• cümə axşamı, 18 aprel, 06:40
  • Baku Bakı 12°C

“3+2” formatlı görüş nə vəd edir?

01.12.16 13:15 838
“3+2” formatlı görüş nə vəd edir?
Xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində 17 noyabr 2016-cı il tarixində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşdüyü barədə məlumat vermişdik. Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etmişdilər. Bundan əlavə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, nazirElmar Məmmədyarovfransalı həmkarı tərəfindən irəli sürülmüş dekabrın 8-də Hamburqda keçiriləcəkATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.

"Mən Fransada olarkən Fransa tərəfindən təklif oldu ki, 2 münaqişə tərəfi və həmsədrlər tərəfdən də nazirlər olmaqla 2+3 formatında görüş olsun”. Bu sözləri isə E.MəmmədyarovCənubi Afrika Respublikasından olan həmkarı Maite Nikoana Maşabane ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. İki həmsədrin dəyişməsi məsələsinə də toxunan nazir bildirib ki, həmsədrlərin dəyişməsinin danışıqlar prosesinə hansısa təsirinin olacağına inanmır: "Yeni fransalı həmsədr regionla tanışdır, təcrübəli diplomatdır. Tarixə baxsanız, Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Fransanın Baş Konsulluğunda baş tutmuşdu və konsul həmin adam idi. O, yəqin ki, məsələ ilə ciddi və dərindən məşğul olacaq. Ceyms Uorliklə isə Hamburqda sonuncu görüşümüzü keçirəcəyik. Onun yerinə kimin olması məsələsi isə Dövlət Departamentindən asılıdır. Yeni amerikalı həmsədrin kim olacağını yeni administrasiya formalaşandan sonra biləcəyik”.

Baş tutacaq görüş haqda fikirlərini öyrəndiyimiz politoloqlar isə elə də ümidli deyillər və demək olar, görüşdən nəticə gözləmirlər. Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan Hamburq görüşündə də əvvəlki mövqeyini nümayiş etdirsə, danışıqların nəticəsiz bitəcəyi şübhəsizdir: "Ermənistana təzyiq olarsa, vəziyyət dəyişər, yeni addımlar atıla bilər. Dalana dirənmiş danışıqlar prosesi yeni impuls alar, canlanma olar. Hələ ki, bunu müşahidə etmirik. Hər şey ermənilərdən və onların qəyyumları olan ruslardan asılıdır. Onların tutacaqları konstruktiv mövqe ciddi nəticələrə gətirib çıxara bilər”.

Politoloq İlqar Vəlizadə də Hamburq görüşündən nəticə gözləmir: "Son aylarda tərəflər tutduqları mövqelərdən geri çəkilmirlər. Ermənistan son danışıqların ilkin mərhələsindən uzaqlaşıb. Yəni Vyana və Sankt-Peterburqda əldə olunmuş razılığa əsasən, bir neçə rayonun boşaldılması məsələsi gündəmdə idi. Ciddi şəkildə müzakirələr gedirdi. 5 rayonun qaytarılması ilə bağlı addımlar olmalı idi. Son aylar ərzində isə daha çox təhlükəsizlik məsələlərinin müzakirəsi önə çəkildi. Danışıqlar prosesində yalnız bu məsələlər gündəmdədir. Azərbaycan tərəfinə bu cür gündəlik maraqsızdır. Bizim istəyimiz Vyana və Peterburq görüşündə qaldırılan məsələlərin yenidən gündəmə gəlməsidir. Almaniyada keçiriləcək görüşə gəlincə, o, formal xarakter daşıyır. Bilirik ki, hər ilin sonunda ATƏT-in toplantısı olur. Xatırlayırsınızsa, 2010-cu ildə Astanada xarici işlər nazirləri ilə yanaşı, prezidentlər də görüşdə iştirak edirdilər. Minsk qrupunun özündə isə son vaxtlar ciddi kadr dəyişiklikləri baş verir, 3 həmsədrdən 2-si dəyişir”.

Politoloqun fikrincə, hazırda qurumda keçid dövrü yaşandığını söyləmək olar. Bu da, danışıqlar prosesinə müəyyən əngəllər yaradır. Çünki ABŞ-da prezident seçkiləri keçirilib. Köhnə administrasiya yenisi ilə əvəzlənməlidir. Bu proses isə gələn ilin yanvarından sonra başlayacaq. Ona qədər amerikalıların hansı mövqe tutacaqlarını demək mümkün deyil. Bunu gələn ilin may-iyun aylarından sonra bilə bilərik: "Ən tezi, apreldə məlum ola bilər. Ondan tez mümkün deyil. Belə bir vəziyyətdə Ermənistanın əlinə şans düşüb ki, yenə də vaxt udsun. Bundan məharətlə istifadə edirlər. Ermənistanın özündə də keçid dövrüdür. Sentyabr-oktyabr aylarında yeni hökumət formalaşıb. Buna keçid hökuməti də demək olar. Çünki əsas hədəf parlament seçkiləridir. Seçkilərdən sonra orda yeni hakimiyyət formalaşacaq. Ermənistandakı siyasi elitaya xarici siyasətdə, xüsusən də Qarabağ məsələsində sakitlik lazımdır. Bu prosesdə real dəyişiklik gözləyən yeganə tərəf Azərbaycandır. Obyektiv və subyektiv səbəblərdən danışıqlar prosesində heç bir dəyişiklik yoxdur. Obyektivlik odur ki, ABŞ-da seçkilər oldu, yeni gələnlər hələ işə başlamayıblar. Subyektiv isə odur ki, Azərbaycandan başqa hamı elə bir vəziyyət gözləyirlər ki, qəti addım atmasınlar, gözləməyə imkan olsun. Gec-tez ABŞ-da yeni hökumət qurulacaq, yeni həmsədr təyin olunacaq, Ermənistanda seçkilər baş tutacaq və s. Yəni vəziyyət belə qala bilməz. Cəbhə xəttində proses gedir. Real proseslər danışıqlar masasında deyil, cəbhədə baş verir. Tərəflər fəal şəkildə silahlanıb müharibəyə hazırlaşırlar. Aprel döyüşləri göstərdi ki, Ermənistan müharibəni təkbaşına uda bilməz. Ona görə də istəyirlər ki, KTMT ölkələrini öz tərəflərinə çəksinlər. Bu cəhdləri iflasa uğrayıb. Lukaşenkonun Azərbaycana səfəri göstərir ki, həmin təşkilatın üzvləri Ermənistana hərbi yardım etməyəcəklər. Aprel döyüşlərində Rusiya bir qədər kənarda dayanmışdı. Ermənistan istəyir ki, üzümüzə gələn aylarda müharibə olsa, Rusiya onların tərəfində dursun. Ona görə də hərbi ittifaqın yaradılması planını hazırladılar. Bu məsələdə yenə də Rusiya ilə maraqları üst-üstə düşmür. Rusiya regionda olan hədəfləri dəf etmək üçün silahlı bölmələrini Ermənistanda yerləşdirir. Ermənistan isə istəyir ki, hərbi ittifaqla bağlı əsasnamədə bəndlərlə göstərilsin ki, Qarabağda müharibə baş versə, Rusiya Ermənistana kömək edəcək. Rusiya bunu istəmir. Çünki Ermənistanın yükünü boynuna götürmək sərfəli deyil. Belə olarsa, Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə üz-üzə qalacaq. Qısası, tərəflər müharibəyə hazırlaşırlar. Vəziyyət belə qalsa, aprel hadisələri başqa formada təkrarlana bilər”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər