• cümə, 26 Aprel, 12:16
  • Baku Bakı 23°C

27 ildə 60-65 milyardlıq itki

31.10.20 12:34 1169
27 ildə 60-65 milyardlıq itki

Münbit torpaqlara və zəngin su ehtiyatlarına sahib Cəbrayılın böyük iqtisadi potensiala malik olduğu bildirilir
1 şəhər, 4 qəsəbə, 92 kənd olmaqla 97 yaşayış məntəqəsinin yerləşdiyi, 1049 kvadrat kilometrlik bir ərazi. Söhbət Cəbrayıl rayondan gedir. O ərazidən ki, 1993-cü il avqustun 23-dən etibarən Ermənistanın işğalı altında idi. Və bu ilin oktyabrın 4-də artıq ölkə başçısı İlham Əliyev "Twitter” hesabında "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir” paylaşımını etdi. Növbəti dövrlərdə də rayonun işğaldan olunan başqa kəndlərinin adlarını eşidirik.

Yəni 27 ildir düşmən tapdağı altında olan torpaqlarımız azadlığa qovuşdu, artıq bizdədir. Həm orda yaşaya, həm sərvətlərindən istifadə edə, həm də iqtisadi potensialından yararlana bilərik. Bəs ərazidə hansı imkanlar var? Bu rayon hansı istiqamətlərdə ölkə iqtisadiyyatına öz payını əlavə edəcək?

Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədov ilk olaraq bu ərazinin münbit torpaqları ilə seçildiyini bildirdi: "İşğaldan öncə rayonun iqtisadiyyatını, əsasən, kənd təsərrüfatı təşkil edirdi. Biz münbit torpaqlarımızı itirmişik. Gəyən düzü adlanan yer var ki, Cəbrayılda ən münbit torpağa malik ərazilərdən biridir. Və torpaqlar işğal altında olduğu müddətdə kənd təsərrüfatı baxımından ölkəmizə çox böyük ziyan dəyib. Uzun illər biz o torpaqları əkib-biçməkdən məhrum olmuşuq. İşğaldan əvvəlki dövrdə Cəbrayılda üzümçülük, taxılçılıq, baramaçılıq geniş inkişaf etmişdi. Heyvandarlıq da burada güclü inkişaf edən sahələrdən idi. Süd emalı, pendir istehsalı ilə məşğul idilər. Burda üzüm və süd emalı sahəsində zavodlar fəaliyyət göstərirdi. Bu istiqamətləri Cəbrayıl ərazisində yenə inkişaf etdirmək olar”.


C.Məmmədov deyir ki, Cəbrayıl həm də zəngin su ehtiyatlarına malik ərazidir: "Bu işğal nəticəsində düşmən, ölkəmizi həmin su ehtiyatlarından istifadədən də məhrum etmişdi. Araz çayının suyunun istifadəsi ilə bağlı müəyyən problemlər və çətinliklər yaranmışdı. Bu, həm kənd təsərrüfatına ciddi ziyan vurub, həm də su hövzələrindən istifadə baxımından ciddi çətinliklərimiz var idi. Bildiyiniz kimi, Araz çayının üzərində Xudafərin hidroqovşağı və su-elektrik stansiyasının tikilməsi nəzərdə tutulurdu. Bu hidroqovşaq ətraf rayonların su ilə təmin olunmasına böyük təsir göstərəcək. Eyni zamanda su-elektrik stansiyasının da inşa olunması o bölgədə və ətrafda elektrik enerjisinə olan tələbatın ödənilməsinə öz ciddi töhfəsini verəcək”.

C.Məmmədov deyir ki, Cəbrayılda infrastrukturun qurulacağı, bu ərazinin ölkə iqtisadiyyatında müəyyən paya malik olacağı zaman o qədər də uzaqda deyil: "Uzun müddət bu ərazilərdən istifadə olunmaması üzümçülük, taxılçılıq və baramaçılıqla bağlı bir sıra çətinliklərin yaranmasına səbəb olub. Eyni zamanda, düşmənlərimiz buradakı bütün infrastrukturu məhv ediblər, dağıdıblar. Bu əraziyə milyardlarla ziyan dəyib. Zavodlar, fabriklər fəaliyyət göstərirdi. Müəyyən bir infrastruktur qurulmuşdu. Kənd təsərrüfatı texnikaları, kanallar, xüsusi su hövzələri yaradılmışdı. Azərbaycan uzun müddət bunlardan məhrum olunmuşdu. Azərbaycanın o bölgənin potensialından istifadə etməsi, ərazidə müəyyən infrastruktur qurması ölkəmiz üçün o qədər də çətin məsələ deyil. Çünki ölkəmiz çox zəngin və geniş imkanlara malikdir. Cocuq Mərcanlını qısa müddətdə tikdik, bərpa etdik, abadlıq işləri həyata keçirdik. İşğaldan azad olunan digər ərazilərdə də qısa müddətdə bu işlərin aparılması nəzərdə tutulur. Bu, o qədər də uzun bir zaman almayacaq”.

Millət vəkili deyir ki, ərazidə turizm sektorunun inkişafı üçün də potensial var: "Turizm baxımından da bu bölgənin imkanları var. Burada bizim bir sıra tarixi abidələrimiz, Azərbaycanın, Qarabağın incilərindən biri sayılan Xudafərin körpüsü var. Xudafərin körpüsünün Azərbaycan tarixində özünəməxsus yeri olduğu hər kəsə məlumdur. O baxımdan da, bu körpünün rolu və imkanları turizmdə də böyük olacaq. Eyni zamanda burada qədim türbələr, ziyarətgahlar və məscidlər mövcuddur. Yəni turizmin inkişafı baxımından da bu məsələlər öz vacib töhfəsini verəcəklər. Və Azərbaycanın iqtisadiyyatına öz ciddi təsirini göstərəcək”.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, işğaldan öncə rayonun iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı təşkil edib: "Cəbrayıl Azərbaycanın işğal altında olan böyük rayonlarından biri idi və ərazisi ölkə ərazisinin təxminən 1.2%-nə bərabərdir. Son siyahıyaalınmaya görə, yüz mindən artıq əhalisi var. Cəbrayıl, əsasən, işğaldan əvvəlki dövrdə, faktiki olaraq kənd təsərrüfatı və tikinti materiallarının istehsalı sahəsində ixtisaslaşmış rayon kimi fəaliyyət göstərirdi. Artıq sənayenin digər sahələri də rayonda yeni-yeni təşəkkül tapmağa başlayırdı. Bilirsiniz ki, Azərbaycan bazar iqtisadiyyatına yenicə daxil olduğu dövrlərdə bu rayonlar işğal olunub. Əslində, bu baxımdan da indiki şərtlər daxilində o dövrü qiymətləndirmək və ya rayonun potensialına o dövrdən baxmaq o qədər də düzgün görünmür. Amma buna baxmayaraq, biz ilkin olaraq, əgər işğaldan əvvəlki faktlara baxmış olsaq, rayon iqtisadiyyatının 80%-i kənd təsərrüfatı sahələri təşkil edirdi. Həm heyvandarlıq, həm əkinçilik xüsusilə də burada geniş yayılmışdı. Çünki Araz çayının kənarında olması, təbii-coğrafi mövqeyi Arazboyu düzənliklərdə kifayət qədər kənd təsərrüfatı, əkinçilik üçün səmərəli olan yaşıl-qonur torpaqların olması kənd təsərrüfatının və xüsusilə də üzümçülüyün inkişafı üçün kifayət qədər geniş şərait və imkanlar yaratmışdı. İşğaldan əvvəlki dövrlərdə rayonda il ərzində, təxminən, 60 min tondan artıq üzüm istehsalı qeydə alınırdı və buna görə də üzümçülüyün inkişaf etməsi klaster sənayelərinin, üzüm emalı və son məhsulun hazırlanması üçün aidiyyəti sənaye sahələrinin də inkişafına şərait yaratmışdı. Sement istehsalı üzrə ölkənin ən öndə gedən bölgələrindən biri hesab olunurdu”.

R.Həsənov deyir ki, Cəbrayılın işğal altında olması ilə ölkəmiz 60-65 milyard dollar itirib: "İlkin qiymətləndirmələrə görə, işğal nəticəsində rayona dəymiş zərər təxminən 14 milyard ABŞ dolları ətrafında qiymətləndirilir. Amma bu, ilkin maddi zərərdir. Ötən 27 il ərzində rayonun istifadədən kənarda qalması, yaradılan əlavə dəyərdə iştirak etməməsi, rayon əhalisinin əmək qabiliyyətinin, məhsuldarlığının məcburi köçkün şəraitində yaşama səbəbindən aşağı düşməsi Azərbaycan üçün kifayət qədər böyük itkilər yaradıb. Əgər bunu ümumdaxili məhsul istehsalında və s. bu kimi proseslərdə iştirak kimi qiymətləndirsək, indiki halda təkcə rayonun işğalı nəticəsində Azərbaycana dəymiş zərəri 60-65 milyard dollar ətrafında qiymətləndirə bilərik”.


İqtisadçının sözlərinə görə, Cəbrayıl rayonunda bundan sonrakı dövrdə müxtəlif istiqamətlərdə yeni inkişaf dinamikasının şahidi olacağıq: "Post-işğal dövründə Cəbrayıl rayonunda ilkin olaraq tikinti sektorunda böyük canlanma olacaq. Çünki burada təmir-bərpa işləri daha geniş yer alacaq. Eyni zamanda, ümumiyyətlə, Azərbaycanın, həmçinin Qarabağın özündə tikinti-quruculuq işlərinin aparılması burada sement sənayesinin də inkişafı, böyüməsi üçün ciddi tələb formalaşdıracaq. Tikinti sahəsinin də inkişafına şərait yaranacaq. Daha sonra, burada kənd təsərrüfatı sahəsinin imkanları genişdir. Və eyni zamanda, nəzərə almaq lazımdır ki, Cəbrayıl rayonu, həmçinin İranla həmsərhəd rayonlardan biridir və burda kiçik və orta sahibkarlıq, xırda ticarət sahələrinin də inkişafı üçün imkanlar vardır. Təbii ki, inkişaf prosesi hökumətin bu istiqamətdə ortaya qoyduğu konsepsiyalardan asılı olacaq. Məsələn, burada gələcəkdə hansısa azad ticarət zonasının yaradılması da mümkündür, çünki təbii-coğrafi şəraiti buna kifayət qədər imkanlar yaradır. Amma əsas inkişaf istiqaməti, düşünürəm ki, tikinti sektoru və kənd təsərrüfatı təyinatlı olacaq”.

R.Həsənov qeyd etdi ki, rayonun işğal tarixinin özü belə turizm sektoru cəhətdən önəmli məqamdır: "Rayonun özünün işğal tarixi vardır. Bu işğal tarixinin düzgün qiymətləndirilməsi rayonda hərbi turizmin və yaxud da tarixi turizmin inkişafı üçün ciddi əsaslar yaradır. Bu baxımdan da düşünürəm ki, Cəbrayıl rayonunun inkişaf konsepsiyasının hazırlanmasında bu məqamlar nəzərə alınmalıdır”.
Aygün
banner

Oxşar Xəbərlər