• cümə, 29 Mart, 17:11
  • Baku Bakı 14°C

“3” aldığım üçün anam məni məktəbdə sürüdü” – Keçmişdəki mən - FOTOLARLA

31.10.16 08:59 3149
“3” aldığım üçün anam məni məktəbdə sürüdü” – Keçmişdəki mən - FOTOLARLA
Keçmişi bir təcrübə hesab edir. Deyir ki, yaşadıqları insanı zamanla təkmilləşdirir. Çünki irəliyə gedən hər addımda insanın təcrübəsi ona kömək olur. Buna görə də indiyədək yaşadığı nələrəsə görə peşmançılıq hissi keçirmir, nələrisə dəyişmək arzusu da yoxdur. Bu mövzuya "keçmiş artıq keçib, qalan təcrübəsidir” prinsipi ilə yanaşdığını demək olar.

Müsahibimiz "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. O, 1955-ci ilin 23 avqustunda Gəncədə dünyaya göz açıb. Uşaqlıq illəri elə doğulduğu şəhərdə keçib. Natamam orta təhsildən sonra musiqi texnikumuna daxil olur. 4 il orada təhsil alır. Amma həm də tam onillik təhsil almaq istəyir. Buna görə gecə məktəbinə də yazılır. Amma 10-cu sinifdə məktəbdən çıxarırlar ki, bir yerdə təhsil almaq lazımdır. O vaxtkı qaydalara görə, iki yerdə oxumaq olmazdı.

"Sual verirdilər ki, gülməyi bacarmırsan?”

Demək olar, gülməyən bir uşaq olub: "5-ci sinfə qədər gülmədiyimi deyə bilərəm. Bu, əslində atamın çox ciddi olmasından qaynaqlanırdı. Atamı çox sevirdim. O da ağır təbiətli olmağımı sevirdi. Orta məktəbdə sual verənlər olurdu ki, gülməyi bacarmırsan? Çox ciddi və dərslərilə məşğul olan biri idim. O vaxt indiki kimi harasa gəzməyə, əyləncə yerlərinə getməzdik. Harasa gedəcəkdiksə, atam özü aparırdı. Bizim zəmanənin uşaqlarının hamısında vəziyyət eyni idi. Dərsdən evə, evdən dərsə. Qonşuya belə getmirdik. İndi də bu məndə bir adət kimi qalıb. Küçəmizdən bir dəmiryolu keçirdi, adətən qadınlar yığılıb orada relslərin üstə otururdular. Bəzən çıxıb orada oynayırdım”.

Ciddi, hətta gülməyən bir uşaq sonradan dəyişir. O mənada ki, həm gülür, həm dəcəlliklər edir. Hətta oğlanlarla futbol, nərd oynayır, qız rəfiqələri isə demək olar, ünsiyyət qurmur: "5-ci sinifdən sonra başqa məktəbə keçdim. Dəyişməyimə səbəb isə yeni sinif və sinif yoldaşlarım oldu. Fərqli uşaqlar idilər, mən də onlara uyğunlaşdım. 5-ci sinifdən sonra çox dəcəl olmuşam. Qışda məktəbin həyətində yer buz bağlamışdı. Onun üstündən sürüşəndə sinif rəhbərim görmüşdü, anamı çağırtmışdı ki, qızın dəcəllik edir, oğlanlarla sürüşür. Bir dəfə məktəbin dəhlizində qaçanda çox pis yıxılmışdım. Bir az da kök idim, ayağım dəhlizdəki dəmirə dəyib parçalanmışdı. Xəstəxanaya aparmışdılar, ayağımı tikdilər. Hətta məktəbdə çölə çıxıb oğlanlarla fit çalmağım olub”.

"Anam məni bütün məktəbdə sürüdü”

Dəcəlliklər etsə də, dərslərini yaxşı oxuyur. Çünki özünün oxumağa həvəsi olması ilə yanaşı, valideynlərinin də daimi nəzarəti olur. Bir dəfə "3” almasına anasının reaksiyası çox sərt olur: "Dərslərimi həmişə yaxşı oxuyurdum. Bir dəfə "3” aldığım üçün anam məni məktəbdə sürüdü. Uşaqlar da mənə baxırdı. Anam məni məktəbdən aparırdı ki, sənin kimi uşaq oxumamalıdır. Mənə qarşı belə rəftara görə uzun müddət depressiyaya düşdüm”.
Ali təhsilini Həsən bəy Zərdabiadına Gəncə Pedaqoji İnstitutunda qiyabi formada alır. Həm musiqi məktəbində müəllim işləyir, həm də oxuyur. Həmin illərin gözəl keçdiyini deyir: "Ali məktəbə qəbulum da qəribə olmuşdu. O zaman belə idi ki, pul verməsəydin, qəbul çox nadir hallarda mümkün idi. Mən pul vermədən özüm hazırlaşdım, sənədlərimi instituta verdim. Atamın bundan xəbəri yox idi. Yalnız sonuncu imtahanda xəbər tutdu ki, instituta sənəd vermişəm. O dövr üçün tapşırığın, tanışın olmadan ali məktəbə qəbul olmaq qəribə səslənirdi. Amma daxil oldum. Tələbəlikdən əsas yadımda qalan bir xatirəni bölüşmək istəyirəm. Bir müəllimimiz var idi. Hamı deyirdi ki, pul verməsən, qiymət yazmayacaq. Mən də pulumu vermişdim. Heç nə oxumadan sakitcə imtahana girdim. Müəllim mənimlə sual-cavab etməyə başladı. Cavab verə bilmədim və "2” yazdı. İkinci dəfə də belə oldu. Üçüncü dəfə dərslərimi necə öyrəndimsə, ondan sonra mən pul məsələsinə yaxın getmədim, dərslərimə özüm hazırlaşırdım, cavab verirdim”.

Dəftərin arasından bir oğlan şəkli düşüb…

"Gənclik illərini istədiyiniz kimi yaşaya bilmisinizmi?” sualımızı isə M.Zeynalova belə cavablandırdı: "Gənclik yoldaşlarım daha çox musiqi məktəbində dərs keçəndə olub. Belə ki, işlədiyim yerdə müxtəlif millətlərdən 7-8 xanım dostum var idi. Hər gün bir-birimizin evinə toplanırdıq. Atam çox mühafizəkar idi. Hətta məni bibimin evinə qoymurdular. Uşaqlar var idi ki, gedib qohumlarının evində qalırdı, ancaq bizim evdə elə bir ənənə olmayıb. Əgər mən 6-da dərsdən, işdən çıxırdımsa, yeddiyə 15 dəqiqə işləmiş evdə olmalıydım. Bu vərdiş indi də mənim içimdə qalıb. Hətta bir dəfə kitabxanadan yarım saat gec gəldiyim üçün anam ayaqqabını başıma necə vurdusa, qan axdı. Anam atamdan bir az da ciddi idi. Bu məsələlərdə qəddar idi. Amma atam mənə heç vaxt heç nə demirdi. Musiqi Texnikumunda oxuyanda musiqi ədəbiyyatını bir-birimizdən köçürürdük. Bir dəfə sinif yoldaşımın dəftərini gətirmişdim ki, evdə köçürüm. Gecə saat 3-də anamgil götürüb sumkamı yoxlayıblar. Dəftərin arasından oğlan şəkli düşüb. Mən də bərk yatanam, ayılmaq mənim üçün çətin olur. Valideynlərim məni oyadıb mənə nəsə göstərirlər, amma dərk etmirəm. Deyirlər ki, bunu tanıyırsan? Deyirəm, yox, həqiqətən də tanımırdım. Atam birinci dəfə o vaxt mənə əl qaldırırdı. Bir yumruq vurdu, başım gicəlləndi. Onlardan bu haqsızlığa görə küsdüm. Amma sabahısı gün sinif yoldaşımın sevdiyi oğlan olduğu aydınlaşdı. Belə ciddi rejimdə yaşamışam. Amma bunlara baxmayaraq, atam məni həddindən artıq çox istəyirdi, bütün istəklərimi təmin edib. Əslində elə də istəklərim olmayıb, indinin özündə də heç vaxt heç kimdən heç nə istəməmişəm. İçimdə çox qapalı olmuşam. Ömrümdə bir dəfə arzuladığım paltar oldu. Qarışıq paltar idi, yamaq-yamaq tipli. Atama dedim. Dedi ki, bunda qaraçılara oxşayacaqsan. Bir dənə gözümdə qalan o olub. Əsas təhsilimlə maraqlanır, bunun üstə dururdu”.

"Əziyyət çəkməyi yox, işləməyi sevirəm”

Bir neçə sahədə çalışan M.Zeynalova hər işində fərqli iqlim yaratmağa nail olduğunu deyir. Bunu isə işi sevməklə əlaqələndirir: "Hansı sahədə çalışmışam, işimi çox sevmişəm. Muzeydə rəhbər vəzifədə işləmişəm, orada tamamilə başqa bir iqlim yaratmışam. Hətta eksponatların öyrənilməsi, araşdırılması üçün qrup formalaşdırmışdım, iclaslar edirdim. Sovet dövründə bu, qəribə görünürdü. Baxmayaraq ki tarix muzeyi idi, amma mən şərqşünasları gətirir, ordakı qədim eksponatları, qədim arxeoloji materialları oxutdururdum. Xalçaları bərpaya verirdim. Bir yerdə dayanan adam olmamışam. İşləməyi, yeniliyi, yaradıcılığı sevirəm. Əziyyət çəkməyi yox, işləməyi sevirəm. Sonra bağçada müdir işləmişəm. Xor qrupu yaratdım. Mili rəqs geyimləri hazırlatdım. Bəzi işlərə cibimdən pul verirdim. O vaxt ora təzə keçəndə təsərrüfat işlərinə baxan xanımı yanıma çağırıb dedim ki, səndən bir xahişim var, ürəyin nə istəsə mənə deyərsən, verərəm, amma oğurluq etmə. Bir gün anbara girəndə gördüm ki, boşqabın altına nəsə tulladı. Balaca bir ət tikəsi idi. Dedim, çıx işdən, mən səninlə işləyə bilməyəcəm. O vaxtlar qaz yoxuydu, mən sürücü ilə birlikdə maşınla gedib meşədən odun gətirirdim ki, soyuq olmasın. Yeganə bağça idi ki, orada istilik var idi. Hesab edirəm ki, işləyəndə gərək məsuliyyətini hiss edəsən. Donub qalmayasan, köhnə qaydalarla idarə etməyəsən. Dəyişikliklər, yeniliklər olmalıdır. Mən də bu fərqliliyi yarada bilirdim”.

"Bir neçə yalanı özümə bağışlaya bilmirəm”

O yaşadıqları çətinliklərdən dolayı peşmançılıq hissi keçirmədiyini deyir. Çünki bütün yaşadıqlarını alın yazısı, təcrübə adlandırır: "Bu, Allahın yazısıdır. Mən bunlardan keçməsəydim, bu qədər təkmil olmazdım. Şəxsi həyatımda ağrılar hiss etməsəydim, qadınları bu qədər müdafiə edə bilməzdim. O təcrübələri bilməsəydim, bu gün adamlara baxanda onların nə düşündüyünü, nəyə görə belə davrandığını anlaya bilməzdim, öz üzərimdə çalışmazdım. Amma mən bilirəm ki, zorakılıq doğrudan qadını kifayət qədər məhdudlaşdırır və onu məhv edir. Məsələn, mən zorakılığa məruz qaldığım dövrlərdə oxumağa meyilli olsam da, balaca yumaq kimi hərəkətsiz qalmışdım, çıxış yolu tapa bilmirdim. Qorxaq idim, yalan danışmağa başlamışdım. Yoldaşımdan zorakılıq gördüyüm və döyülməmək üçün yalan danışdığım vaxtlarım olub. İndi yanımda kimsə yalan danışanda dəli oluram. Çünki heç vaxt yalan danışmıram. O illər ərzində danışdığım bir neçə yalanı isə özümə bağışlaya bilmirəm”.

"Özüm nümunə olmalıyam”

Özü mühafizəkar bir ailədə böyüsə də, uşaqlarını yalnız "özüm nümunə olmalıyam” prinsipi ilə tərbiyə edib: "Mən uşaqlarıma xüsusi heç nə aşılamamışam, sadəcə, nümunə olmuşam. Yalan danışmamışam, onlar da bunu etmirlər. Mən sevgi vermişəm, onlar da ailəyə sevgi verir. Nümunə prinsipini gəlinimə də tətbiq edirəm. Ona görə heç vaxt bizim problemimiz olmayıb. Təzə gələn vaxt çox küsəyən idi. Bir şey olmamış, küsüb gedib otağında otururdu. Yeməyə dəvət edəndə gəlmirdi. Bir dəfə işdən gələndən sonra mən də otaqdan çıxmadım, yeməyə dəvət etdilər, getmədim. 3 gün belə elədim, axırda gəlin səhvini başa düşüb üzr istədi. Dedi ki, onun bu hərəkəti kənardan pis görünür. Ondan sonra belə şey olmadı. Mən gəlinimi oğlumdan çox istəyirəm. O, hörməti özü qazanıb. Hesab edirəm ki, ailədə nəsə problem olursa, burada böyüklərin də rolu çoxdur. Böyüklər nümunə olmalıdırlar”.
M.Zeynalovanın gənclərə məsləhətini isə elə hər yaşa uyğun insanlara aid etmək olar: "Gənclərimizə demək istəyirəm ki, bütün çətinlikləri yalnız sevgi ilə dəf etmək olar. Bu sevgi tək bir şəxsə aid olmaqla kifayətlənməməlidir. Ailəyə, cəmiyyətə sevgi olmayınca, uğur qazanmaq olmaz”.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər