"33 ölkədən gənc psixoloqlar Azərbaycana gəlir"
Avropa Tələbə Psixoloqlar
Assosasiyaları Federasiyasının (European Federation ofPsychology Students
Assosiasion-EFPSA) 31-ci Ümumavropa Konqresi23-30
aprel tarixlərində ölkəmizdə, Qax rayonunda keçiriləcək. Tədbirin təşkilati öhdəliyini
bu il üzərinə götürən yerli təşkilat isə "Gənc Psixoloqlar” İctimai Birliyidir.Qeyd
edək ki, 1987-ci ildə Portuqaliyada yaranan EFPSA bu gün 33 ölkəni və 11000 nəfər gənc
psixoloqu əhatə edən bir ümumavropatəşkilatıdır. Təşkilatın əsas məqsədi
isə gənc psixoloqlar arasında şəbəkəyaratmaqla onlar arasında elmi, təcrübi
və mədəni mübadiləni həyata keçirməkdir.Bir neçə gün sonra reallaşacaq tədbirin planı,
hazırlıq işləriylə bağlı birliyin sədri Orxan Orucla söhbətləşdik.
-
Hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır, artıq hazırlıqlarımız
tamamlanma ərəfəsindədir. Yerdə qalan xırda texniki məsələlərdir ki, onlar da
konqres ərəfəsində həll olunmalıdır. Əminəm ki, psixologiya tariximiz üçün önəmli
olan bu konqres EFPSA-nın tarixində də əhəmiyyətli bir tədbirə çevriləcək.
- Psixologiya
ölkəmizdə yeni-yeni inkişaf edir. Bu sahədə olan gənc psixoloqlarımız üçün tədbir
nə kimi əhəmiyyət kəsb edəcək?
- Biz "Gənc Psixoloqlar” İctimai Birliyi olaraq
EFPSA-ya qoşulanda, tədbirlərinə cəmi 2-3 nəfərlə gedib-gəlirdik. Axırıncı
konqresdə isə bizdən gedənlərin sayı 16 nəfərə çatmışdı. Bu dəfə isə ümumilikdə
50-dən çox azərbaycanlı iştirak edəcək. Bu, Azərbaycanın gənc psixoloqları ilə
Avropa psixologiya elminin mərkəzi təşkilatlarından birinin arasında sıx əlaqələrin
dinamik inkişafının göstəricisi hesab oluna bilər. Eyni zamanda yerli
psixoloqların əlaqələrinin qurulması, dünyada psixologiya elmindən xəbərdar
olmaları üçün müsbət bir işdir. Həm öz ixtisaslarına sevgi və motivasiyanın
yaranması cəhətdən önəmlidir, həm də dostluq əlaqələri qurulur. İnsanın öz
ixtisası ilə bağlı Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən dostlarının
olmasının nəyi pisdir ki? EFPSA-nın özü bir standartlaşdırma mərkəzidir ki,
psixoloqlar yığışıb nəyisə müzakirə edib, ortaq bir nöqtə tapıb, öz ölkəsinə
gedəndə ona uyğun psixoloji xidməti tətbiq edirlər, təhsil sahəsində
psixologiya ilə bağlı vahid yanaşmanı ortaya qoyurlar. Bu baxımdan düşünürəm
ki, gənc psixoloqlar, ümumiyyətlə isə psixoloji xidmət tariximiz üçün də kifayət
qədər əhəmiyyətli tədbirdir.
- Qeyd
etdiniz ki, konqresdə müxtəlif mövzular müzakirə olunur. Bu dəfə müzakirə hansı
mövzular ətrafında olacaq?
- Hər il fərqli mövzular müzakirə edilir. Eyni
zamanda hər il təşkil olunan konqresin öz əsas mövzusu olur. Bu il əsas mövzumuz
"Müasir insanlıq”dır. Həmin başlıq altında daha çox son dövrlərin aktual
problemləri olan müharibə, terrorların psixoloji tərəflərini müzakirə edəcəyik.
Bu mövzunu seçməyimizin bir səbəbi də odur ki, dünyanın bu gün müharibə, terror
gördüyü dövrü biz təxminən 15-20 il əvvəl yaşamışıq. Müharibəni də, bitdikdən
sonra terroru da, insanlarımıza buraxdığı psixoloji izləri də görmüşük, onlarla
necə mübarizə aparmaq lazım olduğu da bilirik. Həm də dolayı yolla, bizim bu
kimi problemlərimizə də diqqət çəkmək üçün yaxşı fürsətdir. Bütün çıxışçıların
mövzusu aşağı-yuxarı, gəlib əsas mövzu ilə səsləşir. Təxminən 100-dən artıq
mövzu təklif olunmuşdu, onların içərisindən 56-sı seçildi. 56 mövzuda bir həftə
ərzində seminarlar, treninqlər, mühazirələr, dəyirmi masalar təşkil olunacaq.
- Çıxışçılar
kimlər olacaq?
- Britaniya Psixoloqlar Cəmiyyətinin
vitse-prezidentini qeyd edə bilərəm. Britaniya Psixoloqlar Cəmiyyəti
psixologiya elmi üçün əsas istinad olunan cəmiyyətlərdən biridir. Həmin cəmiyyətin
nümayəndəsinin ölkəmizə gəlməsi sevindiciri bir məqamdır. Onun post-travmatik
stress mövzusunda saatyarımlıq çıxışı olacaq. Çox gözəl yerli mütəxəssislərimizin
də çıxışları olacaq. Onlardan biri Prezident Yanında Starteji Araşdırmalar Mərkəzinin
tədqiqatçısı, psixoloq Rauf Qaragözovdur. Sırf Qarabağ münaqişəsi aspektindən
"emosional yaddaş” mövzusunda danışacaq. Türkiyənin Başkent Universitetindən,
Lomonosov adına Moskva Dövlət Universitetindən professorlar olacaq. Hollandiya,
Çexiya, Maltadan da gələcəklər. Bundan başqa, iştirakçılar arasında doktorantura,
magistratura oxuyanlar var ki, onlar öz tədqiqat mövzularının burada təqdimatını
keçirəcəklər.
- Tədbirdə
ancaq gənc psixoloqlar iştirak edəcəklər?
- EFPSA-nın daha bir üst qurumu EFPA adlanır. O
sırf peşəkar psixoloqların təşkilatıdır. Ora gedən yol da EFPSA-dan keçir. Amma
iştirakçı qismində konqresə gələnlər gənclər olur. Çıxışçılar arasında isə gənc
olmayanlar da var.
- İştirak ödənişlidir?
- Bəli, ödənişlidir. EFPSA-nın bu konqresin
keçirilməsi ilə bağlı öz qaydaları var. Onlar hər il müəyyən iştirak haqqı müəyyənləşdirirlər.
Həmin yığılan büdcə ilə otelin bütün xərcləri qarşılanır. Yerdə qalan təşkilati
işləri isə öhdəlik götürən yerli təşkilat həyata keçirir.
- Tədbirlə
bağlı elanda təxminən 300 nəfərin qatılacağını oxumuşdum. Ödənişli olduğu halda
da, konqresə çox adam qatıla bilməz?
- 281 nəfər
iştirakçı, təxminən 20 nəfər professor heyətidir, 25 nəfər təşkilat heyəti, 20
nəfər də yerli qonaqlarımız olacaq. Konqresdə ümumilikdə yerli vətəndaşlarla
birlikdə 350 nəfər qonaq olacaq. Konqresin keçirilmə şərtlərində iştirak sayı
ilə bağlı da müəyyən limit var.
- Bir həftə ərzində
konqresdə yəqin ki, təkcə çıxışlar olmaz. Planda daha nələr var?
- Birinci gün qarşılanma, sonuncu gün yola salınma
günüdür. Birinci gün axşam tanışlıq xarakterli müxtəlif oyunlar keçiriləcək,
sosial tədbirlər, konsert proqramı olacaq. Tədbirin digər günlərində səhər saat
10-dan axşam saat 18:00-a qədər akademik və təşkilatı görüşlərdir. Sonra axşam
yeməyidir. Sonra isə sırf sosial tədbirlər başlayır. Məsələn, tədbirin ikinci
gün axşam mədəniyyətlər gecəsidir. Hər ölkəyə bir stend kimi stol veriləcək.
Onlar öz ölkələrindən gətirdikləri təamları, içkiləri orada nümayiş etdirəcəklər.
Hər ölkə öz milli geyimində olacaq, onlara məxsus musiqilər səslənəcək. Bir gün
Azərbaycan mədəniyyəti axşamı olacaq. Təxminən 3 saatlıq proqram nəzərdə
tutmuşuq. Milli folklorumuzu, rəqslərimizi, musiqilərimizi təqdim edəcəyik. Tədbirin
4-cü günü həvəskarlar ansanblı adlı tədbirimiz olacaq. Burada tədbir
iştirakçıları həvəskar olaraq oxuya, rəqs
edə, tamaşa göstərə bilər. 5-ci gün isə ekskursiya günü olacaq. Həmin gün heç
bir elmi və təşkilatı iş olmayacaq. Əvvəlcədən təyin olunmuş avtobuslarla
İlisuda Alban abidələrini ziyarət edəcəklər, sonra Şəki şəhərinə ekskursiya olacaq.
- Bu layihənin
davamı olaraq daha hansı işlərin görülməsini planlaşdırırsız?
- Birlik olaraq əvvəldən qarşımıza məqsəd qoymuşuq
ki, ölkəmizdə psixoloji xidmət səviyyəsinin yüksəldilməsi üçün gənc kadrların
yetişdirilməsinə, onların peşəkar kadr kimi formalaşmasına öz dəstəyimizi verək.
Bu layihə də bizim həmin missiyamıza gedən yolun bir nümunəsidir. Paralel
olaraq biz fikirləşirik ki, 8 il əvvəl əməkdaşlığa başladığımız Avropa gənc
psixoloqları ilə bu tədbirdən sonra münasibətlərimiz hansısa formada yeni bir mərhələyə
keçəcək, daha peşəkar, məhsuldar formada onlarla əməkdaşlığa başlayacağıq.
Yaxın gələcəkdə tələbələr, gənc psixoloqlarla bağlı başqa layihələrimiz də
olacaq. Yerli gənc psixoloqların xarici ölkələrdə kurslara cəlb olunmasını,
psixologiya elminin inkişaf etdiyi universitetlərdən müəyyən müəllimlərin, peşəkar
insanların ölkəmizə dəvət edilməsini nəzərdə tuturuq.
Aygün