AZE | RUS | ENG |

34 məzunun məktəbə gətirdiyi şərəf - Fotolar

34 məzunun məktəbə gətirdiyi şərəf - Fotolar
“Biz hər şeydən əvvəl, məktəbdə sağlam psixoloji mühit yaratmışıq”

«Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub». Sevindirici xəbər KİV-in və sosial medianın gündəmindən düşmür. Sumqayıtda yerləşən Qubadlı rayon Hafis Quluyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunlardan iki nəfəri 600 baldan, 6 nəfəri 500 baldan yuxarı, 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üçün açıqladığı hesabata əsasən rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə, ölkə üzrə birinci yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında isə rayonun şagirdləri üçüncü yeri qazanıblar.
Qazanılan uğurların gərgin zəhmətin, gecə-gündüz çalışmaların, yaxşı tədrisin nəticəsi olması şübhəsizdir. Məktəbin direktoru, Əməkdar müəllim Şamama Həsənova da "Kaspi”yə açıqlamasında əldə edilən nailiyyəti məktəbin, valideynlərin və şagirdlərin birgə səylərinin nəticəsi kimi dəyərləndirir: "Məktəbimiz böyük uğura imza atıb. Gərgin zəhmət, məqsədə doğru çalışmalar öz bəhrəsini verdi”.
Direktoru uğurlar qazanılana qədər məktəbin keçdiyi çətin və əziyyətli yolu da xatırlayır: «Məktəb 1993-cü ildən məcburi köçkün həyatı yaşayır. Sumqayıtda məskunlaşandan sonra darısqal, şəraitsiz və köhnə bir məktəbin içərisində, çətin şəraitdə fəaliyyət göstərdik.  Sinfə yaramayan otaqlarda, qarderobda dərs keçdik. Sonradan rayon İcra Hakimiyyətinin köməkliyi ilə Sosial İnkişaf Fondu tərəfindən məktəbimiz üçün yer ayrıldı və yeni bina tikildi. Bununla da, yeni məktəbimizi qurduq. Bununla belə, əvvəlki çətin şəraitdə çalışanda da məktəbimizin şagirdlərinin uğurları vardı. Bu uğurların nəticəsi olaraq da kollektiv üçün yeni məktəb binası tikildi. 2004-cü ildə yeni məktəb istifadəyə verildi. Artıq şagirdlər təmiz, səliqəli, yaşıl həyət-bacası olan bir məktəbdə təhsil almağa başladılar. Demək olar ki, biz yamyaşıl həyəti olan məktəbi özümüz yaratdıq». 568 şagirdin təhsil aldığı məktəbdə 38 müəllim tədrislə məşğul olur. Tədris müəssisəsində iki Əməkdar müəllimi də çalışır. Məktəbin şagirdləri ölkə üzrə müxtəlif fənn və təqdimat müsabiqələrində iştirak edir və mükafatlandırılırlar. Yəni qazanılan uğurlar təsadüfi deyil. Direktorun sözlərinə görə, hər tədris ilinin sonunda məktəbin məzunları ali məktəblərə qəbul olurlar. Bu tədris ilinin uğurları isə tam fərqlidir: məktəbin bütün məzunları ali məktəbə sənəd verib və qəbul olublar. «Məzunların hamısı nüfuzlu ali məktəblərə qəbul olublar. Qazanılan uğurları gərgin əməyin nəticəsidir. Şagirdlərin də, müəllimlərin də işə doğma münasibəti bu uğurda rol oynayıb. Uşaqlar da müəllimləri sevirlər, müəllimlər də onlara eyni məhəbbəti göstərir, övladları kimi yanaşırlar. Biz hər şeydən əvvəl, məktəbdə sağlam psixoloji mühit yaratmışıq. Ona görə də kollektivin hər bir üzvü – şagirdlər də, müəllimlər də uğura can atırlar. Hamı istəyir ki, hər şeyin yaxşısı bizim məktəbimizdə olsun». Ş.Həsənova təcrübəsinə inanaraq deyir ki, təhsildə uğur əldə etmək, həm təhsil verənlərdən, həm də təhsil alanların birgə səyindən asılıdır: «Elə şagird var ki, ona nə qədər öyrətsən də, xeyri yoxdur. Necə deyərlər, hər oxuyan Mola Pənah olmur. Ancaq Təhsil Nazirliyinin təmayülləşmə ilə bağlı pilot layihəsi məktəbimizin uğur qazanmasında böyük rol oynadı. Bu layihə üzrə tədris prosesini daha düzənli qura bildik. Digər tərəfdən, şagirdin özünün oxumağa həvəsi olmalıdır. Onu zorla oxumağa məcbur etmək olmaz. Əlbəttə, biz «təhsil hər bir insanın həyatında vacib amildir” yönündə təbliğatımızı davam etdiririk. Təbii ki, şagirdlərdən hansı bu təbliğatı qəbul edir və öz həyatına tətbiq edirsə, uğur da qazanır».
Məktəbin sinifdənxaric işlər üzrə direktor müavini Qənirə Mahmudova deyir ki, tədris müəssisəsinin şagirdləri dərslərlə yanaşı, bütün məktəbdənkənar tədbirlərdə də yaxından iştirak edirlər: «Onlar vaxt darlığından da şikayətlənmirlər. Rayonun elə tədbirləri olurdu ki, bizim məktəbdə keçirirdilər. Şagirdlərimiz həmin tədbirlərin səviyyəli şəkildə  keçirilməsi üçün yaxından iştirak edirdilər. Bu cür ictimai işlər onların oxumalarına mane olmurdu. Onlar dərslərini yaxşı oxumaqla yanaşı, əlamətdar günlər üçün təşkil olunan tədbirlərdə səhnəciklər hazırlayır, ədəbi-bədii kompozisiyaların iştirakçısı olurdular. Məzunlarımız yaxşı musiqi ifa etməklə yanaşı, gözəl nitq qabiliyyətinə malikdirlər. Eyni zamanda, müsabiqələrdə uğurları var. Rayon üzrə keçirilən tədbirlərdə də fəal iştirak edirdilər. Biz bu şagirdləri «məktəbin gözmuncuğu» adlandırırdıq».
Məktəbin rayon üzrə ən çox bal toplayan məzunu (671) Aydan İldırımova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə (tədris ingilis dilində) qəbul olub. Sevincini bizimlə bölüşən Aydan uğurun qazanılmasına görə valideynlərinə və müəllimlərinə minnətdarlığı sonsuzdur: «Valideynlərim həmişə mənə dayaq olub, müəllimlərim həmişə məni öyrədib. Mən məhz bu qayğının sayəsində özümə güvəndim. Qarşıma yüksək bal toplamağı məqsəd qoydum və həmin istiqamətdə hazırlaşdım. Müəllimlərimin sayəsində mən bu biliyi və təcrübəni qazandım». Aydan hesab edir ki, hər bir məzun çalışsa, qarşısına məqsəd qoysa, öz arzusuna çata bilər: «Məqsədə çatmaq, zəhmətin bəhrəsini görmək üçün çox çalışmalısan. Bu, bir mübarizədir. Bir də özünə inanmaq lazımdır. Mənə elə gəlir ki, insanın arzusu və məqsədi olsa, onun arxasınca getsə, istədiyinə nail ola bilər. Mən sınadım və məqsədimə çatdım».
BDU-nun riyaziyyat fakültəsinə (tədris ingilis dilində) 632 balla daxil olan Sitarə Niyazova təhsildə uğurun sirrini çox çalışmaqda və səbirli olmaqda görür: "Müəllim olmaq arzum idi. Bu arzuya çatmaq, tələbə adını qazanmaq üçünsə oxumaq... Mən vaxtımın çoxunu dərslərimi oxumaqla keçirirdim. Dincəlməyə də vaxt ayırırdım, amma daha çox oxumağa üstünlük vermişəm. Valideynlərim də mənə çox dəstək olublar. Amma müəllimlərimin zəhməti daha çoxdur”.  
Sitarənin anası Zəminə Cabbarova da valideyn olaraq sevincini bizimlə bölüşür: "Biz valideyn kimi həmişə Sitarənin arxasında olmuşuq, ona dəstək göstərmişik. O, yorulanda həmişə ruhlandırmışıq. Uşaqlıqdan dərslərini yaxşı oxuyan olub. Biz onu oxumağa heç zaman məcbur etməmişik. İstədiyi sahə riyaziyyat idi və o fakültəyə də qəbul oldu. Həmçinin məktəbin direktoru Şamama müəllimə daxil olmaqla bütün müəllimlərin uşaqlara qarşı dəstəyini hiss etmişik”.
Pedaqoji Universitetdə sosial iş üzrə təhsil alacaq Ərgün Süleymanlı da tələbə adını qazanmağın sevincini yaşayır: "Bu, çox gözəl hissdir. Valideynlərimin, müəllimlərimin əziyyətini yerdə qoymadım. Bizdən sonrakı abituriyentlərə də məsləhətim budur ki, çox çalışsınlar, amma istirahət etməyi də bacarsınlar”.
BDU-nun filologiya fakültəsinə daxil olan Nuriyyə Əhədova (592 bal) arzusuna çatdığını söyləyir: "Mən arzuladığım fakültənin tələbəsi adını qazanmışam. Bu sevinci yaşamağımda həm müəllimlərimin, həm də valideynlərimin böyük dəstəyi olub. Uğurumun səbəbi dərs sistemimi düzgün qurmağım idi. Hesab edirəm ki, kimin məqsədi varsa, ona nail ola bilər. Sadəcə əzmkarlıq göstərmək lazımdır”.
BDU-nun kimya fakültəsinə daxil olan Orxan Əhmədov (500 bal) fənni dərindən öyrəndiyini deyir: "Hesab edirəm ki, qəbul olduğum ixtisas mənim üçün çox uyğundur. Kurikulum standartları üzrə dərslər keçmişik. Məktəbdə təhsilin səviyyəsi də yüksək olub. Mən dərslərimi səylə öyrənir, imtahanlara ciddi hazırlaşmışam. Amma asudə vaxtımı da səmərəli keçirir, məsələn kompüter oyunlarına vaxt ayırırdım. Mənə elə gəlir ki, istirahətə də müəyyən qədər vaxt ayırmaq lazımdır”.
Məktəbin müəllimləri də, tələbə adını qazanan məzunları da, valideynlər də böyük sevinc içərisindədirlər. Qarşıda isə məzunlar üçün uzun və çətin bir yol var: təhsili davam etdirmək, Vətənə, ölkəyə layiqli vətəndaş olmaq.
Uğurlar olsun!
 
Təranə Məhərrəmova
 






 
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964