38 yaşında professor olan millət vəkili - Keçmişdəki mən
Ziyalı ailəsində
dünyaya göz açıb. Elə bir mühitdə böyüyüb ki, təhsil onun həyatında hər zaman əsas
prioritet olub. Deyir ki, uşaq vaxtı həmyaşıdlarından fərqli olaraq dəcəllik
etdiyinə görə yox, həddən artıq dərs oxuduğuna görə danlanırmış. Amma iş elə gətirir
ki, məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilmir. Amma bu hadisə onu
hədəfindən yayındırmır. Söhbət millət vəkili
Elman Nəsirovdan gedir.
Söhbətimizdə
ilk olaraq millət vəkilinin uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik.
1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində dünyaya gələn
Elman Nəsirov deyir ki, atası orta məktəbdə riyaziyyat müəllimi, anası isə
üzümçülük sovxozunda aqronom işləyirmiş: "Bizim ailədə təhsilə, elmə maraq həmişə
böyük olub. Ailədə 6 uşaq idik, iki qardaş, dörd bacı. Atam o vaxtkı Neft və
Kimya İnstitutunda il yarım oxuduqdan sonra, sənədlərini geri götürərək Tibb
Universitetinin müalicə işi fakültəsinə qəbul olub. İki il də orada oxuduqdan
sonra ürəyincə olmadığını düşünərək, Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsini bitirib. Mən belə mühitdə böyümüşdüm. Hamı kimi
mənim də uşaqlıq illəri yaddaşımdan heç vaxt silinmir. İndiki dövrdən fərqli
olaraq bizim uşaqlığımız küçələrdə keçirdi. Gün ərzində çoxlu oyunlar oynayar,
bütün günü əylənərdik. Futbol oynadığıma görə həmişə şalvarımın dizləri gömgöy
olurdu. Buna görə anam evdə həmişə məni danlayırdı”.
"Gördüyü mənzərə anamı çox kövrəldib”
Millət vəkili
uşaq illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "İndi addımbaşı böyük
marketlər var, şükür ki, uşaqlar hər istədiyini ala bilir. Amma bizim
vaxtımızda hər şey belə əlçatan deyildi. Kəndimizdə ZİL maşınında dondurma
satırdılar. Biz o maşının siqnalını eşidən kimi arxasınca qaçırdıq. Bir dəfə
maşın gələndə evə qaçıb anamdan pul istədim ki, özümə dondurma alacam. Anam da
xəmir hazırlayırdı. Dedi ki, hər gün dondurma pulu istəyirsən, daha yordun
bizi, boğazın da ağrıyır. Beləcə öz işinə davam etdi. Mən də çox təkid etmədən,
maşının yanına qayıdıb, satıcının uşaqlara satdığı dondurmalara həsrətlə
baxdım. Anam birdən əllərini yuyub maşının yanında məni gördü. Sən demə,
gördüyü mənzərə onu çox kövrəldib. Buna görə mənə bir yox, iki dondurma aldı. Hətta
o, illər sonra da bu hadisəni xatırlayıb kövrəlir”.
E.Nəsirov
deyir ki, sakit təbiətli, oxumağa meylli uşaq olduğu üçün evdə çox danlanmayıb:
"Bəzən saatlarla tənlik həll edirdim, bacımgil deyirdi ki, çıx bir az hava al,
biz də ev-eşiyi təmizləyək. Amma nəticə əldə etməyənədək yerimdən durmurdum. Ən
çox buna görə danlanırdım. Orta məktəbə də elə Təzəkənddə getmişəm. Birinci
sinifdən on birinci sinfə kimi əlaçı şagird idim, həmişə də ön sırada əyləşirdim.
Şərəf lövhəsində hər zaman şəklim olduğuna görə, bu məndə vərdiş halını
almışdı. Biz xüsusi ixtisas bölgüsü etmədən oxuyurduq. O vaxt repetitor
anlayışı yox idi. Hər kəs imtahana özü evdə hazırlaşırdı. Mən, bibimoğlu və
dayımqızı BDU-nun tarix fakültəsinə birgə hazırlaşırdıq. İmtahandan əvvəl biz
bir-birimizlə xeyli sorğu-sual edirdik. Məktəbdə öyrəndiklərimiz və fərdi
çalışqanlığımız hesabına ali məktəbə qəbul olurduq”.
Yüksək bal toplasam da, universitetə qəbul olmadım
Orta məktəbi
bitirən millət vəkili qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, həmin
il universitetə qəbul ola bilmir: "Hüquq və tarix fakültəsi arasında qərarsız
qalmışdım. İş elə gətirdi ki, Əfqanıstanda xidmət edən gənclər konkursdan kənar
qəbul edildi. Həmçinin, iş stajı olanlar da asanlıqla universitetə qəbul
olurdu. Bizim kimi abituriyentlərin universitetə qəbul olması çox çətin idi. Mən
çox yüksək bal toplasam da, qəbul olmadım və
hərbi xidmətə yollandım”.
Həmsöhbətim
hərbi xidmət illərini Moskvada keçirib: "Tikinti batalyonuna düşmüşdüm. Onu da
deyim ki, yüksək bal toplayıb universitetə qəbul olmamağım əsgərlikdə karıma gəldi.
Orada siyasi məşğələlər keçirilirdi və mən əksər sualları cavablaya bildim.
Buna görə yoldaşlarımdan seçilirdim. Nəticədə məni Moskvanın bütün tikinti
batalyonlarının tabe olduğu idarəyə yolladılar. Orada bir il işlədim. Sonrakı
bir ili isə Moskva yaxınlığında yerləşən bir zavodda dispetçer vəzifəsində işlədim.
Orada olduğum müddətdə vaxt tapdıqca imtahanlara hazırlaşırdım. O zaman hərbi
hissə rəhbərliyi mənə Moskva Dövlət Universitetində göndərişlə oxuya biləcəyimi
dedi. Soruşdum ki, Bakıda qəbul ola bilməsəm Moskvada oxuya bilərəm? Dedilər
ki, nə vaxt istəsən, sənə şərait yarada bilərik”.
Yataqxana mühitində ciddi elmlə məşğul ola bilməzdim
Hərbi xidmətdən
qayıtdıqdan sonra BDU-nun tarix fakültəsinə qəbul olan müsahibim deyir ki, əslində,
onun uşaqlıq arzusu diplomat olmaq idi. Ancaq seçdiyi ixtisas bu gün onun bütün
arzularını reallaşdırıb: "Dayılarım Bakıda yaşadığına görə bu şəhərin mühiti mənim
üçün yad deyildi. Hər dəfə gələndə onlarda qalıb imtahanlara hazırlaşırdım.
Yadıma gəlir ki, Zabitlər bağında bir küncə çəkilib oxuyurdum. 1989-cu ildə
tarix fakültəsinə daxil oldum. Düzü, universitetə daxil olduqdan sonra
yataqxanada qala bilərdim, lakin orada çox səs-küy olduğuna görə rahat mütaliə
edə bilmirdim. Atam mənə Montində kirayə ev tutdu. Tələbə yoldaşlarım çox vaxt
bizə gəlirdi ki, dərslərimizi oxuyaq. Çünki evdə sakit mühit var idi. Bu evin
sonradan mənim təhsildə uğur qazanmağıma çox köməyi dəydi. Yəqin ki, yataqxana
mühitində ciddi elmlə məşğul ola bilməzdim”.
Elman müəllim
deyir ki, ali məktəbi də əla qiymətlərlə başa vurub: "Bizim dekanımız Yaqub
Mahmudlu idi. Yaqub müəllimin o dövrlərdə böyük nüfuzu var idi. O, ən çətin
dövrlərdə belə öz tələbələrini ciddi şəkildə müdafiə edirdi. Həmin dövrdə
BDU-dan tələbələr xaricə oxumağa göndərilirdi. Mənim də Lomonosov adına Moskva
Dövlət Universitetinə getmək şansım yaranmışdı. Ancaq o dövrdə baş verən siyasi
təlatümlər, Qarabağ hadisələri buna imkan vermədi. Yəni iki dəfə Moskvada təhsil
almaq imkanım olsa da, bu, baş tutmadı. Amma buna görə peşman deyiləm.
Universiteti əla qiymətlərlə oxudum, beş il ərzində cəmi bir dördüm oldu. Bir dəfə
elə oldu ki, məndən imtahanı dekan götürdü. Onun bütün kitablarını oxuyub
konspekt hazırlamışdım. Həmçinin, özlüyümdə ona verəsi xeyli suallarım var idi.
Belə bir fürsət axtarırdım ki, onun özünə bu sualları ünvanlayım. İmtahan
bitdikdən sonra dedim ki, Yaqub müəllim, mənim sizə suallarım var. Bu yanaşmam
çox xoşuna gəlmişdi və bütün suallarımı səbirlə cavabladı. Tələbələr tez-tez
qapını açıb görürdülər ki, imtahanda mən yox, Yaqub müəllim özü danışır.
İmtahan bitəndən sonra tələbə yoldaşlarım məndən soruşdular ki, biz başa düşmədik
imtahanı sən verirdin, yoxsa dekan”?
"Yaqub müəllimə hər zaman minnətdar olmuşam”
Elə bu
hadisə həyatında dönüş nöqtəsi olur: "Bu imtahandan sonra dekanımız məni hər
zaman diqqətdə saxlayırdı. Universiteti bitirdikdə fakültənin böyük elmi
şurasında dedi ki, bu tələbə mənə dərs keçməyə imkan vermir, onun sualları məni
yorur. Beləliklə, mən BDU-da saxlanıldım. 1995-ci ildən başlayaraq, Amerika və
Avropa ölkələrinin müasir tarixi kafedrasında baş laborant kimi işə başladım.
İşlədiyim müddətdə müdafiəmi etdim, kitablarım çap olundu. Bu hadisə elmə gəlişim
və sonrakı karyeramda müstəsna rol oynadı. Buna görə Yaqub müəllimə hər zaman
minnətdar olmuşam”.
Həmsöhbətim
deyir ki, indiki dövrün gəncləri çox şanslıdır. Çünki texnologiyanın inkişafı
onlar üçün geniş imkanlar yaradır: "1997-ci ildə Təhsil Nazirliyi, BDU və Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti ilə "Azərbaycan neftinin dünəni, bu günü və
sabahı” adlı olimpiada keçirilirdi. O dövrlərdə hər evdə kompüter yox idi. Mən
Kibernetika İnstitutuna gedib 50 səhifəlik tədqiqat işimi orada işləyən bir
xanıma verdim ki, onu yığsın. Bir gün əvvəl xanıma yaxınlaşdım ki, yazımı təhvil
alım. Gördüm qanı çox qaradı. Sən demə, bütün yazılarım silinibmiş. Bu
materialı yazmaq isə ən yaxşı halda 4-5 gün vaxt aparır və sabah da sənədlərin təqdim
etməyin sonu günü idi. Artıq hamı öz sənədlərini təhvil vermişdi. Bilmədim nə
edim, çarəsizlikdən gəlib komissiyaya əhvalatı olduğu kimi danışdım. Onlar məni
başa düşdülər və vaxtı əlavə bir gün də uzatdılar. Nəticələr 6 aydan sonra
açıqlandı və mən birinci yerə layiq görülmüºdüm. Mənə 500 dollar mükafat verdilər.
Bu, o dövr üçün çox böyük pul idi. Sonralar bu tədqiqat işim əsasında kitabım dərc
olundu”.
Müsahibim
ilk gəliri haqda da söz açdı: "Atamgil mənim üçün kirayə qaldığım evə pul ödəyirdilər.
İlk dəfə maaş aldığım gün evdəkilərə dedim ki, daha mənə ev pulu göndərməyin,
özüm ödəyəcəyəm. Həmin gündən ev pulumu özüm verməyə başladım”.
Kitab ən yaxşı tərbiyə üsuludur
Millət vəkili
deyir ki, böyük şairlərin təsvir etdiyi sevgi anlayışı ona yad olub: "Əsərlərdə,
şeirlərdə təsvir edilən böyük sevgi yaşadığımı desəm, yalan olar. Pərvanələr,
şam işığı, yuxusuz gecələr kimi epitetlər mənə yad idi. Mən Əli Kərimin "İki
sevgi” şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bilirdi ki, eşqdən dəli-divanə
olmuşam. Əslində şeirin özünü çox sevirdim. Təhsil məsələləri vaxtımı çox aldı,
artıq 38 yaşımda professor adı almışdım. İnsan eyni vaxtda həm sevgidə, həm
karyerada uğur qazana bilmir. Buna görə də bir qədər gec ailə qurdum. Üç
övladım - iki qızım, bir oğlum var. Kiçik qızım göz həkimi olmaq istəyir. Böyük
qızım isə ADA-da oxumağı arzulayır. Onların təhsili, tərbiyəsində xüsusi
istiqamət seçməmişəm. Çünki məncə, kitab ən yaxşı tərbiyə üsuludur. İstəyirəm
ki, öz istədikləri sahədə uğur qazansınlar”.
Sonda
Elman müəllimdən gənclərə tövsiyəsini də soruşduq: "Təmsil
etdiyim partiyada çoxsaylı gənclər də var. Bu, məni çox sevindirir. Bu gün ermənipərəst
qüvvələr Azərbaycanda siyasi sabitliyi pozmağa çalışır. Bunun üçün də gənclərdən
istifadə etməyə çalışırlar. Düzdür, bizim gənclər çox savadlı, vətənpərvərdirlər.
Onların özünü təsdiq etməsi üçün bütün imkanlar səfərbər edilib. Üzümü gənclərə
tutub deyirəm ki, bizim gələcəyimiz sizdən asılıdır. İnqilablardan çıxan gənclik
heç nə qazanmır. Ona görə də gənclər ayıq-sayıq olmalı, dövlətimizi, siyasi
sabitliyimizi göz-bəbəkləri kimi qorumalıdır”.
Şəbnəm Mehdizadə