• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

27 yaşında bir neçə kitabın müəllifi olan marketoloq – Uğur hekayəsi

31.07.15 11:35 7298
27 yaşında bir neçə kitabın müəllifi olan marketoloq – Uğur hekayəsi
Seymur Quliyev: “Öyrəndiyini öyrətmirsənsə, öyrəndiyinin bir faydası yoxdur”
27 yaşı olsa da, iş həyatında çox uğurlara imza atıb. 21 yaşında Azərbaycan şirkətlərinin birində marketinq direktoru vəzifəsinəcən yüksəlib. Böyük Britaniyada Stirling Universitetində magistratura pilləsində təhsil aldığı müddətdə bakalavr pilləsində oxuyan tələbələrə dərs də deyib. Üç kitab müəllifidir. Müsahibimiz Seymur Quliyev hazırda Dövlət Neft Şirkəti (SOCAR), Marketinq və iqtisadi əməliyyatlar idarəsinin İxrac əməliyyatları departamentinin Marketinq şöbəsində marketinq üzrə ekspert kimi çalışır. Eyni zamanda, Qafqaz və Azərbaycan universitetlərində MBA proqramı üzrə dərs deyir.
- 27 yaşınızda artıq bir neçə kitabın müəllifi və həmmüəllifisiniz. Mütaliəni necə, sevirsiniz?
- Hələ ki 2 kitabın (“İdarəetmənin əsasları”, Bakı, 2009 və 2014) həmmüəllifi, 1 kitabın (“Sponsorluğun marketinq kommunikasiyalarında yeri”, Almaniya, 2014) isə müəllifiyəm. Hazırda yeni bir kitab - “Marketinqin prinsipləri” üzərində işləyirik və bu kitab ana dilimizdə çap ediləcək və marketinq üzrə ilk dərs vəsaiti olacaq. Bundan əlavə, 20-yə yaxın elmi məqalənin müəllifi və həmmüəllifiyəm və onlar əsasən xarici ölkələrdə (İngiltərə, Polşa, Çexiya və Ukrayna) çap olunub.
Mütaliəni çox sevirəm. Hesab edirəm ki, öyrənmək üçün mütaliə vacib şərtdir. Əsasən marketinq və idarəetmə üzrə şəxsi inkişaf kitablarını oxumağa üstünlük verirəm, çünki bu tip kitablar konkret misallarla yazılır və bu da oxunulanın effektiv qavranmasına kömək edir. Özümə aid marketinq kitabxanam var. 1000-dən çox elektron və 300-dən çox normal marketinq və biznes kitabları ilə təchiz olunub. Bu kitabların demək olar ki, əksəriyyətini oxumuşam.
- İlk işə necə qəbul oldunuz?
- Qafqaz Universitetinin 3-cü kursunda oxuyarkən bizə Strateji menecment fənnini tədris edən Rasim Abutalıbovla tanış oldum və uğur qazanmağımın əsas memarı məhz Rasim bəy oldu. Onun düzgün yönləndirmələri, mənə səbirli olmağı və vaxtında qərar verməyi öyrətməsi sayəsində çox şey əldə etdim. Rasim bəy həm də “Azmarketinq” MMC şirkətinin təsisçisi və baş direktorudur. Həmin dövrdə marketinqə olan marağımı görüb məni öz şirkətində marketinq mütəxəssisi kimi yarım ştat işə götürdü və bununla da marketinq sahəsində karyeram başladı.
- Sizcə, insanın karyerada uğur qazanması üçün istiqamətvericinin olması vacibdir?

- Hər bir insanı həyatda motivasiya edən nəsə var. İrəli addım atmaq üçün insana dəstək olacaq bir qüvvə mütləq olmalıdır. Kimisi üçün bu, valideyn, kimisi üçün həyat yoldaşı, kimisi üçün övlad, dost və ya başqasıdır. Mənim üçün isə Qafqaz Universitetinin iki müəllimi - böyük qardaş kimi hər zaman məsləhətləri ilə yol göstərən Rasim Abutalibov və marketinqi mənə sevdirən Nəsimi Kamalov mentor rolunu oynayıb.
- İşə başlamağınızdan cəmi bir il sonra, 21 yaşınızda AzMarketinq MMC-də marketinq direktoru vəzifəsinə irəli çəkilmisiniz. Sizdəki hansı xüsusiyyətlər belə tezliklə vəzifəyə çəkilməyinizə səbəb oldu?

- 2008-ci ildə AzMarketinq şirkəti yenicə qurulmuşdu və bazarda bir o qədər də tanınmırdı. Şirkətin əsas hədəfi KSM xarakterli layihələr həyata keçirmək, tələbələrin inkişafına dəstək göstərmək idi. Marketinq mütəxəssisi olaraq işlədiyim dövrlərdə biznes layihələri cəlb etməyi və şirkətə maliyyə axınının təmin etməyi bacardım. Buna görə şirkətdə struktur dəyişikliyi oldu və Rasim bəy məni marketinq direktoru təyin etdi.
- AzMarketinq MMC şirkətindən sonra “Mətanət A” şirkətində əvvəlcə marketinq araşdırmaları meneceri, sonra marketinq araşdırmaları şöbəsinin rəhbəri olmusunuz. İlk iş yerinizi niyə dəyişmək qərarına gəldiniz. Özü də aşağı vəzifəyə?

- “Mətanət A” Şirkətlər qrupu karyeramda vacib yer tutur. Bu şirkət sahəsində həm daha professional təcrübə, həm də gözəl dostlar qazandım. Şirkətdən çıxmağımın səbəbi xaricdə magistratura təhsili ilə əlaqəli oldu. SOCAR-ın “xarici təqaüd” proqramına qəbul oldum və təhsilimi Böyük Britaniyada – Şotlandiyada davam etdirdim. Təhsilimi bitirdikdən sonra təqaüd proqramının şərtlərinə uyğun olaraq, SOCAR-da çalışmağa başladım. Hazırda çalışdığım vəzifə əvvəlkinə nisbətən daha aşağıdır. Amma nəyisə əldə etmək üçün nəyisə qurban vermək lazımdır. Çünki hər şeyin bir alternativ xərci var. Baxmayaraq ki, şərtlərə uyğun 5 il SOCAR-da işləməliyəm, işimi sevir və zövq alıram. SOCAR nəinki Azərbaycanın, hətta dünyanın ən nəhəng neft şirkətlərindən biridir. Belə bir şirkətdə işləmək qururvericidir.
- General olmaq istəməyən əsgər əsgər deyil. İşdə vəzifə iddianız varmı?

- Elədir, yüksək məqsədləri olmayan bir insanın atdığı addımlar onu çox irəli aparmaz. Təbii ki, mənim də inkişaf və yüksəlmək hədəflərim var. Bunun üçün hər gün özümü inkişaf etdirir, dinamik həyat tərzi keçirirəm.
- Qafqaz Universitetinin doktorantura pilləsində təhsil almaqla yanaşı, həm də müxtəlif ali təhsil ocaqlarında magistratura pilləsində (MBA) oxuyan tələbələrə dərs deyirsiniz. Öyrətmək asandır, ya öyrənmək?
- Hazırda Qafqaz Universiteti, Dövlət İqtisad Universitetində “Sabah qrupları” və Azərbaycan Universitetində BBA və MBA proqramları üzrə marketinq fənlərini tədris edirəm. Tələbələrlə işləmək çox maraqlıdır, xüsusən də bakalavr pilləsində oxuyub ixtisasa yeni yiyələnmək istəyənlərlə. Marketinq çox maraqlı sahədir və biznesin bu sahəsini tədris etmək zövqlüdür. Bir zamanlar təhsil aldığım auditoriyalarda tədris etmək həqiqətən qürurvericidir. Öyrəndiyini öyrətmirsənsə, öyrəndiyinin bir faydası yoxdur. Mən də öyrəndiklərimi tələbələrlə paylaşıram ki, daha faydalı olsun, eyni zamanda öyrətməklə daha çox öyrənirəm.
- Üç universitetdə dərs deyir, SOCAR-da işləyir, üstəlik, doktoranturada təhsil alırsınız. Necə çatdırırsınız?

- Əsasən BBA və MBA proqramlarında dərs dediyim üçün bu, mənə vaxt baxımından problem yaratmır, çünki bu proqramların dərs vaxtı axşam saat 18.30-da başlayır. Bütün işlərimi, dərslərimi və asudə vaxtımı planlı şəkildə həyata keçirməyə çalışıram.
- Xeyli treninqdə iştirak etmisiniz. Bu treninqlər sizə nə verib?
- Həm Azərbaycan daxilində, həm də ölkə xaricində 30-dan çox təlim, konfrans və seminarlarda iştirak etmişəm. Böyük Britaniyada oxuduğum müddətdə iştirak etdiyim konfranslarda xüsusən master klaslardan çox şey öyrənmişəm. Həm professional şəbəkəm və əlaqələrim genişlənib, həm də həmin dövrlər üçün cari olan trendləri mənimsəmişəm. Əlavə olaraq, qlobal arenaya çıxış əldə etməkdə də bu tip konfrans və təlimlər mənə çox kömək edib.
- Əvvəlki işlərinizdə daha yüksək vəzifələrdə işləmisiniz. İndi isə Azərbaycan Dövlət Neft Şirkətində ixrac marketinqi üzrə mütəxəssissiniz. Şotlandiyada təhsil alan bir məzun üçün bu vəzifə az deyilmi?
- Dediyiniz kimi, nisbətən aşağı vəzifədir. Amma SOCAR işlədiyim şirkətlər arasında yeganə nəhəng şirkətdir və qlobal səviyyədə reputasiyaya malikdir. Azərbaycanın dünyada tanınmasında SOCAR brendinin xüsusi rolu var. Bəlkə də marketinqdə olan “milli brend” terminini qlobal arenada yalnız SOCAR doğrulda bilir.
- Yeri gəlmişkən, Şotlandiyada idarəçilik üzrə magistratura təhsili almısınız. Necə oldu sözügedən ölkədə təhsil almaq qərarına gəldiniz?
- Xaricdə oxumağa qərar verdikdən sonra Böyük Britaniya, ABŞ və Almaniyada yerləşən bir neçə universitetə qəbul oldum. Son seçimim Böyük Britaniyanın (Şotlandiyada) Stirling Universiteti, Stirling İdarəetmə Məktəbində Marketinq ixtisası oldu. Bu universiteti seçməyimə bir çox amil təsir edib; universitetin marketinq üzrə ikili diplom verməsi, dünya və Böyük Britaniya universitetləri arasında marketinq üzrə yüksək reytinqə sahib olması, keçirilən hər bir dərsi təcrübədə tətbiq etmə imkanı, universitetinin kampusunun dünyada 5-ci ən yaxşı kampus olması, kampusun meşənin içində, dağın ətəyində, gölün sahilində yerləşməsi, Şotlandiyanın dünyanın ən gözəl təbiətə sahib olan və ən çox çay axan ölkələrindən biri olması.
- Deyəsən, Şotlandiyada təhsil aldığınız Stirling Universitetində dərs də demisiniz...

- Praktiki təcrübəyə malik və qiymətləri yaxşı olan hər bir tələbəyə müəyyən vaxtlarda bakalavr pilləsində marketinq dərsini tədris edən professoru əvəzləmək imkanı yaradırdılar. Mən də bu şansdan yararlanıb “Marketinq tədqiqatları və tətbiqi” dərsinin mühazirəsini və laboratoriya işini iki həftəlik tədris etmişəm.
- Şotland tələbələrlə azərbaycanlı tələblər arasında hansı fərqlər gördünüz?

- Universitetdə təkcə şotlandlar deyil, Avropa, Asiya, Afrika ölkələrindən və Amerikadan da tələbələr var idi. Stirling Universitetində üç azərbaycanlı tələbə idik. Azərbaycanlı tələbələr hər problemli vəziyyətdən ustalıqla çıxmağı bacarır və məhz bu, bizləri digər tələbələrdən fərqləndirirdi. Bundan başqa, şotlandlar oxumaqdan çox praktikaya, araşdırmaya meyllidir, onlar daha çox reallıqları mənimsəməyə çalışır və kitabdan çox praktiki məqalələr oxuyurdu.
- Şotlandiyada təhsil alanda yəqin şotland şirkətlərində təcrübədə olmusunuz. Şotlandiyada marketinq sahəsində nəyi bəyəndiniz?

- Təhsil aldığım müddət ərzində marketinq ixtisasının səfiri kimi universitetin Marketinq və kommunikasiya departamentində çalışmışam və eyni zamanda keçilən dərslərin tətbiqi üçün süd və süd məhsulları istehsal müəssisəsi olan “Graham” şirkətində 3 ay işləmişəm. Şotlandiyada marketinqin tətbiqinə çox ciddi yanaşırlar. Bilirlər ki, marketinqə büdcə ayrılmasa, şirkətin inkişafı, bazarda liderlik, müştəri məmnuniyyəti kimi nüansları əldə edə bilməyəcəklər.
- Azərbaycanda marketinqin hazırkı vəziyyəti nə yerdədir. Şirkətlərimiz marketoloqlara nə dərəcədə ehtiyac duyur?

- Böyük Britaniyada marketinqə ayrılan büdcəyə investisiya kimi, Azərbaycanda xərc kimi baxırlar. Amma sevindiricidir ki, 2010-cu ildən bizdə də bu sahədə irəliləyiş hiss olunur. Şirkətlər artıq qəbul edirlər ki, marketinq olmadan müasir rəqabət mühitində inkişaf edə bilməyəcək və rəqiblərdən geri qalacaqlar. Bu səbəbdən marketinqə verilən dəyər gündən-günə artır.
- Marketinq siyasəti bir şirkət üçün nə dərəcədə vacibdir?
- Bir canlının və xüsusən insanın beyni onun üçün nə qədər vacibdirsə, marketinq də bir şirkət üçün o qədər əhəmiyyətlidir. İnsanlar düşünərək qərar verir və səhv addım atmamaq üçün risklərini azaldır, düşünərək alternativləri dəyərləndirir, ziyanlı işlərdən uzaq dururlar. Marketinq departamenti şirkətlərin düşünən beynidir. Məhz marketinq siyasəti şirkətləri inkişaf etdirir, risklərdən qoruyur.
- Seymur bəy, bir az da gələcək planlarınızdan danışardınız...
- Hazırda ixtisasımla işlədiyim vəzifə tamamilə bir-birinə uyğundur və işimdən zövq alıram. Fəaliyyətimi marketinq sahəsində də davam etdirəcəyəm. İşimi və işlədiyim şirkəti sevirəm, amma müəyyən yaşdan sonra, kifayət qədər təcrübə topladığıma əmin olduqda Qafqaz Universitetində saat hesabı deyil, tam ştatda sıravi bir marketinq müəllimi kimi işləyərək Azərbaycanda marketinqin inkişafına dəstək verməkdən və yeni marketinq mütəxəssisləri yetişdirməkdən qürur duyaram.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər