• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

28 May Azərbaycanın İstiqlaliyyət günüdür

28.05.13 08:53 1878
28 May Azərbaycanın İstiqlaliyyət günüdür
Tarixdə elə əlamətdar günlər var ki, bir millətin varlığını, böyüklüyünü, mübarizliyini sübut edir və onu bütün dünyaya tanıdır. Bizim də tariximizdə belə günlər var. Onlardan biri də 28 may 1918-ci il milli istiqlal bayramımızın bəyan edilən günüdür. O, gün ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk respublika oldu. Bu haqda dövlətin qurucularından olan M.Ə.Rəsulzadə yazırdı: “türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir”.
Bu dövlət haqqında türk tədqiqatçısı Mustafa Yazıçı məşhur əsərində qeyd edirdi ki: “Tarixdə qurulan türk dövlətləri sıralamasında Azərbaycan Cümhuriyyəti (1918-1920) 114-cü sırayı almaqdadır. Və 28 may 1918-də Azərbaycan milliyyətçi Müsavat Partiyası lideri M.Ə.Rəsulzadə liderliyində bağımsız Azərbaycan dövləti qurulmuşdur”.
28 may, Azərbaycan türkünün milli bayramı, milli iftixar, milli qurtuluş, milli yüksəliş günü. 28 may, Azərbaycan türkünün müstəqil həyata qədəm atdığı gün. Bu gün ilk dəfə milli dövlət bayramı kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu il mayın 28-də təntənəli bir şəkildə qeyd edildi. Bolşeviklərin Azərbaycanı işğal etməsi nəticəsində bu bayram 73 il yasaq edildi. “Fəqət Rusiya 27 aprelin zərbəsi ilə Azərbaycanın həyatını əbədiyyən məhv edə bilmədi” ki, bir daha 73 ildən sonra 28 may yenidən böyük və əziz bir bayram kimi anıldı. “Öylə bir bayram ki, onun xatiri Ümum Azərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır”.
İllər sonra Xəlil Xasməmmədov “Azərbaycan yurt bilgisi” jurnalında bu günü belə xatırlayırdı: “İştə 28 mayda “Azərbaycan Milli Şurası”nın cahana elan etdiyi “İstiqlal bəyannaməsi” bu dönməz və sönmək bilməz milli Azəri türklərinin iradəsi əsəridir”.
Bu əsərin yaradılması isə Azərbaycan milli ruhlu mətbuatının uzun illər apardığı ideya və məfkurə mücadiləsinin məntiqi nəticəsi idi. Çünki, Azərbaycan Xalq Cümhuriyyətinin qələbə calmasında Azərbaycan jurnalistikasının xidmətləri böyük idi. Kütlə şüuru milli özünüdərkin yüksək mərhələsində deyildi. Milli azadlıq ideyası özünün əməli mərhələsinə daxil olurdu.
Aparılan araşdırmalar da göstərir ki, bu dövr Azərbaycan mətbuatının uğurları birbaşa Azərbaycan istiqlalı, dövlət müstəqilliyi ilə bağlıdır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı 1918-1920-ci illər üçün səciyyəvi olan bütün xüsusiyyətləri demək olar ki, özündə əks etdirib.
Ümumiyyətlə, 1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb, ziddiyyətli, zəngin və ibrətamiz hadisələrlə dolu olan bir dövrüdür. Məhz bu səbəbdən bu dövr uzun müddət tədqiqatçların diqqət mərkəzində olub. Lakin sovet dövrü yazılan bu tədqiqat əsərləri müəyyən ideoloji-siyasi səbəblər üzündən obyektiv mənzərəni düzgün əks etdirməkdən və qiymətləndirməkdən uzaqdır. “Müsavat dövrü” deyərək daima qarayaxmalara məruz qalan. Milli dövlətçilik tariximizin parlaq səhifəsini təşkil edən mətbuatımızın bu mərhələdəki fəaliyyəti də kifayət qədər öyrənilməmişdir. Halbuki bu dövrü tam və əsaslı şəkildə öyrənmədən Azərbaycan jurnalistikasının inkişaf mərhələləri və keyfiyyət göstəriciləri haqqında bütöv təsəvvür əldə ürmək qeyri mümkündür.
Hər birimizə məlumdur ki, uzun müddət Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsi uğrunda mübarizə aparanları çox çətin, ziddiyyətli və mürəkkəb şəraitdə bu müqəddəs arzu və istəyi, əməli olaraq həyata kecirənləri “millət xainləri”, bu barədə düşünənləri və yaxud düşünmək təşəbbüsündə olanları isə “millətçi” ləqəbi ilə damğalamış, təqib və məhkum etmişlər. Xüsusən də 1918-1920-ci illər yasaq edilmişdir. Çünki bu illər xalqımız böyük fədakarlıq göstərərək, imperiyanın caynaqından qurtulmuş, milli azadlığına qovuşmuşdur. Lakin bu azadlıq xalqımıza çox böyük faciələr, qurbanlar, itkilər bahasına başa gəldi.
1918-ci ilin martında rus bolşevikləri ilə ermənilər silah gücünə Bakı və onun ətraf rayonlarında hakimiyyəti ələ keçirdilər. On minlərlə günahsız insan qətlə yetirildi, kəndlər, şəhərlər xarabaya çevrildi. Ölkədə vəziyyət çox çətin bir duruma düşdü. Bu vaxt qardaş Türkiyə hökuməti və onun silahlı qüvvələri təmannasız olaraq Azərbaycan hökumətinə və xalqına köməyə gəldilər. Rəşadətli türk ordusu sentyabın 15-də Bakını düşməndən azad edərək milli hökuməti bərqərar etdi.
Xalqımızın tarixinə diqqət yetirsək hacanki, milli azadlığımız uğrunda mübarizəyə qalxmışıq, o anda belə faciələrin qurbanı olmuşuq. Yadıma 1990-cı ilin qanlı yanvarı düşür. İkinci müstəqillik elanı ərəfəsində sovet qoşunları Bakını işğal etdi. Xalq yenidən qurbanlar verdi. İnkaredilməz bir oxşarlıq.
20-ci yüzilliyin birinci istiqlal savaşı kimi, ikinci istiqlal savaşı da millətimizə çox ağır başa gəldi. Tariximiz, varlığımız, təhlükə altına alındı. Millət də torpaq da ölüm-dirim savaşına girdi. Bu baxımdan neçə əsrdir, xüsusən də XX əsr tarix və tale bizi dəfələrlə belə bir imtahana çəkdi, müstəqil bir xalq kimi yaşayıb-yaşamamasına qadir olub-olmaması üçün höküm çıxarırıdı. Bu imtahandan yaxşı çıxmaq üçün xalq öz keçmişinə və gələcəyinə nəzər salmalı və nəticə çıxarmalı idi.
Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan M.Ə.Rəsulzadənin təbrincə desək: “azadlıq və istiqlaliyyəti heç bir millətə, heç bir xalqa vermirlər, bağışlamırlar. Xalq onu özü əldə etməlidir. Qanı ilə, canı ilə, ağlı ilə, qətiyyəti ilə. Çünki müstəqilliyin yolu, istiqlaliyyətin yolu tufanlardan, vuruşlardan keçir”.
Azərbaycan istiqlal və dövlət müstəqilliyinin bərpası üçün xalqın ziyalı oğulları yenə də ən kəsərli silah kimi mətbuata sarılaraq hər bir çətinliyə məruz qaldılar Lakin onlar əqidəsindən dönməyərək H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.C.Hacıbəyli qardaşları, M.Cəlil, Ə.M.Topçubaşov əqidəsinə sadiq qalaraq mübarizəyə qalxdılar. İctimai-siyasi həyatda baş verən hadisələri, onların nəticələrini öz jurnalist və publisist əsərlərində təhlil edərək xalqa çatdırırdılar.
Beləliklə, 20-ci yüzilliyin 80-cı illərinin ortalarından etibarən bütün dünyada, ilk öncə də Şərqi Avropanın “sosializm düşərgəsi”nə mənsub ölkələrində gedən ictimai-siyasi proseslərin fonunda keçmiş SSRİ-nin ayrı-ayrı müttəfiq respublikalarında, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək yeni dünya nizamının təməlini qoydu. Cümhuriyyətin ideyaları xalqımız üçün yol göstərən mayaka çevrildi və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi.
Bütün bunlar mətbuatın intişarı ilə Azərbaycan cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Doğrudur, ictimai-siyasi, ədəbi-mənəvi mühiti birdən-birə dəyişmə-di, lakin yeni ruhlu mətbuatın yaranması həyatın bütün sahələrinin inkişafına təkan oldu.
1918-1920-ci illərdə olduğu kimi, 1998-1990-cı illərdə də Azərbaycanın ictimai-siyasi həyatda baş verən bütün hadisələr əsasən mətbuatda əks edildi. Mətbuatımız xalqın qəflət yuxusundan oyanması, özünüdərk etməsi yolunda böyük mübarizəyə qoşuldu. Bu mətbuat 1918-1920-ci illərlə 1988-1990-cı illər arasında bir mənəvi körpü yaratdı.
Məlumdur ki, istiqlal uğrunda mübarizə əvvəlcə ideoloji cəhətdən hazırlanır. Siyasi cərəyana çevrilir, cəmiyyətin sağlam qüvvələrinin şüuruna həkk olunur, hərəkatın siyası ordusu formalaşır. Azərbaycan mətbuatı da bu siyasi prosesdə yaxından iştirak etmiş və onun fəal təbliğatçısına çevrilmişdir. Ona görə də 1918-1920-ci illər milli mətbuatımızın ictimai-siyasi fikir tariximizdə çox böyük rolu və yeri var. Bu dövrün milli ruhlu mətbuatı Azərbaycan ziyalılarının ictimai-siyasi, ədəbi-bədii fikrimizin mübarizə tribunasına çevrilmişdir.
Xalqın azadlığı səadəti uğrunda mübarizə idealı bütövlükdə onların yaradıclığına hopmuşdur. Baş verən siyasi hadisələrə ayıq-sayıq siyasi münasibət göstərməklə yanaşı, eyni zamanda onun mövqeyini, çıxış yolunu müəyyənləşdirirdi.
Bu gün də Azərbaycan müstəqildir. Xalq öz ən böyük milli mənəvi, ideoloji-siyasi sərvətinə-istiqlalına qovuşmuşdur. Bu istiqlalını ona bir daha anladan “28 may Azərbaycan tarixinin qaranlıq könüllərə istiqlal nurunu səpən, təmiz vicdanlara qurtuluş imanını təlqin edən ən fəyyaz səhifələrindən biridir”.
Qərənfil Dünyamin qızı
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər