28 May Respublika Günü ilə bağlı tədbir keçirilib - Fotolar
Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən "Kaspi"yə verilən məlumata görə, YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, İH-nin qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, "Şahinlər” hərbi-idman oyununun qalib komandaları, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.
Tədbirdən öncə Heydər Əliyev adına istirahət parkında 297 saylı orta məktəbin şagirdlərinin ifasında flaşmob nümayiş olunub.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Daha sonra çıxış edən RH başçısının müavini Aygün Əliyeva nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayaraq 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib və tədbir iştirakçılarını qarşıdan gələn "28 May- Respublika Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov məlumat verib və bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir.
Çıxışlardan sonra "Şahinlər” hərbi-idman oyununun qalib komandaları mükafatlandırılıblar.
Rəsmi hissə bitdikdən sonra 177, 158 saylı körpələr evi-uşaq bağçalarının, M.Maqomayev adına 26 saylı on bir illik Uşaq Musiqi Məktəbi və Bakı Humanitar Kollecin rəqs ansambllarının hazırladıqları kompozisiya nümunələri nümayiş olunub. Tədbir Azərbaycanın üçrəngli bayraqlarının səhnədə dalğalandırılması ilə yekunlaşıb.