AZE | RUS | ENG |

37 ölkənin imtina etdiyi GMO məhsullar

37 ölkənin imtina etdiyi GMO məhsullar
Bəs bu cür məhsullar bazarımıza necə yol açır?

Azərbaycanda taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Taxıl haqqında" qanuna dəyişikliyin edilməsi təklif edilir.

Yeni dəyişikliklərə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycana idxal edilməsinə yol verilməyəcək.

"Toxumçuluq haqqında" qanuna edilən dəyişikliklər layihəsinə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş (GMO) bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.
"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna da dəyişikliklərin edilməsi təklif edilir. Qanunun hazırkı variantına görə, Azərbaycana genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.
Həmin qanuna edilən yeni dəyişikliklər layihəsində isə qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.
 
Sözügedən qanun layihələri Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

Burada diqqət edilməli bir məsələ var. Belə ki, GMO məhsulların satışı və yetişdiriməsi ilə bağlı ölkəmizdə qadağalar var. Amma buna baxmayaraq, bazarlardan bu tipli məhsullar yığışdırılmayıb. Əvvəlki qədər olmasa da, satışda bu cür məhsullar hələ də qalmaqdadır. Bəs qadağa olmasına rəğmən bu məhsullar bazara necə yol açır? Qadağa ilə problem həll olunmurmu? Dünya praktikasında bu məhsullarla mübarizə necə aparılır?

Millət vəkili Eldar İbrahimov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı bizdə xeyli qanun qəbul edilib. Hətta Cinayət və İnzibati Xətalar məcəllələrində cərimələr, cinayət cəzası da nəzərdə tutulub ki, bu məhsullar ölkəmizə daxil olmasın, satılmasın. E.İbrahimov dedi ki, bununla müvafiq icra hakimiyyəti orqanları məşğul olurlar.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Aidə Bəndəliyeva bildirdi ki, dünyanın 37 ölkəsi bu məhsullardan imtina edib. Çünki onların geni dəyişdirildiyi üçün insan orqanizminə mənfi təsir göstərir və bir çox xəstəliklərin yaranmasına səbəb olur: "Tibbi araşdırmalara görə, bu məhsulları qəbul edən insanlarda bir sıra xəstəliklər, o cümlədən sonsuzluq, allergiyalar, xərçəng, immun sisteminin tamamilə aşağı düşməsi fəsadları baş qaldırır. 
İkinci tərəfdən, bu məhsullar nəinki insanlara, eyni zamanda təbiətin flora və faunasının pozulmasına birbaşa təsir göstərir. Çünki o məhsullar hansısa plantasiyalarda əkilirsə, onun yaxınlığında əkilən digər məhsulların bar vermə qabiliyyəti iki dəfə aşağı düşür. Bu bitkilər bir il məhsul verirlər, toxum olmur. Bu onu göstərir ki, o məhsullar təbii olma ehtimalından uzaqdır”.

A.Bəndəliyevanın sözlərinə görə, GMO məhsulların idxalı, ixracı, yayılması, ölkəmizdə becərilməsi ilə məşğul olan şəxslər 3 ildən 7 ilə qədər cinayət məsuliyyətinə cəlb olunurlar: "Əgər qanunla qadağan olunduğu halda biz hələ də bu məhsulları bazarda görürüksə, deməli, qanun pozuntusuna yol verilməklə gətirilir. Reydlər keçirilərək bu cür məhsullar bazardan çıxarılmalı, qanunu pozanlar məsuliyyətə cəlb olunmalıdır”.
A.Bəndəliyeva bildirdi ki, dünya təcrübəsində GMO məhsullar ilə mübarizədə fərqli modellər var: "Dünya təcrübəsində bu məhsulların zərərli olması istiqamətində əhalinin maarifləndirilməsi də aparılır. MDB ölkələrində qanunla bu məhsullar qadağan olunub. Amma Avropa ölkələrində bu cür məhsulların satışına bir şərtlə icazə verilir. Piştaxtada ekoloji təmiz məhsulla GMO məhsul yanaşı qoyulur. Birinin üzərinə ekoloji təmiz olduğu, digərinin üzərinə isə GMO olduğu yazılır. Ekoloji təmiz olanların qiyməti GMO-dan iki dəfə baha olur. Seçim isə alıcıya verilir. Amma bizdə bu mexanizm olmadığı üçün ekoloji təmiz məhsullarla GMO-nu fərqləndirmək mümkün deyil”. 

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu məsələ uzun müddətdir ki, həm beynəlxalq aləmi, həm də Azərbaycan ictimaiyyətini düşündürür. Bu məhsullardan ona görə tamamilə imtina edilmir ki, dünya bazarından çıxarılması ərzaq qıtlığına səbəb olan amil kimi qiymətləndirilir: "Bununla bağlı BMT-nin müəyyən qərarları var. Dünyada təxminən bir milyard yarım insan aclıq içərisində yaşayır. Hesab edilir ki, o insanların aclıqdan əziyyət çəkməsi və ölməsindənsə, GMO məhsulların istifadəsi daha məqsədəuyğundur.

Amma bəzi inkişaf etmiş ölkələr, Avropa Birliyi və Azərbaycanda GMO məhsulların istehsalı, istehlakı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edirlər. Avropa Birliyi ölkələrində bu məhsullarla bağlı əsas şərt odur ki, üzərində geni dəyişdirildiyi qeyd olunmalıdır”. 

R.Həsənov bildirdi ki, Azərbaycanda bu məhsulların istehsalı, idxalı qadağan edilib. Amma nəzarət mexanizmlərinin zəifliyi, istehsal prosesinə nəzarətin zəif olması bazarlarda GMO məhsulların olmasına gətirib çıxarıb.

İqtisadçı deyir ki, bu məhsullarla bir neçə mübarizə üsulu tətbiq edib, kompleks şəkildə iş aparmaq lazımdır: "İlk növbədə bu məhsulların ölkəyə idxalı ilə bağlı prosedurlar, cəza tətbiqi sərtləşdirilməli, eyni zamanda gömrük-keçid məntəqələrində xüsusi laboratoriyalar fəaliyyət göstərməlidir. Bizdə olan informasiyalara görə, bu cür laborotoriyalar var. Amma onların imkanlarının məhdud olması gömrükdən keçən məhsulların çox az qisminin yoxlanmasına şərait yaradır. Bu imkanlar genişləndirilməli, texniki təchizat gücləndirilməli, hansısa formada məmur-biznesmen münasibətlərinin fonunda məhsulların Azərbaycana daxil olmasına göz yumma halları aradan qaldırılmalıdır. İdxalçıya və idxala göz yuman məmurlara cəza tədbirləri tətbiq olunmalıdır. Azərbaycanda istehsalın böyük bir qismi idxal olunan xammaldan asılıdır. O xammalların, toxumların ölkəyə gətirilməsinə ciddi nəzarət olmalıdır. Eyni zamanda, satışında iştirakçı olan pərakəndə ticarət müəssisələri sahibləri hansısa formada cəza mexanizmi ilə üz-üzə qalmalıdır. Digər tərəfdən, vətəndaşlar bu məhsulların zərərləri ilə bağlı maarifləndirilməlidir. Əgər istehlak edilməsə, istehsalçılar da gəlir əldə etmədikcə bu istiqamətdə fəaliyyətə həvəs göstərməyəcəklər. Kompleks işlər nəticəsində bu məhsulların ölkəmizdə istehsalının, idxalının qarşısını almaq mümkündür. Ümumilikdə isə Azərbaycanda bu məhsulların satışı və istehlakı, ölkəyə gətirilməsi ilə bağlı konkret qadağalar aradan qaldırılmaqla sadəcə məhsulların üzərində GMO olduğu qeyd edilməklə seçim imkanının vətəndaşın öz öhdəsinə buraxılması daha yaxşı olar”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000