• cümə axşamı, 25 aprel, 08:10
  • Baku Bakı 14°C

28 May Respublika Günü Mexikoda qeyd edilib

27.05.14 13:16 1353
28 May Respublika Günü Mexikoda qeyd edilib
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi tərəfindən 28 May Respublika Günü münasibətilə Mexikoda tanınmış St. Regis otelində rəsmi qəbul keçirilib. Səfirliyin mətbuat xidmətindən “Kaspi” qəzetinə daxil olan məlumata görə, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə içtimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs edib. Tədbirdə, həmçinin Azərbaycana dair video təqdimat nümayiş etdirilib.
Sonra tədbir Meksikada yaşayan həmyerlilərimiz – Meksika Ştat Simfonik Orkestrinin azərbaycanlı üzvləri tərəfindən dahi Azərbaycan bəstəkarları Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirovun, habelə tanınmış Avropa bəstəkarlarının repertuarına aid klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.
Qəbulda, həmçinin ölkəmizin müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər