• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

3 saata viza

16.12.17 09:30 2814
3 saata viza
Turizm hər bir ölkə üçün əhəmiyyətli sektordur. Azərbaycanda da turizm sektoru yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Ölkəmizə davamlı olaraq Avropa, Asiya və Afrika ölkələrindən minlərlə turist gəlir. Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox böyük önəm kəsb edir. Turistlərin bu qədər çox axın etməsi qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir.
Turizm sahəsinin inkişafı ilə bağlı dövlət səviyyəsində tədbirlər görülür, qərarlar qəbul edilir. Bu kontekstdə Azərbaycana gələn turistlərin 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı "Turizm haqqında” qanuna dəyişiklik edilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 14 dekabr tarixində keçirilən iclasında bildirilib.
Qeyd edək ki, bu il avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edirlər.
Biz də edilən dəyişikliyin növbəti mərhələdə hansı nəticələri verəcəyini, həm turizm sahəsinin inkişafına, həm də miqrasiya məsələlərinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
"Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bu dəyişikliyin turizm inkişafına birmənalı şəkildə öz müsbət təsirini göstərəcəyini bildirdi: "Bilindiyi kimi, 2012-ci ildən cənab prezidentin fərmanı ilə viza alma prosedurası sadələşməyə doğru gedir. Bu da gözlənilən nəticələri verdi. Belə ki, turizm sahəsinə böyük bir axın yarandı. Tutaq ki, əvvəllər viza bir neçə iş günü ərzində alınırdısa, indi cəmi üç saat ərzində elektron vizanı əldə etmək mümkün olacaq. Bu da ölkəyə turist axınına şərait yaradacaq. "Asan viza”nın tətbiq edilməsi "İpək yolu”nun daha populyarlaşmasına, istər Avropa, istər Asiya ölkələrinin vətəndaşları üçün ölkəmizin əlçatan olmasına səbəb olacaq”.
Turizm üzrə ekspert Rüfət Məmmədovda hesab edir ki, ümumiyyətlə, elektron vizanın tətbiq edilməsi ölkə üçün olduqca əhəmiyyətlidir: "Elektron viza həm vaxta, həm də pula qənaət deməkdir. Bu da müştəri məmnuniyyətini artıracaq. Çünki viza almaq olduqca vaxt aparan bir proses idi. Bu da insanların başqa bir ölkəyə getməsini şərtləndirirdi. Düşünürəm ki, Azərbaycanı turizm sahəsində inkişaf etmiş bir ölkəyə çevirmək üçün viza sahəsində olan sadələşmə böyük önəm daşıyır. Hər bir dövlət turist axınını təmin etmək üçün bu kimi məsələlərə xüsusi diqqət ayırmalıdır. Amma bir məsələ var ki, bu hansı ölkələrdən gələn əcnəbilərə şamil ediləcək. Xüsusi seçilmiş ölkələr olacaq, ya bütün xarici ölkə vətəndaşları bu fürsətdən istifadə edə biləcək? Təbii ki, bütün ölkələrə şamil edilsə daha yaxşı olar. Bu, turizmin inkişafında xeyli dərəcədə əhəmiyyətli addımdır”.
Miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov vizanın səyahət etmək üçün ölkə seçimi zamanı əsas rol oynayan faktorlardan biri olduğunu dedi: "Bir ölkədən digərinə getmək istəyən şəxsi maraqlandıran əsas mövzulardan biri də viza məsələsidir. Tutaq ki, pulun da, həvəsin də var. Hansısa bir ölkəyə səyahət etmək istəyirsən. Amma baxırsan ki, viza almaq məsələsində işlər çətinləşir. Bir sıra sənədləri hazırlamalı, harasa göndərməli, onların təsdiq olunması gözləməlisən. Təbii ki, həmin proses müəyyən zaman çərçivəsində həll olunur. Bu da insanları səyahət etmək üçün həvəsdən salır. Daha asan şəkildə viza əldə edə biləcəkləri ölkəni seçirlər. İnsanlara vizası daha asan əldə olunan ölkələr cəlbedici olur. Yəni səyahət etməyə ölkə seçimi zamanı viza əsas rol oynayan faktorlardan biridir. Bu baxımdan atılan addımı müsbət qiymətləndirirəm”.
Müsahibimiz bildirir ki, bəzi ölkələrin vətəndaşları üçün viza sisteminin ləğvi daha uğurlu addım olar: "Mən istərdim ki, bəzi Avropa ölkələri ilə ümumiyyətlə viza rejimi ləğv olunsun. Və yaxud da vizanı ölkəyə daxil olduqdan sonra, yəni elə hava limanında ala bilsinlər. Hazırda dünyanın elə ölkələri var ki, onların vətəndaşları üçün BMT-yə üzv olan ölkələrdən 170-ə yaxını viza rejimi tətbiq etmir. Misal üçün, Yeni Zelandiya, Avstraliya və Avropanın bir çox ölkələrinin vətəndaşları üçün viza qoymağa ehtiyac yoxdur. Düzdü, onlar bizim vətəndaşlarımız üçün viza sistemi tətbiq edəcəklər. Amma burada maraqlı olan tərəf bizik. Çünki istəyirik ki, ölkəmizə gələnlərin sayı çox olsun. Dünyada ən güclü pasportu olan top onluğa daxil olan ölkələr var. Hansı ki, həmin dövlətlərin vətəndaşları dünyanın bir çox ölkələrinə vizasız gedib gəlirlər. Bəs biz niyə həmin sistemi tətbiq etməyək? Qonşu ölkələrdən Qazaxıstan bu rejimi tətbiq etdi. Amma düşünürəm ki, bunu biz etsək, daha çox əcnəbi cəlb edə bilərik. Bu, bizdə daha uğurlu alınar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər