• cümə axşamı, 25 aprel, 07:50
  • Baku Bakı 14°C

3-5 dəqiqəlik müayinə...

20.05.15 09:05 1409
3-5 dəqiqəlik müayinə...
Bu faktı qəbul etməyən mütəxəssislər bildirirlər ki, həkimin xəstəni hərtərəfli müayinə etməsi və dəqiq diaqnoz qoyması üçün xeyli vaxt lazımdır
Hər bir kəsin, hətta sağlam olan şəxsin belə, ildə iki dəfə ümumi həkim müayinəsindən keçməsi tələb olunur. Dünyanın bir çox ölkələrində insanlar bu müayinədən vaxtında keçirlər. Bu, xəstəliklərin öncədən aşkarlanması və problemin vaxtında aradan qaldırılması üçün vacibdir. Sağlamlığında hər hansı problem olan şəxs həkimə müraciət etdiyi zaman isə artıq bu, daha diqqətli müayinə tələb edir. Diqqətli müayinə üçün isə həkim hər bir xəstəyə müəyyən qədər vaxt ayırmalıdır.
Başdansovdu müayinə
Lakin bizim xəstəxanalara gedən xəstələr həkimlərin onlara az vaxt ayırdığını, bəzən tələsik, başdansovdu müayinə etdiyini deyirlər. Çünki həkimin qəbulunda xəstə çox olur və o, onların hamısını müayinə etmək üçün tələsməlidir. Bu günlərdə özəl klinikalardan birinə üz tutan Məhərrəm Bayramov deyir ki, gün ərzində həkimin qəbuluna yazılan xəstələrin siyahısında 68-ci olublar. O deyir ki, gün ərzində həmin həkimin qəbulunda 90-a qədər şəxs növbəyə yazılıb: “68-ci sırada olsaq da, saat 15.00-da həkim bizi qəbul etdi. Cəmi bir neçə dəqiqə müayinə etdi. Düşünürəm ki, bu qədər vaxtda müayinə etmək olmaz. Sağlamlıq elədir ki, həkim ümumi müayinə etməli, orqanizmlə bağlı bütün nüansları yoxlamalıdır”.
Lalə Hacıyeva da xəstəxanalarda eyni problemlə qarşılaşdığını deyir: “Hansısa həkimin qəbuluna yazılırıq, “bir saata həkim sizi qəbul edəcək” deyirlər. Həkimin otağının qarşısına gələndə baxırsan ki, nə qədər adam var. Düşünürsən ki, bu qədər adamı həkim heç bir həftəyə də qəbul edə bilməz. Amma dedikləri vaxtda olmasa da, həkim bizi qəbul edir. Özüm içəri daxil olanda isə görürəm ki, həkim müayinə apararkən növbəti xəstəni qəbul etmək üçün tələsir. Problemimlə bağlı bir sual verir, birini yox. Bu cür müayinə düzgün deyil axı. Belə müayinə vaxtı heç bir xəstəlik aşkarlana bilməz”.
Müayinə bir neçə gün də aparıla bilər
Əslində həkimin gün ərzində 60 və ya 90 xəstə qəbul etməsi real görünməsə də, bu fakt var. Amma bu faktın reallaşması da orada yüksək keyfiyyətdə iş görülməsi anlamına gələ bilməz. Həkimin bir neçə dəqiqə ərzində xəstəni müayinə edib, diaqnoz qoyması və düzgün müalicə təyin etməsi nə dərəcədə mümkündür? Tibbi ekspert, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, ayrı-ayrı xəstəliklər, konkret situasiya üzrə xəstənin durumundan asılı olaraq, müayinələrin müddəti müxtəlif ola bilər. O deyir ki, bəzən bir neçə saat deyil, bir neçə günlük müayinələr əsasında xəstəyə diqanoz qoyulur: “Amma həkimin qəbuluna gələn hər bir xəstə ilkin müayinə üçün gəlmir. Onlar arasında diaqnozu qoyulmuş və müalicəsi gedən təkrar gələn xəstələr olur. O xəstələr müayinə üçün yox, nəzarət və ya təkrar resept yazılması üçün gəlir. Bu cür situasiyalardan asılı olaraq, həkimin xəstələri qəbul etmə müddəti fərqi ola bilər”.
“Həkim müəyyən qədər xəstə qəbul etdikdən sonra yorulur”
A.Qeybulla deyir ki, həkimin xəstəni ötəri və başdansovdu müayinəsi qəbuledilməzdir. Söhbət insanın sağlamlığından gedirsə, diqqətli müayinə tələb olunur: “Ən azından həkim xəstə ilə psixoloji terapiya aparmalıdır. Həkim danışdıqdan sonra xəstə xeyli yüngüllük tapmalıdır. Ondan sonra müalicənin və müayinənin əsas istiqamətləri müəyyənləşdirilməlidir. Xəstəyə ilk baxışdırsa, müayinənin nəticəsində xəstəyə ilkin diaqnoz qoyulur. Ondan sonra mühalicə təyin edilir. Müayinə prosesi ona görə fərqlidir”.
Ekspert deyir ki, gün ərzində bir həkimin 30 və daha çox xəstə qəbul etməsi imkan xaricindədir, bu, reallaşa bilməz: “Əgər reallaşırsa, deməli, keyfiyyətin aşağı düşməsi məsələsi var. Həm də həkim müəyyən qədər xəstə qəbul etdikdən sonra yorulur. Hesab edirəm ki, gün ərzində 10-15 xəstəyə baxılması daha yaxşı müayinə etməyə imkan verər”.
Bir xəstənin müayinəsi 30-45 dəqiqə vaxt tələb edir
Terapevt Məlahət Abbasova da deyir ki, həkimin gün ərzində 50-60 xəstəni müayinə etməsi qeyri-mümkündür. Bu say həftəlik qeydiyyata daha çox uyğun gəlir. Çünki həkim o qədər xəstəni yalnız bir həftə müddətində qəbul edə bilər. M.Abbasova bildirdi ki, bir xəstə ilə 30-45 dəqiqə arası müayinə aparır: “Gün ərzində 7-8, ən çox baxanda isə 10 xəstəni müayinə edə bilərəm. Ondan çoxuna baxmağım mümkün deyil. Bir xəstənin müayinəsi ən azı yarım saat tələb edir. Həkimin 3-5 dəqiqəyə xəstəni tam müayinə etməsi real deyil. Bu, imkansız işdir. Xəstə qəbula gələndə ilk olaraq onun sağlamlığı ilə bağlı bütün problemlər soruşulub öyrənilir. “Nə vaxt xəstələnib?”, “Hansı xəstəliklər keçirib?”, Ailədə hansı xəstəliklər var?”, “Xəstədə problem nə vaxtdan başlayıb?” kimi bir çox məlumat almaq üçün suallara cavab tapılır. Hansısa müalicələr aparılıbsa, onların detallarını araşdırırıq. Sonra xəstəni müayinə etməyə başlayırıq. Müayinədə isə ürəyinə, nəbzinə qulaq asıram, təzyiqini ölçürəm, mədə-bağırsağı, ayaqları, limfa vəzlərini yoxlayıram. Bu proeses elə xeyli vaxt aparır. Sonra ehtiyac olarsa, xəstəyə analiz və ya hansısa diaqnostik aparat təyin edilir. Analizlərin cavabı məlum olduqdan sonra həkim müalicə təyin edir”.
Yorğun həkimin işi yüksək səviyyədə olmaya bilər
M.Abbasova deyir ki, həkim müəyyən qədər xəstə qəbul edəndən sonra yorulur və bu da onun işinin keyfiyyətinə təsir edir: “Mən səhər işə gəlirəm və gün ərzində müayinə edə biləcəyim qədər xəstə qəbul edirəm. Günorta saat 3-dən sonra artıq yoruluram. Müalicə yazan müddətdə həkimin yorğun olması da onun işinin keyfiyyətinə təsir edə bilir. Biz müayinə üçün xəstəyə sual verdiyimiz kimi, xəstənin də sağlamlığında problem olduğu üçün davamlı bir çox suallar verə bilər. Yorğun həkim isə xəstənin suallarını düzgün cavablandıra bilməz. Həkim fikrini toplayıb xəstənin suallarını dolğun və başa düşəcəyi formada cavablandırmalıdır. Çünki həkim və xəstə müalicə müddətində birgə çalışırlar. Xəstə də öz problemi haqda məlumatlı olmalıdır. Dərman təyin etmək də həkimdən dəqiqlik tələb edir. Çünki orqanizmlər fərqlidir və həkim bunu nəzərə alıb dərman təyin etməlidir. Elə orqanizm var ki, hansısa xəstəlik keçirib və ona hansısa dərmanı təyin etmək olmaz. Bu isə müalicə yazarkən həkimdən hərtərəfli diqqət tələb edir. Yorğun həkim isə bu qədər işi görmək üçün fikrini çətin cəmləyə bilsin. Həkimlik çox çətin işdir və məsuliyyətli yanaşma tələb edir. Hansısa həkimin gün ərzində 90 xəstə qəbul etməsi düzgün deyil və real görünməyən bir haldır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər