33 saat açıq kosmosda qalan xanım - Fotolar
"Azərbaycana ilk
səfərimdir. Yeni ölkələr görmək insana həmişə maraqlıdır. Keçən həftə
Gürcüstanda səfərdə idim. Oradan Bakıya avtomobillə gəldik. Yol boyu məndə müəyyən
təəssüratlar oyandı”. Amerikalı astronavt və Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli
kapitanı Haydi Stefanişin-Payperin Azərbaycana səfəri çərçivəsində Bakıdakı
Amerika Mərkəzində keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikirlərlə,
təkcə ölkəmiz haqında təəssüratlarını bölüşmədi, həm də fəzanın öyrənilməsi
istiqamətində aparılan tədqiqatlardan bəhs etdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən görüşdə uğurlarının
sirrindən söz açan NASA-nın kosmonavtı çalışdığı sahədə qadınların kişilərə
nisbətən az olmasının səbəbini izah etdi:
"Tarixən qadın kosmonavtları çox görməmişik. Bunun səbəblərindən biri
NASA-nın kosmonavt olmaq üçün irəli sürdüyü tələblərdir. Belə ki, ilk növbədə
ali təhsil lazımdır. Üstəlik, qadınlar tarixən bu sahəyə o qədər də can
atmayıblar. Ona görə də kosmonavtika sahəsində qadınların sayı kişilərə nisbətən
həmişə az olub. Amma son illər NASA seçim apararkən, qadınlara daha çox
üstünlük verir. Son illərdə seçilən 12 kosmonavtdan 5-i qadındır. Sözsüz ki,
onların nisbəti yarıbayarı olmalıdır. Bunun üçün də ilk növbədə qadınların
texniki sahələrə üz tutmaları vacibdir”.
33 saata yaxın
açıq kosmosda qaldığını deyən kosmonavt həmin an yaşadığı hissləri bölüşdü:
"Biz 33 saat gəmidən çıxaraq açıq kosmosda müəyyən işləri həyata keçirmişik.
Bizim çox sıx cədvəlimiz var. Biz tərəfə baxanda səmanı, geriyə baxanda isə
kosmik stansiyanı görürük. Fəzada belə bir stansiyanın olması qürurvericidir.
Artıq texnologiyaları o qədər inkişaf etdirmişik ki, səmada belə bir stansiya
inşa etmişik və orada insanlar yaşayır”.
Kosmonavt qadın
kosmosdan hərbi məqsədlər üçün istifadə olunmasına və oradan insanların izlənməsi,
həyatlarına müdaxilə edilməsi məsələlərinə də münasibət bildirdi: "NASA hərbi təlimlər
üçün yaradılıb. Amma biz müharibəyə xidmət etmirik. Hərbiçi olsaq da, NASA-ya həmişə
hərbi formada getmirik. Orda hərbi işi bir kənara qoyub, əlimizdən gələn işi
layiqincə həyata keçirməyə çalışırıq. Təbii ki, insanların müharibələr
yaratmaq, üstünlüyə malik olmaq kimi istəkləri həmişə olub. Ümid edirik ki, bu
tendensiyalar NASA və digər təşkilatların fəzanı öyrənməsi istiqamətində
aparıcı amala çevrilməyəcək. İnanırıq ki, bir gün müharibələr sona çatacaq. Biz
hazırda kosmosdan yerdəki vəziyyəti, iqlim və ya digər sahələrin yaxşılaşdırılması
üçün istifadə edirik. Fəza öyrənmək, tədqiqat aparmaq, kəşflər etmək üçündür. Ümid
edirəm ki, Hollivud kinolarında gördüyümüz fəza müharibələri baş verməyəcək”.
Kapitan Payper kosmonavt olmaq istəyən gənclərə öz tövsiyələrini verdi: "İlk
növbədə çalışqanlıq lazımdır. Orta məktəbdə, ali məktəbdə yaxşı oxumaq, xüsusən
texniki biliklərə yaxşı yiyələnmək lazımdır. NASA-nın kosmonavtlar qarşısında
qoyduğu ilk şərt ali təhsildir. Çünki kosmonavt olmaq üçün müraciət edənlərin
sayı ildən-ilə artır. Son seçimlərdə 12 min namizəddən 12 kosmonavt seçilib”.
NASA-nın astronavtı, arzusunun Marsa uçmaq olduğunu bildirdi: "Mənim arzum
Marsa uçmaqdır. Bütün kosmonavtlara, o cümlədən azərbaycanlı kosmonavtlara da
bunu arzu edirəm. Duzdur, uzaq bir yoldur, ancaq hər bir kosmonavt üçün maraqlı
olardı!”
Kapitan Payper
ölkəmizdə olduğu iki gün müddətində həmçinin yerli gənclərlə görüşmək üçün Kürdəmir
şəhərindəki Amerika Guşəsinə səfər edəcək,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat
keçirəcək və Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı
Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında
görüşlər təşkil edəcək.
Mətbuat
konfransında iştirak etdi
Təranə Məhərrəmova