• şənbə, 20 Aprel, 17:55
  • Baku Bakı 23°C

3 “Ş” romantizm

04.09.19 11:30 1265
3 “Ş” romantizm
Fars dilində bir söz var: "Hünər”. Bizim dilimizdəki qarşılığı "incəsənət” deməkdir. Məni bu kəlmə hər zaman düşündürüb. Yəni incəsənətə "hünər” deyilməsi həqiqətən də maraqlı və düşündürücüdür. Çünki, "hünər” kəlməsinin başqa bir anlamı yoxdur. Bizim bildiyimiz cəsarət, cürət, qəhrəmanlıq mənalarındadır. Lakin, ən əsas məna buradakı cəsarətdir. İncəsənətə məhz bu yöndən yanaşılmasının bir neçə səbəbləri ola bilər ki, onlara keçici olaraq, bir nəzər yetirmək istərdik.
Məlumdur ki, elm və incəsənət insanın təbiətində, yəni ilkin yaranışın naturasında yoxdur. Təbiət təbii, yəni heç bir ziddiyyət olmadan, xüsusi və əlavə bir mücadiləyə gərək duyulmadan ortaya çıxan bir şeydir. Buna da idealist düşüncə tərzində "Tanrı yaratdı” deyilir. Məsələn, doğulan hər bir insan yaradılışın davam etdiyini göstərir. Yəni, hər doğuluş məhz Yaradanın əsəridir - ən azından belə düşünən on min illik bir düşüncə tarixi vardır. Ancaq doğuluşdan, yəni yaradılışdan sonrakı mərhələ artıq insanın əsəridir. Əlbəttə, din bunu da "alın yazısı”, "Tanrı qisməti” adı qoyaraq, müəyyən mənada inkar edir. Etsin etməyinə, ancaq hər inkar yeni bir təsdiqin babasıdır. Elə ilahi yaradılış dedikləri şeyin əsl mahiyyəti də iradənin bölünməsində və nəticədə hünərin, cəsarətin, müdaxilənin doğuluşuna səbəb olmasındadır. İnsanın başqa canlılardan fərqi də elə həmin bölünməyə məzhər olmasıdır. Elə buna görə də fillər rəsm çəkmir, tutuquşular danışmır – onlar sadəcə təqlid edir. İnsan isə, yaradılışa bir növ müdaxilə edir. Heç də təsadüfi deyildir ki, Pikassoya "ustad, axı bu balığa bənzəmir” deyə irad tutulduğunda o, "cənab, bu, balıq deyil, rəsmdir” cavabını vermişdir. Yəni insan təfəkkürü heç bir zaman təqlidçi qismində çıxış etməyib. Yox, bioloji balıq daha mükəmməldir, qüsursuzdur, hərəkət edir, doğulur, ölür, bunlar bəlli şeylərdir. Ancaq burada əsərlər və onları müəllifləri müqayisə predmeti deyil. Əgər yaradılışı olduğu kimi, heç bir təbiilikdən kənara çıxmayaraq, təqlid etmək mümkün olsaydı, o zaman elə bu təqlidin özünə nə ehtiyac vardı? Ən təbii halına mümkün qədər yaxın və bəzən də eyniyyət təşkil edər kimi görünən hər hansı sənət əsəri dövründən, cərəyanından asılı olmayaraq, içində təbii yaranışla mütləq şəkildə bir ziddiyyət içərisindədir. "Tanrı olmaq varkən, Tanrıya bənzəmək nə qədər absurddur” – demək istərdim, ancaq bunu mənim manifestim olaraq qəbul etmələrindən qorxub, bu sözü dilimə gətirmirəm!
Fəqət, bütün qorxulara və ehkamlara rəğmən, bölünmüş iradənin və ikinci bir müdaxilənin qarşısını heç nəylə almaq mümkün deyil. Əgər ikinci varsa, deməli, üçüncü, dördüncü, beşinci var və bu saylar sonsuza qədər uzanacaq. Bəlkə elə buna görə "Tanrı təkdir” deyiblər. Çünki, bir əslində say deyil, bir mənada sayların bitişidir. Vahid bir ağlın, vahid bir iradənin məhsulunu görərək, belə qərara gəliblər ki, Tanrı vahiddir! Yəqin ki, haqlı və məntiqli nəticədir. Lakin, bizim qüsursuz olanla işimiz yoxdur. Biz qüsurlu, bəsit və mürəkkəb arasında çırpınan qeyri-vahiddən - insandan danışırıq!
Qayalara cızılan ibtidai insan tabloları belə onu göstərir ki, bunlar təbiətdən gələn şeylər deyil. Öküzü ovlamaq üçün onun rəsmini çəkməyə olan mistik inancın özü qeyri-təbii və bölünmüş iradənin göstəricisi deyilmi? Elə bu mənada inancın və ondan yaranan dinlərin özü də bir mənada incəsənət əsəri, yəni "hünər” deyilmi? Əgər din insan yaradıcılığı deyilsə, o zaman niyə tək deyil, vahid deyil? Əgər söhbət Tanrının varlığından gedirsə, bu təbiiliyi qeyri-təbii yollarla təsdiq etməyə, ona müdaxilə etməyə nə ehtiyac vardı? Ancaq insan bunu etdi. Öküzün yalnızca bir Tanrı qisməti olduğunu bilə-bilə onun rəsmini qayalara çəkdi! Onu Tanrının istədiyi yerdə, onun istədiyi zamanda yox, öz istədiyi yerdə, istədiyi zamanda ovlamaq istədi! Bax, buna deyirlər əsl hünər, əsl cəsarət! Heç bir din, heç bir inanc, heç bir ehkam bu hünərin, bu cəsarətin qarşısını ala bilmədi. İnsanlar əsrlər boyu yağmur duasına çıxdılar. Elə dua etməyin özü kənar müdaxilə deyilmi? Bəyəm insan dua etməsə, yağışın nə zaman, haraya, nə qədər lazım olduğunu Tanrı bilməyəcəkmi? Bunu Ona xatırlatmağa ehtiyac varmı? Məsələn, nəbatat və heyvanat bunu etmir. Güllər rahatca solur, heyvanlar astaca ölür, təbiət öz sürətilə yoluna davam edir. Çünki, onların hamısı vahid bir iradəyə tabedirlər. Təkcə insan oğlu bu iradənin bölünməsində maraqlıdır və iştirakçıdır.
İndi gələk, nəfsin və onun bəhrəsi olan anti-zaman düşüncəsindən kənarda mövcud olan əsl hünərə - yəni elmə və incəsənətə. Bir haşiyə çıxım ki, bəli, insan nəfsinin ən bariz göstəricisi zamanın əleyhinə olan fəaliyyətdir. Öküzü də, yağmuru da dualarla, rituallarla tezləşdirmək yerinə, sadəcə oturub Tanrının təyin etdiyi zamanı gözləmək də olardı. Ancaq bizim bəhs etdiyimiz əsl hünər belə deyil. Onun duaya və rituala ehtiyacı yoxdur. Kimə dua edəcək?! Axı bu an, bu saat yaradan onun özüdür! Üstəlik o yaxşı bilir ki, onun bu dəqiqə yaratmaq istədiyi şey dua etmək istədiyi varlığın ziddinədir. Sadəcə, insan şüuru bu ziddiyyəti qəbul etmək istəmir. Ona elə gəlir ki, Tanrıya zidd getmək olmaz. Ancaq kim dedi ki, ziddiyyətin özü Tanrının istəyi deyil?! Əgər O bunu istəməsəydi, insanı niyə çoxnüvəli, mürəkkəb və bu qədər faili-muxtar yaradırdı?! Bəlkə Tanrı gerçəkdən də bir Atadır və istəyir ki, övladları sərbəst böyüsün, Onu təqlid etməsin və ən əsası da məhz böyüsün!? Ancaq Tanrı bunu istəsə də, istəməsə də bu belədir, belə oldu. İnsan sərbəst yaratmağa başladı. İnsanın yaratdığı harmoniya təbiətin harmoniyasını pozdu. Ancaq yenə də söhbət ekoloji çirklənmədən və yaxud da həmcinslərin evlənməsindən getmir. Söhbət İohan Sebastian Baxın orqan musiqisindən gedir ki, təbiətdə belə bir musiqi yox idi və göylərə bu harmoniyanı Bax, yəni insan oğlu hədiyyə etdi! Elə orta əsr katolik kilsəsinin və hər zamankı kimi İslamın da incəsənətə və elmin inkişafına olan ən yaxşı halda neqativ münasibətinin kökündə də təbii harmoniyaya olan qeyri-təbii müdaxilənin inkarı dayanırdı. Lakin dediyimiz kimi, bu bölünmənin və müdaxilənin qarşısını heç nə ala bilmədi. Din Allahı insan ağlından "qorumaqla” Allaha siyasi bir hakimiyyət, düşüncə sahiblərinə isə üsyankar bir müxalifətçi statusu verdi. Halbuki övladlarını sevən "Ata” bunu istəmir! Bundan tam olaraq əmin olmaq lazımdır!
İncəsənət məhəbbətə əxlaq gətirdi. Jorj Sand bəlkə də əvvəldən bilirdi ki, o, Frederik Şopenin iri və gözəl gözlərinə, uzun saçlarına, biçimli hündür bədəninə deyil, onun musiqisinə vurulmuşdu. Çünki çox az bir müddətdən sonra ağciyər vərəmi nə o gözlərdəki gözəlliyə, nə o saçlardakı ətrə, nə də o hündür boya rəhm elədi. Şopendən qalan (Mixail Semyonoviç Kazinik demişkən) iri solğun gözlər, vaxtından tez ağarmış uzun saçlar və rəngi saralmış uzundan da uzun barmaqlar oldu! Onun noktryünləri bu gün Amerikada "polişlər” deyə bezdirici bir nifrətlə anılan və həqiqətən də öz ağıllı və qaltaq iradələri ilə amerikalıları bezdirən polyakların tarix boyu yeganə iftixar mənbəyi oldu. O mazurkalar, o polonezlər bir xalqı göylərin yeddinci qatına çıxartdı. Lakin, nə Polşa, nə Şopen özü bilir ki, bu musiqi artıq bəşəriyyətin insan olduğu üçün qürur duyduğu dəyərlərdən biridir! Bəli, məhz müdaxiləçi və hünərli dühaların hesabına insan oğlu məhz insan olaraq yaradıldığı üçün çox sevinir!
Cərəyanlar, keçidlər, əvəzlənmələr, hamısı bir əldən digərinə ötürülən miras kimidir. İncəsənət, yəni hünər yeganə nəsnədir ki, biri-digərini yıxaraq yox, ucaldaraq əvəz edir. Arnold Şönberqin dodekafoniyası ümumiyyətlə özündən əvvəlki hər şeyi alt-üst etdi. Ancaq o alt-üst olan şeylər Şönberqə minnətdardır. Çünki, incəsənət yeganə sahədir ki, orada İblisin iştirakı yoxdur! Daha dəqiq və cürətkar ifadə etsək, incəsənətdə qiyas və inkar yoxdur ki, bunların hər ikisi şeytanın icadıdır və Tanrının yaratdığı hər şeyə müdaxilə edə bilib! Təkcə hünərdən başqa! Elə hünərin, yəni incəsənətin hünəri də budur!
Yadıma rəhmətlik M.Şəhriyarın Ə.Hüseyniyə yazdığı mənzum məktubundakı misralar düşdü. Böyük şair Bakıya köçən qohumuna qürbətdə təsəlli vermək üçün bu tay Azərbaycanı vəsf edərək yazır:
"Orda hünər mədənlərtək qazılıb,
"Məşədi İbad”, "Arşınmalçı” yazılıb”.

Diqqət edin, deyir "orda hünər mədənlərtək qazılıb”. Nə deməkdir bu? Mədənlər yerin altında olur. Yəni, Tanrı bunları hazır yaradıb. Ancaq sadəcə olaraq yaradıb. Onları qazıb çıxarmaq, emal etmək, cilalayıb gözəlləşdirmək və dəyərələndirmək isə, insan iradəsinin, insan müdaxiləsinin məhsuludur. İradə məhz burada parçalanır! İnsan öz "tanrılığını” məhz burada göstərir! Çünki başqa heç bir bioloji canlı mədən qazmaqla məşğul deyil. Heç bir heyvan dərinə getmir – gözünün qarşısndakını ovlayır, ayağının altındakını otlayır. Bax elə yaradıcılığı olmayan, hünəri olmayan, fərqli və yaradıcı düşünməyən insan da həmin o canlılardan biridir!
Bütün böyük bəstəkarlar bu fikirdədirlər ki, musiqi Tanrının səsidir. Çünki, təbiətdəki heç bir səs Onu yansıtmır. Həzrəti Davud məhz buna görə Allahla musiqi dilində danışırdı, yəni oxuyurdu, çalırdı. Qurani-Kərim elə məhz buna görə musiqiylə, yəni dəqiq metroritmikası, melodik ahəngi olan avazla qiraət edilir. Bir daha soruşaq və bir daha cavab verək; Niyə? Çünki musiqi Tanrının səsidir! Sanki, dilini bilmədiyin bir ölkəyə səfər etmisən və səni anlamırlar. Bundan yeganə çıxış yolu onların dilində danışmaqdır - müqayisə bir qədər qüsurlu və kobud olsa da...
Yuxarıda da dediyimiz kimi, cərəyanlar bir-birini əvəz etsə də, biri digərini yıxmadı, yox etmədi. Bu cərəyanlar tarixin səhnəsinə və ya hansısa ümumbəşəri, semantik bir muzeyin eksponatına çevrilmədi. Sadəcə, doğuldular və bu gün də yaşayırlar. Sübut üçün incəsənətdəki "neo”ları, "meta”ları yada salaq. Bəşəriyyət qüvvədən düşdüyü sanılan həmin cərəyanlara dəfələrlə qayıdıb və qayıdacaqdır. Ancaq bu işin ən cəlbedici tərəfi məhz həmin o neoklassiklər, neoromantiklər, metabarokkolar və sairədir. Yəni hər qayıdış spiralvaridir, dolayısı ilə eyni paraleldən keçsə də, eyni nöqtədən keçmir. Cərəyanlara təzə nəfəs gəlir, onlar sanki yer altındakı almaz mədənləri kimi yenidən kəşf edilir. Axı klassizimdən, romantizimdən, dadaizimdən, sürrealizimdən necə imtina etmək olar?! Bu qədər zənginliyi və inanılmaz gözəlliyi necə bir kənara atmaq olar?! Yuxarıda adını çəkdiyim Arnold Şönberq ömrünün son dəqiqələrində məşhur bir ifadə işlətmişdir: "Hətta Do majorda belə açılmamış nə qədər sirr qalıb!”
Hünərin bu çeşidləri təkcə zövqün və təfəkkürün deyil, həm də təbiətin, yəni təkcə insanın deyil, həm də Tanrının tələbidir. Ümumiyyətlə, belə düşünməyə əsas var ki, yaradıcılığı qeyri-təbii hesab etməyin özü təbiətə ziddir. Çünki, baş verən hər şey artıq vardır. Əgər söhbət əbədiyyətdən və ya fanilikdən gedirsə, burada da məsələ xeyli dərəcədə absurddur. Yəni, çoxları düşünür ki, insanın yaratdıqları fani, yəni insanın özü kimi ölümlü, ancaq Tanrı yaratdıqları özü kimi əbədidir. Halbuki, Betxovenin nə zaman həqiqətən öləcəyi, yox olub gedəcəyi bəlli deyil, ancaq Allah-Təala hələ kainatı yaratmamışdan öncə bir gün onu dağıdacağını özü bəyan edir! Yəni əslində fani olan heç nə yoxdur. İtməyən enerji hər şeyə şamildir!
Və... bu cərəyanlar içərisində biri var ki, insan oğlu bu təbiətdə mövcud olduqca, o öz gözəlliyini və ona olan yüksək tələbatı əldən verməyəcək. Bu, romantizmdir! Çünki nə qədər məhəbbət var, ümid və ondan da gözəl olan ümidsizlik var, ölüm də gözəldir, unudulmaq da!
Şubertin riyazi qeyri-dəqiqliyi, Şumanın Reyn çayına intihar anası kimi baxan dəli məhəbbəti, Şopenin isə hər kəsi xoşbəxt eləyən bədbəxtliyi romantizm cərəyanında məşhur 3 "Ş” yəni, Şubert, Şuman, Şopen fenomenini yaratdı. Bəli, bu görüntü məhz 3 "Ş”dir. Yəni, hərtərəfli və kamil bir mənzərədir. Tanrı insanlığa bu mənzərəni çox görməsin! Yoxsa nə var bu boyda Dünyada? Nə var boşluqdan başqa bir anlamı olmayan bu boyda kainatda?!
Bəli, hünər yaradılışı gözəlləşdirdi, onu cilaladı və ona bəzək vurdu. Məşhur "Böyük Partlayış”ı biz Bethovenin 9-simfoniyasının əvvəlində açıq-aydın seyr edirik, yəni dinləyirik! Dinləyək lütfən, tanıyaq, sevək, dost olaq dahilərlə! Onlarla yatıb, onlarla qalxaq! Kiçik şeylərə könül verməyək, onlara zaman sərf etməyək! Dühalarla birləşək! Çünki, onları gördüyümüz, onları dinlədiyimiz, onları anladığımız zaman onların bir parçasına çevrilirik. Bu vəhdətdən məhz elə Tanrı yaranır! Fəriqəddin Əttarın Simurğu kimi! Təfəkkür Qaf dağıdır. Zirvəsində görüşənə qədər!

Fəxrəddin Salim

banner

Oxşar Xəbərlər