• çərşənbə axşamı, 19 mart, 07:45
  • Baku Bakı 8°C

26 yaşında Bakıya gələn, 45 yaşında magistr təhsili alan xanım – Gör-götür

17.05.19 11:00 6093
26 yaşında Bakıya gələn, 45 yaşında magistr təhsili alan xanım – Gör-götür
"Uşaq vaxtı fortepiano dərsinə getməyə başladım. Atam dedi ki, sən çox çalışsan, dünyanın ən məşhur pianoçusu olacaqsan və Monreal şəhərində konsert verəcəksən. Uşaq idim, heç Monrealın harada olduğunu bilmirdim, amma piano dərslərinə artıq oranın həvəsi ilə gedirdim. Daha böyük yaşda həkim olmaq istədiyimdə isə, atam əllərimə baxıb dedi ki, bu, əsl cərrah əlləridir, çox çalışsan, əla həkim olacaqsan. Ən son fikrimi dəyişib xarici dil oxumaq istədiyimdə isə "Canın sağ olsun, çox çalışarsan, Nyu Yorkda BMT-nin tərcüməçi olarsan” demişdi”.

Düzdür, karyerasını heç tərcüməçi kimi də görmür, lakin o istiqamətdə təhsil alır, bir müddət sonra isə istədiyi sektora yönəlir. Müsahibimiz PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoruSonaAbbasovadır.
- Bakıda təhsil alsanız da, qayıdıb doğulduğunuz şəhərdə - Gəncədə çalışmısınız, 26 yaşınızda isə Bakıya həmişəlik köçmək qərarı vermisiniz. Bakıya gələnə qədərki fəaliyyətiniz hansı sahə üzrə olub?
- Gəncliyimin ilk dönəmi Azərbaycanın yeni müstəqillik qazanması ilə eyni vaxta düşüb. Azərbaycanın müstəqilliyi ilə mən də bir növ öz müstəqilliyimi əldə etmişəm. O mənada ki, qızlar üçün əvvəllər bəlli həyat planı cızılırdı. Qızların daha çox seçdiyi ixtisaslardan biri üzrə universitetdə təhsil alırsan (əsasən müəllimlik və ya tibb), sonra da qayıdıb rayonda işləyirsən, ailə qurursan. Mən də bu həyat planına tam şəkildə uymaq niyyətində idim. Azərbaycan Dillər Universitetində ingilis dili pedaqogikası üzrə oxudum, universiteti qırmızı diplomla bitirib Gəncədə qayıtdım və məktəblərin birində ingilis dili müəllimi kimi işlə başladım. Həmin illərdə artıq Azərbaycan müstəqilliyini bərpa etmişdi. Biz də bu ölkənin potensiallı gəncləri kimi nə isə etməli idik, ölkəmizə faydamız toxunmalı idi. Artıq Azərbaycanda müxtəlif humanitar yardım və inkişaf təşkilatları fəaliyyət göstərməyə başlamışdı və mən sonra bu təşkilatlarda tərcüməçi kimi çalışmağa başladım. Bakıya gələnə qədər də elə tərcüməçi kimi işlədim.
- O vaxt rayon yerində müəllimliyi xarici təşkilatda işləməyə dəyişməyə də bəzən risk etmirdilər...
- Deyəsən, 94-cü il idi, bir humanitar yardım təşkilatından daimi iş təklifi gələndə atama dedim ki, maaşı çox yaxşıdır (mənim müəllim maaşım ilə müqayisədə 10 dəfə artıq idi), amma getməyə qorxuram, birdən iş davamlı olmaz. Atam da dedi ki, get bir il işlə, sonra davamlı olmasa, 12 illik müəllim maaşın əlində olacaq. Belə ürəklənib o qərarı verdim (Gülür).

- Gəncədə nə qədər çalışandan sonra Bakıya gəldiniz?
- Dörd ilə yaxın.
- Bu qərarı vermənizin səbəbi nə oldu?
- Xarici təşkilatlarda çalışdığım müddətdə Avropa ölkələrinə ezamiyyətlərim olmuşdu. Getdiyim yerlərdə yaşıdlarıma baxırdım, onların daha verimli olduqlarını, daha çox iş görə bildiklərini müşahidə edirdim. Düşündüm ki, dünya, zaman dəyişir, mənim də dəyişməyimin vaxtıdır. Çantamı yığıb Bakıya köçdüm.
- Rayonda yaşamısınız, orda yaxşı işiniz də olub. Əvvəllər valideynlər adətən, belə olan halda qızlarının özlərindən uzaqda işləmələrinə çox da razı olmurdular.
- Biz iki bacıyıq, qardaşımız yoxdur. Xoşbəxt bir ailə ortamında böyümüşük və cəmiyyətdə olan bu stereotiplər bizim ailədə yox idi. Atamız daim qadının güclü olmasının, onun heç bir işdə kişidən geridə qalmamasının tərəfdarı, imkanların hər kəs üçün bərabər olduğuna inanan adam olub. Yadımdadır, 5-6 yaşım olardı, uşaqlardan kimsə həyətdə oynayanda xətrimə dəymişdi. Gedib atama şikayət etdim, dedim ki, gedək onunla sən danış. Atam bizi dünyalar qədər sevirdi, lakin buna baxmayaraq, dedi ki, elə bir vaxt olacaq ki, atan yanında olmayacaq, get məsələni özün həll etməyə çalış, əgər bacarmasan, mənə deyərsən. Həmişə də arxamda dağ kimi dururdu. Ailəmdə qərarlarım daim hörmətlə qarşılanıb və o qərarların icrasında da valideynlərim hər zaman yanımda olublar. Karyera, inkişaf məsələsində valideynlərimin müdrik məsləhətləri öz böyük rolunu oynamışdı.
- İllər öncə çantanı yığıb Bakıya gəlmək xüsusilə qızlar üçün indiki qədər asan deyildi. Bakıda hər hansı iş var idi, yoxsa iş tapmadan gəlmişdiniz?
- Hər hansı iş yox idi, amma Bakıya gəlməmişdən öncə çox yerə CV göndərmişdim. Bakıya isə başqa bir iş üçün gəlmişdim. İşimi həll etdim, saat 6-da avtobusla rayona qayıdacaqdım. Günorta zəng etdilər ki, BMT-də iş üçün müsahibəyə gəl. Getməyinə getdim, amma müsahibə uzandıqda dedim ki, avtobusa gecikirəm. İşə götürən adam dedi ki, nə avtobusu, sabahdan işə başlamalısan! Eləcə ani bir qərarla Bakıda qalmalı oldum. Sonra HSBC Bankdan iş təklifi aldım. Növbəti iş yerim Avropa Yenidənqurma və İnkişaf Bankı oldu, sonra da PAŞA Bank. Bir də ayıldım ki, 20 ildən artıqdır ki Bakıdayam. Hələ də o sevincə tam olaraq alışmamışam, hələ də Dağüstü parkdan Xəzərə baxanda sevincimdən qışqırmaq istəyirəm.
- Paytaxta gəlməyinizə səbəbləri arasında Bakı sevgisi də var idi?
- Bəli, bir az da Bakı sevgisi idi. Bakını niyə sevirəm? Bakı Şərqlə Qərbin ən yaxşı xüsusiyyətlərini bir araya gətirmiş şəhərdir. Bakının memarlığı, insanların həyata baxışı, dinlərarası tolerantlığı bu hamısı unikal sintezdən irəli gəlir. Çox ölkəyə səfər etmişəm, İngiltərədə yaşamışam, amma Bakıda olan bu balansı heç yerdə bu dərəcədə hiss etməmişəm.
- Bəzən rayon qızlarının valideyndən uzaq qalmaq, müstəqil olmaq üçün Bakıya meyil etdiklərini də deyirlər.
- Valideynlərim uşaqlıqdan bacımda və məndə müəyyən dəyərlər formalaşdırıblar ki, verdiyim qərarlar da daima o dəyərlərin çərçivəsində olub. O dəyərlərin içərisində böyüyüb, hansısa yanlış qərar vermək mümkün deyil. Bu dəyərlərdən biri də bizə olan güvənləri idi. Qəribədir ki, insana valideynləri nə qədər çox güvənərsə, o insan qərar verəndə valideynlərini o qədər daha artıq düşünür. Verdiyim qərarlarda evdə də azad olmuşam, Bakıda da, əlbəttə ki, ictimai rəyin, cəmiyyətin qayda-qanunlarının çərçivəsində. Ənənələrin üstünlük təşkil etdiyi yerdə böyüsəm də, qərar vermə müstəqilliyim daim var idi. Bakı mənə müstəqilliyim üçün lazım deyildi, Bakıya daha böyük məqsədlər üçün gəlmək istəyirdim. Çünki burada karyeram üçün daha geniş imkanlar açılırdı.
- Karyeranızla bağlı o vaxt məqsədli planlarınız var idi?
- "Bakıda bir yerdə işə başlayım, sonra özümü tanıdandan sonra istədiyim işi görəcəm” deyirdim. Mənim istedadım insanlarla ünsiyyət qurmaqda, darıxdırıcı faktları və rəqəmləri insanların diqqətini cəlb edə biləcək hekayə şəklində digərlərinə çatdırmaqdadır. Deyirdim ki, Bakıda belə mütəxəssislərə daha çox ehtiyac var. İlk illər işə girdiyim yerlərdə də deyirdim ki, ingilis dilim yaxşıdır, tərcüməçi də işləyə bilərəm, amma mənim güclü kommunikasiya bacarıqlarımı, məzmun yaratma şəriştəmi, kreativliyimi daha effektiv istifadə edə bilərsiniz ki, daha maraqlı işlər görə bilək. Beləliklə, öz sevdiyim işin sahibi oldum - kommunikasiya üzrə mütəxəssis.
- İngiltərədə də çalışmısınız, amma sonra geri dönmüsünüz. Gedənlər adətən, qalırlar, qayıtmanızın səbəbi nə oldu?
- Bəli, iki il orda çalışdım. Bəlkə də insan üçün öz evinin, ölkəsinin, cəmiyyətinin qədrini bilmək üçün xaricə gedib-qayıtması lazımdır. Azərbaycan insanının bir istiliyi var ki, ən çox bu istilik üçün və Bakının qızmar günəşi üçün darıxırdım.

- Nailiyyət əldə edəndə "adamı var” deyənlər az olmur. Sizinlə bağlı belə fikir səsləndirən olub?
- Mənim peşəm hər hansı bir brendi tanıtmaq, irəlilətməkdir. İlk növbədə isə bir mütəxəssis olaraq təcrübəmdən, bacarığımdan, insanı xüsusiyyətlərimdən ibarət olan öz brendimi. Əgər mən öz brendimi düzgün təqdim etməyi, tanıtmağı və irəlilətməyi bilirəmsə, onda "adam”ı neyləyirəm? Əgər harasa "adam” vasitəsilə gedirəmsə, deməli, bir brend mütəxəssisi kimi işimdə o qədər də bacarıqlı deyiləm. 94-cü ildən bəri işləyirəm. Bu müddətdə ən böyük adamım da özüm, biliyim və təcrübəm olub. İnsan öz üzərində işləyib öz brendini qurandan, işinə tam ürəklə yanaşandan sonra "adama” ehtiyac olmur.
- 45 yaşınızda magistratura təhsili almısınız. Bizdə xanımlar 30-35 yaşdan sonra buna çox da meyilli olmurlar. Bu yaşda sizi magistraturanı oxumağa nə məcbur etdi?
- Bu gün hər şey sürətlə dəyişir. Əgər əvvəllər aldığım təhsil işimi istədiyim kimi görmək üçün kifayət edirdisə, sonra bu, məni qane etmədi. Çünki ölkə, şirkətlər, biznes mühiti və s. hər şey çox sürətlə dəyişir. Rəqabət getdikcə artır. Sən də müvəffəqiyyətli bir şirkətin hekayəsini danışan, kommunikasiyasından cavabdeh adam olaraq yeni trendləri daima tutmalı, onları izləməlisən. Bunun da ən mükəmməl yolu "executive masters” dərəcəsi almaq idi. Bildiyiniz kimi "executive” dərəcəni aldığın zaman işlə təhsili eyni zamanda həyata keçirirsən. Bir il boyunca gecə 3-4 saat yata bildim. Ancaq hər dəqiqəsinə dəyərdi! 55 yaşımda belə bir ehtiyacı hiss etsəm, yenə gedərəm, yenə oxuyaram, çünki, insan oxuduğu, öyrəndiyi müddətcə gənc qalır .
- Harada oxudunuz?
- İspaniyadakı İE Biznes Məktəbində. Bu məktəb dünyanın ilk onluğuna daxil olan təhsil müəssisələrindəndir.
- Bakıya gəldiniz, işlədiniz və irəliləməyi bacardınız. İndiki yerinizdən əvvələ baxanda, özünüzü necə bir işçi olaraq dəyərləndirirsiniz?
- Bəlkə də bu, gənclərə yaxşı nümunə olmayacaq (Gülür). Necə deyim ki, karyeramın ilk illərində gecə saat üçə qədər işləyirdim: Axşam saat 10-a qədər ofisdə, sonra da ora bağlananda, laptopumu alıb gecə 4-ün yarısına qədər evdə davam edirdim. Bilirdim ki, bu, mənim karyeramın quruluş zamanıdır. İşdən nə qorxurdum, nə də qaçırdım. Həmişə məndən gözlənilənin 10 faiz də olsa artığını verməyə çalışırdım .
- Gecə 3-4-ə qədər işləmək rejimi nə qədər vaxt davam etdi?
- Ailə həyatı qurana qədər (gülür). Özümü işə çox verirdim.
- Neçə yaşınızda evləndiniz?
- 35 yaşımda. Bəri başdan deyim: bu yaşda evlənməyimin işkolik olmağımla heç bir əlaqəsi yox idi. Sadəcə, axtardığım adamı tapmamışdım, tapan kimi də evləndim.
- 50 yaşın ağırlığı üzərinizdə hiss olunmur. Bu nədən irəli gəlir?
- Daim içimdə həyat sevgisi, möcüzəyə inam, yaşama sevinci aşıb-daşıb, özümə də yetib, sevdiklərimə də. Bu, yaxşı günlərimizdə də belə olub, ağır günlərimizdə də. "Hər şey yaxşı olacaq” deyən adam daim mən olmuşam və bu qədər sevgi, inam və ümid olan yerdə ağırlıq haradan olsun?

- Uzun illər artıq çəkidə olmusunuz, amma 50 yaşa az qalmış 51 kilo arıqlamısınız. Adətən, xanımlar gənclik illərində bunu edirlər, yaş artdıqca buna maraqlı olmurlar. Niyə bu qədər gec?
- Əslində, əvvəllər də artıq çəki ilə mübarizə aparırdım, 10-15 kilo verirdim, sonra yenə qayıdırdı. Bu dəfə bir az tənbəl yoldan getdim, mədə kiçiltmə əməliyyatı ilə bu çəkini verdim.
Amma onu deyim ki, mən artıq çəkidə olanda da xoşbəxt idim, indi də. Çəki ilə bağlı komplekslərimi gənclik illərində həll etmişdim. Bir növ öz brendim üzərində işləmişdim. Özümə demişdim ki, bəzi brendlər yumru olur, bəziləri uzun və s (Gülür). Valideynlərimin 5 ildən sonra doğulan ilk övladı mən olmuşam, sonra da bacım, bizi çox böyük sevgi ilə özümüzlə barışıq böyütmüşdülər. Özü ilə barışıq insan isə hansı çəkidə olsa da, özünü istədiyi kimi dünyaya qəbul etdirə bilir.
Amma bir də ayıldım ki, 50 yaşa az qalıb. Mən inanıram ki, insan həyatı boyu bir neçə həyat yaşamış olur. Bir həyatım sovet dövründə yaşayan Sona idi, biri Azərbaycanın müstəqillik qazanması ilə özü də bir növ öz müstəqilliyini tapan gənc qız. Sonrakı mərhələ müəyyən təcrübə yığmış, daxilən gənc olan, içindəki sevinci sevgini bölüşmək istəyən Sonadır. Bundan sonrakı mərhələ 50-dən sonraya düşür. Deyilənə görə, həyat 50 yaşdan sonra başlayır. Mən də bu yeni mərhələ üçün yeni hədəflər qoymuşdum, təhsil və arıqlamaq da bu hədəflərdən idi
- Övladınız yoxdur, övladlığa uşaq götürmək haqqında düşünməmisiz?
- Yox. Uşaqlıqda bacımla oyuncaqlarımızı bölüşürdük, sonra paltarlarımızı, çantalarımızı. Onun uşaqları da indi sanki ikimizin övladıdır. Düzdür, mən Bakıda yaşayırdım, o Gəncədə. Uşaqları böyütmək yükü onun üzərinə düşdü. Amma indi qızlar böyüyüblər, hər ikimizə də övladlıq edirlər.
- Uzun müddətidir Bakıdasınız, xaricdə də fəaliyyətiniz olub, amma hələ də Gəncə ləhcəsi sizdə itməyib. İşgüzar sferada da danışığınızda bu, olur?
- Çalışıram ki, rəsmi görüşlərdə daha səlis danışım, ancaq ləhcəm güclüdür, bir yerdən özünü büruzə verir. Bu da mənim şəxsi brendimin bir özəlliyidir yəqin.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər