• cümə axşamı, 25 aprel, 20:08
  • Baku Bakı 21°C

31 mart soyqırımı qurbanları Şamaxıda yad edilib Reportaj Fotolar

01.04.14 08:37 3583
31 mart soyqırımı qurbanları Şamaxıda yad edilib Reportaj Fotolar
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib. Tarixçilər, arxeoloqlar, həmçinin müxtəlif media qurumlarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət ediblər. Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı şəhid məzarı və burada ucaldılan abidə kompleksi barədə məlumat verərək bildirib ki, XX əsrin əvvəllərində Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qətliamların qarşısını almaq məqsədi ilə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun (QİO) yaradılması əmrini verib. Nuru Paşanın rəhbərlik etdiyi QİO Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib. Həmin müddətdə QİO igidlərinin ermənilərlə ən ağır döyüşlərindən biri də Şamaxı və Mərəzə əraziləri arasında Acıdərə adlı yerdə baş verib. Bu ağır döyüşdə düşmənin böyük bir qismi məhv edildiyi kimi, Şamaxı könüllüləri və müzəffər türk əsgərlərindən də xeyli döyüşçü, həmçinin bir türk zabiti də şəhid olub. Müasir dövrümüzdə, konkret olaraq 2000-ci ildə Qobustan rayon icra Hakimiyyətinin səyi ilə türk zabitinin qəbri təmir edilib, məzardan 30 metr kənarda, şose yolunun üstündə 1918-ci ildə döyüşlərdə həlak olmuş insanların adına abidə kompleksi ucaldılıb. Press-tur iştirakçıları bu abidə kompleksinə baş çəkdikdən sonra yola davam ediblər.
Rayon mərkəzinə gələn nümayəndə heyəti əvvəlcə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bələdçi Təranə Məmmədova 1945 - ci ildə təşkil olunan mədəniyyət ocağı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muzeyin “Diyarşünaslıq”, “Şamaxı qədim dövrdə”, “Şamaxı – Şirvanşahlar Dövlətinin Mərkəzi”, Şamaxı Səfəvilər, Şirvan Xanlığı, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet İttifaqı və müasir dövrlərdə adlanan bölmələrində ümumilikdə 7000-dən çox eksponat nümayiş etdirilir.
Muzeylə tanışlıqdan sonra jurnalistlər rayonun Şərədil, Mirikənd, Saqiyan kəndlərinə gələrək 1918-ci il 31 mart - 3 aprel tarixlərində yerli əhalinin, QİO-nun erməni-daşnak qüvvələrinə qarşı müqavimət göstərdiyi, gərgin döyüşlərin getdiyi ərazilərdə olublar. Ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib. Həmçinin jurnalistlərə Şərədil kəndində 1918-ci ildə QİO ilə ermənilər arasında Təkin dağ ərazisində gedən döyüşlər barədə məlumat verilib. Kənd sakinləri bildiriblər ki, bu ərazidə gedən döyüşlərin izlərinə bu gün də rast gəlinir. Belə ki Təkin dağdan QİO aid ay-ulduz nişanlı gilizlər tapılır.
Rayon icra hakimiyyəti başçısının Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Möhübbət Məmmədov tarixi faktlara, yaşlı nəslin söylədiklərinə istinad edərək, 1918-ci il soyqırımı zamanı Qaravəlli kəndində daha çox qətliamlar törədildiyini diqqətə çatdırıb. O, soyqırımı zamanı Şamaxı qəzasının 53 kəndində ermənilərin 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmaqla ümumilikdə 8027 nəfər azərbaycanlını qətlə yetirdiyini söyləyib. İcra nümayəndəsinin sözlərinə görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata bərabər olub. M.Məmmədov gənc nəsli bu ağrı-acını unutmamağa, dünyaya səs salaraq əsl həqiqətləri yaymağa, erməni yalanlarını ifşa etməyə çağırıb.
Nümayəndə heyəti Şamaxıdan seçilmiş millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun qərargahında 1905.az saytının təqdimatında da iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı E.Süleymanov azərbaycanlıların soyqırımına məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, 1905-1906-cı illərdə ermənilərin İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayan yaşayış məntəqəsini viran etdiyini, əhalisini etnik təmizlənməyə və soyqırımına məruz qoyduğunu vurğulayıb. Deyib ki, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra bu soyqırımı siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilib: “Ermənilərin törətdikləri qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara məxsus olan bütün yaşayış məntəqələrini əhatə edib. Bu cinayətlər nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb, xüsusi qəddarlıqla soyqırımına məruz qalıblar. Qarşıdan gələn 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərin mütəşəkkil xarakter almasının, bu cinayətlərin insanlığa qarşı cinayətlər və soyqırımı cinayətləri kimi formalaşmasının 110 ili tamam olur. AVCİYA bununla bağlı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihə həyata keçirməyə başlayır. Layihənin portalı 1905.az ünvanında fəaliyyətə başlayıb. Layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır. AVCİYA bütün ictimaiyyəti, xüsusən də KİV təmsilçilərini sıx əməkdaşlığa və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə dair materialları daha aktiv şəkildə beynəlxalq aləmə çatdırmağa çağırır”.
Layihənin elmi heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü İlyas Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarının tarixi sənədlərdə əks olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər müxtəlif vaxtlarda tarixi sənədlərdə qeyd edilib: “Bu tarixi faktlar bizə əsas verir ki, ermənilər tərəfindən millətimizin başına gətirilən vəhşilikləri dünyaya bəyan edəcək. Onların bizə qarşı törətdiyi tarixi cinayətləri kitablar və digər vasitələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraq. Bunun üçün Azərbaycan dövlətinin əlində tutarlı əsaslar var. Biz heç də ermənilər kimi olmayan yalan hadisələri dünyaya sırımırıq”.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin icraçı direktoru, Layihənin portalının rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev AVCİYA-nın təşəbbüsü ilə yeni yaradılan 1905.az saytında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımılar barədə geniş məlumatların əks olunduğunu söyləyib. Onun sözlərinə görə, saytda sənədlər, xəritələr, multimedia materialları və soyqırımla bağlı nərşrlər bölmələri yaradılıb: “Bu saytda azərbaycanlıların məruz qaldıqları müdhiş faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının işçi dillərində, eləcə də region dövlətlərinin dillərində təqdim olunacaq. Saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni dövləti”, “Azərbaycanlıların deportasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir” və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə geniş məlumatlar verilir. Orijinal “Zaman şəridi”, “Məktəblilər üçün sözlük” və virtual “Qarabağ ensiklopediyası” da tezliklə bu saytda təqdim ediləcək. Saytda məktəblilər üçün sözlük bölməsi də yaradılıb. Bunun vasitəsilə gələcək nəsillərə soyqırımılar haqqında geniş informasiya vermək mümkün olacaq”.
Təqdimatdan sonra jurnalistlər Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 1918-ci il mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılan 4 dini ibadətgahdan biri olan Şamaxı Cümə məscidi ilə tanış olublar. Məscidin imamı Hacı Mərhəmət Mustafayev dini ibadət evi barədə geniş məlumat verərək deyib ki, 1918-ci ilin mart qırğınları zamanı Şamaxıda ən böyük qətliam Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.
Press-tur iştirakçıları Şamaxıda yeni qoyulmuş Soyqırımı Abidəsini ziyarət ediblər. Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin də iştirakı ilə abidə önünə tər qərənfillər qoyulub. Şamaxı ekspedisiyasının rəhbəri Şirzad Əhmədov jurnalistlərə bildirib ki, abidənin yaxınlığında aşağısı zirzəmi qatlı birmərtəbəli ev 1918-ci il qırğınının başçılıq edən Stepan Lalayevin olub. Onun atası, xüsusi var-dövlət sahibi Aleksandr Lalayev, qardaşı Saşa Lalayevlə birlikdə 1905-1907-ci illərdə erməni daşnaklarına dəstək verərək Şamaxıda ağlasığmaz qırğınlar törədiblər. Qatı millətçi Lalayev qardaşları Şamaxıda “sünni-şiyə” qarşıdurması da yaradıblar. Lakin fitvaya uymayan müsəlmanlar ermənilərin fırıldaqlarını başa düşüb və onlara yaxşıca dərs verib, Lalayev qardaşlarını xəyanətlərinə görə qətlə yetiriblər. 1917-ci il oktyabr inqilabından sonra V.İ.Leninin göstərişi ilə “Daşnaksütyun” təşkilatının ən fəal üzvü, millətçi Stepan Şaumyan Qafqaz işləri üzrə müvəqqəti Fövqəladə Vəziyyət Komissarı təyin ediləndən sonra atasının və əmisinin qisası ilə alışıb-yanan S.Lalayan komissarın təlimatları üzrə hərəkət edib. O, qabaqcadan mülkünün zirzəmisini silah-sursatla doldurub, digər ermənilərin silahlanmasına da köməklik göstərib. S.Lalayan 1918-ci ilin mart-aprel qırğınlarında yüksəklikdə yerləşən evinin həyətində quraşdırdığı top və pulemyotlar vasitəsilə şəhərin müsəlman məhəllələrini, Cümə məscidini, dinc insanları atəşə tutub. Hazırda həmin evdə bir neçə şamaxılı ailə yaşayır.
Nümayəndə heyəti son olaraq Şamaxıda soyqırımı qurbanlarının bir hissəsinin dəfn edildiyi İmamzadə məscidinə gəliblər. Məscidin axundu Hacı Elşən Rüstəmov qeyd edib ki, 1918-ci ildə dağıdılan məscidlərdən biri də XVIII əsr yadigarı “İmamlı məhəlləsi”ndəki bu məscid olub. Qırğın zamanı yüzlərlə qadın, uşaq və yaşlı insan “İmamzadə”yə pənah aparıblar. Məscidin axundu Cəfərqulu beş nəfər kişi ilə həmin insanları müdafiə edib. Ən nəhayət, onların güllələri qurtarıb. Erməni cəlladları həmin kişiləri məsciddəkilərin gözü qarşısında qəddarlıqla öldürüblər. Sonra məscidin ağzını bağlayıb od vurublar. Şahidlərin dediyinə görə, qaçqınlar şəhərə qayıdandan sonra məsciddə yandırılmış insanların sümük və küllərini bir yerə yığıb oradaca dəfn ediblər. 1990-cı ildə “İmamzadə”ni təmir etmək üçün aparılan qazıntılar zamanı aşkar edilən çoxsaylı insan sümükləri də məscidin həyətində basdırılıb. Toplu məzarın üzərində xatirə lövhəsi qoyulub. Jurnalistlər xatirə lövhəsi önünə gül dəstələri qoyublar. Bununla da AVCİYA-nın 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna təşkil etdiyi press-tur sona çatıb.
Rufik İSMAYILOV
Bakı-Şamaxı-Bakı

banner

Oxşar Xəbərlər