbinurun gözləri mikroskopsuz yaxın və uzağı artırır. Bu, milyonda bir adamda olur: “Elə bil, taleyim mən doğulmamışdan əvvəl də göz həkimi olacağıma hesablanıb”.
Göz həkimi olmağa həvəsləndirən hadisə
Orta məktəbi qızıl medalla bitirdikdən sonra sənədlərini öz istəyi ilə Tibb Universitetinə verən müsahibimiz uşaq vaxtı əvvəlcə təyyarəçi, sonra rejissor olmaq istəyib. Amma böyük dayısının sayəsində həkim olmağa qərar verib: “Böyük dayım göz həkimi idi. Onun bir xəstəsi vardı. İyirmi yaşına qədər qız kor olsa da, dayım onun gözlərini açmışdı. Hər il əməliyyat günü həmin qız ailəsi ilə birgə pay-püş, gül-çiçəklə dayımgilə gəlirdilər. Məhz bu hadisə məni göz həkimi olmağa həvəsləndirdi”.
Sonradan P.Qəlbinurun da dayısının xəstəsi kimi vəfalı xəstəsi olur: “Moskvada oxuyub Bakıya yenicə dönəndə bir müəllimənin gözündə əməliyyat etdim və gözü bərpa olundu. Hər il sentyabrın 1-də qapımızın zəngi çalınır və o, bir dəstə güllə içəri girir. Həm yaradıcı adam, həm həkim üçün bu, xoş bir şeydir”.
“Bir aylıq materialı sutka yarıma öyrəndim”
P.Qəlbinur tələbəlik illəri ilə bağlı xatirələrini də bizimlə bölüşdü. Tələbəlikdə kirayədə qaldığını deyən oftalmoloqun yemək bişirmək bacarığı çox zəif olub. Yalnız, ət, kartof qızarda, qayğanaq bişirə bilirmiş: “Mən yeməyə bağlı adam deyiləm. Bu gün də evdə heç kim olmasa, bir tikə pendir-çörəklə özümü doyura bilirəm. Yemək heç yadıma da düşmür. Bəzən bütün günü işləyirəm, amma yemək yadıma düşmür”.
Orta məktəbdə olduğu kimi, ali məktəbdə də dərslərini əla oxuyan müsahibimiz hətta başqa tələbələrin bir aya öyrənəcəyi materialı sutka yarıma öyrənir: “Anatomiya çox çətin bir fəndir, elə hissələri var ki, bir ay vaxt lazımdır ki, oxuyub nəsə öyrənəsən. Mən uşaqlarla mərc gəldim ki, bir sutka yarım yatmayıb bir aylıq materialı hazırlaya bilərəm. Dediyim kimi də etdim. Bütün institut bunu danışır və mən də bununla fəxr edirdim. O vaxtlar biz çoxlu kitab oxumaqla, dil öyrənməklə öyünərdik. İndi mən öz tələbələrimə də deyirəm ki, adam elmi, savadı ilə öyünər”.
İsmayıl MƏMMƏDOV

banner

Oxşar Xəbərlər