• cümə, 26 Aprel, 01:14
  • Baku Bakı 16°C

31 Mart soyqırımı etnik təmizləmədən zərər çəkmiş bütün xalqları birləşdirən amildir

17.03.18 11:28 1522
31 Mart soyqırımı etnik təmizləmədən zərər çəkmiş bütün xalqları birləşdirən amildir
1918-ci ildə ermənilərin törətdiyi 31 Mart soyqırımı nəticəsində minlərlə insan şəhid oldu. Azərbaycanlılara qarşı törədilmiş bu soyqırımında digər etnik qrupların da nümayəndələri həlak olub. Bir neçə xalqa qarşı törədilən bu soyqırımın daha geniş ictimaiyyətə çatdırılması üçün gücləri birləşdirməli, diasporalarla əlaqələr yaratmalıdırlar, lobbiçilik baxımından məqsədyönlü işlər görülməlidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyir ki, 31 Mart soyqırımı həmin dövrdə etnik təmizləmədən zərər çəkmiş bütün xalqları birləşdirən amildir: "Bu siyasətdən əziyyət çəkən bütün xalqları bir araya gətirən əsas məsələ, soyqırımı məsələsidir. 31 Martda ümumilikdə Azərbaycanda Arazdan şimalda 50 mindən yuxarı adam qətlə yetirilibsə, bundan 5 dəfə çox, 250 minə yaxın insan isə Cənubi Azərbaycandan öldürülüb. Göstərilən rəqəm olduqca böyükdür. Qətlə yetirilənlər arasında sadəcə azərbaycanlılar deyil, yəhudilər də var. Həmin dağ yəhudiləri ilə bizi birləşdirən cəhət, ermənilər tərəfindən soyqırımına məruz qalmağımızdır”.

Müsahibimiz deyir ki, bu xalqları bir araya toplayan beynəlxalq tədbirlər keçirmək lazımdır: "Biz diaspor, lobbiçilik xətti ilə baş verən hadisələri dünya ictimaiyyətinə çatdıra bilərik. Həmçinin apardığımız bu mübarizədə həmin xalqların gücündən istifadə edə bilərik. Hazırda dünyada ən güclü lobbi yəhudi lobbisidir. Bu günə qədər apardığımız siyasət, həmin diasporların, lobbilərin gücündən istifadə etməklə, mövqeyimizi daha da möhkəmləndirməyə istiqamətlənib. Yəni Azərbaycanla İsrail arasındakı münasibəti də nəzərə alsaq, bu siyasəti kifayət qədər uğurlu hesab etmək olar. Biz belə siyasətlə qarşı tərəfə kifayət qədər sarsıdıcı zərbə vura bilərik. Təbii ki, burada yəhudilərlə yanaşı, digər xalqların nümayəndələri də soyqırımına məruz qalıblar. Hətta həmin dövrdə bizə köməyə gələn osmanlı tüklərinə qarşı da bu cür cinayətlər törədilib. Nə qədər türk əsgəri bu yolda şəhid olub. Burada bir çox ölkəni - Azərbaycanı, İsraili, İranı, Türkiyəni birləşdirən bəzi bağlar var. Bu sadaladığımız ölkələr birləşərsə, bir gücə çevrilərsə, istədiyimizə nail ola bilərik”.


Həmsöhbətimizdən ermənilərin bu qəddarlığının səbəbini də soruşduq: "Əslində bunu hər kəs bilir ki, ermənilərin dənizdən dənizə böyük Ermənistan yaratmaq iddiaları tarixən böyük faciələrə səbəb olub. Təbii ki, bu, ermənilərin öz iddiası deyil. Bu böyük dövlətlərin iqtisadi rəqabətinin nəticəsi olaraq meydana çıxmışdır. Ermənilərin əsas məqsədi burada olan etnik xalqları təmizləmək və onların yerinə xaricdə yaşayan diaspor ermənilərini mərhələ-mərhələ köçürməkdir. Yəni onların əsas məqsədi etnik göstəriciləri öz xeyirlərinə dəyişmək idi. Bu istiqamətdə də həmişə böyük dövlətlər ermənilərə həm iqtisadi, həm də maliyyə baxımında dəstək olub”.

Millət vəkili Fəzail İbrahimli deyir ki, türk-müsəlman aləminə qarşı ermənilərin soyqırımı mövzusunda tarixçilərimiz bir çox dissertasiyalar yazıblar: "1918-ci ildə türklərə, azərbaycanlılara qarşı törədilən soyqırımı burada yaşayan etnik qruplara da təsirsiz ötüşmədi. Ermənilərin apardığı siyasət Qafqazı etnik qruplardan təmizləməyə və böyük Ermənistan yaratmağa yönəlmişdi. Bunu dünyaya çatdırmaq üçün bir çox faktlar var. Hələ 1919-cu ildə Amerikanın prezidenti Vilsonla Paris Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov görüşəndə, bu faktı göstərib. Həmçinin Fövqəladə Tədqiqat Komissiyasının da materialları var. Orada müsəlmanlara, türklərə qarşı törədilən bütün qəddarlıqlar ifadə olunur və həmin sənəd ora təqdim olunmuşdu. Amma bunun heç bir nəticəsi olmamışdı. Mart hadisələrini dünyaya təqdim etmək və inandırmaq yolu ilə yox, dünya ədalətli olduqda, qərəzsiz ikili standartdan əl çəkdikdə, bu hadisə çox rahat tanına bilər. Dünya xristian dünyasıdır. Bizi müdafiə edən ancaq İslam Əməkdaşlıq Konfransı təşkilatıdır. Bu məsələlər kifayət qədər araşdırılır, öyrənilir. Sadəcə olaraq, dünya tanımaq istəmir. Baxırlar, korluğa, eşidirlər, karlığa vururlar özlərini. İkili standart bu deməkdir”.

Millət vəkili ermənilərin bu qəddarlıqlarının səbəbindən də danışdı: "Bu, onlarda böyük Ermənistan yaratmaq istəyindən irəli gəlir. Onların düşüncələri, nəzəriyyələri budur. Bu da nəsildən-nəslə ötürülür. Ermənilər genetik kodlarında insanlığa nifrət düşüncəsi yaşadırlar. Bu kod isə ötürülür birindən o birisinə. Siyasətə çevrildikdə daha çox qəddar formada olur. Bizə elə gəlir ki, ermənilər digər xalqlara qarşı qəddardır. Əslində özlərinə qarşı da qəddarlığı var. Çünki bunların naturası, siması belədir. Lakin böyük siyasət gələndə, birləşə bilirlər. Digər millətlərə qarşı bunlar bir olur, amma öz aralarında bir-birini yeyən barama qurdlarına oxşayırlar. Digər millətləri qovub, yalnız ermənilərdən ibarət Ermənistan yaradıblar. Əqrəbə nə qədər bal versən də, zəhərə çevirir, canavara nə qədər yem versən də, elə meşəyə baxır. Çünki birinin xisləti meşədə, o birininki də sancmaqdadır”.

Günel Azadə






banner

Oxşar Xəbərlər