• cümə axşamı, 28 mart, 14:21
  • Baku Bakı 16°C

“3D Gallery Baku” - paytaxtın ilk və tək müasir əyləncə məkanı- Reportaj

03.03.18 09:30 6501
“3D Gallery Baku” - paytaxtın ilk və tək müasir əyləncə məkanı- Reportaj
3D, 4D, 7D formatlı görüntülər artıq müasir həyatımızın bir parçasını təşkil edir. Bu vizual görüntü formatlarından ən çox yayılanı, təbii ki, 3D-dir. "3 Dimension”un ("3 ölçülü") qısaltması olan 3D, görüntünün daha real formada təzahür etməsidir. Belə ki, biz normal halda televiziyada, kompyuter oyunlarında, fotolarda və s. görüntünü ikiölçülü olaraq, yəni təsvirin en və uzununu görürük. Amma 3D görüntü sayəsində predmetin həm də dərinliyini görmək mümkün olur ki, bu da görüntünü daha real təzahür etdirir.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da 3D oyunlar, 3D filmlər, hətta 3D formatında foto qalereya da fəaliyyət göstərir. Sonuncu – 3D foto qalereya paytaxt Bakı üçün yenidir, yəni bir ilkdir.
Beləliklə, müasir dövrün ideal əyləncə və fotoçəkmə məkanı olan "3D Gallery Baku”dayıq. Qalereyanın yaradıcıları gənclərdir - Sirac Məmmədli və Amir Nəzirov. Onlar qrafik-dizayner işləri üzrə peşəkar ikilidirlər desək, yəqin ki, yanılmarıq. Bu gənclər güclərini bir yerə toplayıb "3D Gallery Baku”nu açıblar. Şəhərin mərkəzində, "AF Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində qərar tutan bu məkan, sözün əsl mənasında gənclərin və özlərini hər zaman gənc hesab edənlərin ən ideal əyləncə məkanıdır.
Bizi məkanda Sirac Məmmədli qarşıladı. O, qalereya barədə məlumat verərək layihənin haradan və necə qaynaqlanmasından danışdı: "Amirlə belə bir layihə barədə düşünürdük. Gənclərin fotoya və sosial şəbəkələrə olan marağını da nəzərə alıb, bu məkanı açmaq qərarına gəldik. Biz hər zaman foto sənətində yeniliklər etməyə can atmışıq. Özüm bir müddət reklam sahəsində çalışmışam. Daha sonra fəaliyyətimi bu yöndə davam etdirmişəm. 3D formatında bir qalareyanın yaranması Azərbaycanda bir ilkdir. Gənclər olaraq ölkəmizdə o qədər də inkişaf etməyən bir sahədə yeni layihələrə imza atmaq istədik. Əslində, bu format 2010-cu ildən bəri bir çox inkişaf etmiş ölkələrdə mövcuddur”.
3D formatlı şəkillərin olduğu bu məkanda sizin nə peşəkar fotoaparata, nə də ki FhotoShop-a ehtiyacınız olur. Belə ki, divarlarda müasir, qabarıq görüntülü şəkillər asılıb ki, siz onların birinin qarşısına keçməklə elə telefon vasitəsi ilə özünüzü şəkildəki məkanda təsəvvür edə bilirsiniz. Çəkilən şəkil sizi o məkanda və ortamda olmuş kimi təsvir edir. İstədiyiniz bir ölkəyə getmək istəyir, ancaq gedə bilmirsinizsə, bunun üçün narahatlığa ehtiyac yoxdur. Siz bu məkana gəlməklə dağda, şəlalədə, ən hündür binaların başında, cəngəllikdə, zombilərin arasında, cizgi filmi qəhrəmanlarının yanında və sair məkanlarda 3D-li şəkillər əldə etmək imkanı qazanırsız.

Amir Nəzirov qalereyada proqramlarla çalışır. Onun işi tamam fərqlidir. Belə ki, onlar nəinki 3D şəkillər üzərində çalışır, eyni zamanda şəkillərlə insanları zamanla səyahətə aparmaq şansı yaradırlar. Amir Nəzirov fon üzərində fotoaparatla şəkil çəkib, şəkilləri istənilən film, cizgi film qəhrəmanlarına çevirməyi bacarır. Onun əl işləri tamamilə fərqlidir və seçilir. Belə ki, hər bir xırda detallar onun üçün önəm daşıyır. Məhz bu səbəbdəndir ki, əl işləri film çəkən şirkətlərin də diqqətini çəkib. Bu iki gənc hazırda yeni çəkilən əksər filmlərimizin posterlərinin müəllifləridir. Belə ki, onlar "3 badam, bir qoz”, "Stalinin başı”, "Toydan sonra”, "Cekpot”, "Ağ Tük” filmlərinin posterlərini hazırlayıblar.
Kompyuterdə hazırlanan obrazlı şəkillər isə standartdan və gözümüzün alışdığı fotoşop şəkillərindən uzaqdır. Sirac deyir ki, kompyuterdə, qrafikdə yığılan şəkillərdə digər fotostudiyalarda kimi canlı dekorasiyadan istifadə olunmur: "Dekorasiyanı biz özümüz kompyuterlə qururuq. Digər fotoqraflar bircə proqram öyrənməklə adi şəkli götürüb onun başının yerinə başqasını qoyurlar. Biz hər şeyi detalları ilə, xırdalığı ilə işləyirik”.
Hər bir işin başlanğıcında dəstək mütləqdir. Gənclər isə deyir ki, onlara bu işlərində heç bir dəstək olmayıb: "Bizi qabağa çəkən və yaxud da ki, arxamızda dayanan heç kim yoxdur. Biz öz gücümüzə nələrsə etməyə çalışırıq. Bu sahəni anlayan çox az sayda insan var. Anlayanların da bəziləri yerimizi, məkanımızı tanımır. Çox şükür ki, işlərimizi izləyərək dəyər verənlər yavaş-yavaş çoxalır. İş iş gətirir. Bizim şəkillərimizlə digərlərini müqayisə etdikdə, fərq o dəqiqə hiss olunur. Şəkillər xromokeydə çəkilir, obraza uyğun peşəkar şəkillər çəkirik. Özümüzə lazım olanlarını seçib fonları hazırlayırıq. Çalışırıq hamı ilə dil tapaq. Bizə müraciət edənlərin hər biri işimizi bəyənir. Müştərinin istəyini qarşılamağa çalışırıq”.

Gənclərdən gələcək hədəflərini də xəbər alırıq. Gələcəyə doğru ümidləri çoxdur. Deyirlər ki, heç kimi təkrar etməyək, kreativ olaq, tam fərqli formatda yeniliklər edək. Dəstək olsa, daha böyük işlər görməyin mümkünlüyündən danışdılar: "Digər inkişaf etmiş ölkələrdə bu cür qalereyalar dövlət səviyyəsində təşkil olunur və bunun üçün daha böyük sahə ayrılır. Həmin yerlərə turistlər gəlir. Bu bir növ əyləncəyə də çevrilir. Bu fonlar özləri də çox bahalıdır. Bunları biz hazırlamırıq. Hər zaman araşdırma aparırıq, hansı ölkədə nə var deyə. Çalışırıq onu burada tətbiq edək. Güclü PR və reklam olsa, təbii ki, gözəl açılış edə bilsək, dəvət etdiklərimiz naz etməyib gəlsələr, onda insanlara bunu daha tez anlatmaq olar. Anlayışı olan bilir ki, bu çox əziyyətli işdir. Bir zövq məsələsidir. Həm də bir növ əyləncədir. İndi insanlar sosial şəbəkələrdə şəkil paylaşmaq üçün müxtəlif məkanlara gedirlər. Hər daşın, torpağın yanında şəkil çəkdirirlər. Əslində, bizim formata maraq olsa da, insanlar istəyir ki, pulsuz olsun. Pulsuz da etmək olar, dövlət səviyyəsində diqqət ayrılsa, kimsə bizə dəstək versə...”
Gənc cütlüklərin daha çox üz tutduğu bu məkanın foto ustaları standart, tez-tez görməyə alışdığımız "Love Story”lər çəkməkdən imtina edirlər. Deyirlər ki, bir insan hər işlə məşğul olanda hamısına yarımçıq nail olur: "Toy çəkən insan studiya çəkilişi etməməlidir, sırf toy üzərində təkmilləşməlidir. Biz nə vinetka, nə də toy çəkirik. Düzdür, bu sahədə çox qazanc var, ancaq məsələ tək qazancda deyil. Əgər yenilik edirsənsə, bunu mükəmməl şəkildə etməlisən. Biz bunu daha kasıb təbəqə üçün nəzərdə tutmuşuq”.
Buradakı fonlar çox baha başa gəlir. Elələri var ki, onlar xaricdən sifariş verilib və onu burada hazırlatmaq mümkünsüzdür. Gənclər deyir ki, əslində 3D formatında ideyaları çoxdur. Qalereyada 20-yə yaxın fon var, ancaq halbuki minlərlə fon düşünməyin mümkün olduğunu vurğulayırlar.
Qeyd edək ki, qalereyada bütün şəkillərlə istənilən qədər şəkil çəkdirmək mümkündür. Bir nəfər üçün qiymət isə 10 manatdır. Hər fonda insan istədiyi formada şəkillər çəkdirə bilər. Burada uşaqlar, böyüklər, orta yaş nümayəndələri üçün müxtəlif zövqdə fonlar mövcuddur. Eyni fonda 10-dan çox formada şəkil çəkmək mümkündür.

Gənclərə işlərində uğurlar arzulayırıq!
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər