• cümə, 29 Mart, 19:20
  • Baku Bakı 14°C

“3 gün ac-susuz döyüşdük”

27.02.21 09:00 1132
“3 gün ac-susuz döyüşdük”
Qazi İltimaz Ağayev: "Böyürtkən kollarından yetişməmiş meyvələri yığıb dişimizin arasında sıxırdıq ki, dodağımıza su dəysin”
"Hər anın öz hökmü var” deyirlər. Bu fikrin nə dərəcədə real olduğuna müharibədə hər an şahid olursan. 5 dəqiqə əvvəl yeməyini bölüşdüyün, deyib-güldüyün, gələcəklə bağlı planlar quran adam 5 dəqiqə sonra şəhid olur. Müharibənin ilk günləri bu, çox ağır gəlir, amma bir neçə gün sonra qəbul edirsən ki, döyüşdəyik və hər birimiz şəhid ola, yaralana bilərik”.
Bu sözlərin sahibi İkinci Qarabağ Savaşının iştirakçısı İltimaz Ağayevdir. O, 22 gün döyüşdə iştirak edir, bu müddətdə "6-7 dəfə ölümün bir addımlığında oldum” deyir. Oktyabrın 21-i 1 güllə, 2 qəlpə yarası alır və döyüşü davam etdirə bilmir. İltimaz əməliyyat olunur, amma qəlpənin biri qabırğanın arasında qalır, onu çıxarmaq mümkün olmur.
Qeyd edək ki, İ.Ağayev 10 oktyabr 1995-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. Ancaq sonra ailə Bakıya köçür və orta təhsilini Biləcəri qəsəbəsində yerləşən 299 nömrəli məktəbdə alır. 2014-2016-cı illərdə hərbi xidmətdə olub. "Aprel döyüşləri”ndə arxa cəbhədə iştirak edib. İkinci Qarabağ Savaşı başlayandan iki gün sonra - 29 sentyabrda çağırış gəlir və həmin gün döyüşdə iştirak etmək üçün yola düşür. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
"Ön cəbhədə vuruşmaq qismət oldu”
İ.Ağayevlə söhbətə elə "Aprel döyüşləri” ilə başladıq: "2014-2016-cı illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidmətimin sonu aprel döyüşləri vaxtına düşmüşdü. Ön cəbhədə döyüşməsəm də, arxa cəbhədə silah-sursat daşımaq işində iştirak edirdim. 16 gün hərbi xidmətdən artıq qalmışdım. Müharibədə həm arxa, həm də ön cəbhədə olanların üzərinə ayrı yük düşür. Arxa cəbhədəkilər ön cəbhədəki şəxslər üçün vacib olan təminatı vaxtında və normasında çatdırmaq məsələsinə cavabdehdirlər. Müharibənin davam etməsində arxa cəbhənin rolu böyükdür. Ön cəbhədə isə həyati təhlükə daha çoxdur. Çünki birbaşa düşmənlə üzbəüzsən. Aprel döyüşlərində arxa cəbhədə olsam da, İkinci Qarabağ Savaşında ön cəbhədə vuruşmaq qismət oldu”.
İltimaz bildirdi ki, müharibədən qalib kimi çıxmağımız, orda olan bütün qəhrəmanlıqlar, fədakarlıqlar, uğurlu döyüşlər haqqında böyük fikir demiş olur: "Çünki qalibiyyət heç nədən əldə edilmir. Qalibiksə, bunun arxasında, demək ki, böyük qəhrəmanlıq var. Bu uğurda həm arxa, həm də ön cəbhədəki hər kəsin ayrıca rolu var. Bu müharibədə iştirak edən Azərbaycan xalqının bir çox qəhrəman oğullarından danışmaq olar. Mən öz tabor komandirim mayor Asif Azayevi qəhrəmanlar sırasında görürəm. Dəfələrlə bizi düşmənin hədəfi olmaqdan xilas edib. Bu da onun ordudakı təcrübəsinin nəticəsi idi. Oktyabrın 20-si düşmənin snayper gülləsinə tuş gəldi, şəhid oldu”.
"Birinin siqaret yandırması, artıq böyük səhv olar”
İ.Ağayev deyir ki, müharibədə tək özünü deyil, bütün əsgərləri düşünməlisən. Ona görə, bir adi səhv nə qədər döyüşçünün şəhid olmasına, yaralanmasına gətirib çıxara bilər: "Axşam vaxtı hərə öz mövqeyini tutur. Dincəlməliyik, sakitlik olur, dronlar uçur. Belə məqamda tapşırılır ki, siqaret çəkməyin. Qaranlıqda, ümumiyyətlə, siqaret çəkmək olmaz. Bu zaman birinin siqaret yandırması, artıq böyük səhv olar. Çünki tək özünün deyil, nə qədər adamın həyatını təhlükə qarşısında qoymuş olarsan. Orda olan hər kəsi, gözləyən doğmaları var idi. Belə məqamda bir səhv, gör nə qədər adamı gözüyaşlı qoya bilər. Müharibədə belə məqamları diqqətdə saxlamaq önəmlidir. Tək özün deyil, hamı üçün bu səhvlərə yol verməməlisən”.
"Nadir olsa da, belə hallar da yaşanırdı”
İ.Ağayev bildirdi ki, 2-3 gün ac-susuz qaldıqları məqam da olub: "Müəyyən bir yerə qədər təminat məsələsində problem olmurdu, rahatlıqla gəlirdi. Amma sonra elə yerlərə keçdik ki, artıq təminatdan uzaqlaşdıq. Bəzən təminatı müəyyən yerə qədər gətirirdilər, neçə kilometr arxaya gedib ordan götürürdük. Bir müddət sonra, hətta elə məqam gəldi ki, təminatdan xeyli uzaqlaşdıq. Erməniləri qovub çıxarmışdıq və mövqeyi əldən verməmək və yoldakı təhlükəni nəzərə alaraq təminat üçün geri gedə bilmədik və qida ilə bağlı problem yaşadıq. Ermənilərin hərbi hissəsini ələ keçirmişdik, onların orda müəyyən qədər qidaları qalmışdı, bir neçə gün onlarla idarə etdik. Ordan müəyyən qədər su götürüb yola davam etdik, amma o da bitdi. 3 gün ac-susuz döyüşdük. Yemək o qədər də vacib deyildi, çünki adrenalin aclıq hissini qovur, amma suyun çox vacib olduğunu o müddətdə daha yaxşı bildik. Elə vəziyyət oldu ki, kənddə böyürtkən kollarının üstündəki yetişməmiş, gömgöy, bir qismi bir az qırmızımtıl meyvələri yığıb dişimizin arasında sıxırdıq ki, dodağımıza, boğazımıza su dəysin. Düzdür, dadı acı idi, amma əldə olan variant o idi. Müharibə şəraitində bu kimi halların baş verməsi normaldır”.
İ.Ağayev deyir ki, bu müddətdə əldə edilən qələbələr, ac-susuz qalmağın döyüş əhval-ruhiyyəsinə mənfi təsir etməsinə imkan vermirdi: "Təbii ki, hər kəsin psixologiyası fərqlidir və ac-susuz qalmaq kiməsə stress, gərginlik verirdisə, bunu da normal qəbul edirdik. Nadir olsa da, belə hallar da yaşanırdı. Bu zaman digər döyüş yoldaşları, həmçinin də komandirlər motivasiya danışıqları edirdilər. Amma deyim ki, bu, çox da problem olmurdu. Çünki biz düşməni qovurduq, məğlub edirdik və bunun stimulu böyük idi. Yəni o qələbəmizin şirinliyi ac-susuzluğu unutdururdu. Bir-birimizə bağlı idik, bir-birimizə inanırdıq. Acdırsa, hamı ac idi, susuzdursa, hamı susuz idi. Biri su içib, o biri susuz qalmırdı. Ona görə, aclığa deyil, döyüşə köklənirdik. Döyüş ruhumuza mənfi təsiri olmurdu. Düzdür, hərə bir ailədən, fərqli mühitdən gəlmişdi. Hamımızı birləşdirən bağ, vətən üçün döyüşmək idi. Bunun üçün isə bir-birimizə dəstək olmalı idik. Hamımızın məqsədi az itki ilə döyüşdən qalib çıxmaq idi. Bunun üçün də bir-birimizə motivasiya verirdik”.
"Hər kəs o məsuliyyəti hiss etdiyi üçün dua edirdi”
Əsgərlər həm döyüşürmüşlər, həm də onlardan qələbə gözləyən hər bir azərbaycanlının ümidlərinin puç olmaması üçün çoxlu dualar edirmişlər. İltimaz deyir ki, müharibədə, hətta ateistin belə Allaha dua etdiyi anın şahidi olub: "Yaşadığımız müddətdə etmədiyimiz qədər duaları biz müharibədə edirdik. Duamız "Allah köməyimizdə dursun ki, bu döyüşdən üzüağ, sağ-salamat çıxaq” idi. Çünki hər kəs qələbə gözləyirdi. Uzun illərdir torpaq həsrəti ilə yaşayan nə qədər insan var idi və onlar döyüş başlayandan ümidlənmişdilər ki, nəhayət o torpaqlara qayıtmaq üçün şans yaranıb. Bu şansın reallaşmasında isə hər bir döyüşçünün rolu var idi və hər kəs o məsuliyyəti hiss etdiyi üçün dua edirdi. Ateist döyüşçü var idi, hətta onun da Allaha dua etdiyinin şəhidi olduq. Müharibə belə bir şeydir, zarafatı yoxdur”.
Müsahibimiz əsgərlərin döyüşdənkənar söhbətlərindən də danışdı: "Kimi uşaq vaxtı etdiyi gizlinlərdən danışırdı, kimi onun yolunu gözləyənlərdən. Kiminin övladının ad günü olurdu, həmin gün ancaq uşağından danışırdı. Bir də öz aramızda danışırdıq ki, şəhid olsaq, hansı şəklimizi başdaşına vursunlar, hansını paylaşsınlar və s. Deyirdik ki, hansımız sağ qalsaq, deyərik ki, o, filan şəklini çox bəyənirdi, onu qoyarsınız. Biri deyirdi ki, saqqallı şəklimi verərsiniz, biri deyirdi ki, filan yerdə çəkilən şəklim daha yaxşıdır, biri əlində silah olanı və s. Bu o deməkdir ki, hər birimiz şəhid olmağı gözə almışdıq”.
Səhərə qədər isə atam kanalları izləyirmiş...
İltimaz döyüş yoldaşlarından birinin telefon zəngləri ilə bağlı xatirəsini bölüşdü: "Bir döyüş yoldaşımız var idi. Övladı döyüşdə iştirak edən bütün valideynlər kimi onun da anası oğluna görə çox narahat idi. Anası, oğlunun hər zəngi üçün bir qurban deyirdi. Çünki hər zəng oğlunun həyatda qalmasına bir ümid idi. Zaman keçir və bu qurbanların sayı artırdı. Həmişə telefonla danışandan sonra zarafatlaşırdıq ki, qayıdanda, ananı əməlli-başlı xərcə salacaqsan”. Bəs o oğlan sağ-salamat anasının yanına döndümü? Bu sualımızın cavabı isə belə oldu: "Bəli, şükürlər olsun ki, sağ-salamat qayıtdı”.
Elə İltimazın valideynlərinin bu müddətdə narahatlığı az deyilmiş: "Əvvəllər hər gün bir dəqiqəlik də olsa, zəng vurub evlə danışırdım. Sonrakı günlərdə, irəlilədikcə gec-gec əlaqə saxlaya bilirdim. Həm təhlükəsizlik məsələlərindən dolayı, həm də təminatdan uzaqlaşdıqca telefonların enerji təminatı ilə bağlı problem yaşanırdı deyə, tez-tez danışmaq olmurdu. Düzdür, çoxlu "Poverbank” göndərmişdilər, amma onlar da bitirdi və əlaqə saxlaya bilmirdik. Oktyabrın 10-u doğum günümü Füzulidə qeyd etdik, həmin gün zəng vurdum, sonra bir xeyli müddət yenə əlaqə saxlaya bilmədim. Anam narahat idi deyə, atam işdən icazə almışdı, bir müddət işə getmədi. Deyirlər ki, səhərdən gecə 2-3-ə qədər anam televizorun qabağında olurmuş ki, görək nə deyəcəklər, haranı aldılar. Gecə 2-3-dən səhərə qədər isə atam kanalları izləyirmiş. Bununla həm müharibədən, həm də bir növ məndən xəbər alırmış kimi təskinlik tapırmışlar”.
"Şəhid olduğunu məndən gizlədiblər”
İltimazın ən yaxın dostu da şəhid olur, o, evə qayıtdıqdan bir müddət sonra bundan xəbər tutur: "Müharibədə olanda, dostlarımla əlaqə saxlaya bilmirdim. Bir dəqiqə vaxt tapırdımsa, valideynlərimlə "salam-sağ ol” tipli danışa bilirdim. Dostlarımı da onlardan soruşurdum. Sinif yoldaşım, ən yaxın dostum Davud Qurbanov hərbi xidmətdə idi və həmişə valideynlərimlə danışanda, Davudu soruşurdum, valideynləri ilə danışıb-danışmadıqlarını xəbər alırdım. Həmişə də "yaxşıdır” deyiblər, amma şəhid olubmuş. Mən oktyabrın 21-i yaralandım, sonra əməliyyat oldum, bir müddət də reanimasiyada qalandan sonra müalicəni evdə davam etdirə biləcəyim bildirildi və evə gəldim. Hələ hospitalda qalanda qardaşı ilə danışdım, dedi ki, zəng vurur, yaxşıdır. Evə qayıdandan sonra onun şəhid olduğunu öyrəndim. Davudun 40 mərasimindən bir gün qabaq qardaşı, dostları gəlib mənə dedilər. İnana bilmirdim, çünki "yaxşıdır” deyirdilər. Davud vətənpərvər biri idi, öyrəndim ki, o arxa cəbhədə imiş, amma özü müraciət edib ön cəbhədə döyüşmək istədiyini deyib”.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər