• cümə axşamı, 28 mart, 14:50
  • Baku Bakı 16°C

3 yaralı 14 saat mühasirədə qalıblar

19.12.20 11:09 2211
3 yaralı 14 saat mühasirədə qalıblar
Qazi Kənan Babayev: "Bu gün "mənim toyuma gələrsən” deyən döyüş yoldaşının səhəri gün ayaqlarından tutub nəşini çıxarmağı unutmaqmı olar?”
1996-cı il doğumludur, Sumqayıtda dünyaya gəlib, amma əslən Qubadlıdan olduğu üçün hər zaman işğal altında olan doğma torpağını görmək istəyirmiş və bu arzusunu belə dilə gətirirmiş: "Dostlarla, qohumlarla söhbət edəndə, deyirdim ki, nəsildən Qubadlıya birinci özüm gedəcəyəm. Bir az zarafatyana, bir az da ciddi arzu idi. İçimdə həmişə bir istək, inam da var idi. Hiss edirdim ki, bu istəyim reallaşacaq. Zamanı gəldi və Qarabağ uğrunda döyüşlərə qatıldım. Biz Zəngilanda olanda, xəbər verdilər ki, Qubadlıdakı döyüşə yardım lazımdır və ora getdik. Döyüşlərdə iştirak etdik və Qubadlının azad olunmasında mənim də payım oldu və həmin istəyim reallaşdı”.

Söhbət İkinci Qarabağ Döyüşlərinin iştirakçısı, qazi Kənan Babayevdən gedir. Bildirək ki, Kənan Sumqayıt Texnologiyalar Parkında elektrik işləyir. Oktyabrın 5-də Kənana çağırış gəlir və elə həmin gün də evdəkilərlə sağollaşıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıtdakı şöbəsinə üz tutur: "Səhər işə gedirdim, səfərbərlik xidmətindən zəng etdilər ki, yarım saata burda ol. Gəlib evdəkilərlə görüşdüm, hərbi bileti götürüb getdim. Birbaşa döyüşə aparmadılar. Biz Ağcabədidəki toplanma məntəqəsinə getdik, iki həftə təlim keçdikdən sonra oktyabrın 19-da cəbhə bölgəsində döyüşlərə yollandıq”.

"Bizim üçün ölüm, əsir düşməkdən üstündür”

20 günə yaxın müddətdə Zəngilan, Qubadlı, Xocavənd, Şuşada döyüşlərdə iştirak edir. Noyabrın 6-da Daşaltı istiqamətində gedən döyüşlərdə yaralanır və 14 saat mühasirədə qalır: "Daşaltı istiqamətindəki döyüş çox ağır idi. İtkimiz də çox oldu, yaralananlar da. Noyabrın 6-da səhər tezdən yaralandım. Snayperlə ayağımdan vurmuşdular. Həmin gün səhər 8-də mühasirəyə düşdük. 3 yaralı 14 saat mühasirədə qaldıq. Qanaxmam çox idi, döyüş yoldaşlarım ayağımı sarıyıb qanaxmanı dayandırdılar. Axşam saat 10-da gəlib bizi çıxardılar. Əslində elə bir yer idi ki, bizi tez çıxarmaqları mümkün də deyildi. Düşmən hər tərəfdən minomyotla, avtomatla atırdı. Ona görə, ancaq axşam çıxara bildilər”.

Mühasirə vaxtı erməni əsgərləri onları əsir götürməyə gəlir, ancaq yoldaşları öz həyatlarını riskə ataraq düşməni qabaqlayırlar: "Mühasirə vaxtı hava qaralandan sonra ermənilər başımızın üstünü almışdı. Yaralı olduğumuzu bilirdilər, bizi əsir götürmək istəyirdilər. Hər tərəfdən atırdılar deyə, bizimkilər əvvəl yaxın dura bilmirdilər. Ancaq sonra görəndə ki, düşmən bizi əsir götürə bilər, artıq təhlükəyə baxmadılar, tabor komandirimiz Surxay Noçuyev, bölük komandiri Elvin Məmmədzadə, çavuş Qaraxanov, tağım komandirim Fədai Abdullayev öz həyatlarını riskə ataraq bizi xilas etməyə gəldilər. Hətta o niyyətdə olublar ki, əgər xilas etmək mümkün olmasa, bizi öldürsünlər, amma əsir verməsinlər. Çünki bilirdilər ki, bizim üçün ölüm, əsir düşməkdən üstündür. Həmin vaxt Elvin Məmmədzadəyə dedim ki, bəs siz getməmişdiniz? Dedi ki, sizi burda qoyub necə gedə bilərdik? Həqiqətən də, elə bir yoldaşlıq, komandanlıq var idi. Nə olur olsun, bizi qoyub getməzdilər. Bizi hospitala gətirdilər, sonra eşitdim ki, Surxay Noçuyev və Elvin Məmmədzadə Şuşa uğurundakı döyüşlərdə şəhid olublar”.

"Ayağımı sarımaq üçün güllənin altına gəldi”

Şuşanın işğaldan azad olunması sevincini hospitalda yaşayan Kənan deyir ki, həmin vaxt ən çox istədiyi şey döyüş yoldaşlarının yanında olmaq olur: "Döyüş yoldaşlarımın yanında olmaq, bu qələbəni onlarla bir yerdə qeyd etmək istəyirdim. Çünki Şuşanın azadlığı bizim üçün çox önəmli idi”.

Kənanın yarası orta ağır qiymətləndirilir və noyabrın 7-dən dekabrın 14-ə kimi hospitalda qalır: "Açıq yara olduğu, damar filan parçalandığı üçün evə buraxmadılar. Sonra dəriköçürmə əməliyyatı etdilər. Çünki oldu silah dərini yandırıb. Hələ də yerimə qabiliyyətim düzəlməyib”.

Kənan deyir ki, bütün döyüşçülərimiz nəinki yaralıları xilas etmək, hətta şəhidlərin nəşini götürmək üçün də öz həyatlarını riskə atmaqdan çəkinmirdilər: "Döyüş yoldaşımızın xırda bir yara aldığını görsək, tez yanına qaçırdıq. Bəzən baxırdıq ki, yaralıdır, amma ölümcül deyil, yanına getməsək də olar. Çünki yolda vurulma ehtimalı çox böyük idi. Amma bunu da gözə alıb yanında olmağa çalışırdıq. Hələ mən yaralanmamışdan öncə bir axşam eşitdik ki, 6-7 şəhidimiz var, amma çox təhlükəli yerdədir, mühasirəyə düşmə ehtimalı böyük olsa da, gedib çıxardırdıq. Bacardığımız qədər şəhid, yaralı olanda, öz həyatımızı riskə atmalı olsaq belə, onları götürməyə çalışırdıq. Demirdik ki, şəhid oldu, ölüb, ondan ötrü həyatımızı riskə atmayaq və s. Meyitlərin düşmən əlində keçməməsi üçün həyatımızı riskə atırdıq. Bütün döyüşçülər belə idi. Mən yaralananda, çavuş Qaraxanov ayağımı sarımaq üçün güllənin altına gəldi. Çıxara bilməsə də, ayağımı sarımaq istəyirdi. Çünki qanaxmadan ölə bilərdim”.

Musiqisiz oynamağa başladıq

İnternetdə əsgərlərin döyüş bölgəsində mahnı oxuduqları, yemək hazırladıqları, əyləndikləri əks olunan videolara da tez-tez rast gəlirdik. Kənan bildirdi ki, əsgərlər bu üsullarla əhval-ruhiyyələrini yüksək tutmağa çalışırdılar: "Bizə verilən döyüş tapşırığını uğurla yerinə yetirəndən sonra çalışırdıq ki, onu qeyd edək. Qubadlıdan ermənilər getsələr də, fermalarında heyvanları qalmışdı. Aramızda kənd uşaqları var idi, bu işləri bacarırdılar. Kəsirdilər, sonra bişirirdik. Uzun müddət konserv yeyəndən sonra adam fərqli qida qəbul etmək istəyir. Həmin vaxt özümüz bişirdiyimiz yeməklər çox dadlı gəlirdi. Kompotlar tapırdıq. Döyüş gedən ərazilərdə şəbəkə də yox idi, ailəmizlə əlaqə saxlaya bilmirdik. Ona görə, deyirdik, gülürdük, nələrsə edirdik, əylənməyə çalışırdıq. Hətta Qubadlının azad olunması xəbəri veriləndə, döyüş yoldaşımız Pərviz Gülmalıyevlə musiqisiz oynamağa başladıq. "Biz burdayıq, Qubadlı alınıb” deyib sevinirdik. Bizim bölükdə Qubadlıdan olan təkcə mən idim, məni xüsusilə təbrik edirdilər. Bunlar hamısı döyüş ruhunu yüksək saxlamaq üçün idi”.

Müharibə dövründə insanlarımız əsgərlərimiz üçün dua etməyə, onlar üçün əllərindən gələni əsirgəməməyə çalırdılar. Kənanın sözlərinə görə, bu, döyüşdə iştirak edənlərə əvəzsiz ruh yüksəkliyi bəxş edirdi: "Gündəlik qazancı bəlkə də 5 manat olan adamların belə, evindən, uşağının boğazından kəsib ordu üçün nəsə etməyə çalışmasını gördüm. Düşünürdü ki, mənim uşağım evdə ac qalsın, amma ordudakı əsgərin corabı, papağı olsun. Qələbənin dadı şirin olur. İnsanlar ordumuzun, torpaqları işğaldan azad etdiyin, döyüşdə irəli getdiyini görürdülər. Ona görə çalışırdılar ki, orduya dəstək olsunlar. Baxırdın ki, yaşlı nəsildir, onu orduya aparmaq mümkün deyil, amma soruşurdu ki, mən nə edə bilərəm? Bunlar ürəkdən deyilən sözlər idi, insanlar nəsə etmək istəyirdilər. Bir də görürdük ki, bir kisə papaq, corab gəldi, şirə, su göndərirdilər. Dövlətin təminatı baxımından problem çəkmədik, ancaq insanlarımızın qayğısını da görmək bizə bir başqa ruh verirdi. Xalq əsgərini düşünürdü, əyninin qalın, yatdığı yerin rahat olmasını istəyirdi. Yardımların bəzisinin üstündə mesaj olurdu. "Sizə inanırıq, güvənirik” yazırdılar. Adam hiss edirdi ki, səni tanımasalar belə, sənin üçün dua edən minlərlə, milyonlarla adam var. Ailənin dua etməsi öz yerində, amma tanımadığın insanların səni düşünməsi, dua etməsi böyük hissdir. Bu, daxildən gəlirdi, onlar onu etməyə məcbur deyildilər. Bu dəstəyi hiss edəndə, daha ürəkli olurduq. Çünki dəstək olmadan insan özünü bir yerdə qədər motivasiya edə bilir”.

Üzümüzdə təbəssüm yaradan səbəb qalibiyyətimizdir

Döyüşdə ən çox düşündüyü isə anası olub: "Anam onkoloji xəstə idi, qışda əməliyyat olunmuşdu. Ən çox ondan nigaran idim. İşğaldan azad olunan yerlərdə şəbəkə olmurdu. Şəbəkə olan kimi tez anamı yığırdım, halını soruşurdum. Bilirdim ki, narahatdır. Ancaq çox vaxt əlaqə saxlaya bilmirdim, çünki şəbəkə heç də həmişə olmurdu. Mən yaralı olanda, xəstəxanada idim, həmin vaxt dünyasını dəyişdi”.

Müharibə ilə bağlı heç vaxt unutmayacağı anlar da çoxdur: "Bu gün oturub yemək yeyəndə, "mənim toyuma gələrsən” deyən döyüş yoldaşının (Pərviz Gülmalıyev) səhəri gün ayaqlarından tutub nəşini çıxarmağı unutmaqmı olar? Həmin vaxt telefonu zəng çaldı, evdən zəng gəlirdi. O an adam nə edəcəyini, bilmir. İçəridən mənəvi sınmaq gəlir. Müharibənin ağır qanunları var. Amma işığı sifətinə salıb, qoruyucu jileti çıxarıb güllənin hardan dəydiyinə baxmaq, donuzlar ağız atmasın deyə nəşini zirzəmiyə qoymaq ağır şeylərdir. Əlində qol olur, bilmirsən kimindir, deyirsən ki, qoy tapım, nəşi əskik getməsin. Belə şeyləri unuda bilməyəcəyik”.

Kənan deyir ki, müharibə "Qarabağ Azərbaycandır” sözünü deyən oğulların onu boşuna dilə gətirmədiklərini sübut etdi: "Mənfur düşmən tərəf bizdən qat-qat böyük itki verdi, amma məğlub oldu. Bizim də itkilərimiz oldu, amma qalib gəldik. Bizim üzümüzdə təbəssüm yaradan səbəb də qalibiyyətimizdir. Biz həmişə deyirdik ki, Qarabağ Azərbaycandır. Ermənilər deyirdilər ki, necə Azərbaycandır ki, hazırda biz yaşayırıq. Bəlkə də ifadəm qeyri-etik çıxacaq, amma o sözü onlara yedizdirdik. Dedik və bizim olan torpaqları geri aldıq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər