• çərşənbə axşamı, 23 aprel, 13:28
  • Baku Bakı 24°C

28 rəqəminin birləşdirdiyi ailə - Ailə

06.04.18 11:00 3128
28 rəqəminin birləşdirdiyi ailə - Ailə
Onları birləşdirən dəyər marketinqdir. Müdir-işçi münasibətlərinin sevgiyə çevrilməsi də məhz marketinqin hesabına baş verib. Hər ikisinin eyni işi sevmələri, işlə bağlı maraqlı müzakirələri cütlüyümüzü möhkəm bağlarla bir-birinə bağlayıb.

Rubrikamızın budəfəki qonaqları "ALMET” ASC-nin biznesin inkişafı üzrə direktoru, "Comunical” şirkətində biznesin inkişafı üzrə layihə rəhbəri, biznes-konsultant Əyyub Qarabağlı və şirkətin Sosial Media Meneceri Natella Qarabağlıdır. Cütlüyümüzün Səid adlı bir oğlu var.

Həmişə olduğu kimi, müsahiblərimizin tanışlıq tarixçəsindən başlayaq...

"Gözüm axtarırdı”

Tanışlıq Natellanın Əyyubun çalışdığı şirkətə CV göndərməsi ilə başlayıb. CV-yə nəzər yetirərkən doğum günü tarixlərinin eyni olması Əyyubun diqqətini çəkib: "Hər ikimiz fevralın 28-i anadan olmuşuq. Həmin vaxt şirkətə gələn CV-lərə mən baxırdım. Natellanın CV-si bütün kriteriyalara uyğun idi. Həmçinin çox yüksək nəticə də göstərirdi. Doğum günümüzün eyni tarixdə olması diqqətimi çox çəkdi. Düzü, qarşıma bu tarixdə anadan olan qız çıxmamışdı. Həmin vaxt evlənmək ərəfəsində olduğum üçün gözüm də axtarırdı. O qədər təzyiqlər var idi ki... Karyera, ev maşın... Evlənməmək üçün bəhanə gətirəcəyim bir iş yox idi. Bu axtarışlar ərəfəsində Natella qarşıma çıxdı və mən yarımı tapıb ailə qurdum”.

Natellanın isə həmin vaxt məqsədi işə düzəlib, karyera qurmaq idi. İş axtararkən qisməti ilə qarşılaşacağı ağlına belə gəlməyib: "Məqsədim işləmək idi. CV-mi göndərdim, tez bir zamanda cavab gəldi. Sonra müsahibə mərhələsində Əyyubla görüşdüm və işə başladım”.

Əyyub deyir ki, ad günü tarixindən sonra Natella artıq onun diqqətində olub. Atasının gəlib iş prosesi ilə maraqlanması Əyyubun istəyini daha da qüvvətləndirib: "Natella işə təzə başlayanda, atası gəlib kollektivlə görüşdü. Onun qızı ilə maraqlanması, iş prosesini izləməsi diqqətimi çəkdi və çox xoşuma gəldi”.

Natellanın isə diqqətini Əyyubun ciddiliyi və məsuliyyəti çəkib: "Ədalətli, məsuliyyətli, sözünün üstündə duran insanları çox xoşlayıram. Əyyub həm pozitiv, həm də ciddi olmağı bacarır. O ciddi, sözünü tutan və dürüst insandır. İlk görüşdən diqqətimi çəkmişdi, amma müdirim olduğu üçün ailə quracağım ağlıma belə gəlməzdi”.


"Bir yerdə işləsəydik, hisslərimi deməzdim”

Natellanın da dediyi kimi, işçi-müdir münasibətləri onlara addım atmağa imkan verməyib. Əyyub deyir ki, Natella işdən ayrılandan sonra onların münasibəti başlayıb: "Əslində, münasibət Natella işdən ayrılandan sonra başladı. Başqa şirkətdə 2 aylıq işləmək üçün icazə istədi və o 2 aydan sonra münasibət dərinləşdi. İş mühitinə şəxsi məsələləri gətirməyi xoşlamıram. Natella işdən ayrılandan sonra danışıb görüşdük və mən ona 28 sentyabrda hisslərimi bildirdim. Məsələni zamanın ixtiyarına buraxdıq. Fevralın 28-i isə nişanımız oldu. Bəlkə də eyni yerdə çalışmağa davam etsəydik, müdir-işçi münasibətlərimiz qalsaydı, mən ona hisslərimi deməzdim. İşdə qaydalarım daha sərtdir. Sevgi münasibətlərini iş münasibətlərinə qarışdırmaq olmaz. Evlilikdən sonra işləmək rahat olur, amma evlilik öncəsi alınmırdı”.

"Əyyuba müəllim deyirdim”

Natella iş prosesində Əyyubun ona qarşı xüsusi münasibətini hiss edib: "Adam öz hisslərini nə qədər gizlətsə də, istər-istəməz şübhələr olur. Mən də Əyyub kimi düşünürdüm və anlayırdım ki, bir yerdə işləsək, münasibətimiz alınmaz. Bu iş prosesinə zidd idi. Çünki Əyyub mənim müdirim idi. O qədər rəsmi mühit var idi ki, münasibətimiz başlayandan sonra uzun müddət Əyyuba müəllim deyə müraciət edirdim”.


Xarakter eyni, zövqlər müxtəlif

Cütlüyümüzün xarakterləri eyni olsa da, zövqləri müxtəlifdir. Əyyub deyir ki, bəzi gənclər zövqləri müxtəlif olan insanlarla ailə qurmağa çəkinirlər. Amma zövq müxtəlifliyi xoşbəxtliyə əngəl deyil: "Bu gün insanlar ailə qurarkən qorxurlar ki, zövqləri uyğun deyil. Oxuduğumuz əsərlərdən, dinlədiyimiz musiqilərə qədər hər şey çox fərqlidir. Amma zövq müxtəlifliyi bizim münasibətə mane ola bilmir. Mən Emin Sabitoğlu, Elza İbrahimovanın mahnılarına qulaq asıram, Natella Rihannanı dinləyir. Bizdə bir otaq da Emin Sabitoğlu çalır, digərində Rihanna... Zövqlərin müxtəlif olmağı heç bir problem yaratmır. Əksinə bir-birimizdən öyrənir, daha məlumatlı oluruq. Məncə zövqlərin eyni olmağı sıxıcılığa gətirib çıxarır. Fərqli insanların münasibətləri də, fərqli olur”.

Natella deyir ki, bir-birini tanımaq mərhələsində zaman anlayışı yoxdur: "İnsan var ki, bir günə haqqında fikir bildirmək mümkündür, insan da var ki, illərlə onu tanıya bilmirsən. Cütlüklərin aurası, fikirləri üst-üstə düşürsə, məncə, zamanın fərqi yoxdur. Birinci gündən hiss edə bilərsən ki, bu şəxs sənə uyğundur, yoxsa yox. Onsuz da mənə görə insanı tanımaq mümkün deyil. Hər bir situasiyada insan fərqli tərəfdən özünü göstərir. Ona görə, demək olmaz ki, mənə 5 ay və ya 2 gün bəsdir. Təqribən bilmək olar ki, bu, necə insandır. İşdəki Əyyub müəllimlə evdəki Əyyub arasında dağlar qədər fərq var”.

"Natella ağ vərəq idi”

Əyyub Natellanı tanıdıqdan sonra onun sadiqliyinə vurulub: "Mənim xanımlarda üstünlük verdiyim yeganə vacib şərtlərdən biri onların sadiqliyi və həyatında heç kimin olmaması idi. Mənə qədər xırda bir şeyin olması belə qıcıq yaradır. Mən o qədər ideal axtarırdım ki... Hətta 5-ci sinifdə kiməsə məktub yazıbsa, o da məndə qıcıq yarada bilərdi. Natella ağ vərəq kimi idi. Marketinqi sevməsi diqqətimi çəkdi. Mən bilirdim ki, bu qadın yol yoldaşım olacaq və ağıllarımızı bu sahədə birləşdirə biləcəyik. Marketinq bizi bir-birimizə bağladı. Natelladan sonra marketinq mənim ikinci sevgilimdir. İşlə bağlı danışıqlarımız aramızda sevgi bağlarını möhkəmlətdi”.


"Qarşıma kabab qoysanız, mən yenə də kartof qızartmasını seçəcəyəm”

Mətbəx məsələsinə gəldikdə isə Natellanın bəxti gətirib. Çünki Əyyubun ən sevdiyi yemək kartof qızartmasıdır: "Əyyub yemək məsələsində güzəştə gedir. O, çox fərqli yeməkləri xoşlayır. İstəyir ki, özümdən kəşf edəm. Mən öz evimizdə heç vaxt yemək bişirməmişəm. Yemək məsələsində də ağ vərəq idim. Yeməyi ilk dəfə ailə qurandan sonra bişirməyə başladım, amma tez öyrəndim. Bizdə yeməyə görə problem heç vaxt olmayıb. Əksinə, Əyyub həmişə məndə stimul yaradıb. Hətta uşaq doğulmazdan qabaq Əyyub özü də yemək məsələsində mənə kömək edirdi”.

Əyyub Qarabağlı: Azərbaycanda çox böyük caterinq şirkətinin marketinq direktoru işləmişəm. Dünya mətbəxini çox yaxşı bilirəm. Yemək məsələsinə diqqət etsəm, nəinki Natella, hər hansısa restoranda belə məni razı salmaq çətindir. Buna baxmayaraq, yeməyə qarşı kaprizli deyiləm. Ən sevdiyim yemək kartof qızartmasıdır. Qarşıma kabab qoysanız, mən yenə də kartof qızartmasını seçəcəyəm. Kartofu da hər kəs qızarda bilər”.

"Kimin günahkar olmasından asılı olmayaraq, üzr istəyirəm”

Ailədə problemlərin necə həll edilməsi məsələsinə gəldikdə isə Əyyub deyir ki, ilk addımı həmişə o atır: "Desəm ki, ailəmizdə problem olmayıb, bu, qeyri-səmimi alınar. Natella məni təriflədi, amma mən kaprizli adamam. İşdən yorğun gələndə bəzən büruzə verə bilərəm. Həyatda ən xoşuma gəlməyən xarakter küsməkdir. Mənim küsmək kimi bir xasiyyətim yoxdur. Qarşımdakı insanın da küsməsini sevmirəm. Ona görə də hər hansı problem olanda, kimin günahkar olmasından asılı olmayaraq, mən üzr istəyirəm”.

Natella da Əyyubun dediyini təsdiqləyir: "Əyyub 5 dəqiqədən sonra sakitləşir heç nə olmamış kimi davranır. Düzdür, böyük problemimiz olmayıb. Amma ilk addımı həmişə Əyyub atır. Əslində, mən də küsməyi xoşlamıram. Yəqin ki, Əyyub addım atmasa, mən barışaram. Ailədə cütlüklər kompromisə getməyi bacarmalıdırlar. Əgər kişi və qadın münasibətlərdə qürur edirsə, bu, çatlar yaradır. "Mən qadınam addım atmayım, o kişidir atsın” kimi söhbətlər olmamalıdır. Biz sərhədlərimizi bilirik və o sərhədləri keçməməyə çalışırıq”.


"Çox az hallarda sevgimi etiraf edirəm”

Müsahiblərimiz gənclərin ailə qurarkən diqqət etməli olduqları məsələlərdən də danışdı. Əyyub deyir ki, ailədə boşanmalara gətirən bütün problemlər savadsızlıqdan irəli gəlir: "İlk növbədə, seçəcəyiniz yar mütləq şəkildə savadlı olmalıdır. Söhbət universitet bitirməkdən getmir. Dünya görüşü mütləq olmalıdır. İnsanlar bir-birlərini tanımalıdır. Ailələrin dağılmasının səbəbi hər iki tərəfin ailə dəyərlərini bilməməyidir. Başlanğıc mərhələ düzgün təməllər üzərində qurulmalıdır. Bəzi valideynlər "yığıdığımız özümüzə qismət olsun” prinsipi ilə övladlarını qohumla evləndirirlər. Burada xoşbəxtlikdən söhbət gedə bilməz. Boşanmaların əsas səbəbi cütlüklərin bir-birlərini tanımamağı və sevmədən evlənmələridir. Sevgini dildə yox, əməldə göstərmək lazımdır. Mən çox az hallarda sevgimi etiraf edirəm. Sözdə çox şey demək olar, əsas əməldir”.

Natella Qarabağlı: "Ürəkdən başqa, ağıl da güclü rol oynayır. Tək ürəklə hərəkət etmək olmaz. İnsanlar ailənin nə olduğunu dərk etmədən ailə qururlar. Düşünürlər ki, nikah mərasimi oldu, bal ayı və iş bitdi. Evlilik elə bal ayından sonra başlayır. Bal ayına gedib gəzməklə həyat gözəl olmur. Ailənin enişi də var, yüksəlişi də... Başa düşməlisən ki, hər şey toya qədər seçdiyin dondan, sənə gələn xonçalardan ibarət deyil. Sən bu insanla bütün həyatını yaşayacaqsan. Övlad dünyaya gətirəcəksən və övlad yoldaşından görüb, götürəcək. Ailə qurmaq əyləncə deyil. Elə əsl həyat bundan sonra başlayır. Sevgi hər şeyi həll etmir. Sevgi ilə yanaşı, ağlını da işə salmalısan”.


"Heç bir insan qüsursuz olmur”

Tərbiyə məsələsinə gəldikdə isə cütlüyümüz deyir ki, əsas məqsədləri vətənə, millətə xeyirli övlad yetişdirməkdir: "Hər şeyin təməlində elm durur. Özümün edə bilmədiklərimi, Səidin etməsini istəyirəm. Bundan əlavə, uşaq nə istəyir onu rahatlıqla ona vermək olmaz. Məsələn, iPad istəyir mən ona tapşırıq verəcəyəm , yerinə yetirdikdən sonra iPadı qazanacaq. Bu zaman onda özünəinam hissi olacaq. Düşünəcək ki, zəhmət çəkdim və qazandım”.

Natella Qarabağlı: "Uşaq plastilin kimidir. Sizə plastilin verirlər və deyirlər ki, ondan əsər yarat. Heç bir insan qüsursuz olmur. Amma çalışırıq ki, bizdən yaxşı hərəkətləri götürsün. Tərbiyəni uşağa sözlə ötürməyi xoşlamıram. İstəyirəm ki, özü görsün. Yaxşını və pisi öz gözü ilə görüb ayıra bilsin”.

Aygün ƏZİZ









banner

Oxşar Xəbərlər