30 ölkədən 300-dək şirkətin iştirak etdiyi sərgi
Mayın 31-də 24-cü
Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı işə başlayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində
XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər
Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.
Sərginin açılışı münasibətilə hər kəsi təbrik edən dövlət başçısı öz çıxışında qeyd edib ki, belə bir sərginin Azərbaycanda keçirilməsi
çox əlamətdar bir hadisədir: "Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir
göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən,
bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə
artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm
ki, builki sərgi də uğurlu olacaqdır”.
Qeyd edək ki, Xəzəryanı regionda energetika
sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017”
sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin -
SOCAR-ın dəstəyi, "ITECA Caspian” və "ITE Group” şirkətlərinin təşkilatçılığı
ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət
iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya,
İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr
var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi
sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya,
Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
Azərbaycan və
Avropa Birliyi Cənub Qaz dəhlizinin reallaşmasında ortaq mövqe göstərirlər
İqtisadçı-ekspert
Vüqar Bayramovdansərginin əhəmiyyəti haqda soruşduq. O, bildirdi ki, neft və qaz sərgisinə
texniki tədbir kimi yanaşılmasının düzgün
deyil: "Sərgi şirkətlərə və eyni zamanda, sahibkarlara öz məhsullarını
nümayiş etdirmək, həmçinin, yeni müqavilələr əldə etmək imkanları yaradır.
Ekspert və rəsmilərin iştirakı ilə keçirilən bu sərgilərdə müzakirələrə də
geniş şərait yaradılır. Platforma təşkilatçı
və sahibkarlar arasında, bütövlükdə
regionda enerji sahəsindəki mövcud siyasətin müzakirəsi baxımından vacib hesab
edilir. Düşünürəm ki, sərgiyə həm də siyasi və strateji baxımdan yanaşmaq
lazımdır. Azərbaycanla aparıcı dövlətlərin, eləcə də aparıcı şirkətlərin
münasibətlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi aspektindən
də vacib amildir. Nəzərə almaq lazımdır ki, ABŞ nümayəndə heyəti və ABŞ
prezidentinin sərgi ilə bağlı məktubu Birləşmiş Ştatların mövqeyi kimi, sərgi
vasitəsi ilə Azərbaycana təqdim olundu. Eləcə də, Avropanı təmsil edən rəsmilər
də Cənub Qaz Dəhlizi və digər layihələrdə strateji təşəbbüsün ələ alınması
fonunda layihələrə dəstək nümayiş etdirirlər. Bu, Azərbaycanın öz öhdəliklərinə
sadiqliyi və Avropa Birliyinin enerji təhlükəsizliyinin formalaşmasındakı
rolunun və mövqeyinin qorunub saxlanılması baxımından mövqeyini təqdim etdi.
Strateji münasibətlərin inkişaf etdirilməsi bizim üçün yeni imkanlar yaradır. Sərginin
iqtisadiyyat və texniki tərəfləri ilə yanaşı, əsas üstünlük və səmərəliliyi
ondan ibarətdir ki, siyasi münasibətlərin müzakirəsi və əlaqələrin genişlənməsi
baxımından vacib bir təşəbbüsdür. Düşünürəm ki, tədbir sahibkarlara və şirkətlərə
öz imkanlarını və xidmətlərini təqdim etməklə yanaşı, Azərbaycan və region ölkələrinin
aparıcı dövlətlərlə münasibətlərinin yaxşılaşdırılması və strateji əməkdaşlığın
inkişafı baxımından vacib hesab edilməlidir”.
V.Bayramov qeyd etdi ki, sərgidə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
formalaşması baxımından yeni alternativ mənbə kimi bildirilməsi də,
platformanın əhəmiyyətindən xəbər verir: " Tərəflər Azərbaycanın təşəbbüsü ilə
reallaşan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi və zamanında, yəni 2018-ci
ildə Türkiyəyə, 2020-ci ildə Avropaya Azərbaycanın mavi qazının çatdırılmasını
dəstəkləyir. Düzdür, qazın inşası ilə
bağlı müəyyən problemlər var idi. Lakin sərgi
bir daha onu sübut etdi ki, bu problemlər Avropa Birliyinin ümumi siyasəti
deyil. Prezidentin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin reallaşmasına
qarşı olan qüvvələr, xüsusən də maliyyə dəstəyinin həyata keçirilməsinə dair
kampaniya var idi. Amma Azərbaycan və Avropa Birliyi Cənub Qaz dəhlizinin
reallaşmasında ortaq mövqe göstərirlər. Sərgidə də bu mövqe bir daha nümayiş
etdirildi. Avropa, ABŞ faktiki olaraq Cənub Qaz Dəhlizinin reallaşması ilə
bağlı səylərini və təşəbbüslərini dəstəkləyir və Qərb Azərbaycana Avropanın
enerji təhlükəsizliyinin formalaşmasında alternativ mənbə kimi baxır”.
Ölkələr
arasında ticarət dövriyyəsinin artması baxımından da əhəmiyyətlidir
Neft
Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neft-qaz sərgisi elə bir platformadır
ki, enerji sahəsində ixtisaslaşan hasilatçı dövlətlər və xidmət göstərən şirkətlər burada toplaşaraq,
öz gələcək planlarını, görülən işləri müzakirə edirlər: "Bu sərgi hər il
keçirilir Bunun əsasında iş birlikləri planlarına baxılır. Digər tərəfdən, Şahdəniz-2
layihəsi çərçivəsində platformanın dənizə yola salınması mərasimi keçirildi. Bu
kimi hadisələr sərgidə geniş işıqlandırılır və ictimaiyyətə təqdim olunur.
Türkmənistan, Qazaxıstan, İran, Rusiya, ümumiyyətlə, bütün Xəzəryanı ölkələr
burada iştirakçıdırlar. Həmçinin digər 25 ölkə də bu platformada təmsil olunur.
Maraqlı odur ki, hər bir şirkət neft-qaz sahəsindən bir şey qazanmağa çalışır.
Sərgi həm də ölkələr arasındakı ticarət dövriyyəsinin artması baxımından da əhəmiyyət
kəsb edir”.
Şəbnəm
Mehdizadə