• cümə, 19 Aprel, 08:51
  • Baku Bakı 13°C

35 müəllifli, 11 filmli mülkiyyət

15.05.19 11:00 730
35 müəllifli, 11 filmli mülkiyyət
Azərbaycanda 35 müəllifin əsəri və 11 film dövlət varidatı elan edilib. Dövlət varidatı elan olunmuş həmin əsərlər və filmlərin istifadəsi bu hüququ qazanmayan əsərlər və filmlərlə müqayisədə şərtlər tələb edir. Belə ki, bu əsər və filmlərdən istifadəyə görə Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə ödəniş edilməlidir. Nazirlər Kabinetinin qərarı ilə Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq Qurbani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi qədim dövr ədəbiyyat xadimlərinin əsərləri, o cümlədən Üzeyir Hacıbəyov, Səməd Vurğun, Əliağa Vahid, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Hüseyn Cavid kimi yazıçı və şairlərin, görkəmli ictimai xadimlərin əsərləri də bu siyahıdadır. Filmlərə gəlincə, 1929-1955-ci illəri əhatə edən "Sevil ”, "Lətif ”, "İsmət”, "Mavi dənizin sahilində”, "Almaz”, "Bakılılar”, "Kəndlilər”, "Səbuhi”, "Bir ailə”, "Arşın mal alan” və "Görüş” filmləri dövlət mülkiyyəti hesab olunur və bu filmlərdən istifadə zamanı da Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə ödəniş edilməlidir. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri üçün isə tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Məsələn, Nizami Gəncəvi, Əliağa Vahid və ya Səməd Vurğunun əsərlərini çap edən hər hansı bir qurum tirajın məbləğindən asılı olaraq, hər kitabın dəyərindən 2 faizi ƏMA-nin xəzinə hesabına köçürüləcək. Əqli Mülkiyyət Agentliyi isə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə, xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.
Əsərlərin və filmlərin dövlət varidatı elan olunması məsələsinə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi qeyd etdi ki, film və əsərlərin dövlət varidatı elan olunması sovet dövründə də həyata keçirilib. Belə ki, sovet dövründə çap olunan klassik ədəbiyyat nümunələrinin satışından müəyyən faiz Ədəbiyyat Fonduna daxil olub: "Həmin məbləğ də o dövr ədəbiyyatçıların əsərlərinin çapına və ya rifah halının yaxşılaşdırılmasına sərf olunurdu. Ədəbiyyat Fondunun fəaliyyəti bu məsələnin üzərində dayanırdı. Bütün klassik şair və yazıçıların əsərləri çap edilir və əldə edilən vəsaitin müəyyən bir faizi fondda cəmləşirdi. Əgər gəlir əldə etmək məqsədilə həmin varidatdan istifadə olunurdusa, onda da fonda müəyyən ödəniş edilirdi Ümumiyyətlə, bu praktika bir çox ölkələrdə var”. Konkret olaraq əsərlərin və filmlərin seçilməsinin hansı kriteriyalar üzrə müəyyənləşdirilməsi məsələsinə gəlincə, yazıçı bu barədə hər hansı bilgiyə malik olmadığını deyir. Belə ki, dövlət varidatı olmağa layiq olan əsərlər və filmlər çoxdur: «Adətən bu seçimdə müəyyən bir dövr götürülür. Ancaq hesab edirəm ki, seçim əvvəlki dövrlərə də şamil olunmalıdır”.
Obyektiv mənada müəlliflik hüququnun, əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusu olduğunu və qorunma aləti kimi çıxış etdiyini qeyd edən professor Rafiq İsmayılov bildirdi ki, subyektiv mənada əsərlərin yaradıcılarına məxsus olan, şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Belə ki, əsərləri kim çap edirsə, fərqi yoxdur, hər hansı qurum, özəl nəşriyyat və ya prodüser mərkəzi olsun, o, müəlliflik hüququ qazanır: "Əgər əsər dövlət varidatı elan olunubsa, qərara görə onun istifadəsində Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə 2 faiz ödənməlidir”.
Bəs dövlət varidatı elan olunan filmlərin telekanallarda nümayişi hansı şərtlərlə həyata keçiriləcək?
Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Asəf Hacıyevsorğumuza cavab olaraq bildirdi ki, məsələ televiziyalarla Əqli Mülkiyyət Agentliyi arasında bağlanacaq müqavilə ilə tənzimlənəcək: "Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında” qanuna görə, Əqli Mülkiyyət Agentliyi ilə məsələn, "Xəzər” telekanalı müqavilə imzalayır. Həmin müqavilədə dövlət varidatı hesab olunmuş filmlərin ayda bir və ya 5 dəfə göstərilməsi qeyd edilir. Bu şərtlərdən asılı olaraq filmlərin istifadəsi üçün 2 faiz Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək”. Aparat rəhbəri onlar üçün açıq qalan bir sualı da qeyd etdi: "Tutaq ki, televiziyalar dövlət varidatı hesab olunan filmlərdən birini və ya üçünü bir neçə dəfə nümayiş etdirdi. Əqli Mülkiyyət Agentliyinə istifadə üçün faizin köçürülməsi hər nümayiş üçünmü həyata keçirilməlidir? Hesab edirəm ki, bu tip məsələlər agentliklə müqavilə imzalanan zaman sənəddə əks olunan şərtlərə görə tənzimlənəcək”.
Hələlik qərardan xəbərsiz olduğunu bildirən Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova həmin filmlərin əməkdaşı olduğu Mərkəzdə nümayiş olunmadığını qeyd etdi: "Dövlət varidatı elan olunmuş həmin filmlər bizim kino mərkəzində nümayiş olunmur. Əgər filmlər bizim kino mərkəzində nümayiş olunsa, təbii ki, qərara uyğun davranacağıq”.
Mədəni irsimizə dövlət qayğısının artırılması məqsədi

"Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhində bildirilir ki, yeni informasiya texnologiyalarının sürətli inkişafı və informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsinin güclənməsi, əqli mülkiyyətin ənənəvi mədəni funksiyaları ilə yanaşı, vacib iqtisadi və sosial amilə çevrilməsi daim əqli mülkiyyət sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir.
Belə ki, "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 8-ci bölməsinin 3-cü abzasında da əqli mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görülməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib: "Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında son illər beynəlxalq təcrübə nəzərə alınmaqla əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericilik və normativ hüquqi aktlara bir sıra dəyişikliklər edilib.
Müəllif əsərlərinin dövlət varidatı elan edilməsi təcrübəsi sovet dövründə də mövcud olub, lakin belə qərarlar Moskvada qəbul edilirdi. Hazırkı dövrdə müstəqil dövlət olaraq milli qanunvericiliyimizdə dövlət varidatı məsələsi öz əksini tapıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Belə qərarın qəbul edilməsi həmin əsərlərin hüquqi qorunmasını, həmçinin onların müəlliflərinin şəxsi qeyri-əmlak hüquqlarının qorunmasının daha yüksək səviyyədə təmin edilməsinə əlavə imkanlar yaradır”.
Agentlikdən verilən məlumatda qeyd edilir ki, "Əsərlərin dövlət varidatı elan edilməsi qaydaları”na əsasən, Əqli Mülkiyyət Agentliyi ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir: "Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlərin müəyyən edilməsi ilə bağlı bildiririk ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları”nın 3-cü hissəsində dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarının Əlavə 3-də göstərilən tarif dərəcələrinə (bir əsərin, yaxud proqramın kütləvi ifasına görə biletlərin satışından əldə edilən ümumi pul yığımından faizlə) uyğun qaydada tam miqdarda hesablanması və hesablanmış məbləğin Agentlik tərəfindən yığılaraq, bütövlükdə dövlət büdcəsinə köçürülməsi öz əksini tapıb. Qərarda əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Agentliyin xəzinə hesabına köçürülməsi öz əksini tapıb”.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17-24-cü maddələrinə uyğun olaraq, dövlət varidatı elan edilmiş əsərlərdən müəllifin vəya müəlliflik hüquqlarının digər sahibinin razılığıolmadan vəmüəllif qonorarıödəmədən istifadə oluna bilər: "Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır. Bununla yanaşı, bu "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur. "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarının qəbul edilməsi son illər ölkəmizdə ictimai varidat dairəsinə keçmiş klassik müəlliflərimizin əsərlərinin qorunmasına diqqətin gücləndirilməsi, əsərlərin təkrar kütləvi tirajla çap olunması, yayılması və təbliği, bütövlükdə mədəni irsimizə hər cür dövlət qayğısının artırılması məqsədlərinə xidmət edir”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər