AZE | RUS | ENG |

3D formatında dərs

3D formatında dərs
Yasamal rayonundakı 18 saylı məktəbin 6-9–cu siniflərində tətbiq olunan yeni sistem gələcəkdə yuxarı siniflərə də şamil ediləcək

Azərbaycanda ilk dəfə olaraq Bakının Yasamal rayonundakı 18 №-li orta məktəbdə dərslər 3D texnologiyası ilə tədris olunmağa başlayıb. Dünən bununla bağlı Mikayıl Müşfiqin adını daşıyan həmin məktəbdə 3D stereo görüntülü biologiya kabinetinin təqdimatı keçirildi. Təqdimat mərasimində Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri və KİV təmsilçiləri iştirak etdilər.
3D formatlı fənn kabineti təqdim olunmazdan əvvəl məktəbdə aparılan yenidənqurma işləri və maddi-texniki baza barədə jurnalistlərə ətraflı məlumat verildi. KİV nümayəndələri praktik olaraq, məktəbin mövcud vəziyyəti ilə tanış oldular. Təhsil müəssisəsinin direktoru Vaqif Hüseynli bildirdi ki, orta məktəb tamamilə yenidən qurulub və bu il sentyabrın 15-də açılışı olub: “Məktəbimizin maddi-texniki bazası möhkəmlənib, siniflərin sayı artıb, müasir texnologiya ilə təchiz olunmuş yeni kabinet və laboratoriyalar yaradılıb. Ən əsası odur ki, bizim uzun illər gözlədiyimiz akt zalımız var. Hazırda 18 saylı təhsil müəssisəsində 1670 şagird təhsil alır”. Direktor qeyd etdi ki, məktəbin yerləşdiyi bina 1966-cı ildə inşa olunub. O vaxtdan bəri burada bu cür genişmiqyaslı yenidənqurma işləri aparılmayıb: “Prezident sərəncamına əsasən, məktəbdə 2012-ci ildə həyata keçirilən yenidənqurma işləri zamanı əlavə üçmərtəbəli yeni korpus inşa olunub. Burada müasir qurğularla təchiz edilmiş idman zalı yaradılıb. Bundan başqa, beşmərtəbəli əsas korpusa daha bir mərtəbə əlavə olunub. Binanın 6-cı mərtəbəsində 168 yerlik akt zalı, yeməkxana, kitabxana, müasir oxu zalı istifadəyə verilib. Məktəbimizin texniki təchizatı çox yüksək səviyyədədir. İndi məktəbimizdə 110 kompyuter, 8 noutbuk, 15 “ağıllı lövhə”, 15 kompyuter lövhəsi vardır. Biz tədris prosesində bu texniki vasitələrdən geniş istifadə edəcəyik”.
Qeyd edək ki, sözügedən məktəbin açılışında prezident İlham Əliyev də iştirak edib. Onun bu məktəb barədə söylədiyi nitqdə deyilir: “Mən çox şadam ki, Bakıda yeni gözəl məktəb artıq qapılarını şagirdlərin üzünə açır. Burada həm oxumaq, həm də işləmək üçün yaxşı şərait vardır, valideynlər də razı olacaqlar. Bir sözlə, biz çalışırıq ki, şəhərimizin və ölkəmizin bütün məktəbləri bu səviyyədə olsun. Son illərdə buna nail ola bilmişik. Çünki təkcə keçən il Bakı şəhərində 60-dan çox məktəb əsaslı təmir edilib. Bu il isə 81 məktəb təmir edilir, yeni korpuslar, yeni məktəblər tikilir və gələn ilin sonuna qədər Bakı şəhərinin məktəb problemi yüz faiz həll olunacaqdır. Gələn il 120 məktəbin əsaslı təmiri nəzərdə tutulur. Beləliklə, Bakıda bir dənə də olsun yararsız, təmirsiz, qəzalı vəziyyətdə məktəb olmayacaqdır”.
Qeyd edək ki, məktəbin Heydər Əliyev Muzeyində ulu öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı müxtəlif kitab, sənəd və fotolar toplanıb. Muzeylə tanışlıqdan sonra jurnalistlər idman və oxu zallarına da baş çəkdilər. Sinif otaqları ilə tanışlıq zamanı jurnalistlərin diqqətinə çatdırıldı ki, məktəbdə 59 otaq, o cümlədən 41 sinif otağı var. Burada, həmçinin müasir tələblərə cavab verən linqafon, informatika, fizika, kimya, biologiya, təsviri incəsənət, Azərbaycan, rus, alman dilləri kabinetləri fəaliyyət göstərir. Vurğulandı ki, elektron və smart lövhələrin quraşdırıldığı sinif otaqlarının hamısı tədrisin yüksək şəraitdə keçirilməsinə geniş imkanlar verir. Məktəbdə daha bir yenilik isə müəllimlər otağından Bakının istənilən başqa məktəbi ilə birbaşa video-konfrans keçirməyin mümkün olmasıdır.
Daha sonra hər kəsin maraqla gözlədiyi biologiya kabinetinə daxil olduq. Burada Azərbaycanda ilk dəfə 3D stereo görüntü texnologiyaları əsasında lövhə quraşdırılıb. Sinif otağında hər partanın üzərində, yəni şagirdlərin sayına görə 3D eynəklər qoyulub. Bu eynəklər ekranda görüntülərin daha canlı təsvirinə imkan yaradır. Media təmsilçiləri də bir neçə dəqiqəlik şagird kimi, həmin eynəklərlə fənnin necə tədris olunduğunun şahidi oldular. Məktəbin biologiya müəllimi Lalə Qurbanova müxtəlif canlıların və insan orqanlarının funksiya və xüsusiyyətləri barədə görüntülü təqdimat etdi. Bildirdi ki, dərslərin 3D formatda tədrisi hazırda 6-9-cu siniflər üçün nəzərdə tutulub. Gələcəkdə 10-11-ci siniflər də bu kabinetdəki texnologiyadan yararlana biləcəklər: “Bu texnologiyadan zoologiya, botanika və insan fənlərinin tədrisində istifadə ediləcək. 3D effektli dərs vəsaitinin tətbiq olunduğu kabinet Azərbaycanda ilk dəfə olaraq bu məktəbdə təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərin tədris prosesinə diqqət və marağını artırmaqdır”.
Direktor V.Hüseynli isə bildirdi ki, 3D texnologiyası tədrisin daha yaxşı təşkil olunmasına imkan verir: “Gələcəkdə fizika, kimya, coğrafiya fənlərinin tədrisində də 3D texnologiyasının tətbiqi planlaşdırılır”. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov isə bildirdi ki, bu layihə sınaq məqsədilə həyata keçirilir. Layihənin nəticəsindən asılı olaraq, 3D formatlı kabinetlərin digər məktəblərdə də yaradılması məsələsinə baxıla bilər.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219